Bəbir
Bəbir | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bəbir |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bəbir (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5–8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.[3]
Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (Lənkəranda və Naxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir.[4] Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.
Etimologiya və tədqiqat tarixi
[redaktə | mənbəni redaktə et]Qədimdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir. Onun yunan mənşəli yun. λέων leōn (şir) və πάρδος pardos (erkək panter) sözlərinin birləşməsindən əmələ gəlmiş λέωπάρδος leōpardos (leopard) adında bu öz əksini tapmışdır.[5]
Bəbirin müasir adı Panthera pardus latınlaşdırılmış yun. πάνθηρ pánthēr sözündən əmələ gəlmişdir. Belə ki, παν "pan" (tam, bütün) və θηρ (heyvan) deməkdir. Belə bir fikir vardır ki, onun ilkin adı hind-iran mənşəli olmuş "ağımtıl-sarı və ya avazı" mənasını daşımış, sonralar yunanlaşdırılmışdır.[5][6][7]. Bəbirin öyrənilməsində Felis pardus adlı "Systema naturæ" ilk elmi tədqiqat işi Karl Linneyə məxsusdur. 1929-cu ildən etibarən bəbir Panthera cinsinə aid edilmişdir.[8].
Filogenezi və təkamülü
[redaktə | mənbəni redaktə et]Antropoloji qazıntıların molekulyar filogenetik və kladistik müayinələr sübut edir ki, növün yaranma mərkəzi Asiya qitəsidir.
Bəbirin əcdadı digər panter cinsindən olanların əcdadları kimi ümumi əcdaddan 11 milyon il bundan əvvəl ayrılmışdır[9]. Antropoloji qazıntılar göstərir ki, müasir bəbirin əcdadı 3,8 milyon il əvvəl meydana gəlmişdir[9].
Müxtəlif üsullarla əldə edilmiş molekulyar filogenetik nəticələr göstərir ki, Panthera cinsli növlərin bir-birilə sıx qohumluğu var. Ümumi əcdaddan bəbir bir növ kimi pələng və irbisdən sonra, şir və yaquardan isə çox əvvəl formalaşmışdır[9].
Hesab edilir ki, bəbirin əcdadı Asiya qitəsində meydana gəlmiş və Afrikaya miqrasiya yolu ilə yayılmışdır[9].
Müasir bəbir isə təxminən 470 000—825 000 il öncə Afrikada formalaşmış və Asiyaya 170 000—300 000 il bundan qabaq yayılmışdır.[10]
Dişlərinin quruluşu
[redaktə | mənbəni redaktə et]Yaşlı bəbir digər pişikkimilərin nümayəndələri kimi 30 dişə malikdir. Yuxarı və aşağı çənələrdə hərəsində 6 kəsici, 2 köpək; yuxarı çənədə 3 ön çeynəmə (premolyar) və ya kiçik azı dişlər, 1 arxa çeynəmə (molyar) və ya böyük azı dişlər, aşağı çənədə isə 2 ön çeynəmə (premolyar) ya kiçik azı dişlər, 1 çeynəmə (molyar) və ya böyük azı dişlər yerləşmişdir.
Diş düsturu:.
İzahı:
- I (lat. dentes incisivi) — kəsici diş
- C (lat. dentes canini) — köpək dişi
- P (lat. dentes premolares) — ön ceynəmə və ya kiçik azı dişlər
- M (lat. dentes molares) — arxa çeynəmə və ya böyük azı dişlər
Yarımnövləri
[redaktə | mənbəni redaktə et]Bəbir əsasən ləkələrinin yerləşməsi və rəng çalarına görə 27 yarımnövə ayrılır. Lakin DNT-loji tədqiqatlar əsasən 8, ya 9 yarımnöv təsdiq edilir.[11][12].
