Xasinto Benavente-i-Martines
Xasinto Benavente-i-Martines | |
---|---|
isp. Jacinto Benavente | |
Doğum tarixi | 12 avqust 1866[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1954[3][1][…] (87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | dramaturq, jurnalist, yazıçı, siyasətçi, şair, kinorejissor, vəkil |
Janrlar | dramaturgiya, teatr |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Xasinto Benavente-i-Martines (isp. Jacinto Benavente Martínez; 12 avqust 1866[1][2][…], Mursiya, Mursiya[4] – 14 iyul 1954[3][1][…], Malaqa, Əndəlüs) — "98 Nəsli" ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1922).
Həyatı
[redaktə | mənbəni redaktə et]İspan dramaturqu Xasinto Benavente-i-Martines Madriddə, tanınmış və imkanlı həkim ailəsində doğulmuşdu. Kiçik yaşlarından teatr mühitində böyümüşdü. Madrid universitetinin hüquq fakültəsində oxusa da, atasının ölümündən sonra (1885) təhsilini yarımçıq buraxıb ədəbi yaradıcılıqla məşğul olmuşdu. Daha sonra isə özünü aktyorluqda sınamaq qərarına gəlmişdi.
Onun yeni sənəti ilə səsləşən ilk kitabı "Fantastik teatr" (1892) adlanırdı və qısa dramatik dialoqlardan ibarət idi. "Özgə yuvası" (1894) adlı ilk pyesi uğur qazanmasa da, növbəti səhnə əsəri — "Məşhur adamlar" (1896) Benavente-i-Martinesi Madridin sənət aləminin populyar simalarından birinə çevirmişdi.
İspan yazıçıları ölkələrinin ispan-amerikan savaşında itirdiyi nüfuzu qaytarmaq üçün "1898-ci il hərəkatı"nı yaradanda Benavente onun liderlərindən biri olmuşdu. 1899-cu ildən etibarən "Ədəbi həyat" jurnalına rəhbərlik etməsi yaradıcı dairələrdəki rolunu və nüfuzunu daha da artırmışdı.
Xasinto Benavente ilk pyeslərindən etibarən nümayişkaranə şəkildə görkəmli müasiri, İspaniyanın birinci Nobel laureatı Xose Eçeqarayın romantik-melodramatik üslubundan imtina etmiş, satira və ironiyaya üstünlük vermişdi. Onun dramaturgiyası üçün intriqa deyil, hazırcavablıq, xarakterlərin psixologiyasının açılması daha səciyyəvi idi. "Qubernatorun xanımı" (1901), "Şənbə gecəsi" (1903), "Prinsessa Bebe" (1904) kimi yaradıcılığının ilk dövrünə aid pyeslərdə Benavente cəmiyyətin qüsur və eyiblərini satirik lövhələrlə əks etdirməyi bacarmışdı.
İspan yazıçısının əsərləri janr baxımından da müxtəlifliyi və əlvanlığı ilə seçilirdi. O, milli dramaturgiya tarixinə komediyalar, məişət dramları, faciələr, opera və operetta librettoları, uşaq pyesləri, Şərq üslubunda səhnələr müəllifi kimi daxil olmuşdur. Ümumiyyətlə, çoxillik və məhsuldar yaradıcılığı dövründə Benavente 170-dən çox səhnə əsəri yaratmışdır. Özünün bir sıra komediya və dramlarında həm də aktyor kimi çıxış edən müəllif italyanların Komedia della Arte üslubunda yazdığı "Maraqların toqquşması" pyesində (1907) diribaş xidmətçi Krispinin rolunu xüsusi məharətlə oynamışdı.
Benavente uzun illər Madridin "İmparacial" qəzetində gündəlik rubrika aparmışdı. Müxtəlif mövzulu polemik və aktual məqalələri sayəsində o, həm də publisist və tənqidçi kimi məşhurlaşmışdı.
İspan Xose Eçeqaray Avropada birincilər sırasında Nobel mükafatı alanda "1898-ci il hərəkatı"na daxil olan yazıçı və şairlər onun əleyhinə kəskin ittihamlarla dolu petisiya imzalamışdılar. Bu ədəbi ekzekusiyada iki tanınmış müəllif — Xasinto Benavente və Xuan Ramon Ximenes iştirak etməmişdi. Maraqlıdır ki, sonralar onların hər ikisi Nobel mükafatı laureatı olmuşdular.
