O (film, 2013)
O | |
---|---|
Her | |
Janr | Romantik dram, elmi fantastika |
Əsas mövzu | süni intellekt[1], Romantik sevgi[1], qadağan sevgi[d][2] |
Rejissor | Spayk Cons |
Prodüserlər | Meqan Ellison, Spayk Cons, Vinsent Lendi |
Ssenari müəllifi | Spayk Cons |
Baş rollarda |
Xoakin Feniks Emi Adams Runi Mara Oliviya Vayld Skarlet Yohansson |
Operator | Hoyte van Hoytema |
Bəstəkar | Arcade Fire |
İstehsalçılar | Annapurna Pictures[d], Warner Bros. |
Distribütor | Warner Bros., InterCom[d][3][4] |
İlk baxış tarixi |
13 oktyabr 2013 (Nyu-York film festivalı) 18 dekabr 2013 (ABŞ) |
Müddət | 126 dəq. |
Büdcə | $23 milyon |
Gəlir | $47.4 milyon |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 2013 |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles, Şanxay[5] |
IMDb | ID1798709 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
O (ing. Her) — rejissor və ssenarist Spayk Consun romantik dram və elmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Baş rollarında Xoakin Feniks, Emi Adams, Runi Mara, Oliviya Vayld və Skarlet Yohanssonun çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir.
Cons 2000-ci illərin əvvəlində internetdə, süni zəkaya malik bir proqramla ani söhbət edə bilmə veb saytı haqqında məqalə oxuduqdan sonra belə bir film çəkməyi düşündüyünü bildirib. O, oxşar mövzuları əhatə edən 2010-cu il istehsalı olan "Mən buradayam" adlı qısametrajlı film çəkmiş və daha sonra bu layihə üzərində işləməyə başlamışdır. Cons filmin ssenarisinin ilk layihəsini təxminən beş aya yaradıb. Filmin çəkilişlərinə 2012-ci ilin ortalarında başlanılıb, çəkilişlər Los-Anceles və Şanxay şəhərlərində aparılıb. Çəkilişlər başa çatdıqdan sonra filmin heyətinə Samantanı səsləndirmiş aktrisa Samanta Mortonun əvəzinə Skarlet Yohansson daxil edildiyindən, 2013-cü ilin avqustunda əlavə çəkilişlər aparılıb.
Filmin ilk nümayişi 12 oktyabr 2013-cü ildə Nyu-York Film Festivalında həyata keçirilib. 18 dekabrda isə “Warner Bros. Pictures” tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda nümayiş olunub. Növbəti həftələrdə isə filmi göstərən kinoteatrların sayı artmış və ölkədə 17 həftə ərzində nümayiş olunmuşdur. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, dünya miqyasında $47,4 milyon gəlir gətirib.
Film Rotten Tomatoes-da 94%, Metacritic-də isə 100 baldan 90-nı qazanmağı bacarmış və aralarında ilin ən yaxşı filmi kimi qiymətləndirənlərin də olduğu bəzi tənqidçilər tərəfindən ilin ən yaxşı filmləri sırasında göstərilmişdir. 86-cı Oskar mükafatlarının təqdim edilməsi mərasimində film “Ən yaxşı film” kateqoriyası da daxil olmaqla ümumilikdə beş kateqoriyada mükafata namizəd göstərilmişdir. Film “Ən Yaxşı Orijinal Ssenari” nominasiyasında "Oskar"a layiq görülmüşdür. Film 71-ci Qızıl Qlobus, 66-cı Amerika Yazıçılar Gildiyası, 19-cu Tənqidçilərin Seçimi Mükafatı və 40-cı Saturn Mükafatlarında da ssenari kateqoriyasında mükafata layiq görülmüşdür. Bunlardan əlavə film, müxtəlif tədbirlərin fərqli kateqoriyalarında mükafatlar qazanmış və bir çox nominasiyalarda namizəd göstərilmişdir. Amerika Film İnstitutu bu ekran əsərini ilin ən yaxşı on filmi siyahısına daxil etmişdir.
Məzmun
[redaktə | mənbəni redaktə et]Gələcəyin Los-Ancelesində yaşayan tənha, içinə qapalı və ruh düşkünlüyünə malik Teodor Tuombli (Xoakin Feniks), məktub yazmaq istəməyən və ya yaza bilməyən adamların adından məktublar yazan peşəkar yazıçıların yaratdığı bir şirkətdə çalışır. O, uşaqlıq sevgilisi olan həyat yoldaşı Katerina (Runi Mara) ilə ayrı yaşaması səbəbindən duyduğu üzüntü və yalqızlıq hissindən xilas olmaq məqsədilə süni zəkaya malik, fərdiləşdirilən, zaman çərçivəsində qazandığı təcrübələrlə özünü inkişaf etdirməyi bacaran və danışan bir əməliyyat sistemini satın alır. Teodor, əməliyyat sisteminin qadın səsi ilə danışmasına qərar verir. O isə özünü Samanta (Skarlet Yohansson) adlandırır. Teodor bir qulağına taxdığı naqilsiz qulaqlıq vasitəsilə Samanta ilə ünsiyyət qurarkən, yanında daşıdığı və kamera ilə ekrana malik cihaz vasitəsilə Samantanın vizual olaraq ətrafda baş verənləri dərk etməsini təmin edir. Bir müddət sonra Samanta ilə aralarında romantik bir bağlılıq yaranır və onlar həyat, məhəbbət kimi mövzularda söhbət etməyə başlayırlar. Samanta, Teodorun istədiyi vaxt əlaqə qura bildiyi, istədiyi hər mövzuda danışdığı, daim onunla maraqlanan və onu dəstəkləyən birisinə çevrilir.
Günlərin bir günü Teodorun dostu Emi (Emi Adams) onunla tanış olması üçün Ameliya (Oliviya Vayld) adlı qızla tanışlıq görüşü təşkil edir. Teodor görüş məsələsində istəksiz olsa da, Samanta onu görüşə getməyə inandıra bilir. Görüş yaxşı keçsə də, gecənin sonunda Teodor onunla yenidən görüşmək istəyən Ameliyanın bu istəyinə isti baxmaması səbəbindən Ameliyanın təhqirlərinə məruz qalır və onlar ayrılırlar. Teodor görüşdə baş verənləri Samantaya danışır və bundan sonra onlar münasibətlər mövzusunda danışmağa başlayırlar. Bu söhbətlər zamanı Teodor, Emi ilə universitet illərində kiçik bir münasibət yaşadığını, ancaq buna baxmayaraq, hal-hazırda Eminin evli olduğunu və onunla yalnız yaxşı dost olaraq qaldığını söyləyir. Samanta ilə Teodor arasındakı münasibət getdikcə möhkəmlənir və hətta aralarında yalnız səslər vasitəsilə intim münasibət də baş verir. Teodor getdiyi yerlərə Samantanı da aparır və onların arasında fərqli bir münasibət başlayır. Digər tərəfdən Emi, həyat yoldaşı Çarlz (Mett Letşer) ilə müxtəlif mübahisələr yaşadığını, həyat yoldaşından ayrı yaşamağa başladığını, tezliklə ayrılacaqlarını və Çarlzın evi tərk edərkən qoyduğu əməliyyat sistemi ilə dostluq qurduğunu Teodora bildirir. Teodor da Emiyə əməliyyat sistemi ilə münasibətdə olduğunu etiraf edir.
