Sosial fəlsəfə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Sosial fəlsəfə — cəmiyyətdə baş verən hadisələri öyrənən elm.
Sosial fəlsəfənin predmeti
[redaktə | vikimətni redaktə et]Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: birinci — sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınmasıdır), ikinci – tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək), üçüncü – varislik prinsipi (mühavizəkar və novator tərəflərin ayırd edilməsi), 4-cü – sosial ziddiyyətlərin aşkarı və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması.
Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o, konkret ictimai elmlərə (iqtisadiyyat, sosialogiya. Politalogiya, tarix, hüquq, statiskia və s.) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli dyeildir. Başqa sözlər ayrı-ayrı ictimai elmlər də öz növbəsində sosial fəlsəfəyə güclü təsir göstərir. Bu onda ifadə olunur ki, sosial fəlsəfə həmin elmlərin əldə etdiyi konkret sahələrə dair elmi məlumatları ümumiləşdirir və buna əsaslanmaqla özü də inkişaf edir.
Digər ictimai və humanitar fənlər ilə sosial fəlsəfənin ümumiliyi bundadır ki, o da insanların sosial dünyasını öyrənir. Bu dünyaya dil, elm, hüquq, etika, əxlaq və davranışlar, əmək alətlərinin təkmilləşməsi səviyyəsi, insanların fəaliyyəti üsulları və təşkilatları daxildir. Lakin cəmiyyəti öyrənən konkret elmlər yuxarıda göstərilən tərəflərdən birini və ya bir neçəsini tədqiq etməklə məhdudlaşır. Sosial fəlsəfənin spesifikliyi bundadır ki, o, cəmiyyəti bütöv bir tam kimi götürür, onun ümumnəzəri modelini yaradır.
Sosial fəlsəfənin ümumilikdə fəlsəfə ilə münasibəti tək ilə ümumi arasındakı münasibət kimidir. Başqa sözlə, sosial fəlsəfədə ümumi fəlsəfi müddüəlar cəmiyyətin həyatına münasibətdə konkret formada çıxış edir.
Sosial idrak hər bir tarixi dövr mədəniyyətə xas olan məna və məzmunları xüsusi idela obyekt şəklində öyrənir. Onların daxili münasibətlərini sistemləşdirir. Nəticədə yeni biliklər əmələ gəlir ki, bu da insanın dünyanı qavraması və anlamasında daha geniş imkanlar yaradır.
Sosial fəlsəfə iki, bir-birilə əlaqəli qütbləri birləşdirir: mədəniyyətin mövcud mənəvi strukturlarının rasional düşünülməsi və insan tərəfindən ətraf aləmin yeni şəkildə mümkün dərkinin layihələndirilməsi.
Sosial fəlsəfənin vəzifəsi təkcə insanların dünyagörüşünü öyrənməklə bitmir. Bu elm həm də onların dünyagörüşünün formalaşmasında çox mühüm rol oynayır. Sosial fəlsəfə sistemləri biri digərini əvəz etdikcə sosial varlıq haqqındakı təsəvvülər də dəyişir, yeni idealar, prinsip və kateqoriyalar meydana gəlir, sosial elmlərin diferensiasiyası və inteqrasiya prosesləri dərinləşir.
Sosial fəlsəfənin obyekti sosial məkan və zamandırsa, onun subyekti insan və cəmiyyətdir, hər bir elm kimi onun da kateqoriyal aparatı subyekt və obyektin məzmunu ilə müəyyən edilir; tarixi – mədəni inkişafın hər mərhələsində dəyişir.
Sosial fəlsəfə bir elm kimi digər sosial elmlərin metodoloji əsasını təşkil edir. Daha sıx əlaqədə olduğu sosialogiya, tarix, mədəniyyətşünaslıq, sosial psixalogiya, politalogiya, iqtisadiyyat nəzəriyyəsi elmlərin inkişafı sosial fəlsəfəyə mühüm təsir göstərir. Burada qnoseoloji, sosioloji, aksioloji və praksioloji bölmələri göstərmək olar. Fəlsəfə tarixində, xüsusilə XX əsrdə sosial fəlsəfə və digər ictimai elmlərin qarşılıqlı təsirinə müxtəlif yanaşmalar olmuşdur. Tədqiqatçılar, xüsusi olaraq bu elmin inkişafında subyektiv amilin roluna daha çox diqqət yetirirlər. Məsələn, M. Veber özünün "Sosialoji və iqtisadi elmlərdə qiymətvermədən azad olmanın mahiyyəti" əsərində qiymətvermə dedikdə hər hansı bir hadisənin bəyənilməsi və ya pislənilməsini nəzərdə tutrdu. O, bu məsələni araşdırarkən bir neçə yanaşmanı müəyyən edir:
a) Məntiqi təhlilin qaydalarına tabe olan emprik problemləri – praktiki, etik mövqeyini bildirən qiymətvermələrdən fərqləndirmək lazımdır b) Qiymətləndirmə, qiymətvermə mümkün qədər tədrisdən çıxarılmalıdır.