1920-ci ildə Xasino Benavente ispan milli teatrının – "Espanyol"un baş rejissoru təyin edildi. Həmvətənlərinin əksəriyyəti kimi o, siyasətlə də maraqlanırdı və namizədliyini ölkə parlamentinə — kortesə irəli sürmüşdü, lakin uğur qazana bilməmişdi. Ədəbi yaradıcılığında da müəyyən durğunluq hiss olunurdu.
Məhz belə bir şəraitdə Benavente 1922-ci ildə "ispan dramının şanlı ənənələrini məharətlə davam etdirdiyinə görə" Nobel mükafatı qazanmışdı. İsveç Akademiyasının üzvü Per Lalstrem yeni laureatın "dünyanı nadir hallarda təsadüf olunan iti və ağıllı nəzərlərlə müşahidə etdiyini, gördüklərini həssas və çevik intellektin süzgəcindən keçirdiyini" xüsusi vurğulamışdı. Dramaturq təqdimat mərasimində iştirak etmədiyindən mükafatı İspaniyanın İsveçdəki səfiri almışdı.
İki ildən sonra milli ədəbiyyatın inkişafındakı xidmətlərinə görə Benavente ali ispan mükafatı — Müdrik Alfonsun Böyük xaçı ordeni ilə təltif olunmuş, Madrid şəhərinin fəxri vətəndaşı seçilmişdi. Şəxsinə maraq və diqqətin artması yaradıcılığının yüksəliş dövrü ilə eyni vaxta düşmüşdü. "Yaxşı məhəbbətin dərsləri" (1926) pyesi milli səhnədə böyük uğur qazanmışdı, lakin ispan tənqidçilərinin fikrincə, Benaventenin yüksək ədəbi mükafata layiq görüldükdən sonra yazdığı pyeslər onun əvvəlki əsərləri ilə müqayisədə zəifdir.
İspaniyada vətəndaş müharibəsi başlananda Benavente respublikaçıların tərəfində idi. Müharibə xuntanın qələbəsi ilə başa çatdıqdan sonra o, Frankonun tərəfinə keçmiş və bununla da liberal, antifaşist mövqeli qüvvələri kədərləndirmişdi.
Benaventenin ilk pyesinin tamaşaya qoyulmasının 50 illik yubileyi 1944-cü ildə İspaniyada az qala milli bayram səviyyəsində qeyd edilmişdi.
Ölümünə qədər yazı masasından ayrılmayan dramaturq heç zaman ailə qurmamışdı. Onun "mavi" olması haqqında versiyalar da mövcuddur.
Bir sıra görkəmli sənətkarlar kimi Xasinto Benaventenin yaradıcılığına da ikili münasibətə təsadüf edilir. Onu məşhur ispan dramaturqları ilə bir sıraya qoyan (S. Ceyson), aparıcı ispan dramaturqu adlandıran (L. Uorren) ədəbiyyat tənqidçiləri ilə birlikdə əsərlərinin "təhlilə dözmədiyini" (R. Sançes), "ideyalardan və fəlsəfi müşahidələrdən məhrum olduğunu" (A. Markeri) iddia edən müəlliflər də vardır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Rosas de otoño (1905).
- Los Intereses creados (1907).
- Señora ama (1908).
- El Nietecito (1910).
- La malquerida (1913).
- La ciudad alegre y confiada (1916).
- Campo de armiño (1916).
- Lecciones de buen amor (1924).
- La mariposa que voló sobre el mar (1926).
- Pepa Doncel (1928).
- Vidas cruzadas (1929).
- Aves y pájaros (1940).
- La honradez de la cerradura (1942).
- La infanzona (1945).
- Titania (1946).
- La infanzona (1947).
- Abdicación (1948).
- Ha llegado Don Juan (1952).
- El alfiler en la boca (1954).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Jacinto Benavente y Martinez // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Jacinto Benavente // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118655280 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 12 avqustda doğulanlar
- 1866-cı ildə doğulanlar
- İspaniyada doğulanlar
- 14 iyulda vəfat edənlər
- 1954-cü ildə vəfat edənlər
- 87 yaşında vəfat edənlər
- Andalusiyada vəfat edənlər
- İspan dili Krallıq Akademiyasının üzvləri
- "Müdrik X Alfonso" ordeninin böyük xaçı ilə təltif olunanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- İspaniya yazıçıları
- İspan yazıçılar
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- İspaniyalı Nobel mükafatı laureatları
- İspaniyada LGBT şəxslər