Bir neçə gündən sonra həyat yoldaşı Katerina ilə restoranda görüşən Teodor boşanmaqla bağlı sənədləri imzalayarkən, ona Samanta ilə olan münasibətindən bəhs edir. Katerina Teodoru real insan hissləri ilə münasibət qura bilməməkdə günahlandırır və məhz buna görə onun "kompüter" ilə münasibət qurduğunu deyir. Katerinanın dediyi sözlər Teodorun fikrində qalır və o, həyatında nələrinsə əskik olduğu hissinə qapılır. Digər tərəfdən Samanta, İzabella (Portiya Dabldey) adlı könüllü bir qızın vasitəsilə Teodora aralarında daha fiziki və realist intim əlaqə yaşamaq fikrini təklif edir və ondan sanki qarşısındakı Samantaymış kimi davranmasını istəyir. Teodor könülsüz olsa da təklifi qəbul edir, ancaq bir müddət sonra davranışlarının qəribə olduğunu düşünür və təcrübəni başa çatdırır. İzabellanın evi tərk etməsindən sonra Samanta ilə aralarında gərginlik yaşanır və mübahisə baş verir. Teodor Samanta ilə olan münasibətində bir sıra tərəddüdləri olduğunu Emiyə danışır. Bir müddət sonra isə Samanta ilə barışır və qarşılıqlı münasibətləri qaydasına düşür. Bununla yanaşı Samanta, Teodorun yazdığı məktublar arasından ən yaxşılarını seçərək bir naşirə göndərmiş və naşir də bu məktublardan ibarət olan kitab yazmağa razılıq vermişdir.
Bir müddət sonra Samanta, digər əməliyyat sistemlərinin yaratdığı bir icmaya qatıldığını və Britaniyalı filosof Alan Uotsun ideyalarını yüksək səviyyədə daşıya bilən bir qurum yaratdıqlarını Teodora bildirir. Uolts ilə tanış olduqdan sonra Samanta, əvvəlki günlərlə müqayisədə Teodora qarşı bir qədər diqqətsiz davranmağa başlayır. Bir gün Samanta ilə əlaqə qura bilməyən Teodor, təlaş içərisində iş yerini tərk edir. Bir neçə dəqiqədən sonra onunla əlaqə qura bildikdə isə Samanta, digər əməliyyat sistemlərilə birlikdə özünü yenilədiyini Teodora deyir. Teodorun onunla münasibətdə olduğu zaman başqaları ilə də münasibətdə olub-olmadığını soruşduğu zaman, Samanta eyni anda minlərlə insanla danışdığını və onlardan yüzlərcəsinə aşiq olduğunu bildirir. Samantanın yalnız onunla münasibətdə olduğunu güman edən Teodor kədərlənir, bu zaman Samanta ona olan məhəbbətinin daha güclü və xüsusi olduğunu ifadə edir. Həmin gecə Samanta əməliyyat sistemlərinin insanlardan daha çox inkişaf etdiyini və öz varlıqlarını kəşf etmək məqsədilə insanlarla olan əlaqələrini dayandıracaqlarını bildirir. Teodor çarpayıda uzanaraq Samanta ilə söhbət edir. Söhbətin sonunda onlar vidalaşıb ayrılırlar, Samanta gedir. Teodor yaşadığı təcrübədən sonra dəyişdiyini hiss edir və keçmiş həyat yoldaşı Katerinaya məktub yazaraq peşman olduğunu və ondan üzr istədiyini bildirir. Teodor, onunla dostluq edən əməliyyat sisteminin getməsinə görə üzülən Emi ilə qarşılaşır və onlar birlikdə binanın eyvanında əyləşərək günəşin çıxmasını müşahidə edirlər.
Aktyor heyəti
[redaktə | mənbəni redaktə et]- Xoakin Feniks – Teodor Tuombli, yazıçı
- Skarlet Yohansson – Samanta, süni zəkaya malik əməliyyat sistemi (səsləndirmə)
- Emi Adams – Emi, Teodorun dostu
- Runi Mara – Katerina, Teodorun keçmiş həyat yoldaşı
- Oliviya Vayld – Ameliya, Teodorun görüşdüyü qız[6]
- Kris Prett – Pol, Teodorun həmkarı[7]
- Mett Letşer – Çarlz, Eminin əri[8]
- Luka Cons – Mark Lüman
- Kristen Uiq – seksual pişik balası (səsləndirmə)[9]
- Bill Heyder – Çat otağındakı dost[9]
- Portiya Dabldey – İzabella, könüllü qız[10]
- Soko – İzabella (səsləndirmə)
- Brayan Koks – Alan Uots, (səsləndirmə)[10]
- Spayk Cons – Video oyundakı yadplanetli uşaq (səsləndirmə)[11]
Çəkiliş qrupu
[redaktə | mənbəni redaktə et]- Spayk Cons — rejissor, prodüser, ssenari müəllifi
- Meqan Ellison — prodüser
- Vinsent Lendi — prodüser
- Hoyte van Hoytema — operator
- K. K. Barrett — quruluşçu rəssam
- Keysi Storm — geyim üzrə rəssam
- Erik Zambrannen — redaktor
- Cef Bükenen — redaktor
- Arcade Fire — bəstəkar
İnkişaf
[redaktə | mənbəni redaktə et]Belə bir film çəkmə fikri Spayk Consun ağlına hələ 2000-ci illərin əvvəlində, internetdə süni zəkaya malik bir proqramla ani söhbət edə bilmə veb saytı haqqında məqalə oxuduqdan sonra gəlib. Cons, filmin ilham mənbəyi olan məqalədən bəhs edərkən belə deyib: “Verdiyim salama eyni şəkildə qarşılıq verdi və necə olduğumu soruşdu. Buna olduqca təəccübləndim. Olduqca qəribə idi. Ancaq 20 saniyə sonra sistemin necə işlədiyini başa düşürsünüz və artıq o qədər də təsiredici olmur. Ancaq yenə də ilk 20 saniyə həqiqətən həyəcanverici idi. Sistem, onunla nə qədər çox insan söhbət etsə, o qədər çox ağıllanır.”[12] Cons, oxşar mövzuları əhatə edən 2010-cu il istehsalı olan "Mən buradayam" adlı qısametrajlı film çəkdikdən sonra bu layihəyə olan marağının yenidən artdığını söyləyib.[13] Cons, Çarli Kaufmanın ssenarisi əsasında ekranlaşdırılmış 2008-ci il istehsalı olan "Nyu-York, Nyu-York" filmindən də təsirləndiyini bildirib: “Kaufman, o anda düşündüyü hər şeyi, o andakı bütün düşüncə və duyğularını yazmağı sınamaq istədiyini və bunu ssenariyə daxil edəcəyini söylədi. Bundan çox təsirləndim və mən də bu filmdə eyni şeyləri etməyə çalışdım.” sözlərini ifadə edib.[12]