Veber sonuncu fikirlə razılaşır, buna bürokratik yanaşma deyir. O, göstərirdi ki, müəllim öz intelektual vicdanının tələbinə görə mühazirəsinin məntiqi dəlilləri və praktiki qiymətverməni bir-birindən fərqləndirməli və dinləyicilərə bu şəkildə çatdırmalıdır. Onun fikrincə kafedra (kürsü) arxasında duran hər bir alimin öz şəxsi mövqeyini dinləyicilərə peşəkarlıq kimi təqdim etməsi və onlara bunu zorla qəbul etdirməsi dözülməz haldır. Professor öz şəxsi ideallarının tətbiqi üçün başqa vasitələrdən (məs., mətbuatdan) istifadə edə bilər. Auditoriyada isə onun vəzifəsi:
1) Peşəsini sevmək. 2) Faktların tədqiqi və onların qiymətləndirilməsi proseslərini bir-birindən ayırmaq. 3) Elmi problemi tətbiq edərkən öz zövqünün tələbatlarını cilovlamaqdır.
Veber bu təhlili yekunlaşdıraraq belə qənaətə gəlir ki, hər bir tədqiqatçı iki zəruri problemi həll etməlidir:
1) Emprik faktların müəyyən edilməsi 2) Şəxsi mövqenin formalaşdırılması
Şübhəsiz bunu sosial fəlsəfəyə də aid etmək lazımdır. Sosialoji tədqiqat obyektlərində subyektiv amilin müəyyən dərəcədə nəzərə alınmasını R. Aron da qeyd etmişdi. Subyektiv amil – insan fəaliyyətini müəyyən edən arzu, istək və mənafelərdən ibarətdir. Aronun fikrincə sosial tədqiqatın başlıca vəzifəsi bu subyektiv faktorun açıqlanmasıdır. Özü də bu işdə təbiət elmlərinin metod və vasitələrindən istifadə etməməlidir, çünki subyektiv amil – tarixi prosesin real subyekti şəklində çıxış edən insan fəaliyyətinin subyektin meyl, etiqad, arzu və istəklərinin gerçəkləşməsidir.
R. Aronun fikrincə cəmiyyət və onun tarixinin öyrənilməsi elmi – tədqiqat, dərketmə sahəsi yox, mənəvi şüurun fəaliyyəti sahəsidir. O, göstərirdi ki, tarix subyektiv elmdir, çünki burada hadisələr "xalis hadisə" kimi yox, tarixçi tərəfindən yaradılmış, quraşdırılmış hadisələr kimi başa düşülür.
Z. Bauman (Böyük Britaniya) fəlsəfə və sosialogiyanın qarşılıqlı əlaqəsini çayın axarındakı iki burulğana oxşadır. Eyni materiya daim buradan keçir, burulğan yalnız vasitəçi rolunu oynayır. Müəyyən mənada bu iki ənənəvi cərəyanlar arasında ciddi sərhəd yoxdur və olmayıb da. Bunu Z. Bauman onda görürdü ki, hər iki elm hələ kifayət qədər öz daxilində inteqrasiya dövrünü keçməyib. Həm sosialogiya, həm də fəlsəfənin daxilində parçalanma prosesi gedir. Bunun səbəbi münasibətlərin, nöteyi-nəzərlərin, düşüncə tərzinin müxtəlifliyi (dövrdən-dövrə dəyişilməsi), həm də tədqiqatçıların mövqelərinin eyni olmamasıdır. Z. Bauman fəlsəfi və sosialoji praktikada iki yanaşmanı qeyd edir: biri "qanunverici", digəri isə "interpretasiya edən" (yozan) yanaşmalardır. Kant qeyd edir ki, ("Xalis ağılın tənqidi" əsərində), "filosof – konsepsiyalardan istifadə edən rəssam yox, insan ağılının işlətmək qaydalarını müəyyən edən qanunvericidir". Filosof əbədi dəyişilməz qanunlara uyğun əsaslandırılmış tələblərin təminatını verə biləcək tribunanı yaratmalıdır. Hər bir insan şüurunda qanunverici hakimiyyət ideyası yaşayır, filosof da bundan istifadə edərək ağılın ali məqsədlərini müdafiə etməlidir.
