Sid Kampeador

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sid Kampeador
isp. Rodrigo Díaz de Vivar
Şəxsi məlumatlar
Doğum adı Ruderico Didaz
Doğum tarixi ən tezi 1041ən geci 1057[1]
Vəfat tarixi ən tezi may 1099ən geci 10 iyul 1099
Vəfat yeri
Hərbi xidmət
Rütbəsi Cəngavər
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[2], hərbi iş[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rodrigo Díaz de Vivar (ən tezi 1041ən geci 1057[1]ən tezi may 1099ən geci 10 iyul 1099, Valensiya[2]), daha çox Sid Kampeador (El Cid Campeador) kimi tanınan Kastiliya zadəganı, hərbi komandiri və qabiliyyətli diplomatı olmuşdur. Sürgün edilməsindən sonra Valensiya şəhərini fəth etmiş və şəhəri idarə etmişdir. Kastiliya sarayında təhsil almış, VI Alfonsonun ən mühüm komandiri olmuş və müsəlman ərəblərə (Əndəlüs) qarşı mübarizə aparmışdır. Onun ləqəbi olan "El Cid" ispan dilindəki “El” tərif ədatı və Ərəb dilindəki seyid (سيد) sözlərindən əmələ gəlmişdir. Beləliklə də, “El Cid” bu formada hökmdar olaraq tərcümə edilə bilər. “Campeador” isə latın sözü olub döyüş sənətinin ustası və yaxud da qılınc ustası deməkdir.

Sidin dəqiq olaraq dünyaya gəldiyi tarix məlum deyildir. Bununla belə, əksər tarixçilər Sidin 1040-cı ildə anadan olması fikri ilə razılaşırlar. Doğulduğu yer hesab edilən, Vivar, Kastiliyanın paytaxtı hesab edilən Burqosun şimal hissəsində yerləşən kiçik bir kənddir. Sidin atası olan Dieqo Lainez Kastiliya zadəganlarından biri olmuşdur. Lainez saraydakı mühüm dövlət xadimlərindən biri, eyni zamanda da, cəngavər olub və bir çox müharibələrdə iştirak etmişdir. Sidin anası da aristokrat ailəsindən olsa da, kənd camaatı həmişə Sidi özlərindən biri kimi görmüşdür. Sidin ailəsi sarayda olan, lakin yüksək səviyyəyə malik olmayan aristokratlardan idilər.

Təhsili ilə gəncliyi

[redaktə | mənbəni redaktə et]

Sid Kastiliya sarayında olmuş və burada dövrünün şahzadəsi və gələcəyin kralı olan II Sançoya xidmət etmişdir. II Sanço isə öz növbəsində kral I Ferdinandın oğludur. Ferdinand 1065-ci ildə vəfat edəndən sonra Sanço ərazilərini genişləndirməyə nail olmuş və bir çox xristianın yaşadığı Zamora və Badajoz kimi Əndəlüs şəhərlərini ələ keçirmişdir.

Sid çox müvəffəqiyyətli bir əsgər idi. 1067-ci ildə o, Əndəlüs ərəblərinin yaxşı mühafizə edilən şəhəri sayılan Saraqosaya qarşı aparılmış olan müharibədə iştirak etmiş və şəhərin hökmdarı olan Əmir Əl-Müqtədirin Sançonun vassalı olmasını təmin etmişdir. 1063-cü ilin yaz aylarında baş vermiş olan "Qraus müharibəsi"ndə də iştirak etmişdir. Ferdinandın qardaşı olan Araqonlu I Ramiro Saraqosa ərazisində yerləşən Əndəlüsün Qraus şəhərini mühasirəyə almışdı. Sid və onunla bərabər gəlmiş olan Kastilya əsgərlərindən ibarət hərbi dəstə ilə mühasirəyə alınmış şəhərin köməyinə gələn Əl-Müqtədir araqonluların üstünə hücuma keçir. Sid bu müharibədə yenə qalib gəlir, I Ramiro müharibə meydanında öldürülür və Araqon əsgərləri müharibə meydanından qaçmağa məcbur olurlar. Bu müharibə zamanı göstərmiş olduğu igidliklərinə görə görə Sidə “Campeador” titulu verilir.