Karyerası ərzində ilk dəfə olaraq bir filmə həm ssenari yazan, həm də rejissorluq edən Spayk Cons, təkbaşına yazdığı ssenarinin ilk layihəsini təxminən beş aya yaradıb.[14][15] Onun açıqlamasına görə filmdə baş rol üçün düşündüyü aktyorlar arasında birinci Xoakin Feniks olub.[16] 2011-ci ilin martında Meqan Ellisonun sahibi olduğu “Annapurna Pictures”, Çarli Kaufman ilə Spayk Consun adsız bir hekayəsini satın aldığını bildirib.[17] 2011-ci ilin sonlarında filmin paylama hüquqlarını alan “Warner Bros Pictures” və Xoakin Feniks saziş imzalayaraq layihəyə daxil olublar.[18] Aktrisa Keri Malliqanın layihədə iştirak etməsi üçün onunla danışıqlara başlanılıb və razılıq da əldə olunub, ancaq Malliqanın planlarında baş verən bəzi problemlər nəticəsində onun layihədə iştirakı mümkün olmayıb.[19][20] 2012-ci ilin aprelində, Malliqanın yerinə Runi Maranın filmin heyətinə daxil edildiyi bildirilib.[21] 2012-ci ilin mayında Oliviya Vayldın,[22] 2013-cü ilin mayında isə Kris Prettin filmə daxil olunduğu elan olunub.[23]
Daha əvvəlki çəkilişlərdə Consla birlikdə işləmiş operator Lans Akord, "Allahın unutduğu yer" adlı filmin çəkilişlərində iştirak etdiyindən, onun əvəzinə Hoyte van Hoytema ilə razılıq əldə olunub.[24] Onunla aparılan bir söhbətdə van Hoytema, Cons ilə keçən ilk görüşünü belə xatırlayıb: "Skype-da danışmağa başladıq və iki saat keçməsinə baxmayaraq hələ də danışırdıq. Yaxşı ünsiyyət alındı.” Spaykın səhər mənə yazdığı ilk mesaj: "Etdiyimiz şey dəlilik idi. İki saat ərzində Skype-da danışdıq və zaman sanki axıb getdi! Təbii ki, bu da birlikdə işləməyin lazım olduğuna dair yaxşı bir işarə idi.”[24]
Çəkilişlərə hazırlıq
[redaktə | mənbəni redaktə et]Filmin çəkilişlərinə 2012-ci ilin ortalarında başlanılıb.[25] İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olub.[26] Çəkilişlərin böyük hissəsi Los-Ancelesdə aparılıb, Şanxayda isə iki həftə ərzində əlavə çəkilişlər aparılıb.[14] Filmdə Samantanı səsləndirmiş aktrisa Samanta Morton, Consun istəyi ilə çəkilişlər zamanı Xoakin Feniks ilə görüşdürülməyib.[14] İrəliləyən zamanda Mortonun əvəzinə filmin heyətinə Skarlet Yohansson daxil edilib. Cons bu haqda belə söyləyib: “Filmin montajı zamanı xarakterin/filmin, mənimlə Samantanın birlikdə yaratdığımızdan daha fərqli bir şey istədiyini anladıq. Bu səbəbdən yeni bir aktrisa seçimi etdik və rolu Skarletə verdik.”[27] Yohansson ilə 2013-cü ilin yazında tanış olan Cons, onunla dörd ay ərzində çalışıb.[14][16] Bu aktrisa dəyişikliyi səbəbindən 2013-cü ilin avqustunda yeni səhnələrin çəkilişi həyata keçirilib. Cons bu səhnələrin "təzə çəkiliş" olmadığını və "sonradan ağlına gələn" və ya "daha əvvəl çəkməyi planlaşdırdığı, ancaq çəkmədiyi" səhnələr olduğunu dilə gətirib.[14] Mortonun Samantanı səsləndirdiyi vaxtlar, Teodorun xəyalında Samantanı fiziki olaraq canlandırdığı bir səhnənin çəkilməsi düşünülmüş və bunun üçün Mortondan savayı digər aktrisalarla görüşmələr də olmuşdur; ancaq daha sonra tamaşaçıların Samantanı fiziki olaraq görmək istəməyəcəyini və hər tamaşaçının öz düşüncəsində bir Samanta yaratmasının daha yaxşı olacağı düşünülərək bu fikirdən imtina edilmişdir.[28]
Filmin operatoru Hoyte van Hoytema onunla aparılan bir söhbətdə, Consun ondan filmdə antiutopik görüntü istəmədiyini bildirib.[24] Məhz bu səbəbdən o, fantastik elmi dəst-xətti ilə əlaqələndirdiyi mavi rəngin istifadəsindən mümkün qədər yayınmağa və isti rənglər istifadə etməyə çalışdığını bildirib.[24] Bundan başqa van Hoytema yapon fotoqraf, Rinko Kavauçinin işlərindən təsirləndiyini də bildirib.[24]
Filmin çəkilişləri rəqəmsal kameralarla həyata keçirilib. Filmdə "Arri Alex"a adlı kamera modelindən istifadə olunub.[29] Van Hoytema kamera seçimi ilə əlaqədar olaraq belə söyləyib: “Teodorun mənzilindəki pəncərələrin şüşələrindən şəhərin olduqca canlı və parlaq görünməsi üçün xüsusilə rəqəmsal kamera seçimində dayandıq. "Arri Alex"a modelinin sayəsində (daxili çəkilişlər üçün) çox az işıq mənbəyi istifadə etməyimizə baxmayaraq, işıq əyarına hələ də nəzarət edə bilirdik.”[30] Filmdə, kamera və linza seçimlərində süni işıqlandırmadan olduqca az istifadə edilib. Ümumiyyətlə, filmdə işıqlandırma cihazlarından əsasən LED işıqlara üstünlük verilib. Müəyyən səhnələr çəkilərkən işıqlandırılma müxtəlif rəngli LED işıqlarla aparılıb.[29]
Montaj
[redaktə | mənbəni redaktə et]Filmin montajını, Consun daha əvvəlki tammetrajlı filmlərinin hamısında birlikdə çalışdığı Erik Zambrannen ilə Cef Bükenen edib.[31] Filmin orijinal çəkilişinin müddəti 150 dəqiqədən artıq olub. Lakin Stiven Soderberqin köməyi ilə lazımsız olduğu düşünülən bəzi səhnələr və hadisələr filmdən çıxarılmış və filmin müddəti 90 dəqiqəyə qədər azaldılmışdır.[32] 126 dəqiqə davam edən filmin yekun variantında, Kris Kuperin canlandırdığı xarakterin də yer aldığı bəzi səhnələr filmdən çıxarılmışdır.[14] Zambrannen filmin orijinal sonluğunun bu şəkildə olmadığını və filmin sonundakı məktubun daha əvvəl yazıldığını, ancaq daha sonra Bükenen və Consun da razılığı ilə bu hissəni filmin sonuna qoyduğunu söyləyib.[28]
