Georq Zimmel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georq Zimmel
alm. Georg Simmel
Doğum tarixi 1 mart 1858(1858-03-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 sentyabr 1918(1918-09-26)[1][2][…] (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Əsas maraqları fəlsəfə, Din sosiologiyası
Təsirlənib Maks Veber
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georq Zimmel (alm. Georg Simmel‎; 1 mart 1858[1][2][…], Berlin[3]26 sentyabr 1918[1][2][…], Strasburq) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir.

Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur.[4]

Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur.

Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur. O, imkanlı yəhudi biznesmenin ailəsində göz açmışdır, amma atası sonradan katoliklisizmi qəbul etmişdir. Anası da mənşəcə yəhudi olsa da, lüteranlığa ibadət etmişdir. G. Zimmelin baptizm mərasimi isə o, uşaq olarkən protestant kilsəsində keçirilmişdir.[5] . Atasının vəfatı, anası ilə aralarında elə də sıx bağların olmaması onu ailəyə çox da bağlı olmayan, marginal bir şəxs kimi yetişməsinə şərait yaratmışdır.[6]

O, 1890-cı ildə filosof Gertrud Kinel ilə evlənir. Onlar sosial-maddi təlatümlərdən uzaq, burjua həyat tərzi sürmüş, mənzilləri yaşadıqları dövrün ənənələrinə uyğun olaraq, elmi-mədəni görüşlər yerinə çevrilmişdir. Bir övladları olmuşdur — Hans Eugen

Gimnaziyanı bitirdikdən sonra, Zimmel fəlsəfə və tarixi Berlin Universitetində öyrənmiş, 1881-ci ildə İmmanuel Kantın maddi fəlsəfəsi mövzusundakı tezislərinə görə doktorluq dərəcəsi almışdır. Bu tezislər sonradan nəşr edilən "Kantın fiziki mondologiyasına əsasən maddənin təbiəti" adı ilə nəşr edilən əsərin tərkib hissəsi olmuşdur.

1885-ci ildə aşağı elmi dərəcə hesab edilən privat-dosent (maaş verilməyən, yalnız tələbələrin təhsil haqqında asılı olan mühazirəçi) kimi Berlin universitetində rəsmi olaraq fəlsəfə mövzusunda mühazirələr oxumağa başlasa da, qeyri-rəsmi olaraq, etika, məntiq, pessimizm, incəsənət, psixologiyasosiologiya sahəsində də mühazirələrlə çıxış etmişdir. Onun mühazirələrinin populyarlığı təkcə universitet divarları ilə məhdudlaşmamış, Berlinin intellektual elitasının diqqətini də çəkə bilmişdir.

G. Zimmelin Maks Veber, Henri Rikkert, kimi məşhur akademiklərin güclü dəstəyini almasına baxmayaraq, uzun müddət akademik autsayder olmuş, müraciət etsə də, Almaniya universitetlərində vakant professor vəzifəsinə qəbul edilməmişdir. Zimmel yalnız 1901-ci ildə ştatdankənar professor vəzifəsini ala bilmişdir. Bu vaxta kimi isə o, artıq Avropa və Amerikada geniş məşhurluq qazanmış və güclü maarif sahibi kimi tanınmışdı. Ona bu dərəcədə məşhurluq jurnallar və qəzetlərdə nəşr olunmuş məqalələri gətirmişdi.

O zamankı Almaniya intellektual elitasının Maks Veber, Rainer Mariya Rilke, Georq Ştefan, Edmund Husserl kimi görkəmli nümayəndələrinin dəstəklərinə baxmayaraq, onun akademik icma tərəfindən qəbul edilməsi çox ağrılı və çətin olmuşdur. Buna səbəb qismən onun yaşadığı dövrdə Prussiya Krallığında güclənməkdə olan antisemitizm olsa da, yazılarındakı sadəlik, sadə auditoriyaya istiqamətlənməsi akademik sosioloqlar tərəfindən yaxşı qarşılanmamışdır. O, akademik standartları, çərçivələri çox zaman rədd edir, emosiyalar və ya sevgi haqqında fəlsəfi fikirlər səsləndirərdi. Onun mühazirələrinə qulaq asan digər professorlar mühazirə zalından çox zaman stess almış kimi çıxardılar; səbəb onların fikrincə, Zimmelin əksər parlaq fikirlərinin mühazirənin gedişatında meydana çıxara bilməsi olmuşdur. Ona görə də çıxış virtuozu kimi də məşhurluq qazanmışdır. Bu kimi amillər onun işlərinin professionallar tərəfindən düzgün qiymətləndirilməsinə səbəb olmuşdur[7].

Zimmel incəsənət dairələrində kifayət qədər məşhur olmuşdur, amma heç bir zaman akademik fəaliyyətdən əl çəkməmiş, Ferdinand TönnisMaks Veberlə birlikdə Almaniya Sosiologiya Cəmiyyətinin həmtəsisçisi olmuşdur. Universitetdə fəaliyyəti ilə yanaşı sosial aktivlik nümayiş etdirməsi, incəsənət və fəlsəfənin qovşağında olan bir həyat tərzi sürməsi bəlkə də onun sələfinin incəsənət sahəsinə bağlı olan biri olması ilə bağlıdır.

Ən nəhayət, 1914-cü ildə Zimmel o zaman Almaniya universiteti hesab edilən Strasburq Universitetində adi professor dərəcəsi alsa da, bu qərar ona rahatlıq gətirmədi. Birinci Dünya müharibəsinin başlaması ilə universitet binasında bütün tədris prosesləri dayandırıldı və bina hospitala çevrildi. Zimmel taleyin ironiyası ilə barışmaq istəmir və 1915-ci ildə Heydelberq Universitetinə vakant olan iki professor vəzifəsi üçün müraciət etsə də, müsbət cavab almadı.

Əvvəllər Zimell müasir tarixlə o qədər də maraqlanmasa da, müharibənin başlanması onun bu mövzuya marağını artırdı, "Avropa ideyası" və "mədəniyyət böhranı" haqqında danışmağa başladı. Nəhayət, müharibə Zimmeli də yordu və onun səhhətinə mənfi təsir etdi. O, müharibənin qurtarmasından qısa bir müddət öncə, 1918-ci ildə Strasburqda qaraciyər xərçəngindən vəfat etdi.[7]

Əsas əsərləri

[redaktə | vikimətni redaktə et]
  • Sosial differensasiya. Sosioloji və psixoloji tədqiqatlar (1890)
  • Tarixin fəlsəfəsi problemləri (1892–1893)
  • Etikaya giriş (1892–1893)
  • Pul fəlsəfəsi (1900)
  • Böyük şəhərlər və mənəvi həyat (1903)
  • Modanın fəlsəfəsi (1905)
  • Kant və Göte (1906)
  • Din (1906)
  • Şopenhauer və Niçşe (1907)
  • Sosiologiya. İcmalaşma formalarının tədqiqi (1908)
  • Mədəniyyətin fəlsəfəsi (1911)
  • Göte (1913)
  • Tarizi zaman problemi (1916)
  • Rembrandt (1916)
  • Sosiologiyanın fundamental sualları (1917)
  • Müasir mədəniyyətin konflikti (1918)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Georg Simmel // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118614436 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Cardiff University. School of Social Sciences. Georg Simmel". 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-02.
  5. Wolff, Kurt H. The Sociology Of Georg Simmel (1950)
  6. "Cardiff University. School of Social Sciences. Georg Simmel - The Person - Introduction". 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-02.
  7. 1 2 "Cardiff University. School of Social Sciences. Georg Simmel - A Virtuoso On The Platform". 2017-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-02.