Alfonsonun xidmətində

[redaktə | mənbəni redaktə et]

Sançonun ölümü ilə bağlı bir çox şey məlum deyildir. Bəzilərinin fikrinə görə, Sançonun qətlini qardaşı Alfonso və bacısı Urraca planlaşdırmışdırlar. Sanço həyatı boyu evlənmədiyinə görə onun özündən sonra varisi də olmamış və beləliklə də, onun bütün var-dövləti həyatı boyu çox münaqişə etdiyi adama yəni qardaşı Alfonsoya qalmışdır. Alfonsonun Toledodakı sürgün həyatına son qoyulur və o, Kastiliya və Leon taxtına çıxardılır. Sançonun qətlində iştirak etməsi iddialarına qarşı Sid və Kastiliya zadəganları Alfonsoya xidmət etmək üçün onun qarşısına bir şərt qoyurlar. Alfonso Burqosda yerləşən Santa Qadea kilsəsində bütün insanların qabağında müqəddəs əmanətlərə and içərək bildirməli idi ki, onun bu qətl ilə heç bir əlaqəsi yoxdur. Bu hadisə ilə əlaqədar olaraq geniş yayılmış inanc mövcud olsa da, bu hadisəni yazılı olaraq sübut edəcək hər hansısa bir fakt yoxdur. Bu hadisə Sidin gücünü nümayiş etdirdiyi üçün məşhur əfsanələrə də müvafiq gəlir. Andiçmə mərasimindən sonra Sidin bayraqdar titulu onun əlindən alınmış və onun düşməni olan Qraf Qarsia Ordonezə verilmişdir.

Hərbi taktikaları

[redaktə | mənbəni redaktə et]

Həyata keçirmiş olduğu hərbi kampaniyaları zamanı Sid klassik Roma və ya yunan yazıçıları tərəfindən müharibə mövzusunda yazılmış əsərlərin ona və ordularına ucadan oxunmasını və dərs alınmasını xahiş edərdi. Sidin ordusunun unikal və qeyri-ənənəvi strateji planlaşdırma taktikası var idi. Həmişə müharibədən əvvəl fikir mübadiləsi edilirdi. Müntəzəm olaraq hərbi əməliyyatlar zamanı gözlənilməz taktikalardan istifadə edilir, müasir komandirlər tərəfindən psixoloji müharibə adlandırıla biləcək bir formada hücumlar həyata keçirilir, düşmən qüvvələrinin ürəyinə qorxu salınaraq onlar iflic vəziyyətə gətirilir, qəfil hücumlar həyata keçirilir, ya da çox az sayda olan qoşunlarla hücumlar həyata keçirilərək düşmən qüvvələri tələyə salınırdı. Sid təvazökar bir xarakterə malik olduğu üçün, əsgərlərinin təklif və ya istəklərini həyata keçirmiş olduğu hərbi əməliyyatlar zamanı nəzərə alırdı. O, bəzi səhvlərin ola biləcəyi ehtimalını daimi olaraq nəzərə aldığı üçün, bu təkliflərə həmişə açıq idi. Onun ən yaxın məsləhətçilərindən biri də qardaşı oğlu olan Alvar Fañez de Minaya idi.Onun bütün bu xüsusiyyətləri birlikdə qiymətləndirildiyi zaman, Sidin savadlı və ağıllı bir komandir olduğu məlum olur. O, tabeliyi altında olanlara təsir göstərməyi və eyni zamanda da, onların sədaqətini qazanmağı da bacarırdı. Onun həm də döyüş meydanlarında çox müvəffəqiyyətli bir komandir olduğu məlumdur.

Evliliyi və ailə həyatı

[redaktə | mənbəni redaktə et]

1075-ci ildə Sid Alfonsonun qohumlarından biri olan Ovyedolu Ximena ilə ailə həyatı qurur. Cütlüyün Alfonsonun istəyi ilə evləndiyi bildirilsə də, bu haqda heç bir dəlil yoxdur. Cütlüyün bu evlilikdən üç övladı dünyaya gəlir. Onların qızları olan Kristina və Mariya gələcəkdə aristokrat ailələrin uşaqları ilə evlənəcəkdirlər. Xüsusilə də, Mariya Sid ilə düşmən olan ailədən, Barselonalı III Ramon Berenguer ilə evlənmişdir. Onların oğlu olan Dieqo Rodriqes isə 1097-ci ildə baş vermiş olan Konsueqra döyüşündə Əməvilər tərəfindən öldürülmüşdür. Sidin və qızlarının ailə həyatı qurduğu insanlar Sidin aristokrat cəmiyyət daxilindəki yerini daha da möhkəmləndirir. Bu gün belə Fransaİngiltərə də daxil olmaqla Avropada hakimiyyətdə olan bir çox sülalələr Sidin nəvəsi, Navarra kralı olan Qarsia Ramiresin nəslindən törəmişdirlər.