- Afrika bəbiri (Panthera pardus pardus), Afrika
- Berber bəbiri (Panthera pardus panthera)
- Zənzibar bəbiri (Panthera pardus adersi)
- Hind-Çin bəbiri (Panthera pardus delacouri),
- Yava bəbiri (Panthera pardus melas)
İndoneziya-(Yava adaları) - Hindistan bəbiri (Panthera pardus fusca),
Hindistan, Pakistan, Nepal - Seylon bəbiri (Panthera pardus kotiya),
Şri-Lanka (Seylon) - Şimali Çin bəbiri (Panthera pardus japonensis), Çin
- Uzaq Şərq bəbiri (Panthera pardus orientalis),
Rusiya-(Uzaq şərq), Şimali Çin, Koreya - İran bəbiri (Panthera pardus saxicolor),
Yaxın Şərq, Qafqaz - Sinay bəbiri (Panthera pardus jarvisi)
- Yaxın Şərq bəbiri (Panthera pardus tulliana)
- Ərəbistan bəbiri (Panthera pardus nimr),
Ərəbistan yarımadası - †Avropa bəbiri
Nəsli kəsilmiş
[redaktə | mənbəni redaktə et]- † Avropa bəbiri (Panthera pardus sickenbergi) — Bir zamanlar Avropa ərazisində geniş yayılmış yarımnöv olmuşdur. Çox təəssüflər olsun ki, 10 000 il bundan qabaq kökü kəsilmişdir.
Qara (melanis) Bəbir
[redaktə | mənbəni redaktə et]Təbiətdə nadir hallarda qara rəngli bəbirlərə də rast gəlinir. Qara bəbirləri melanis yəni, qara piqmentləşmiş bəbirlər adlandırırlar. Dərisini qara rəngi monogenetik ressesiv əlamət olub, adi xallı bəbir valideynlərindən melanis bəbirlər dünyaya gələ bilir. Belə ki qara rəng daşıyan genlər xallı bəbirlərdə ressesivdir. Hər iki valideyndən alınan bu ressesiv genlər bir araya gəldikdə (rastgəlmə ehtimalına əsasən) onda bala qara rəngli ola bilir. Əlbəttə ki, bu ehtimal çox da böyük olmadığından qara bəbirlərə də nadir hallarda rast gəlinir.[13]
Yaşayış yeri
[redaktə | mənbəni redaktə et]Bəbir tropik və subtropik qurşaqların tipik nümayəndəsidir. O, dərin qar örtüyünə və soyuq iqlimə az uyğunlaşır. Uzaq şərqdə rast gəlinən bəbirlər əsasən qar örtüyü az və daimi olmayan yerlərdə yaşayırlar. Düşmənlərdən gizlənmək və şikarını güdmək üçün bəbirlərə ağaclar, qayalar, sərt yamaclı dərələr lazımdır.
Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır.
Azərbaycanda bu heyvanlar Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunluqlarında rast gəlinir. Çox vaxt bəbirin yayılması onun qidalandığı heyvanlardan asılıdır. Talış dağlarında onların qidasını cüyürlər, çöldonuzları, tirəndazlar (oxlu kirpilər), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunları təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanır. Bəbirlər oturaq həyat tərzi keçirirlər. Yalnız gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara gedirlər.[14]
Yuvaları, müvəqqəti daldanacaqları
[redaktə | mənbəni redaktə et]Yaşlı tənha bəbirlər yuvadan istifadə etmirlər. Onlar qayaların altında, uçqunluqlarda, dağların ətraf yaxşı görünən yerində istirahət edirlər. Pis havalarda bu heyvanlar küləkdən, yağışdan, qardan daldalanmaq üçün qapalı yerlərdə gizlənirlər.