Kant hesab edirdi ki, fəlsəfə qanunverici hakimiyyətin başında olmağa məcburdur. Hamıya aid olan biliklər transsendental səviyyə qaldırılmalıdır. "Ağıl tələb edir ki, biliklərimiz mənasız və qarışıq qalmasın, dərketmə sistemli xarakter daşısın". Belə biliyi (rəy və inancdan fərqlənən) yalnız filosof yarada bilər. Bu mənada metofizikanın özü insan ağlının mədəni təcəssümü olaraq, təfəkkürün ahəngdar kamilliyini yaratmalıdır. Fəlsəfənin tutduğu ali vəzifə ona ali nüfuz və mənanı təmin edir. O, öz vəzifəsini yerinə yetirərək elmdə qayda-qanunu, ahəngdarlığı, əmin-amanlğı yaradır ki, nəticədə onun bəhrəsi ən ali mümkün məqsədə yönəldilsin – bu da bütün insanların səadətidir. Bu ifadədə Kant ənənəyə sadiq olaraq (Platon, Sokrat və başqaları da filosof vəzifəsini digər insanları qorumaq, onların qeydinə qalmaqda görürdülər) göstərirdi ki, bizim filosofların vəzifəsi elə bir ali biliyə nail olmaqdır ki, hər bir kəs bu biliyi mənimsəsin və xoşbəxt olsun.
Dekart isə özünün "Ağılı idarə etmək qaydaları" əsərində yazırdı ki, həqiqət çoxlarına yox bəzilərinə qismət olur. Filosofu ucaldan, kütlədən ayıran elə həqiqət biliyidir ki, o, başqa cılız bilikərə qarşı onda imunitet yarada bilir. Filosofun vəzifəsi hakimlik etmək və ağlın qanunlarını yaymaqdır. Biz bunu etməsək insan nəsli heç vaxt xoşbəxt ola bilməz, yalnız filosof yalan və doğrunu, xeyir və şəri, haqq və nahaqqı fərqləndirə bilər, yeganə hakim də odur. Metofizika – kraliçadır, onun idarə üsulunda ehkamçılıq despotizmi yaransa belə, başqa çıxış yolu yoxdur. İnsan cəmiyyəti yalnız bu yolla çıxış edə bilər. Metofizikanın başlıca vəzifəsi ağlı tənqid etməkdir. Z. Bauman qeyd edir ki, çox vaxt filosofların bu mövqeyi mövcud şərait hakim dairələrə onların yaxınlığı ilə izah olunur. Sonrakı dövrdə XIX – XX əsrlərdə fəlsəfə məhz belə ideaların təsiri altında formalaşmışdır. R. Rorti, Z. Bauman hesab edirlər ki, elə fəlsəfənin özü əslində müasir yaranmaqda olan dövlətin əsasını təşkil edir.
Z. Bauman Marks və Engelsin də mövqelərinə müraciət edir. Marks və Engels yazırdılar ki, "dövlət və sosial struktur daim konkret fərdlərin həyati proseslərindən əmələ gəlir, bu zaman fərdlər başqalarının və özünün təsəvvüründə olduğu kimi götürülür, nəticədə siyasi praktikada ictimai rəy və arzuların yanlış şüurun ifadəs" kimi qiymətləndirilməsinə, ierarxiyadan (strukturdan) kənarda olan hər bir ifadəyə son qoyulur. Dürkheym isə tələb edirdi ki, "sosioloqların beyni yeni bir elm sahəsini öyrənən fizik, kimyaçı və fizioloqun beyninə oxşasın". Sosioloq "sosial aləmə müdaxilə edəndə başa düşməlidir ki, naməlum sahəyə daxil olur. O duymalıdır ki, öyrəndiyi faktlar haqqındaki qanunlar həyatın digər sahələrindəki qanunlar qədər gizli və naməlumdur". Dürkheym qeyd edirdi ki, biz hər hansı bir hərəkətimizin həqiqi təbiəti haqqında çox çətin və müəmmalı təsəvvürə malikik.
Onun fikrincə sosialoji praktikanın elmliyini təmin etmək üçün qeyri tədqiqatlarda peşəkar fikirlər və rəylərə yer verilməməlidir; peşəkarlıq nüfuzunu yüksək saxlamaq lazımdır; həqiqət haqqında yalnız peşəkar danışa bilər.
M. Veber də sosioloqun mövqeyini müdafiə edərək qeyri – peşəkar biliyin dəyərini çox aşağı qiymətləndirirdi. O, rasional fəaliyyətin xalis tipinin quraşdırılması prosedurasını sosioloqun vəzifəsi kimi qeyd edirdi.
Bauman sosioloji və fəlsəfi biliyin formalaşmasında başqa təmayülü – interpretasiya edən ağılın strategiyasından da yazır. Bu mövqenin nümayəndələri belə bir fikri qəbul edirlər ki, hər hansı bir obyektin tədqiqi bu obyektin dəyişilməsinə səbəb olsa da, yadda saxlamaq lazımdır ki, onun ilkin forması heç də köhnəlməyib, yaşamaq hüququnu itirməyib. Qanunverici yanaşma monoloqa bənzəyirsə, belə yanaşma dialoqa bənzəyir. Bu cərəyanın strategiyasını işələyib hazırlayanlar – Freyd, Haydegger, Vitgenşteyn, Qadamer, Rikkert və Derrida olublar, davamçısı isə Riçard Rortirdir. Burada ən çox gözə çarpan ənənə hermenevtikadır. Hermenevtika əvvəldən axıradək interpretasiya ilə bağlıdır, lakin sonuncu onunla bitmir.