Knut Hamsun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Knut Hamsun
norv. Knut Hamsun
Doğum adı Knut Pedersen Hamsun
Doğum tarixi 4 avqust 1859(1859-08-04)[1][2][…]
Vəfat tarixi 19 fevral 1952(1952-02-19)[3][1][…] (92 yaşında)
Fəaliyyəti yazıçı, şair, romançı, dramaturq, tənqidçi, yazıçı
Fəaliyyət illəri 1877–1949
Tanınmış əsərləri
İmza
hamsunsenteret.no/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859[1][2][…]19 fevral 1952[3][1][…]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920).

Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır.

Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü. Sərt, dindar adam olan dayısı Hans Olsen kiçik yaşlı muzdurunu – Knutu tez-tez döyür və ac saxlayırdı. Nəticədə o, evdən qaçmalı, yerini və işini mütəmadi dəyişməli olurdu. Səyyar ticarətçi, mağazada satıcı, çəkməçi işləmişdi. Belə şəraitdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Lakin təbiət bu kəndli oğluna yazmaq istedadı vermişdi. Ona görə də üzləşdiyi bütün məhrumiyyətlərə baxmayaraq 18 yaşında "Sirli adam" adlı ilk povestini (1877) çap etdirmişdi.

Növbəti il Knut Hamsunun "Bürger" romanı işıq üzü görmüşdü. O, paytaxtı fəth etmək və ədəbi zəhmətinin qazancı ilə yaşamaq üçün 1878-ci ildə Nurlandakı bir tacirdən borc aldığı pulla Xristianiyaya (indiki Oslo) yollasnmışdı. Əziyyətlə üzləşsə də, qarşısına qoyduğu məqsədi gerçəkləşdirə bilməmişdi. Bir müddət yol fəhləsi kimi çalışdıqdan sonra bəxtini daha uzaqlarda - ABŞ-də sınamaq qərarına gəlmişdi. Burada da aclıq və ehtiyacın hər üzünü görmüş, uğursuzluğa düçar olmuş, xəstələnmişdi. 1884-cü ildə Rembrandtın məşhur tablosundakı "yolunu azmış oğul" kimi yenidən Norveçə qayıtmışdı.

Knut Hamsun daha bir dəfə (1886) okeanın o tayına üz tutmuş, Çikaqoda tramvay konduktoru, Dakotada muzdur işləmişdi. Amma yenə də Amerikanı fəth edə bilməyib məmləkətinə dönmüşdü. Kopenhagendə yazdığı son povestini Georq Brandesin qardaşı, yerli jurnallardan birinin redaktoru Edvard Brandesə göstərmişdi. Adı müəllifinin vəziyyətinə uyğun gələn "Aclıq" povesti (1890) həm jurnalda, həm də ayrıca kitab şəklində çap olunmuş və ədəbi sensassiyaya çevrilmişdi.

"Aclıq" povestində Knut Hamsun Skandinaviya nəsrində dəbdə olan tənqidi realizmdən və ədəbiyyatın vəzifəsini insan həyatının yaxşılaşdırılmasına xidmət kimi başa düşən yanlış təsəvvürlərdən imtina etmişdi. Bitkin süjeti olmayan povestdə Osloda yaşayan və yazıçılıq niyyətinə düşən bir gəncdən söhbət gedirdi. Bu gənc öz dahiliyinə inandığından aclıq və ehtiyac içərisində yaşamağı istək və iddiasından əl çəkməkdən daha üstün tutur. O, təkcə yemək deyil, insani ünsiyyət, seksual tələbat və özünüifadə ehtiyacı ilə də üzləşir. Bir sözlə, aclıq onun həyatının bütün sahələrini əhatə edir, onu hər cəhətdən yeyir, çökdürür.

Hamsun "Misteriya" romanında (1892) insanın şüuraltı həyatına və subyektiv dünyasına, "Pan" (1895) romanında isə təbiətlə münasibətlərinə aydınlıq gətirməyə çalışmışdı. Müəllif Artur Şopenhauer, Eduard fon Hartman, Fridrix Nitsşe fəlsəfəsinə əsaslanan subyektiv nəsr konsepsiyasını yalnız bədii əsərlərində deyil, həm də "Qəlbin şüuraltı həyatı haqqında" essesində əsaslandırmışdı.