Ana bəbirlərin bala çıxartdığı yuvalar sərt dərələrin əlçatmaz yarğanlarında, daş yığnaqlarında, meşənin sıx ağaclı, itburnu, böyürtkən kolları ilə örtülmüş çoxlu mağara və əsasən də onların qidalandığı heyvanların çox olduğu yerlərdə olur. Yuvaları ətraf yerlərdən seçilmir və onların ətrafında qida qalıqları olmur. Bəbirlər yuvadan az müddət ərzində istifadə edir. Balaları böyüdükdə ana bəbirlər daldalandığı yerləri vaxtaşırı dəyişir.
Qidalanması və ov etmə üsulları
[redaktə | mənbəni redaktə et]Bu yırtıcının qidalanması çox müxtəlifdir. O, bütün canlılara hücum edir, hətta leşlə də qidalanır. Onun əsas qidasını vəhşi cütdırnaqlı heyvanlar dağ keçiləri və qoyunları, nəcib maral, cüyür və çöldonuzu təşkil edir. Vəhşi cütdırnaqlılar çox olan yerlərdə bəbirlər ev heyvanlarına demək olar ki hücum etmir. Qida azlığından bəbirlər tirəndazlarla və ev heyvanları ilə qidalanmağa məcburdurlar. Tirəndaz ovlayarkən bəbirlər özləri də yaralanırlar.
Bəbir tülkülərə, çaqqallara, canavarlara, porsuqlara, xırda pişiklərə, siçanabənzər gəmiricilərə və quşlara da (kəkliklərə) hücum edir. Cütdırnaqlı az olan yerlərdə bu onların yaşamasına kömək edir.
Bu yırtıcılar ov edərkən iki üsuldan istifadə edirlər. Birinci halda onlar sakitcə ehtiyatla ətrafa boylanaraq şikarına yaxınlaşır, yerə sıxılaraq yavaş-yavaş sürünür və cəld sıçrayışla onun üstünə atılırlar. Bu cür ildırım sürətilə sıçrayarkən onun şikarı özünü itirir və kanara qaçmağa macal tapmır. Onun sıçrayışı uğursuz olduqda əlindən çıxmış şikarının dalınca düşüb onu izləmir.
İkinci halda bəbirlər heyvanların su içdiyi və ya keçdiyi yerlərdə pusquda durub gözləyir. Ötüb keçən heyvanın üzərinə 6–8 m olan sıçrayışla atılır.
Xırda heyvanları pəncəsinin zərbəsilə öldürür, irilərinin üzərinə sıçrayaraq əvvəlcə onları yerə yıxır. Şikarının buynuzlarından və təpiklərindən qorunmaq üçün boğazından tutaraq son nəfəslərinə kimi onu boğur. Yıxılmamış heyvanların boyunlarından dişləri ilə yapışır. Əlindən çıxmış heyvanı bəzən qovub çatır və ön pəncəsinin zərbəsilə yerə sərir.
İri qabanları ovlamaq xüsusi bacarıq tələb edir və bu işi yalnız təcrübəli bəbirlər bacarırlar. Az təcrübəsi olanlar qabana hücum edərkən ciddi zədələr alırlar. Tirəndazı ovlayarkən bəbirlər təhlükəli iynələrdən yayınmaq üçün həmişə bir müddət onun ətrafında fırlanır və nəhayət imkan düşən kimi pəncələri ilə ən zərif hissəsi olan başından vurub ölümcül hala salır.[15]
Adətən bəbirlər ova tək çıxırlar. Nadir hallarda ana bəbiri balaları ilə və ya erkək bəbiri dişi ilə ova çıxmış görmək olar. Şikarını ovlayandan sonra bəbirlər qəniməti ilə birlikdə gizlənməyə çalışırlar. Bir dəfəyə bəbir 2-3 kq ət yeyir. Zooparklarda da onlara gündə bu qədər ət verirlər. Ac bəbirin bir dəfəyə bütöv bir cüyürü yeməsi məlumatı doğru deyildir. Yem olmadıqda bəbirlər 7-11 gün ac qala bilir və bu zaman aktivliyi itirmirlər.