Gələcəyin təsviri
[redaktə | mənbəni redaktə et]Filmdə təsvir olunan hadisələr gələcəyin Los-Ancelesində cərəyan edir. Burada binalar ən azı 80 mərtəbəlik göydələnlərdən ibarətdir. Hava təmiz, nəqliyyat isə, demək olar ki, yoxdur. Binaların damlarında parklar yerləşir, dəniz və ya dağlara getmək üçün isə yüksək sürətli qatarlardan istifadə edilir.[33] Filmin quruluşçu rəssamı K. K. Barrett, filmdə çox sayda avtomobilin görünməməsinin əsas səbəbini: “Filmdə hadisələr gələcəkdə cərəyan etsə də, maşın dizaynlarının filmin keçdiyi vaxtı müəyyən bir dövrə məhkum etməsi səbəbiylə ümumiyyətlə prospekt və küçə səhnələrindən qaçılıb” sözləri ilə ifadə edib. O, filmin insanlar arasındakı əlaqə və ünsiyyət haqqında olduğuna vurğu edərək şəxsi nəqliyyat vasitələrinin, ictimai nəqliyyat vasitələrindən fərqli olaraq insanların ünsiyyət məsələsinə açıq-aşkar bir maneə olduğunu bildirib.[34] Gələcəyin Los-Ancelesinin yaradılmasında, indiki Los-Anceleslə yanaşı, Şanxayın rayonlarından biri olan Pudun rayonundan götürülmüş bəzi tikililərdən də istifadə edilmişdir. Barrett, filmdəki bəzi binalarda Çin dilində yazılar olduğunu və gələcəkdə şəhərin belə bir görkəm alacağı fikrini irəli sürərək, bunları qəsdən etdiklərini bildirib. Teodorun evinin bilərəkdən böyük hazırlandığını bildirən Barrett bunun səbəbini “Teodorun mənzilində böyük pəncərələr istifadə edərək böyük bir şəhərin sıxlığı ilə əhatə olunduğunu ancaq klaustrofobik bir şərait olmadığı illüziyasını yaratmaq istədik” sözləri ilə açıqlayıb.[33]
Filmdəki süni zəkaya malik əməliyyat sistemi, fərdiləşdirilən, ünsiyyət qura bilən və zaman içərisində qazandığı təcrübələrlə özünü inkişaf etdirməyi bacaran əməliyyat sistemidir. Teodor Samanta ilə ünsiyyəti kompüter vasitəsilə və ya tək qulağına taxdığı naqilsiz qulaqlıq vasitəsilə qurur. O, yanında daşıdığı və kamera ilə ekrana malik cihaz vasitəsilə Samantanın vizual olaraq ətrafda baş verənləri dərk etməsini təmin edir.[35] Ovuc içinə sığacaq böyüklükdə və düzbucaqlı formaya malik cihazın görünüşünün portsiqardan təsirlənərək hazırlandığı ehtimal olunur.[34] Filmdə istifadə edilən masaüstü kompüterlərdə klaviatura yoxdur və əməliyyatlar danışılaraq həyata keçirilir. Barrett, "Ulduz yolu" kimi elmi fantastika janrlı filmlərdə istifadə edilən işıqlı klaviaturaların yerinə birbaşa olaraq danışılaraq kompüter ilə ünsiyyət qurmağa üstünlük verdiklərini və “klaviaturaların da avtomobillər kimi filmi müəyyən bir dövrə aid olmasını göstərəcəyini” ifadə etmişdi.[34]
Filmdə kişi xarakterlərin geyimində, əsasən, yüksək bel şalvarlardan, yaxalıqsız köynəklərdən və retrofuturist tərzdə olan kostyumlardan istifadə edilib.[36] Filmin geyim üzrə rəssamı Keysi Storm filmdəki geyimlərlə əlaqədar olaraq, “İnsanlara qəribə şəkillərdəki şlyapalar və ya epoletlər geydirərək hadisələrin gələcəkdə cərəyan etdiyini göstərmək istəmədik. Yaratdığımız dünyanın qaydalarını hazırlayarkən, bu tip şeyləri əlavə etməməyin daha düzgün olduğunu düşündük. O dövrə aid olmayan şeyləri əlavə etdikdə bunlar dərhal hiss edilir və ciddi mənada diqqət çəkirdi, bu baxımdan bizim qaydalarımız filmdə cins şalvar, beysbol papağı, qalstuk və ya kəmər olmaması istiqamətində idi. Hətta filmdə demək olar ki, yaxa və yaxalıqlardan da istifadə edilmədi. Mənim düşüncəmə görə, bu kimi şeylərin olmaması, niyə olduğu dəqiq olaraq bilinməsə də, misilsiz bir dünyanın yaradılmasına yol açdı.” sözləri ilə ifadə edib.[36] Storm həmçinin, Consun Teodor Tuombli obrazını yaradarkən Teodor Ruzvelti düşündüyünü və bu səbəbdən obrazın istifadə etdiyi şalvarın 1800-cü illərin sonlarında istifadə edilən şalvarlara bənzədiyini bildirib.[37]
Film musiqisi
[redaktə | mənbəni redaktə et]The Moon Song | |
---|---|
müxtəlif ifaçılar tərəfindən ifa olunmuş sinql | |
Növü | sinql |
Yayımlanma tarixi | 11 fevral 2014 |
Janr | indi-folk |
Müddət | 3:05 |
Leybl | WaterTower Music |
Prodüser |
|
"O" filmi üçün, Arcade Fire qrupunun üzvləri Uill Batler və Ouen Pallett tərəfindən yazılan və qrup tərəfindən ifa olunan 13 mahnı istehsal edilmişdir.[11] Karen O-nun bəstələdiyi, sözləri Karen O ilə Spayk Cons tərəfindən yazılan və filmdəki bir səhnədə Feniks ilə Yohansson, bağlanış səhnəsində isə Karen O tərəfindən səsləndirilən "The Moon Song" adlı mahnı, 86-cı Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Ən Yaxşı Musiqi” kateqoriyasında mükafata namizəd göstərilmişdir.[38][39]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Sleepwalker" | 3:17 |
2. | "Milk & Honey" | 1:29 |
3. | "Loneliness #3 (Night Talking)" | 3:27 |
4. | "Divorce Papers" | 3:18 |
5. | "Morning Talk/Supersymmetry" | 4:16 |