XIX əsrin son illərində o, dram yaradıcılığına da müraciət etmiş, filosofun həyatından bəhs edən "Hakimiyyətin qapısı önündə" (1895), "Həyat dramı" (1896) və "Axşam şəfəqi" (1898) dramatik trilogiyasını yazmışdı. Lakin tənqidçilərin fikrincə Hamsunun səhnə əsərləri xarakterlərin dərinliyi baxımından romanları ilə müqayisə olunmayacaq dərəcədə zəifdir. Müəllif gənclik illərində yazdığı şeirlərin çoxunu yandırsa da, 1904-cü ildə çıxan "Vəhşi xor" poetik məcmuəsi onun poeziya sahəsində də orijinal istedad sahibi olduğunu nümayiş etdirmişdir.

Yaradıcılıq təcrübəsi artdıqca Knut Hamsun personajların çoxluğu və hadisələrin mürəkkəbliyi ilə diqqəti çəkən mürəkkəb əsərlər yazmağa meyl göstərirdi. Onun "Əsrin övladları" (1913) və iki cildlik "Segefoss şəhəri" (1915) romanları bu qəbildən olan epik əsərlərindən idi.

Knut Hamsun milli ədəbiyyat tarixinə partiarxal Norveç həyatının tərənnümçüsü kimi daxil olmuşdu. O, sənayeləşmənin cəmiyyətə gətirdiyi yenilikləri yaxına buraxmaq istəmirdi. Xalqın həqiqi simasının yalnız kəndlərdə qorunduğu fikrini ardıcıl müdafiə edirdi. Bu əhvali-ruhiyyə yazıçının ən mühüm əsəri olan "Torpağın gücü" (1917) romanında yüksək sənətkarlıqla əks olunmuşdu. Hamsun torpağa və patriarxal ənənələrə bağlılığını qoruyub saxlayan sadə Norveç kəndlilərinin – İsak və İngerin həyatlarından böyük məhəbbətlə söz açmışdı.

İsveç Akademiyası 1920-ci ildə öz tarixində ilk dəfə konkret əsərə Nobel mükafatı vermişdi – Knut Hamsun "monumental "Torpağın gücü" romanına görə" ədəbiyyat sahəsində laureat olmuşdu. Akademiyanın üzvü Harald Yerne bu əsəri "harada yaşamasından, hansı işi görməsindən asılı olmayaraq bütün insanların həqiqi həyat hekayəsi" kimi dəyərləndirmişdi. Knut Hamsun ənənəvi Nobel mühazirəsi ilə çıxış etməkdən boyun qaçırmışdı.

Mükafatın qonorarı ilə yazıçı Norveçin cənubunda özünə malikanə almışdı. O, burada təkcə yeni əsərlərini yazmırdı, həm də təsərrüfat işləri ilə məşğul olurdu.

İllər keçdikcə Hamsun yaradıcılığında bədbin, qaranlıq səhifələr çoxalmağa başlamışdı. "Qadınlar quyu başında" əsərində (1920) müəllif balaca bir dənizkənarı kəndin müasirləşmə sevdasına düşməsi və məhv olması prosesini təsvir etmişdi. İki cildlik "Son fəsil" romanında isə (1923) kənd sanatoriyasının ürəksıxan, kədərli tarixçəsi öz əksini tapmışdı.

Təbii ki, Hamsun rəngləri tündləşdirdikcə, tənqid də ona eyni sərtlik və inamsızlıqla yanaşırdı. Bütün bunlardan sarsılan müəllifin bir müddət psixoanaliz metodu ilə müalicə alması barəsində məlumatlar mövcuddur.

Knut Hamsunun 1927-1933-cü illərdə yaratdığı trilogiyanın ("Səfillər", "Avqust", "Həyat davam edir") əsas qəhrəmanı həyatda heç bir məqsəd və məramı olmayan Avqust adlı səfildir. "Dairə qapanır" adlı sonuncu romanında (1936) isə Hamsun ümumiyyətlə insan həyatının mənasızlığı qənaətinə gəlib çıxmışdı.

Onun gerilikçi, hətta mürtəce baxışları təkcə ədəbiyyata deyil, ictimai-siyasi həyat hadisələrinə münasibətdə də özünü get-gedə daha aydın şəkildə büruzə verirdi. Knut Hamsun Almaniya və İtaliyada faşistlərin hakimiyyətə gəlməsini açıq şəkildə təqdir edən azsaylı Avropa intellektuallarından biri idi. Onun fikrincə, sovet ayısının və Britaniya buldoqunun pəncəsindən xilas olmaq üçün Norveçin yeganə xilas yolu Hitlerlə müttəfiqlikdən keçirdi. Bu baxımdan Norveçin alman işğalına uğraması fikrini qətiyyən yaxın buraxmırdı. Əksinə, Hitlerin kiçik Norveç xalqına yardım əli uzatdığını iddia edirdi. Müharibə dövründə Hamsun faşistpərəst Viskun Kvislinq hökuməti ilə əməkdaşlıq edən və onu dəstəkləyən yeganə tanınmış ziyalı idi.

O, yəhudilərin sıxışdırılmasına və ölüm düşərgələrinin yaradılmasına dolayısı yolla haqq qazandırmışdı. 1943-cü ildə Knut Hamsun Hitler və Göbbelslə görüşmüşdü. Hətta öz Nobel mükafatı laureatı medalını hədiyyə kimi alman reyxskanslerinə bağışlamışdı. Hirlerin ölüm xəbəri yayılanda isə Hamsun Norveçin "Avanpost" qəzetində nekroloq çap etdirərək onu dövrün böyük şəxsiyyətlərindən biri kimi dəyərləndirmişdi. O italyan faşistlərinin lideri Mussolini ilə də əlaqələr yaratmağa çalışmış və yazılarında duçedən rəğbət hissi ilə söz açmışdı.

Bütün bunlara görə norveçlilər öz böyük yazıçılarından üz döndərmişdilər. Etiraz əlaməti kimi onun minlərlə kitabı müəllifin ünvanına göndərilmişdi. 1945-ci ilin payızında faşistlərlə əməkdaşlığa görə Knut Hamsun və ikinci arvadı, keçmiş akrtisa Mariya Andersen həbs edilmişdi. Hamsun dörd ay həbsdə saxlanmış, sonra isə Landvikdəki qocalar evinə köçürülmüşdü. 1947-ci ildə məhkəmə qarşısına çıxarılan yazıçının ittiham üzrə günahı sübuta yetirilmişdir. Eyni zamanda oğlunun almanların seçmə hərbi hissələrində qulluq etdiyi faktı aşkar olunmuşdu.

Lakin həkim komissiyası haqqında "əqli deqradasiya" qərarı çıxardığından Hansun həbsdən canını qurtara bilmişdi. Məhkəmə onu 425 min Norveç kronu (təxminən 80 min ABŞ dolları) cərimə etmişdi. 1949-cu ildə Knut Hamsun özünə qarşı yönələn ittihamlar və üzərində qurulan məhkəmə prosesi ilə əlaqədar "Ot basmış cığırlarla" adlı müdafiə xarakterli kitabını yazmışdı. Tənqidçilərin fikrincə "canlı, müxtəsər və parlaq" üslubda qələmə alınan bu kitab 90 yaşlı yazıçıya hüquqi cəhətdən haqq qazandırmağa əsas verməsə də, şəxsiyyətinə və yaradıcılığına olan marağı xeyli artırmışdı. Son dövrlərdə Norveçdə Hamsunun məhkəmə prosesinə fərqli münasibət ifadə edən, hətta onun müdafiəsinə yönələn kitab və məqalələr çap olunmuşdur.

Bakıya səfəri: "Nağıllar ölkəsində"

[redaktə | mənbəni redaktə et]

1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron təqaüd alan Hamsun Rusiya, Azərbaycan və Osmanlı imperiyasını ziyarət etmişdi. Hamsun həyat yoldaşı Berqliotla birlikdə əvvəlcə Sankt- Peterburqa, oradan Moskvaya, Moskvadan isə Qafqaza gəlmişdi. Bu səyahətin nəticəsi olaraq yazıçı 1903-cü ildə "Nağıllar ölkəsində" və "Aypara ölkəsində" adlanan oçerklərini nəşr edir.[4]

Hamsun Bakını belə gördü: "Səhər saat 7-nin yarısıdır. Bakı nəhəng ağ toz dumanına bürünmüşdür. Burada hər şey ya ağ, ya da bozdur. Əhəng tozu insanların, heyvanların, evlərin, pəncərələrin, parkda bitən azsaylı ağac və kolların üzərini örtüb. Hər yer adama qəribə gəlir, çünki ağdır. Mehmanxananın tozlu stolunun üstündə mən hərflər yazıram, lakin az müddət sonra onlar yenə toza qərq olub yoxa çıxır.

Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu lənətlənmiş Bakıda əhəng hər yeri o qədər ağardıb ki, adam ağlını itirər. Şəhəri 13 indiqo növü ilə boyamaq ağlagəlməz bir şeydir! Şəhəri al-əlvan etməyə heç Nobelin də imkanları çatmaz.

Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanları hər yerdə, həm evlərdə, həm də küçələrdə təqib edir. Vərdiş etməyənlərdə bu qoxu öskürək yaradır. Kerosin küçədəki toza qarışır və külək əsəndə (külək isə burada həmişə əsir) kerosin hopmuş bu toz paltarlarda yağlı ləkələr qoyur.