Həyat tərzi və davranışı
[redaktə | mənbəni redaktə et]Azərbaycan ərazilərində yaşayan bəbirlər adətən toranlıq və ya gecə həyatı tərzi keçirirlər. Axşam toran düşəndə onlar ova çıxır və gecənin birinci yarısında, eləcə də səhər tezdən ov edirlər. Hava yağmurlu və soyuq olarkən onlar şikarlarını gündüzlər də təqib edirlər. Bəbir çox ehtiyatlı və gizlin həyat tərzi keçirir. Bu yırtıcı ehtiyatlı olsa da qorxaq deyildir. İnsan gördükdə qorxu hissini büruzə vermir. Əsas hallarda görünməz qalmağa çalışır və birinci olaraq hücum etmir. Adamla qarşılaşdıqda yavaş-yavaş kənarlaşır və hətta ona uğursuz atəş açdıqda belə qaçmağa tələsmir. Bəzi bəbirlər yaralandıqda və ya insanla qarşı-qarşıya gəldikdə həddən artıq aqressiv olurlar. XX əsrin 1980-ci illərində Qərbi Kopetdağda (Türkmənistan) 8 dəfə, Talış dağlarında və Naxçıvanda (Azərbaycan) isə cəmi 4 dəfə bəbirin insana hücumu hadisəsi baş vermişdir və bütün hallarda hadisənin səbəbkarı insan özü olmuşdur. Hər heyvanın öz fərdi sahəsi olur. Qərbi Kopetdağda bir erkək fərdin ərazisi 40-50 min, dişilərin isə 15-20 min hektara çatır. Bir erkək bəbirin fərdi sahəsində 2-3 dişi fərd yaşaya bilir.[16]
Çox hallarda bəbirlər dağların ətəyi və dərələrin dibi ilə gəzirlər. Cavan fərdlər, yaşlı erkəklər və dişilər yalquzaq həyat tərzi keçirirlər. Bəbirlərin ailəsi yaşlı dişi fərddən və 2-4 baladan ibarət olur. Balalar 1-1,5 yaşlarında olanda bəbirlərin ailəsi dağılır.
Bəbir şahənə yeriyir, addımlarını yüngül və səssiz atır. Pəncələrindəki qalın tük yastığının olması və yeriyərkən öncə barmaqlarını yerə basmaqları onların addımlarını səssiz edir. Şikarının dalınca gedərkən bəbirlər hərdən yavaş, hərdən saatda 5 km sürətlə, bəzən dörd ayaq qaçır, sonra isə sürətini tam azaldır. O, yavaş hərəkət etdikdə başını aşağı salır, alt cənəsi isə sallanmış vəziyyətdə olur. Tez-tez dayanıb ətrafa baxır. Onun eşitmə və görmə qabiliyyəti çox güclüdür. Gecələr də yaxşı görməsi ona qaranlıqda sərbəst qaçmağa, sıçramağa və uğurlu ov etməyə imkan verir. Aylı gecədə gündüzlər olduğu kimi ehtiyatla davranır, açıq yerlərə çıxmır, ağacların, daşların kölgəsində daldalanır.
Bəbirin qoxu bilmə qabiliyyəti zəif inkişaf edib.
Bəbir balalarının ilk oyuncağı onların quyruğunun ağ ucu olur. Onu tutmaq üçün balalar saatlarca çalışırlar. Quyruğun hərəkəti yırtıcıların qarşılıqlı münasibətlərində xüsusi rol oynayır. Bu hərəkətlərə görə heyvanın əhvalı haqqında fikir söyləmək olar. Quyruğun sakitcə yan tərəflərə hərəkəti heyvanın həyəcanlandığından və sıçrayışa hazırlaşdığından xəbər verir.
