Gənc İtaliya
Gənc İtaliya | |
---|---|
Qurucu | |
Quruluş tarixi | 1831 |
Dağılma tarixi | 1848 |
Vikianbarda əlaqəli mediafayllar |
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı.[1][2][3]
Tarixi
[redaktə | vikimətni redaktə et]Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi.
İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin[4] başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü[5]. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı. Təşkilatın məqsədi İtaliyada vahid dövlətin yaradılması idi. Roma şəhəri vahid dövlətin paytaxtı olmalı idi. Sonrakı dövrdə C. Madzininin bütün fəaliyyəti ölkənin birləşdirilməsi uğrunda mübarizəyə həsr olundu[6].
C. Madzini İtaliya azadlıq hərəkatında demokratik respublika cərəyanının ideoloqu və rəhbəri idi. C. Madzini hesab edirdi ki, yalnız ölkənin birləşməsi nəticəsində xarici zülmdən azad olmaq mümkündür. Avstriya qoşunlarının ölkəni tərk etməsindən və monarxiya rejimlərinin devrilməsindən sonra İtaliyada demokratik islahatlar keçirib vahid respublika yaratmaq mümkün idi. C. Madzini və onun tərəfdarları hesab edirdilər ki, azadlıq hərəkatında əhali geniş iştirak etməli, partizan müharibəsi aparılmalı və silahlı üsyanlar təşkil edilməlidir, lakin C. Madzini milli hərəkatın sinfi mübarizəyə çevrilməsini istəmirdi. C. Madzini kəndlilərin xeyrinə aqrar dəyişikliklərin həyata keçirilməsinin əleyhinə idi, çünki, liberal zadəganların və qolçomaqların "Gənc İtaliya"dan ayrılmasını istəmirdi. C. Madzini iddia edirdi ki, kəndlilər milli hərəkatda fəal iştirak etmək iqtidarında deyil. "Gənc İtaliya" şəhər yoxsullarını, sənətkarları və fəhlələri öz tərəfinə çəkməyə çalışırdı. "Gənc İtaliya" təşkilatı "Allah və xalq" şüarı ilə çıxış edirdi. Əhali inanmalı idi ki, milli hərəkatda iştirak hər bir ölkə vətəndaşının dini borcudur.[7]
1833-cü illərdə "Gənc İtaliya" təşkilatı bütün ölkə ərazisində gizli şöbələrini yaratdı. Bu zəmində "Gənc İtaliya" birinci ümumölkə inqilabı təşkilatına çevrildi. Sardiniya krallığında və Roma vilayətində təşkilatın tərəfdarı daha çox idi. C. Madzini Genuyalı idi. Neopolitan krallığında isə təşkilatın təsiri zəif idi."Gənc İtaliya" təşkilatına ziyalılar, xırda və orta burjuaziya və hərbçilərin nümayəndələri daxil idi. Təşkilat xaricdə nəşr olunmuş inqilabi ədəbiyyatı gizli şəkildə bütün ölkə ərazisində yayır və apardığı təbliğatla əhalini azadlıq uğrunda mübarizəyə çağırırdı, lakin C. Madzininin Sardiniyada üsyan təşkil etmək cəhdi uğursuz oldu. Çünki, əhalinin bir qismi, o cümlədən kəndlilər C. Madzininin tərəfdarlarını müdafiə etmirdi. Ölkədə hələ inqilabi şərait yaranmamışdı. Hərəkat iştirakçılarının bir qismi 1833–1834-cü illərdə həbs və edam edildi, bir hissəsi mühacirət etdi. C. Madzini qiyabi şəkildə ölümə məhkum edildi. Genuyada üsyanın hazırlanmasında Cüzeppe Qaribaldinin oğlu iştirak etmişdi. O, "Gənc İtaliya" təşkilatın üzvü idi və qiyabi şəkildə ölümə məhkum edilmişdi. İngiltərə və Fransada mühacir həyatı yaşayan C. Madzini fəhlələrin gücünü gördü və fəhlələri İtaliyada azadlıq hərəkatına cəlb etmək qərarına gəldi. 40-cı illərin əvvəlində "Gənc İtaliya" təşkilatı ölkə fəhlələri arasında təbliğatı genişləndirdi. C. Madzini burjuaziyanı könüllü şəkildə fəhlələrin vəziyyətini yaxşılaşdırmağa çağırırdı ki, fəhlələr tətil etməsin.[8]
"Gənc İtaliya" təşkilatının apardığı təbliğat İtaliyada milli şüurun inkişafına təkan verdi. Vətəndaşların əksəriyyəti dərk etdi ki, azadlıq hərəkatının əsas vəzifəsi ölkənin birləşməsidir. Bilavasitə C. Madzininin fəaliyyəti nəticəsində vahid İtaliya dövlətinin yaradılması uğrunda mübarizə XIX əsrin 30-cu illərindən Rissorcimentonun əsas istiqamətlərindən birinə çevrildi. XIX əsrin 40-cı illərində burjuaziya və liberal zadəganlar sahibkarlıq fəaliyyəti üçün daha əlverişli şərait yaradılmasını tələb edirdilər. İqtisadçılar və bir sıra nüfuzlu jurnalistlər inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini nəzərə alıb gömrük ittifaqının yaradılmasını və dəmiryol tikintisinin genişlənməsini İtaliyada iqtisadi inkişafın sürətlənməsi üçün zəruri hesab edirdilər. Onlar həmçinin vahid pul, ölçü və çəki sisteminə keçilməsini təklif edirdilər. Sənayenin və ticarətin inkişafına mane olan amillərin aradan qaldırılması məsələsi mətbuatda, elmi konfranslarda və iqtisadi cəmiyyətlərdə geniş müzakirə edilirdi. İqtisadi tərəqqiyə nail olmaq üçün siyasi pərakəndəliyə və xarici zülmə son qoymaq lazım idi. Liberal ideoloqlar gizli cəmiyyətləri və üsyanı İtaliya üçün zərərli hesab edir və C. Madzinini ağılsız adlandırırdılar. C. Madzini ölkənin inqilab yolu ilə "aşağıdan" birləşib vahid dövlətə çevrilməsinə tərəfdar idi. Liberal ziyalılar isə milli məsələnin "yuxarıdan" həllini təklif edirdilər: İtaliya dövlətlərinin başçıları milli hərəkatda iştirak etməli, Roma papasının və ya Sardiniya kralının başçılığı altında İtaliya dövlətlərinin federasiyası yaradılmalı idi.[9]