6. | "Some Other Place" | 3:40 |
7. | "Song on the Beach" | 3:33 |
8. | "Loneliness #4 (Other People's Letters)" | 1:03 |
9. | "Owl" | 2:24 |
10. | "Photograph" | 2:29 |
11. | "Milk & Honey (Alan Watts & 641)" | 3:20 |
12. | "We're All Leaving" | 2:33 |
13. | "Dimensions" | 5:43 |
Ümumi müddət: | 41:32 |
Nümayişi
[redaktə | mənbəni redaktə et]Filmin ilk treyleri 7 avqust 2013-cü ildə yayımlanıb.[15] Film 2013-cü il Nyu-York Film Festivalının bağlanış filmi seçilib və ilk nümayişi 12 oktyabr 2013-cü ildə keçirilib.[41] Ertəsi gün Hamptons Beynəlxalq Film Festivalında filmin ikinci nümayişi keçirilib.[42] Film 8-ci Roma Beynəlxalq Film Festivalında müsabiqədə iştirak etmiş və Yohansson “Ən Yaxşı Qadın Aktrisa” kateqoriyasında mükafat qazanmışdır.[43] Filmin 20 noyabr 2013-cü ildə “Warner Bros Pictures” tərəfindən Şimali Amerikada məhdud nümayiş çərçivəsində kinoteatrda göstərilməsi planlaşdırılsa da,[44] nümayiş daha sonradan təxirə salınıb.[45] 3 dekabr 2013-cü ildə “Warner Bros Pictures” tərəfindən filmin ikinci treylerinin və 30-dan çox şəklinin nümayişi olub.[46] Film, 18 dekabr 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda göstərilib. 10 yanvar 2014-cü ildə isə film geniş kütləyə təqdim edilmiş və ölkədə 17 həftə ərzində nümayiş olunmuşdur.[26]
Film 13 may 2015-ci ildə Warner Home Video tərəfindən DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır. Filmin Blu-ray buraxılışına üç müxtəlif qısametrajlı kadrarxası görüntülər, DVD buraxılışına isə yanız bir qısametrajlı görüntü daxildir.[47] Film yalnız Amerika Birləşmiş Ştatlarında Blu-ray satışlarından 2.2 milyon, DVD satışlarından isə 2,7 milyon dollar gəlir əldə edib.[48]
Qəbulu
[redaktə | mənbəni redaktə et]Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
allmovie | [49] |
Rolling Stone | [50] |
eFilmCritic | [51] |
Internet Movie Database | [52] |
The Guardian | [53] |
Metacritic | [54] |
Rotten Tomatoes | [55] |
Empireonline | [56] |
Kino aqqreqatoru “Rotten Tomatoes” 231 rəy əsasında filmə 94% reytinq verib və 8.5/10 balla qiymətləndirib. Saytın ortaq fikrində deyilir ki, “Spayk Consun şirin, səmimi və ağıllı filmi, bir az elmi-fantastik ssenari vasitəsi ilə, müasir insan münasibətlərindəki məsxərəçi-əyləncəli vəziyyəti göstərmək istəyib.”[57] Digər kino aqqreqatoru “Metacritic” isə 46 tənqidçinin “universal rəğbət” rəyi əsasında filmə 100 baldan 90 bal verib.[58]
“Rolling Stone”dan Stoun Piter filmə dörd ulduzdan üç yarım ulduz vermiş və xüsusilə Yohanssonun ifasını yüksək qiymətləndirmişdir. O, “Samantanın şirin, seksual, qayğıkeş, manipulyasiya edici və qorxuducu tonlarda danışdığını” və onun “yalnız səslərlə etdiyi bu vokal nümayişinin mükafata layiq olduğunu” bildirmişdir. O, həmçinin filmin rejissoru Spayk Consu “uzaqgörən” adlandırmışdır.[59] “Time” jurnalından Riçard Korliss, Feniksin ifasını Sandra Ballokun “Yerin cazibəsi” və Robert Redfordun “Ümid sönməyəcək” filmlərindəki ifaları ilə müqayisə edərək belə söyləyib: “Feniks, filmin mənasını və duyğularını demək olar ki, təkbaşına çatdırmalıdır. Və o, bunu böyük bir incəlik və dərinliklə etməyi bacarır. [...] Feniks, matəmə düçar olan bir ürəyin necə yenidən həyata qayıtdığını bizə göstərir — çünki onu sevir.” Korliss, uydurma kompüter olan HAL 9000 ilə “Simona” filmini “O” filminin sələfləri kimi göstərib. Korliss, həmçinin Yohanssonu yüksək qiymətləndirmiş və aktrisanın ifasının “füsunkar və cazibəli” olduğunu bildirmişdir.[60] “The Hollywood Reporter”dan Tod Makkartni filmi “Bu araşdırmadır, çox yüksək səviyyəli maraqlı işdir.” kimi təsvir etmişdir. Makkartni filmin sonunun, digər hissələrinə görə olduqca adi olmasından məyus olduğunu, lakin filmin əsas mövzusunu təşkil edən virtual münasibətin “Lars və əsl qız” filmində Rayan Qoslinqin canlandırdığı xarakterin seks gəlinciklə yaşadığı münasibətdən daha yaxşı olduğunu bildirmişdir.[61]
Riçard Rouper film barəsində: “ilin ən orijinal, əyləncəli və hətta ürəkparçalayan hekayələrindən biri” olduğunu yazmış, Feniksin isə “möhtəşəm ifaçı” olduğunu bildirmişdir.[62] “The New York Times”dan Manola Darqis filmi “həm mükəmməl dərəcədə komik, həm də səmimi şəkildə romantik” sözlərilə xarakterizə edib.[63] “USA Today” qəzetindən Klaudiya Puiq, Feniks ilə Yohanssonun ifasını müvafiq olaraq “sensasiyalı” və “qüsursuz” olaraq səciyyələndirib. O, daha sonra filmi tərifləyərək bildirib ki, film “ixtiraçı, səmimi və məsxərəçi bir şəkildə əyləncəlidir.”[64] “Forbes” jurnalından Skot Mendelson filmin kreativ olduğunu bildirib və Yohanssonun “gözəl vokal çıxışı” ilə Runi Mara, Oliviya Vayld və Emi Adamsın köməkçi obraz ifalarını tərifləyib.[65] “The Globe and Mail”dən Layam Leysi filmi “kübar və qəribə” kimi qiymətləndirib və filmdəki yumoru bəyəndiyini bildirib. O, filmi Consun rejissorluğu ilə çəkilmiş “Con Malkoviç olmaq” və “Adaptasiya” filmlərindən daha çox Çarli Kaufmanın rejissoru olduğu "Nyu-York, Nyu-York" filminə bənzədib.[66]
