Almaniya klassik fəlsəfəsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Alman klassik fəlsəfəsi — İmmanuel Kantdan başlayaraq Alman klassik fəlsəfəsi ənənəvi metafizikadan subyektin öyrənilməsinə doğru uğurlu addımlar atmağa başlamışdır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Yenə də Kantdan başlayaraq fəlsəfi bilik sahəsində çox böyük dəyişikliklər, o cümlədən ağırlıq mərkəzinin subyektin və onun fəaliyyətdə olan təbiətinin öyrənilməsinə yönəldilməsi ilə bağlı olmuşdur. Alman klassik fəlsəfəsinin inkişafının kuliminasiya momenti Hegel (1770– 1831) fəlsəfəsi olmuşdur. Hegelin Kantı tez– tez tənqid etməsinə baxmayaraq, onun sistemi Kantın fəlsəfi sistemi olmadan meydana gələ bilməzdi. Ümumiyyətlə, XIX əsr fəlsəfəsinə Hegelin təsiri olduqca böyük olmuşdur. XIX əsrin sonunda Amerika, İngiltərə, ümumiyyətlə Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti, demək olar ki, hegelçi olmuşlar. Hegel fəlsəfəsi siyasi nəzəriyyələrə də böyük təsir göstərmişdir. Məlum olduğu kimi, Karl Marks gəncliyində hegelçi olmuş və bütün ömrü boyu öz yaradıcılığında hegelçilik cizgilərini saxlamışdır. Təsadüfi deyildir ki, hegel fəlsəfəsi Marksizmin əsas mənbələrindən biri olmuşdur. "Hegel fəlsəfəsini əsl əhəmiyyəti və inqilabi xarakteri də məhz ondan ibarətdir ki, o, insan təfəkkürü və hərəkəti nəticələrinin son– qəti xarakteri haqqındakı hər cür təsəvvürə birdəfəlik son qoydu. Fəlsəfənin dərk etməli olduğu həqiqəti Hegel daha, birdəfəlik kəşf edildiyinə görə ancaq əzbərlənməsi lazım gələn dəyişilməz hazır müddəalar yığını şəklində təsəvvür etmirdi; indi həqiqət idrak prosesini özündən, elmin uzun tarixi inkişafından ibarət idi ki, burada elmi biliyin aşağı pillələrindən getdikcə daha yüksək pillələrinə qalxır, lakin heç vaxt elə bir nöqtəyə çatmır ki, burada mütləq həqiqət deyilən şeyi taparaq, daha irəli gedə bilməsi və burada elm üçün ancaq əllərini qoyub tapdığı bu mütləq həqiqəti seyr etməkdən başqa bir iş qalmasın. Həm də təkcə fəlsəfi idrakda deyil, hər bir başqa idrak da həmçinin əməli hərəkət sahəsində də iş belədir. İdrak kimi tarix də heç zaman bəşəriyyətin müəyyən bir mükəmməl və ideal vəziyyətində qəti başa çata bilməyəcəkdir; mükəmməl cəmiyyət, mükəmməl "dövlət",– bunlar ancaq xəyalda mövcud ola bilən şeylərdir. Əksinə tarixin gedişindən bir– birini əvəz edən bütün ictimai qaydalar ancaq bəşər cəmiyyətinin aşağı pillədən yüksək pilləyə sonsuz inkişafının keçici pillələrindən ibarətdir. Hər bir pillə zəruridir və beləliklə, onun həmin pilləni doğurmuş olan zaman və şərait üçün bəraəti vardır. Lakin bu pillə onun öz içərisində tədriciliyini itirir və öz bəraətindən məhrum olur. Bu pillə öz yerini daha yüksək pilləyə tərk etməyə məcburdur, o da habelə öz növbəsində süqut edir və məhv olur". Hegel akademik filosof olmuşdur və ömrü boyu fəlsəfəni tədris etmişdir. Hegel belə hesab edirdi ki, dünyanın əsasında təkcə deyil, bütöv, tam durur. Həm də dünya təkcələrin, atomların, yaxud ruhların məcmusu deyildir. Bu