Bəbir təmizkar heyvandır və pələngdən fərqli olaraq öz nəcisini əksər hallarda torpağa basdırır.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Bəbirlərin cütləşməsi bütün il boyu müşahidə oluna bilər. Amma çox hallarda balaları yaz aylarında və ya payızın sonunda dünyaya gəlirlər. Cütləşmədə olan dişilər belləri üstə ağnayır, bellərini əyərək quyruqlarını qaldırır. Özünəməxsus səslər çıxarırlar. Bundan başqa onlar müvəqqəti olaraq qidalanmır və ya az yeyirlər. Bir dişinin arxasında bu dövrlərdə bir-birləri ilə rəqabət aparan (dalaşan) və bərk səslər çıxaran erkəkləri görmək olar. Hamiləlik dövrü 90-105, əsasən 92-95 gün çəkir, hər dəfə 2-4, əksər hallarda 1-2 balaları olur. Ölmüş balalarını ana bəbir adətən yeyir.
Balalarının böyüməsi və inkişafı
[redaktə | mənbəni redaktə et]Balalar gözləri və qulaq dəlikləri yumulu və ya bağlı halda dünyaya gəlirlər. Bədənləri açıq qonur rəngli sıx uzun tüklə örtülü olur. Təzə doğulmuş balaların kütləsi 500-700 q, bədənlərinin uzunluğu isə 15 sm olur. 6-9 gündən sonra onların gözləri açılır. 20-ci gün üst kəsici dişləri, 42 gündən sonra isə bütün süd dişləri çıxmış olur. Daimi köpək dişləri bir yaşında olarkən çıxır. 12-15 günlük olanda balalar sürünməyə və hərdən ayağa qalxmağa başlayırlar.
Bir aylığında onlar artıq sürətlə qaçır, qayalara dırmaşır, 35 günlüyündə isə hərəkətləri daha elastik olur və onlar tullanıb düşürlər. İki aylıq balalar yuvadan çıxıb ətrafda oynayırlar. Bu dövrdə onlar xırda heyvanları çəyirtkələri, qurbağaları tutmağa çalışırlar. Bir şey ovladıqda onlar şikarını yeyir, əksər hallarda isə atırlar.[17]
Ana balalarını 3 ay, bəzən isə 5-6 ay südlə bəsləyir. 6-8 həftəlik balalar artıq analarının gətirdiyi ətlə qidalanırlar. Beş aylıq balalar xırda heyvanları tutmaq üçün kifayət qədər cəld olurlar. Onlar ova gedən analarını müşayət edir və bütün hərəkətlərində ona oxşamağa çalışırlar. Bir yaşlı balalar yaşlı fərdlərdən çox kiçik görünsələr də, anaları ilə birgə artıq cütdırnaqlıları ovlayırlar.
Balaların 1-1,5 yaşı olanda analarından ayrılırlar. Bu proses ananın yeni cütləşmə dövrünün başlanması ilə sürətlənir. Cütləşmə dövründə erkək fərd dişinin yanında yalnız dişi balanın olmasına imkan verir. Erkək balaları 3 yaşında ata bəbir analarının yanından qovur. Atılmış erkək balalar ilk dövrdə bir yerdə yaşayır və valideyn cütlüyünün izi ilə hərəkət edib onların qida qalıqlarını yeyirlər. Yaşlı bəbirlər ilin böyük hissəsini tək yaşayırlar. Yalnız cütləşmə, hamiləlik dövründə və balalar təzə dünyaya gəldikdə bu yırtıcılar bir yerdə olurlar. Balalar hələ gözüyumulu olduqda ana bəbir adətən erkəyi yanından qovur. Dişi balalar iki yaşında yetkinliyə çatırlar.
Azərbaycanda sayı
[redaktə | mənbəni redaktə et]Bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 13-17 fərdi qalmışdır. Bunun əsas səbəbi vəhşi cütdırnaqlı heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli dərilərinə görə də ovlayırlar.