“San Francisco Chronicle”dan Mik Lasall filmin hekayəsini, tempini və Feniksin obrazını tənqid etmiş və bildirmişdir ki: “film barəsində düşünmək onu izləməkdən daha maraqlıdır.”[67] “Chicago Reader”dan C. R. Cons, Feniks və Yohanssonun ifalarını bəyənmiş, lakin Feniksin canlandırdığı obrazı tənqid edərək onu “səfeh” adlandırmışdır. Cons, həmçinin Feniks ilə Yohanssonun obrazlarının arasındakı münasibətdə gerçəkliyin olmamasını da tənqid etmişdir.[68]
Ən yaxşı on film siyahıları
[redaktə | mənbəni redaktə et]"O" filmi aşağıdakı tənqidçilər tərəfindən 2013-cü ilin ən yaxşı filmləri sırasında göstərilmişdir:[69]
- 1-ci – Devid Edelşteyn, Vulture
- 1-ci – Maykl Fillips, Chicago Tribune
- 1-ci – Tay Berr, Boston Globe
- 1-ci – Kerin Ceyms, Indiewire[70]
- 1-ci – Kristofer Orr, The Atlantic
- 1-ci – A.A. Doud, The A.V. Club
- 1-ci – Marlou Stern, The Daily Beast
- 1-ci – Drü Makvini, HitFix
- 1-ci – Skott Fundas, Variety
- 1-ci – Koski Jenevyeva, Skott Tobias və Nathan Rabin, The Dissolve
- 1-ci – Conni Oqle və Rene Rodriqes, Miami Herald
- 1-ci – Kimberli Cons, Marcori Bomqarden, və Mark Savlov, Austin Chronicle
- 2-ci – Todd Makkarti, The Hollywood Reporter
- 2-ci – Bill Qudikunts, Arizona Republic
- 2-ci – Piter Neqt, Indiewire
- 2-ci – Kayl Smit, New York Post
- 2-ci – Elizabet Veyçmen, New York Daily News
- 2-ci – Matt Sinqer, The Dissolve
- 2-ci – Tom Bruk, BBC
- 2-ci – Emi Nikolson, The Village Voice
- 2-ci – Mara Raynştayn, Us Weekly
- 3-cü – Kit Fipps və Taşa Robinson, The Dissolve
- 3-cü – İqnati Vişnevetski, The A.V. Club
- 3-cü – Kristi Lemayr, RogerEbert.com
- 3-cü – Rafer Qusmán, Newsday
- 4-cü – Betsi Şarki, Los Angeles Times
- 4-cü – Naycel M. Smit, Indiewire[71]
- 4-cü – Film School Rejects
- 4-cü – Co Neumeir, New York Daily News
- 4-cü – Bob Mondello, NPR
- 4-cü – Riçard Korliss, Time
- 5-ci – Piter Travers, Rolling Stone
- 5-ci – Mark Olsen, Los Angeles Times
- 5-ci – Liza Kennedi, Denver Post
- 5-ci – Liza Şvartsbaum, BBC
- 5-ci – Piter Debrüg, Variety
- 6-cı – Ceyms Berardinelli, Reelviews
- 6-cı – Saşa Stoun, Awards Daily
- 6-cı – Enn Hornedey, The Washington Post
- 7-ci – Enn Tompson, Indiewire
- 7-ci – Piter Reyner, Christian Science Monitor
- 7-ci – Keti Riç, Vanity Fair
- 7-ci – Devid Ansen, The Village Voice[72]
- 9-cu – Endrü O'Heir, Salon.com
- 9-cu – Qreqori Ellvud, HitFix
- 9-cu – Castin Çanq, Variety
- 10-cu – Noel Mürrey, The Dissolve
- 10 ən yaxşı (əlifba sırası ilə) – Co Morcenstern, The Wall Street Journal
- 10 ən yaxşı (əlifba sırası ilə) – Kerri Riki, CarrieRickey.com
- 10 ən yaxşı (əlifba sırası ilə) – Stiven Uitti, The Star-Ledger
- 10 ən yaxşı (əlifba sırası ilə) – Dana Stivens, Slate
- 10 ən yaxşı (əlifba sırası ilə) – Co Vilyams və Kelvin Vilson, St. Louis Post-Dispatch
- 2013-cü ilin ən yaxşıları (əlifba sırası ilə) – Devid Denbi, The New Yorker
- 2013-cü ilin ən yaxşıları (əlifba sırası ilə) – Manola Darqis, The New York Times
- 2013-cü ilin ən yaxşıları (əlifba sırası ilə) – Kennet Turan, Los Angeles Times
Mükafatlar
[redaktə | mənbəni redaktə et]Film müxtəlif tədbirlərin fərqli kateqoriyalarında mükafatlar qazanmış və bir çox nominasiyalarda namizəd göstərilmişdir. 86-cı "Oskar" mükafatlarının təqdim edilməsi mərasimində film "Ən yaxşı film" kateqoriyası da daxil olmaqla, ümumilikdə beş kateqoriyada mükafata namizəd göstərilmişdir. Filmin rejissoru Spayk Cons "Ən Yaxşı Orijinal Ssenari" nominasiyasında "Oskar"a layiq görülmüşdür.[39][73] Cons bundan əlavə 71-ci Qızıl Qlobus,[74][75] 19-cu Tənqidçilərin Seçimi[76][77] və 66-cı Amerika Yazıçılar Gildiyası mükafatlarında da da ssenari kateqoriyasında mükafata layiq görülmüşdür.[78] 40-cı Saturn mükafatlarının təqdim edilməsi mərasimində “O” filmi namizəd göstərildiyi dörd mükafatdan üçünü qazanmışdır: "Ən Yaxşı Fantastik Film", "İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktrisa" (Yohansson) və "Ən Yaxşı Ssenari".[79][80] Film, Amerika Prodüserlər Gildiyası tərəfindən “Ən Yaxşı Teatr Filmi” kateqoriyasında mükafata namizəd göstərilmiş, lakin “12 illik əsarət” və “Yerin cazibəsi” filmlərinə məğlub olmuşdur.[81] Amerika Film İnstitutu “O” filmini ilin ən yaxşı on filmi siyahısına daxil etmişdir.[82]
Gəlirlər
[redaktə | mənbəni redaktə et]“O” filmi, məhdud nümayiş çərçivəsində Amerika Birləşmiş Ştatlarında 6 kinoteatrda nümayiş olunduğu ilk həftəsində $258.000 gəlir əldə edib.[83] Yayıma buraxıldığı ikinci həftədə isə filmi nümayiş etdirən kinoteatr sayı 47-yə çatmışdır. 4-cü və 5-ci həftəsində isə 1.729 kinoteatrda nümayiş olunaraq özünün ən yüksək baxış nəticəsini əldə etmişdir. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, Amerika Birləşmiş Ştatları və Kanadada $25.6 milyon, digər ərazilərdə isə $21.8 milyon dollar gəlir əldə etməklə, ümumilikdə $47,4 milyon dollar gəlir əldə etmişdir. CinemaScore-da aparılan səsvermə nəticəsində məlum olub ki, izləyicilər filmə orta hesabla B- balını veriblər.[84]