İdarəçi kimi

[redaktə | mənbəni redaktə et]

O, Alfonsoya xidmət edərkən, eyni zamanda hakimlik də etmiş mədəni bir insan olmuşdur. Həmişə göndərmiş olduğu məktubların bir nümunəsini arxivləşdirirdi.

1079-cu ildə baş vermiş olan Kabra müharibəsində Sid Qranada əmiri olan Abdullahı və onun müttəfiqi Qarsia Ordonezi məğlubiyyətə düçar edir. Sidin Alfonsodan icazə almadan başlatdığı Qranada kampaniyası Alfonsonu çox qəzəbləndirir və 8 may 1080-ci ildə Sid kralın sarayında sonuncu dəfə bir sənədi təsdiqləyir. Onun sürgünə getməsinin bir çox başqa səbəbləri də var idi: Alfonsonun Sidə paxıllıq etməsi və ondan canını xilas etmək istəyi, Sevilyadan əldə edilən vergini mənimsəmək istəməsi və s. Sürgün Sid üçün son olmur və o, 1081-ci ildə muzdlu əsgər olaraq Əndəlüsdəki Saraqosa şəhərinin Taif əmirinin xidmətinə girir.

Saraqosadan əvvəl o, Barselonaya getmiş olsa da, burada o II Ramón Berenguer (1076-1082) və II Berenguer Ramon (1076-1097) tərəfindən rədd edilir. O, Saraqosada daha yaxşı qarşılanmış və əmri altında olduğu əl-Mötəminin (1081-1085) və daha sonra isə taxta çıxmış olan onun qardaşı əl-Mütəmdirin torpaqlarını Araqon kralları olan, I Sanço və II Ramon Berenquerə qarşı müvəffəqiyyətlə müdafiə etmişdir. O, həmçinin də, 1082-ci ildə bir müddətlik Berengueri əsir saxlamışdır.

1086-cı ildə isə Pireney yarımadasının və Cəbəllüttariqin Böyük Əlmürabilər fəthi başlamışdır. Müasir ƏlcəzairMərakeş torpaqlarında hökmranlıq edən Əlmürabilər, Əndəlüs ərəblərini Alfonsodan müdafiə etmək üçün Yusif ibn Taşfinin rəhbərliyi altında hücuma keçirlər. 23 oktyabr 1086-cı ildə baş vermiş olan Əz-Zəllaqə müharibəsində Badayoz, Malaqa, Qranada və Sevilya Taif əmirlərinin orduları Leon, Araqon və Kastiliya ordularını məğlubiyyətə düçar edirlər. Alfonso ilə bərabər onun az sayda olan adamı Toledoya qaçmağa məcbur olurlar. Bu sarsıdıcı məğlubiyyətdən dəhşətə gələn Alfonso sürgündə olan ən yaxşı komandirini xatırlamağa və onu geriyə çağırmağa məcbur olur. Beləliklə də, Sid sürgündən geri qayıdır.

Valensiyanın işğalı

[redaktə | mənbəni redaktə et]

Bu zamanlarda Sid xristianlardan və bərbərlərdən ibarət olan ordusu ilə Valensiyada olub özünə bir knyazlıq yaratmaq istəyirdi. Sid 1090-cı ildə Barselona kralı olan II Ramon Berenquerlə "Tebar döyüşü"ndə üz-üzə gəlir və bu döyüşdə düşmənini əsir götürür. Sonra isə əsiri fidyə müqabilində azad edir və qızı olan Mariyanı düşməninin oğlu III Ramón Berenguer ilə evləndirir. Beləliklə də, bu izdivac sayəsində gələcəkdə baş verə biləcək münaqişələrin qarşısı alınır. Sid 1092-ci ildə Valensiyada başlamış olan silahlı üsyanı yatızdıraraq bu şəhərin və ətrafının idarəçiliyini öz əlinə alır. 1094-cü ildən etibarən isə Valensiya və ətraf ərazilərdə özünə bir knyazlıq yaradır. Rəsmi olaraq Alfonsoya tabe olsa da, Sid əslində müstəqil idi. Valensiya şəhərindəki xristianlar ilə müsəlmanlar bərabər yaşayır və orduda da bərabər döyüşürdülər.

Sid 10 iyul 1099-cu ildə baş vermiş olan bir qarşıdurma zamanı oxla vurulmuş və qısa bir müddət sonra isə ölmüşdür. Onun həyat yoldaşı olan Ximena 3 il hökmranlıq etmiş olsa da, Əlmürabilər yenidən Valensiyanı mühasirəyə alırlar. Şəhərin müdafiəsini təşkil edə bilməyəcəyini başa düşən Ximena şəhəri tərk edir. Alfonso isə öz növbəsində şəhərin Əlmürabid bərbərlərinin əlinə keçməməsi üçün şəhərin yandırılması əmrini verir. Şəhər 1102-ci ildə Əlmurabitlər tərəfindən ələ keçirilir və növbəti 25 il ərzində Əndəlüs ərəblərinin hakimiyyəti altında qalır. Ximena isə Sidin cəsədi ilə bərabər Burqosa qaçır. Onun cəsədi hal-hazırda Burqos kafedralındadır.