Vəhşi Təbiəti Ümumdünya Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin xəbərinə görə ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olmuşdur. Quraşdırılmış foto-tələlər Talış dağlarının şimal hissəsində bəbiri qeydə ala bilmişdir. Bəbir kadrda tam əks olunmasa da, bu Azərbaycanda bəbirin olmasına fotosübutdur[18].
Düşmənləri və rəqibləri
[redaktə | mənbəni redaktə et]Hazırda Azərbaycanda bəbirin insandan başqa düşməni yoxdur. Ancaq onlar müxtəlif səbəblərdən ölə bilirlər. Bəziləri leysan yağışların selinə düşüb ölür. Amma əksər hallarda onlar qaçaq ovçularının (brakonyerlərin) qurbanı olurlar. Yaralanmış və ya tələyə düşmüş bəbirlər sonradan həlak olurlar. Tirəndaz ovlayarkən sonralar aldığı nekrozlaşan yaralardan da onlar tələf olurlar.
Azərbaycanda bəbirin rəqibləri canavar, vaşaq, kaftar və leşyeyən quşlardır. Ona görə də bəbir ovladığı heyvanı kolların arasına, ağacların üstünə və digər gizli yerlərə aparır.
Təbiətdəki rolu
[redaktə | mənbəni redaktə et]Bəbir təbii ekosistemlərdə ekoloji piramidanın ən yüksək pilləsində durur. Ona görə də o, ekosistemdə gedən proseslərin tənzimlənməsində, onların davamlı olmasında xüsusi rol oynayır. Yırtıcılar xəstə və zəif heyvanları tutub yeməklə xəstəliklərin yayılmasının qarşısını alır, vəhşi cütdırnaqlıların sayını tənzimləyirlər. Otyeyən heyvanların sayını nizamlamaqla onların kütləvi surətdə artıb yem çatışmazlığından və yoluxucu xəstəliklərdən ölmələrinə imkan vermirlər. Beləliklə, bəbirlər təbiətdəki tarazlığın qorunmasında xüsusi rol oynayırlar. Cənubi və cənub-şərqi Asiyada, həmçinin Afrikada bəbirləri məhv etdikdən sonra məlum oldu ki, onların xeyri ziyanından dəfələrlə çox imiş. Bu yırtıcının sayı kəskin surətdə azaldıqdan sonra çöldonuzları və digər cütdırnaqlıların, həmçinin meymunların sayı intensiv olaraq artmağa başlamışdır. Onların tarlalara, əkin sahələrinə vurduqları zərər bəbirin maldarlığa vurduğu ziyandan xeyli çox olmuşdur. İranda muflonun sayının artması ot örtüyünün deqradasiyasına gətirib çıxartmışdir. O ərazilərə bəbir buraxıldıqdan sonra muflonların sayı nizamlanmış və bitki örtüyü bərpa olmuşdur. Bəzi ölkələrdə, məsələn Keniyada, bu yırtıcının sayını bərpa etmək üçün işlər aparılır.[16]
Qorunma tədbirləri
[redaktə | mənbəni redaktə et]Nadir növ kimi bəbir Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiıdir. Nəsli kəsilməkdə olan növ kimi bəbir "yox olmaq təhlükəsində olan fauna və flora növlərinin beynəlxalq ticarətinə dair konvensiyanın" 1-ci əlavəsinə salınmışdır.
Zəngəzur silsiləsində Zəngəzur milli parkının, Şindan dağının ətəklərində isə Astara qoruğunun yaradılması bəbirlərin mühafizəsi yolunda atılmış ən mühüm addım olacaq.