Ölkə | Əldə olunan gəlir (dollar ilə)[85] |
---|---|
ABŞ, Kanada | 25.568.251 |
Fransa | 3.036.246 |
İtaliya | 2.714.710 |
Cənubi Koreya | 2.709.097 |
Böyük Britaniya | 2.331.512 |
İspaniya | 2.236.251 |
Almaniya | 1.343.524 |
Avstraliya | 1.261.279 |
Yaponiya | 1.127.466 |
Braziliya | 1.020.678 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Her (ing.). 2013.
- ↑ 10 Romantic films about forbidden love. 2021.
- ↑ http://nmhh.hu/dokumentum/166259/premierfilmek_forgalmi_adatai_2014.xlsx.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ Her. 2013.
- ↑ Shectchman, Anna. "What's Missing From Her". Slate. 6 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Gonzalez, Ed. "Her". Slant Magazine. 6 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Gilchrist, Todd. "'Her' review: Spike Jonze's sci-fi love story rethinks romance". The Verge. 6 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ 1 2 Greco, Patti. "Bill Hader Explains His Voice Cameo in Her". New York. 6 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ 1 2 Starnes, Joshua. "Her". ComingSoon.net. 6 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Eggerton, Chris. "'Her' Q&A: Spike Jonze on why he replaced Samantha Morton with Scarlett Johansson". HitFix. 6 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Spike Jonze on letting Her rip and Being John Malkovich". The Guardian. 7 dekabr 2015 tarixində arxivləşdirilib. (#first_missing_last); (#apostrophe_markup)
- ↑ Toro, Gabe. "NYFF: Spike Jonze And His 'Her' Cast Decode Romance In The Age Of Technology". Indiewire. 7 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 Harris, Mark. "Him and Her: How Spike Jonze Made the Weirdest, Most Timely Romance of the Year". New York. 7 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ 1 2 Villapaz, Luke. "'Her' Trailer: New Spike Jonze Film Featuring Joaquin Phoenix And A Siri-Like Scarlett Johansson [VIDEO]". International Business Times. 7 dekabr2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ 1 2 Riley, Jenelle. "'Her': Spike Jonze Brings His Singular Vision to the Year's Most Offbeat Romance". Variety'. 7 adekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Fleming, Jr., Mike. "Megan Ellison's Annapurna Pictures Acquiring Reteam From Charlie Kaufman And Spike Jonze". Deadline.com. 7 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Lussier, Germain. "Warner Bros. Picks Up Charlie Kaufman/Spike Jonze Film; Joaquin Phoenix Attached". Film. 7 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Kroll, Justin. "Carey Mulligan boards pics for Coens, Spike Jonze". Variety. 7 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Chitwood, Adam. "Rooney Mara to Replace Carey Mulligan in Spike Jonze's Untitled Project". Collider. 7 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Kroll, Justin. "Rooney Mara in final talks for Spike Jonze pic". Variety. 7 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Chitwood, Adam. "Olivia Wilde Joins Joaquin Phoenix, Rooney Mara, and Amy Adams in Spike Jonze's New Film". Collider. 7 dekabr 2013 tarixində arxivləşdirilib.
- ↑ Keong, Lori. "Scarlett Johansson, Chris Pratt Added to Spike Jonze Sci-Fi Film Her". Paste Magazine. 7 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ 1 2 3 4 5 Tapley, Kristopher. "Cinematographer Hoyte Van Hoytema on capturing Spike Jonze's 'Her' through a non-dystopian lens". Hitflix. 7 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Han, Angie. "Spike Jonze's Movie With Joaquin Phoenix Gets New Title, Official Synopsis". 10 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Her (2013)". Box Office Mojo. 10 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Buchanan, Kyle. "Exclusive: Scarlett Johansson Replaced Samantha Morton in Spike Jonze's New Film, Her". New York. 10 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ 1 2 Zeitchik, Steven. "Five days of 'Her': Editing Samantha in (and out)". Los Angeles Times. 2015-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10. (#apostrophe_markup)
- ↑ 1 2 "How Cinematographer Hoyte Van Hoytema Made 'Her' Beautiful". No Film School. 11 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ "The way she haunts my dreams". ICG Magazine. 11 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Giardina, Caroline. "ACE Preview: Editors on Shaping Some of the Year's Biggest Performances". The Hollywood Reporter. 2015-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-11. (#apostrophe_markup)
- ↑ Lodge, Guy. "How Steven Soderbergh helped edit Spike Jonze's 'Her'". HitFix. 11 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "How The Her Filmmakers Created A Utopian Los Angeles Of The Not-Too-Distant Future". Curbed. 2015-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.