1961-ci ildə çəkilmiş olan Sid filmində Sidin arvadı onun meyidini ata bağlayıb döyüş meydanına göndərir və bu formada komandirlərinin sağ olduğuna inanan əsgərlər canla-başla döyüşərək düşməni məğlubiyyətə düçar edirlər. Beləliklə də, Sid ölmüş olsa belə, müharibədə qalib gəlir. Əslində isə, Sid müharibə zamanı almış olduğu ox yarasına görə Valensiyada öz yatağında ölmüşdür.

Babieka Sidin döyüş atının adıdır. At haqqında bir çox əfsanələr mövcuddur. Bunlardan biri isə Rodriqonun xaç atası olan, keşiş Pedro El Qrande ilə əlaqədardır. O, artıq Sidin yetkinlik illərində Siddən mükafat olaraq atlarından birini seçməsini xahiş etmiş və Sid keşişin zəif gördüyü atı seçdiyi zaman, keşiş Sidə "Babieca!" (Axmaq!) deyə qışqırmışdır. Atın adının buradan gəldiyi iddia edilməkdədir. Başqa bir rəvayətə görə isə, Sid kral Sançonun təşkil etmiş olduğu turnirdə çempion olduqdan sonra, bir cəngavər ona meydan oxumuş və kral da ədalətli mübarizə üçün Sidə ən yaxşı atını vermişdir.O, dueldən sonra da, bu atdan istifadə etməyə davam etmişdir.

Sidə məxsus olduğu iddia edilən qılıncın adıdır. Madriddəki Hərbi Muzeydə nümayiş etdirilir. 1999-cu ildə qılıncdan bir hissə götürülərək həmin hissənin üstündə metallurgiya sınaqları aparılmış və qılıncın həqiqətən də XI əsr bərbəri Kordovasında Suriya poladından hazırlandığı müəyyən edilmişdir.

2007-ci ildə isə Kastiliya və Leon muxtar regionu bu qılıncı 1,6 milyon avroya almış və qılınc hal-hazırda Burqos muzeyində nümayiş etdirilir.

Sid ədəbiyyat, incəsənət və kinoda

[redaktə | mənbəni redaktə et]

Sid əfsanəsi XII əsrdən etibarən yayılmağa başlamışdır. XIV əsrə kimi onun həyatı epik poemalarda təsvir edilmişdir. Sidin sərgüzəştləri Don Kixota ilham mənbəyi olmuşdur. Sid haqqında çoxlu əsərlər yazılmışdır. Fransız dramaturqu olan Pierre Corneille 1636-cı ildə "El Cid" adlı tragikomediya yazmışdır. Jül Massenetin 1885-ci ilə aid olan operası da bu əsər əsasında yazılmışdır. Plaçido Dominqo bu əsərdəki Rodrigue (Rodrigo) obrazını dəfələrlə səhnələşdirmişdir.

Sid haqqında çəkilmiş olan ən məşhur film isə rejissor Entoni Mannın 1961-ci ildə çəkmiş olduğu El Cid epik filmidir. Bu filmdə baş rollarda Çarlton HestonSofi Loren çəkilmişdirlər.

Orta əsrlər Avropası haqqında olan kompüter oyunlarında da Sidin təsvirinə yer verilmişdir. Bunların içərisində ən məşhur olanı isə Age of Empires II: The Conquerors adlı oyundur. Bu oyunda Sidin sərgüzəştləri altı ayrı hissədə oynana bilər.

Kaliforniyanın San-Dieqo şəhərindəki Balboa Parkında Sidin heykəli vardır. Hündürlüyü 7 metr olan bu tunc heykəl 1927-ci ildə Anna Hyatt Hantinqton tərəfindən hazırlanmışdır.

Avstraliyanın Uitsandey adalarında yerləşən bir limana Sid limanı, ona baxan təpəyə isə Bavieka təpəsi adı verilmişdir.

Yazıçı İzabel Alyende “Zorro” romanında öz baş qəhrəmanını De La Veqa ailəsinin nəslinə əsaslandırır və bununla da dolayı yolla olsa belə, Sid ailəsi ilə əlaqə yaradır.

  1. 1 2 Russell P. E., Bell A. El Cid // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.