Ancaq bəbiri yalnız qoruqlarda mühafizə etməklə iş bitmir. Onu rast gəlindiyi bütün yerlərdə qorumaq lazımdır. Bəbiri yox olmaq təhlükəsindən xilas etmək üçün ilk növbədə dağ meşələrində mal-qaranın otlamasını tənzimləmək, vəhşi cütdırnaqlıların sayını yaşadıqları arealda bərpa etmək, qaçaq ovçuluğa qarşı ciddi tədbirlər həyata keçirmək lazımdır. Bəbirlərin qorunub saxlanmasının əsas yolu onların təbii yem bazasının bərpa olunmasıdır. Vəhşi cütdırnaqlılar olmadığı halda bəbirlər ev heyvanlarına hücum etməyə məcburdurlar. Təbii yem bazası bərpa olunana qədər mal-qara sahiblərini bəbirləri məhv etməkdən yayındırmaq üçün digər iqtisadi tədbirlər hazırlanmalıdır. Mal-qara sahiblərinə dəyən ziyan kompensasiya olunmalıdır ki, onlar da öz növbəsində bu yırtıcını məhv etməkdən çəkinsinlər.
Bəbirlər yaşayan yerlərdə onun mühafizəsi istiqamətində geniş təbliğat və ekoloji maarifləndirmə işi aparmaq lazımdır.
Təbiətdə rolu
[redaktə | mənbəni redaktə et]Təbiətdə onun rolu böyükdür, bəbir xəstə və zəif heyvanları məhv edir.
Bəbirlərin dərisi xəz bazarında çox bahadır, buna görə də onlar brakonyerlər tərəfindən vəhşicəsinə öldürülür. XX əsrin 50-60-cı illərində bəbir dərisindən paltoların dəbdə olması Afrikada bəbirin sayını xeyli azaltmışdır.
Məhv olma təhlükəsi altında olduğuna görə bəbirlər Azərbaycan Respublikasının və MSOP-un Qırmızı Kitabına daxil edilib.
Rəmzlərdə
[redaktə | mənbəni redaktə et]Bəbir qəddarlığı, aqressivliyi, qorxmazlığl, vəhşiliyi tərənnüm edir. Dərisindəki xallar gözü xatırlatdığına görə onu çox vaxt sayıq keşikçi də adlandırırlar. Çinlilərdə bəbir hünər və qəddar döyüşkən obrazı daşıyır.[19] Xristianlarda bəbir şeytanı, günahı, iblisin ikinci üzünü və tamahkarlığı tərənnüm edir. Bəbir Qədim Misirdə ali tanrı Osirisin[20] və yunanlarda isə tanrı Dionisin rəmzi sayılır.[19]
-
Dionis bəbir belində çaparkən, cənubi İtaliyada tapılmış krater (küp) üzərində təsvir, e.ə.370
-
Dionis bəbir belində çaparkən, mozaik təsvir Pella, Yunanıstan, e.ə. IV əsr
-
Somalinin gerbində bəbir təsviri
Şəkillər
[redaktə | mənbəni redaktə et]Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Növün müasir arealı çərçivəsində yaşayış yerləri Türyançay Dövlət Təbiət Qoruğu, İlisu Dövlət Təbiət Qoruğunun Axar-baxar sahəsi, Korçay Dövlət Təbiət Qoruğu, Hirkan, Zəngəzur, Göygöl milli parkları, Zuvand, Ordubad, Qax, Korçay yasaqlıqlarında mühafizə olunur. Qida bazasının möhkəmləndirilməsi məqsədilə, Acınohur çölündə və ətraf ərazilərdə ceyranın, Hirkan Milli Parkında nəcib maralın tarixi arealını bərpa etmək, XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- Lukarevski V.S., Akkiyev M., Askerov E., Agili A., Can E., Gurielidze Z., Kudaktin A., Yarovenko Y. 2007. Status of the leopard in the Caucasus. Cat News Special Issue, No 2;
- Zazanashvili N., Morschel F., Askerov E., Krever V., Farvar M., Kalem S. 2007. Conservation of the leopard in the Caucasus. Cat News Special Issue, No 2.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- CEO.az saytındakı "Bəbir – Azərbaycanın fəxri" məqaləsinin tərcüməsi Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine
- CEO.az: Леопард — гордость Азербайджана Arxivləşdirilib 2009-02-24 at the Wayback Machine
- Vəhşi heyvanlar Arxivləşdirilib 2012-01-05 at the Wayback Machine
- http://animals.nationalgeographic.com/animals/mammals/leopard.html
- http://www.awf.org/content/wildlife/detail/leopard
- http://www.agarman.dial.pipex.com/leopard.htm Arxivləşdirilib 2006-10-17 at the Wayback Machine
- Bəbir ilə bağlı video – 1
- Bəbir ilə bağlı video – 2
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ "CEO.az saytındakı "Bəbir – Azərbaycanın fəxri" məqaləsinin tərcüməsi". 2009-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-16.