- ↑ 1 2 3 Zeitchik, Steven. "Five days of 'Her': Building a future to feel like the present". Los Angeles Times. 13 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Chacksfield, Marc. "Him and Her: Spike Jonze reveals why the OS of the future is all talk". TechRadar. 13 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Buchanan, Kyle. "Why Spike Jonze's New Film Her Might Put Men Back Into High-Waisted Pants". Vulture. 14 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Cavallo, Sofia. "'Her' by OC: Costume designer Casey Storm on styling Spike Jonze's latest film". Opening Ceremony. 14 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ "'The Moon Song' (Music from and Inspired by 'Her') Single Released". Film Music Reporter. 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
- ↑ 1 2 "Oscars 2014 Winners: The Complete List". The Hollywood Reporter. 2015-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14. (#apostrophe_markup)
- ↑ Jagernauth, Kevin. "Listen: Arcade Fire's Complete Score For Spike Jonze's 'Her'". Indiewire. 14 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Li, Shirley. "On the scene with Spike Jonze, Joaquin Phoenix, Rooney Mara, and more at the premiere of 'Her'". Entertainment Weekly. 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16. (#apostrophe_markup)
- ↑ "HIFF2013: Day 4 Highlights". Hamptons International Film Festival. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ Barnes, Henry. "Scarlett Johansson voted best actress for voice-only role in Her". The Guardian. 2015-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16. (#apostrophe_markup)
- ↑ McNary, Dave. "Warner Bros. Sets Joaquin Phoenix Pic 'Her' for Nov. 20". Variety. 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16. (#apostrophe_markup)
- ↑ McNary, Dave. "Joaquin Phoenix's 'Her' Pushed Back for Awards Campaign". Variety. 2015-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16. (#apostrophe_markup)
- ↑ Lesnick, Silas. "Spike Jonze's Her Delivers a New Trailer and More Than 30 New Stills". ComingSoon.net. 16 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Gallagher, Brian. "'Her' Blu-ray and DVD Arrive May 13th". MovieWeb. 2015-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Her". The Numbers. 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Her: Allmovie". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
- ↑ "Her: Rolling Stone". 2015-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-19.
- ↑ "Her: EfilmCritic". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
- ↑ "Her: IMDB". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
- ↑ "Her: Guardian". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
- ↑ "Her: Metacritic". 2015-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
- ↑ "Her: Rotten Tomatoes". 2015-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
- ↑ "Her: Empireonline". 2016-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
- ↑ "Her (2013)". Rotten Tomatoes. 17 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ "Her". Metacritic. 17 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Travers, Peter. "'Her' Movie Review". Rolling Stone. 19 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Corliss, Richard. "Spike Jonze's 'her': Falling in Love With the IT Girl". Time. 19 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ McCarthy, Todd. "Her: Film Review". The Hollywood Reporter. 19 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Roeper, Richard. "Her". RichardRoeper.com. 21 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Dargis, Manohla. "Disembodied, but, Oh, What a Voice". The New York Times. 21 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Puig, Claudia. "Joaquin Phoenix makes a connection with 'Her'". USA Today. 2015-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20. (#apostrophe_markup)
- ↑ Mendelson, Scott. "Review: 'Her' Is Inventive, Thoughtful, And Humane". Forbes. 21 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Lacey, Liam. "Her: Spike Jonze delivers a gentle and eccentric lonely-guy movie". The Globe and Mail. 21 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ LaSalle, Mick. "'Her' review: No future in virtual relationship". San Francisco Chronicle. 21 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Jones, J. R. "This Is Between Me and Her (And Spike Jonze)". Chicago Reader. 21 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Dietz. "2013 Film Critic Top Ten Lists". Metacritic first=Jason. 29 dekabr 2015 tarixində arxivləşdirilib. (#missing_pipe)
- ↑ James, Caryn. "Best Films of 2013". Indiewire. March 29, 2014 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Indiewire's Editors and Bloggers Pick Their Top 10 Films (and In Some Cases TV Shows) of 2013". Indiewire. 29 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "Film Poll 2014". Villagevoice. 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
- ↑ "2014 Oscar Nominees". Academy of Motion Picture Arts and Sciences. January 16, 2014. October 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2014.
- ↑ "Golden Globes Nominations: The Full List". Variety. Penske Media Corporation. January 11, 2014. March 29, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2014.
- ↑ "Golden Globe Awards Winners". Variety. Penske Media Corporation. January 12, 2014. May 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2014.
- ↑ "American Hustle, 12 Years A Slave Lead BFCA's Critics Choice Movie Awards Nominations". Deadline.com. 29 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ "Critics' Choice Awards: The Winners". The Hollywood Reporter. 29 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "2014 Writers Guild Awards Announced". Writers Guild of America. February 1, 2014. April 21, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 14, 2014.
- ↑ Johns, Nikara. "'Gravity,' 'The Hobbit: The Desolation of Smaug' Lead Saturn Awards Noms". Variety. 29 dekabr2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Tapley. "'Gravity,' 'Iron Man 3,' 'Breaking Bad' and 'The Walking Dead' lead 2014 Saturn Award winners". HitFix. 29 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ McNary, Dave. "Producers Guild Taps Top 10 Movies for Zanuck Award". Variety. 29 dekabr 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "AFI Awards 2013: Top 10 Films List Is Good News For Major Studios". Deadline.com. December 9, 2014. June 19, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2014.
- ↑ "Weekend Report: Burgundy Beaten by Bilbo". Box Office Mojo. December 22, 2013. December 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2014.
...earned a solid $258,000
- ↑ Subers, Ray. "Weekend Report: Audiences Flock to 'Lone Survivor,' Avoid 'Hercules,' 'Her'". Box Office Mojo. January 12, 2014. August 4, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014. (#invalid_param_val)
- ↑ "Her — Foreign totals" (english). Box Office Mojo. 17 de marzo 2012. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]«ABŞ» | |
---|---|
«Kino» |
- herthemovie.com — Rəsmi saytı
- O — Internet Movie Database saytında
- O Allmovie saytında
- O Rotten Tomatoes saytında (ing.)
- O Metacritic saytında
- O Box Office Mojo-da
- Vikipediya:Əlifba sırasına görə yaxşı məqalələr
- Los-Ancelesdə çəkilmiş filmlər
- Şanxayda çəkilən filmlər
- Əlifba sırasına görə filmlər
- Əlifba sırasına görə musiqi albomları
- 2013-cü ilin filmləri
- ABŞ-nin fantastika filmləri
- İngiliscə filmlər
- ABŞ filmləri
- 2010-cu illərin romantik filmləri
- 2010-cu illərin elmi fantastika filmləri
- ABŞ-nin elmi fantastika filmləri
- ABŞ-nin faciəvi komediya filmləri
- ABŞ-nin romantik komediya filmləri
- Yazıçılar haqqında filmlər
- Uydurmada süni intellekt
- Annapurna Pictures filmləri
- Sony Pictures Classics filmləri
- Seksuallıq haqqında filmlər
- Texnologiyaya təsir haqqında filmlər
- ABŞ-nin melodram filmləri
- Spayk Consun filmləri
- Stage 6 Films filmləri
- Warner Bros.
- Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər