Əbülxeyr xan
Əbülxeyr xan | |
---|---|
özb. Abulxayrxon | |
Özbək xanlığının I xanı | |
1428 – 1468 | |
Sonrakı | Yadigar xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1411/1412 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Əhməd Yasəvi türbəsi |
Fəaliyyəti | siyasətçi |
Atası | Dövlətşeyx sultan |
Həyat yoldaşı | Rabiyyə Sultan Bəyim |
Uşaqları | |
Dini | islam |
Əbülxeyr xan (özb. Abulxayrxon) — Şeybanilər sülaləsindən Özbək xanlığının əsasını qoymuş xan.
Həyatı
[redaktə | mənbəni redaktə et]1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi.[1] Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk xanın ordusunda sol cinah komandiri idi. Hələ 1427-ci ildə Cumaduk xan Noqay Ordasının əmiri Yedigeyin oğlu Qazi bəy tərəfindən öldürüləndə noqaylar tərəfindən əsir alınmış, daha sonra isə azad edilmişdi.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Azad edildikdən sonra 1428-ci ildə Sibir xanlığını işğal edərək Tümen və Tura çayı arasındakı bölgəyə nəzarət etməyə başladı.[2] 1446-cı ilədək Çimgi Tura (müasir Tümen) şəhərindən dövlətini idarə edən Əbülxeyr xan 1430-cu ildə Xarəzmi işğal etdi, buradakı Teymuri əmiri olan İbrahimi qovaraq Ürgənci ələ keçirdi. Lakin burada çox qalmayaraq həm şimaldan gələn təhlükə, həm də dözülməz istilərə görə Qazaxıstan çöllərinə qayıtdı və burada Həştərxan xanlığı ordularını məğlub etdi. 1435-ci ildə yenidən Xarəzmi, 1440-cı ildə Astrabadı qarət edən Əbülxeyr xan dövlətin sərhədlərini genişləndirirdi. 1446-cı ildə müasir Özbəkistan torpaqlarını ələ keçirən xan Teymuriləri qovaraq paytaxtını Sığnaqa köçürdü.
Teymurilərlə münasibətlər
[redaktə | mənbəni redaktə et]Mərkəzi Asiyada öz gücünü möhkəmlədən Əbülxeyrin növbəti hədəfi Teymuriləri sıradan çıxarmaq idi. 1447-ci ildə Səmərqəndə qədər irəliləyən özbəklər şəhəri ələ keçirə bilmədən qayıtmışdılar. 1451-ci ildə Teymuri şahzadəsi Əbu Səidi dəstəkləyən Əbülxeyr həmin ilin iyununda onu Səmərqənddə Teymuri taxtına oturtdu.[3] Mükafat olaraq Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evləndi.
Dövlətin zəifləməsi
[redaktə | mənbəni redaktə et]1457-ci ildə Uz Temür adlı hökmdarın başçılığı ilə kalmıklar xanlığın torpaqlarına daxil olaraq çoxlu qarətlər törətdi.[4] Dövlətə başqa bir zərbə isə Canıbəy xan və Kerey xanın özbəklərdən ayrılaraq 1465-ci ildə müstəqil Qazax xanlığını yaratması ilə dəydi.[5] Ölümündən öncə son olaraq Teymuri Hüseyn Bayqaranı Əbu Səidə qarşı dəstəkləməyə qərar verdi. Lakin hərəkətə keçə bilmədən 1468-ci ildə 57 yaşında vəfat etdi. Məzarı Əhməd Yasəvi türbəsindədir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evlənmişdir.[6] Çox güman digər həyat yoldaşları da olub.
Oğulları
[redaktə | mənbəni redaktə et]- Şahbudaq sultan
- Xoca Məhəmməd sultan
- Əhməd sultan
- Məhəmməd sultan
- Şeyx Heydər
- Səncər sultan
- İbrahim sultan
- Köçkünçü xan
- Suyunçxoca xan
- Ağburun sultan
- Seyidbaba sultan
Qızları
[redaktə | mənbəni redaktə et]- Zülfcamal xanım
- Xanzadə bəyim - Əbu Səid ilə evlənmişdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bregel, Yuri (1982). "Abu'l-Kayr Khan Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine". Encyclopædia Iranica. 1. London; Boston: Routledge & Kegan Paul. səh. 331–332
- ↑ A History of the Peoples of Siberia: Russia's North Asian Colony 1581-1990
- ↑ Soucek, Svat, A History of Inner Asia (2000), page 136.
- ↑ P. Pelliot, Notes critiques d’histoire Kalmouk, Paris, 1960, səh. 17
- ↑ A History of the Moghuls of Central Asia being the Tarikh-i-Rashidi of Mirza Muhammad Haidar , tərc. E. D. Ross, London, 1895, səh. 82, 272-73
- ↑ Лебедева Т. И., О неисследованных погребениях Гури Амир // Археология, история и культура Средней Азии. Ташкент, 2002, səh .68