- ↑ L Crandall The management of wild animals in captivity. — Chicago: University of Chicago Press, 1964.
- ↑ 1 2 ""Leopard"". Online Etymology Dictionary. Douglas Harper. 2011-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-30.
- ↑ Monier-Williams, Sir Monier. pāṇḍara // A Sanskrit-English Dictionary (JPEG). Delhi: Banarsidass. 1976. səh. 616. ISBN 0842602860. Archived from the original on 2008-01-09. İstifadə tarixi: 2007-11-30.
- ↑ Monier-Williams, Sir Monier. puṇḍárīka // A Sanskrit-English Dictionary (JPEG). Delhi: Banarsidass. 1976. səh. 631. ISBN 0842602860. Archived from the original on 2008-01-09. İstifadə tarixi: 2007-11-30.
- ↑ Linnaeus, C. Systema naturae per regna tria naturae, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Tomus I. (Editio decima, reformata.). Holmiae. (Laurentii Salvii). 1758. 2015-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-28.
- ↑ 1 2 3 4 1 2 3 4 Johnson, W.E., Eizirik, E., Pecon-Slattery, J., Murphy, W.J., Antunes, A., Teeling, E. & O'Brien, S.J. (2006). "The Late Miocene radiation of modern Felidae: A genetic assessment.". Science 311 (5757): 73–77. DOI:10.1126/science.1122277. PMID 16400146.
- ↑ Uphyrkina, O.; Johnson, E.W.; et al. (November 2001). "Phylogenetics, genome diversity and origin of modern leopard, Panthera pardus". Molecular Ecology 10 (11): 2617–2633. DOI:10.1046/j.0962-1083.2001.01350.x. PMID 11883877.
- ↑ Olga Uphyrkina et al.: Phylogenetics, genome diversity and origin of modern leopard, Panthera pardus. Molecular Ecology, Volume 10, Issue 11, Page 2617 — November 2001 online Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
- ↑ Sriyanie Miththapala: Phylogeographic Subspecies Recognition in Leopards (Panthera pardus): Molecular Genetic Variation. Conservation Biology Volume 10 Issue 4 Page 1115 — August 1996 abstract Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-29.
- ↑ Zazanashvili N., Morschel F., Askerov E., Krever V., Farvar M., Kalem S. 2007. Conservation of the leopard in the Caucasus. Cat News Special Issue, No 2
- ↑ "Vəhşi heyvanlar". 2012-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-11.
- ↑ 1 2 Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- ↑ Lukarevski V.S., Akkiyev M., Askerov E., Agili A., Can E., Gurielidze Z., Kudaktin A., Yarovenko Y. 2007. Status of the leopard in the Caucasus. Cat News Special Issue, No 2;
- ↑ Azərbaycanda ilk dəfə olaraq təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olub.[ölü keçid] 13.03.2007. mediaforum.az (az.)
- ↑ 1 2 Тресиддер Джек Словарь символов. — 1999. — 430 с.
- ↑ Макс Мюллер Египетская мифология. — Москва: Центрполиграф, 2007. — 336 с. — 5000 экз. — ISBN 978-5-9524-3094-5