Liberalların bir qismi, o cümlədən, "İtaliyanın ümidləri" kitabının müəllifi olan Ç. Balbo hesab edirdilər ki, gələcəkdə həmin federasiyaya Lombardiya və Venetsiyanı da daxil etmək olar. Onlar deyirdilər ki, Avstriya İtaliya torpaqlarını könüllü şəkildə qaytaracaq, çünki, Osmanlı imperiyasının Balkan yarımadasındakı torpaqlarının işğalı ilə məşğul olacaq. Təbii ki, milli məsələnin yalnız dinc və "qanuni" vasitələrlə tənzimlənməsinə yönəlmiş liberal-monarxist planların həyata keçirilməsi inandırıcı və reallığa uyğun deyildi. Liberalların çıxışları ictimai rəyə müəyyən qədər təsir göstərdi. Pyemont abbatı V. Cobertinin "İtalyanların mənəvi və mülki birinciliyi haqqında" adlı kitabı ölkədə böyük nüfuz qazanmışdı. Kitabda deyilirdi ki, katolik kilsəsi İtaliyanın milli dirçəlişinə kömək edə bilər. Roma papası İtaliyanın birləşdirilməsinin əleyhinə idi. V. Coberti hesab edirdi ki, Vatikanda islahatlar keçirilsə Roma papası milli hərəkata qoşulub hətta ona rəhbərlik də edə bilər. Ruhanilərin bir qismi V. Cobertinin ideyalarını qəbul edib vətənpərvərlik mövqeyinə keçmişdi. Ruhanilər arasında parçalanma mühafizəkar düşərgənin zəifləməsinə səbəb oldu. Mötədillərin içərisində Sardiniya krallığının liberalları aparıcı rol oynayırdı. XIX əsrin 40-cı illərində Sardiniya liberallarının fəallığı artmışdı. Onlar milli məsələnin həllində Sardiniyanı idarə edən Savoyya sülaləsinə böyük ümidlə baxırdılar. Savoyya sülaləsi hakimiyyətdə olan yeganə italyan mənşəli sülalə idi. Sardiniya kralı Albert Pyemontun iqtisadi inkişafına kömək edən siyasət həyata keçirir və liberal hərəkatı ehtiyatla müdafiə edirdi. 1847-ci ildə Pyemontun zədaganlarını təmsil edən qraf Kamillo Kavur "Dirçəliş" qəzetini nəşr etməyə başladı. Bu qəzet bütün İtaliyada liberalların nüfuzlu siyasi orqanı kimi böyük nüfuz qazanmışdı. Liberallar öz ideyalarını geniş təbliğ edir və kralları təhsil, məhkəmə və gömrük sistemində islahatlar keçirməyə, senzuranı zəiflətməyə çağırırdılar.
C. Madzini XIX əsrin 40-cı illərində üsyan təşkil etməkdən çəkinir, hesab edirdi ki, ölkədə üsyan üçün şərait yaranmayıb, lakin vətənpərvərlərin bir qismi inqilabi hərəkatın inkişafında maraqlı idi.
1844-cü ildə Cənubda Bandera qardaşları başda olmaqla matroslar üsyan qaldırdı. Üsyançılar mühasirədən çıxa bilməyib məğlub oldu. Bandera qardaşları və onların yeddi tərəfdarı edam edildi. Bu hadisə bütün ölkədə sosial narazılığın artmasına təkan verdi.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- "Молодая Италия" // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
- Молодая Италия // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Denis Mack Smith. Mazzini. Yale UP. 2008. səh. passim.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Fabiani, Ulisse. "La Scuola per i 150 anni dell'Unità d'Italia - I movimenti, i valori, i libri". www.150anni.it. 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06. (#invalid_param_val)
- ↑ Enrico Dal Lago. William Lloyd Garrison and Giuseppe Mazzini: Abolition, Democracy, and Radical Reform. LSU Press. 2013. 57–63.
- ↑ "Italy 1848 - italian revolutionary developments". www.age-of-the-sage.org. 2004-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ "Giuseppe Mazzini | Italian revolutionary". Encyclopedia Britannica (ingilis). 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ Mazzini, Giuseppe. Joseph Mazzini :his life, writings, and political principles;. New York: Hurd and Houghton. 1872. 71–74.
- ↑ "Giuseppe Mazzini biography : Young Italy Risorgimento". www.age-of-the-sage.org. 2004-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ Yonatan Eyal. The Young America Movement and the Transformation of the Democratic Party, 1828–1861. Cambridge UP. 2007. səh. 94.
- ↑ "Giuseppe Garibaldi". http://pub1.andyswebtools.com/cgi-bin/p/awtp-custom.cgi?d=garibaldi-meucci-museum&page=750. 2018-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06. (#invalid_param_val)
- ↑ Fabrizio De Donno, and Neelam Srivastava. "Colonial and Postcolonial Italy." Interventions: International Journal of Postcolonial Studies (2006) 8#3: 371–379. [ online]