Bakıda 125 minə yaxın əhali var, bura Xəzər dənizinin sahilində yerləşmiş ən mühüm ticarət şəhəridir. Daima vurnuxan müasir həyat və hər anbarın qarşısında uzanmış çoxsaylı dəvələr qəribə təəssürat doğurur. Biz Qara Şəhərə, kerosin şirkətlərinin iqamətgahına getməliydik. Bizi oraya iranlı aparır; şəhərdə əksər faytonçular iranlıdır, onlar faytonu əsl şeytan kimi sürürlər, bir kəlmə kəsməyə imkan da yoxdur, onlar bir xristianın “atlara rəhm edin” mənasında verdiyi işarələri başa düşmək istəmirlər. Ancaq bir şey qalır: sakit oturmaq və bir də- ekipajdan çıxmaq.

Biz Nobelin evinin yerini soruşduq - bu, ona oxşayır ki, Xristianiyada kral sarayının harada olduğunu soruşasan.”[5]

Hamsunun həyat yoldaşı Berqlot isə rəfiqəsinə yazırdı: "Biz indi Avropanın ən şərqində, Xəzər dənizinin sahilində yerləşən şəhərdəyik. Burada kerosin və neft torpağın altından fontan vurur".

Bakının iki sivilizasiyanın qovşağında yerləşməsini vurğulayan Hamsun bu barədə yazırdı:

"Bütün insanlar az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki, artıq Avropa şəhəri olmaqdan çıxıb, lakin şəhər o dərəcədə avropalı qalıb ki, hələ iranlı olmayıb".[5]

Knut Hamsun İçərişəhər haqqında da yazmışdır: "Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və iki məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventsel Hagelstamın vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində "Fru Mariya Hagelstam" yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə "Tanrı, kömək et" söyləyib pasportumu uzadıram. Növbətçi hər iki sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc poruçiki hər şeyi göstərməsi üçün mənə qoşur. Xilas oldum. Tüfəngli kazak mənimlə poruçikin ardınca gəlir.

Poruçik deyir ki, Bakının son xanının 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Bu Hüseynqulu xan Bakının fatehi general Sisianovu şəhər açarlarını ona təqdim etmək anında xəncərlə öldürtdürüb.

Burada 2 məscid də yerləşib və biz gözləyirdik ki, hansısa molla minarədən əzan verəcək, ancaq saat 12-dən keçsə də, molla gəlib çıxmadı. Bu barədə poruçikdən soruşanda, o, dərhal məscidin yaxınlığında əyləşmiş əmmaməli bir neçə qocanın üstünə qışqırdı, onlar poruçiki axır ki başa düşəndə isə başlarını yanlara yırğaladılar: molla xəstələnibmiş.

Biz Qız Qalasına da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşındıq və parka yollandıq. Günəşdən bütün bitkilər yanmışdı, tozla örtülmüşdü. Mənzərə ağır təəssürat oyadırdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəlinirdi”.

Vladiqafqazda, daha sonra isə Tiflisdə olan yazıçını Bakı təəccübləndirsə də, neft buruqlarında o proqress deyil, ətraf mühiti dağıdan çirk və şər görürdü. O yazırdı: “Amerika öz maşınlarının səs-küyü ilə buraya da müdaxilə etmişdir. Bir dəfə parslar məbədə gələndə (Atəşgah nəzərdə tutulur) ziyarətgahın yanında kerosin zavodu tikildiyini görürlər. Hücrələrdəki balaca günəşlər söndürülmüş, qaz şırnaqları isə zavoda istiqamətləndirilmişdi".[5]

  1. "Aclıq" (1890)
  2. "Misteriyalar" (1892)
  3. "Redaktor Lünge" (1892)
  4. "Yeni şəfəqlər" (1893)
  5. "Pan" (1894)
  6. "Viktoriya" (1898)
  7. "Payız ulduzları altında" (1906)
  8. "Benoni" (1908)
  9. "Xəlvəti oynayan qərib" (1909)
  10. "Əsrin övladları" (1913)
  11. "Seqelfoss qəsəbəsi" (1915)
  12. "Torpağın bərəkəti" (1917)
  13. "Quyu başındakı qadınlar" (1920)
  14. "Sonuncu fəsil" (1923)
  15. "Avaralar" (1927)
  16. "Avqust" (1930)
  17. "Həyat axır" (1933)
  18. "Çevrə qapanır" (1936)
  19. "Ot basmış cığırlarla" (1949)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Knut Hamsun // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Гамсун Кнут // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Arxivlənmiş surət, 2010-05-05 tarixində "В_сказочной_стране" orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2021-09-09.
  5. 1 2 3 Кнут Гамсун. В сказoчнoй стране, 2022-04-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-05.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]