cür məcmunu yalnız illüziya hesab etmək lazımdır. Dünyada bütövdən, tamdan başqa real heç nə yoxdur. Lakin bu bütöv Hegeldə Parmeniddəki və Spinozadakı varlıqdan fərqlənirdi. Çünki o, bunu sadə substansiya hesab etmirdi, əksinə mürəkkəb sistem (orqanizm) sayırdı. Məkan və zaman (təkcə predmetlər kimi) real deyil, ancaq bütövün tərəfləridir. Hegelin "gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəkdir" kimi məşhur müddəasına görə, inkişaf səviyyəsində əvvəllər gerçək olan hər şey qeyri– gerçək olur, öz zəruriliyini yaşamaq hüququnu və əqlə uyğunluğunu itirir. Ölüb getməkdə olan gerçəkliyin yerini yeni, yaşamağa qadir gerçəklik tutur,– əgər köhnə kifayət qədər dərrakəli olub müqavimət göstərməsə, dinc yolla tutur. Bu zərurətə qarşı müqavimət göstərsə zorla tutur" (F.Engels). Hegelə görə bütöv, tam nədir? Hegel özü onu Mütləq adlandırır. Mütləq– ruhdur. (xatırladaq ki, mütləq Spinozada materiya xassəsinə malik idi. Hegel mütləqin bu xassəsini inkar edir). Hegelin metafizikası iki mühüm momentlə fərqlənir. Bunlar onun məntiqi və dialektikasıdır. Məntiq Hegelin sistemi deməkdir. Hegelin sisteminin klassik şərhini F. Engels özünün "L. Feyerbax və klassik alman fəlsəfəsinin sonu" əsərində vermişdir. Biz də burada həmin şərhlə kifayətlənirik."… Hegel sistem qurmalı idi, fəlsəfə sistemi isə, qərarlaşmış adətə görə, bu və ya başqa cür mütləq həqiqətlə başa çatmalı idi. Hegelin özü,– bu əbədi həqiqətin məntiqi (müvafiq surətdə– tarixi) prosesinin özündən başqa bir şey olmadığının xüsusilə özünün "Məntiq" əsərində qeyd edən həmin Hegelin özü– bu prosesə son qoymağa məcbur olur, çünki Hegel gərək öz sistemini nəhayət bir şeylə qurtaraydı. "Məntiq"də bu sonu Hegel yenə də başlanğıc edə bilər, çünki orada son nöqtə, mütləq ideya– o qədər mütləqdir ki, Hegel onun haqqında əsla heç bir şey deyə bilmir,– özünü təbiətə "özgəninləşdirir" (yəni çevrilir), sonra isə ruhda– yəni təfəkkürdə və tarixdə,– yenidən öz– özünə qayıdır. Lakin bütün fəlsəfənin sonunda başlanğıca bu cür qayıtmaq üçün yalnız bircə yol qalırdı. Tarixin sonunu məhz belə təsəvvür etmək lazım idi: bəşəriyyət lap bu mütləq ideyanı dərk etməyə gəlib çıxır və elan edir ki, mütləq ideyanın həmin dərk edilməsi Hegel fəlsəfəsində əldə edilmişdi". Mütləqin mahiyyətini məşhur rus filosofu V. A. Solovyov belə şərh edirdi: "Hegelə görə allah ancaq filosofluq edən əqldir. Bu əql yalnız mükəmməl fəlsəfədə özünün mütləq kamilliyinə çatır". Sxematik olaraq mütləq ideya prosesini belə vermək olar:
- Mütləq ideya — özünü özgələşdirərək, yaradır
- Təbiət
- Ruh — (fəlsəfi əql, idrak)
Qeyd etmək lazımdır ki, Hegelə görə, təbiət və ruh mütləq ideyanın, bütövün özünü özgələşdirməsi olsa da belə eyni zaman əksliklər kimi mövcuddur. Materiyanın mahiyyəti onun ağırlığıdır. Onun məqsədi isə ondan kənardadır; ruhun mahiyyəti– azadlıqdır: onun məqsədi isə özündədir. "Ruh özündə varlıqdır". Ruhun tarixi inkişafında üç mərhələ olmuşdur. Bunlar Şərq, yunan– roma və alman mərhələləridir.