V Konstantin (imperator)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
V Konstantin
yun. Κωνσταντῖνος Ε΄
ƏvvəlkiIII Leo
SonrakıIV Leo
Şəxsi məlumatlar
Doğum tarixi 718[1]
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 775
Fəaliyyəti suveren[d]
Atası III Leo (imperator)
Həyat yoldaşları Çiçək Xatun
Mariya
Evdokiya
Uşaqları IV Leo
Nikefor
Xristofor
Evdokim
Niketa
Antim
Antousa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Konstantin (yun. Κωνσταντῖνος Κοπρώνυμος)(718[1], Konstantinopol14 sentyabr 775) — Bizans imperatoru.[2][3][4]

Bizans imperatoru III Leonun yeganə oğludur. 720-ci ilin avqustunda atası tərəfindən ortaq imperator elan edildi. Ərəblərə qarşı xəzərlərlə bağlanan sülhə əsasən, 733-cü ildə Xəzər xaqanının qızı Çiçək xatunla evləndirildi.

Atasının 741-ci ildə vəfatının ardından taxta çıxmışdır. Taxta çıxdıqdan sonra ərəblərə qarşı səfər hazırlığına başladı. Ancaq onun paytaxtda olmamasından istifadə edən bacısının əri və o əsnada Anadolu birliklərindən birinə rəhbərlik edən Artabasd, əmrindəki birliklərlə ona hücum edib qələbə qazanmışdır. Ardından Konstantinopola yürüyən Artabasd şəhərə daxil olaraq Konstantinopol patriarxının da təsdiqiylə özünü imperator elan etmişdir. Atası kimi ikonomaxiya cərəyanını dəstəkləyən Konstantinə qarşı yerli əhalinin və kilsənin nifrəti bu prosesi sürətləndirmişdir.

Məğlubiyyətin ardından Anadoluya çəkilən Konstantin dərhal əyalət birliklərini ətrafında topladı və Sardisdə (indiki Manisa yaxınlığında) 743-cü ilin may ayında qələbə qazandı. Ardından bacısı oğlu Nikitanı da məğlub edən Konstantin paytaxt Konstantinopola yürümüş, 2 oktyabrda şəhərə daxil olaraq hakimiyyəti yenidən ələ almışdır. Ələ keçirilən Artabasd və 2 oğlunun əhalinin qarşısında gözlərinə mil çəkilmiş, bir çox dəstəkçiləri edam olunmuşdur. Paytaxtda baş verən bütün bu hadisələrə göz yuman və hətta dəstəkləyən patriarx isə vəzifəsində saxlanılsa da, xalqın önündə qamçılanmış və təhqiramiz şəkildə cəzalandırılmışdır. 751-ci ildə böyük oğlu Leonu ortaq imperator elan etdi.

Bu hadisənin ardından ikonomaxiya cərəyanını dəstəkləməyə davam edən Konstantin 10 fevral 754-cü ildə topladığı kilsə məclisində bütün ikonalar lənətlənmiş, bunları təmsil edən bütün kilsələrin, eləcə də şəxslərin cəzalandırılacağı elan edilmişdir. Bu istiqamətdə bir çox monastır bağlanmış, bu monastırlara bağlı fəaliyyət göstərən rahiblər zorla evləndirilərək dini fəaliyyətləri qadağan edilmişdir. Boşalan monastır binaları anbar, hərbi baza kimi istifadə edilmiş, tabeliyindəki torpaq mülkləri isə xəzinəyə müsadirə olunmuşdur. Apardığı sərt dini siyasət səbəbilə Roma papasıyla münasibətlər daha da pisləşdi.

Konstantinin taxta çıxdığı ərəfələrdə ərəb xilafəti daxili çəkişmələrlə məşğul idi. Bundan istifadə edərək Germanikanı (indiki Qəhrəmanmaraş) ələ keçirən Bizanslılar bölgədəki süryani əhalini Trakyaya köçürdü. 747-ci ildə İsgəndəriyyədən göndərilən donanmanın məğlub edilməsiylə ərəblər üzərində qəti qələbə qazanıldı. Abbasilərin xilafətin idarəsini ələ almasından sonra 752-ci ildə yenidən şərqə yürüş təşkil edən Konstantin bu dəfə Teodosipol (indiki Ərzurum) və Meliten (indiki Malatya) şəhərlərini ələ keçirdi. Bu şəhərlər qısa zaman sonra yenidən ərəblərin əlinə keçsə də, yerli əhalinin Trakyaya köçürülməsiylə bu bölgələr boşaldılmış, beləcə ərəblərin bölgədəki iqtisadi vəziyyəti pisləşmişdir.

Ancaq şərq sərhəddindəki əhalinin Trakya və Balkanlara köçürülməsi bulqarlarla olan münasibətləri pisləşdirmişdi. Buna cavab olaraq 756-cı ildə Bizans torpaqlarına ilk bulqar axınları başladı. Nəticədə bulqarlar üzərinə 9 dəfə yürüş tərtibləyən Konstantin bölgədəki Bizans nüfuzunu artırmışdır. Bizans düşməni Teletsin xan seçilməsinin ardından bu mübarizə daha da alovlandı. 763-cü ildə əldə olunan qələbənin ardından Bulqar xanlığı daxilində taxt mübarizələri başladı. 773-cü ilin yazında yenidən səfər çıxan Konstantin iki istiqamətdə hücum edərək Teleriq xanı məğlub etmiş, aparılan sülh danışıqları qəti bir nəticə verməmişdir.

Bulqarlar üzərinə çıxdığı səfər əsnasında səhhəti pisləşən Konstantin gəmiylə Konstantinopola aparılarkən 14 sentyabr 775-ci ildə vəfat etdi və paytaxta cənazəsi çatdı. Ölümünün ardından taxta oğlu IV Leo çıxarıldı.

  • IV Leo
  • Nikefor — 769-cu ildə Sezar ünvanı aldı. Bizans mənbələrində onun sonrakı imperatorlara qarşı bir neçə dəfə ayaqlandığı qeyd olunur. İlk olaraq 776-cı ilin mayında qardaşı IV Leoya qarşı ayaqlandı və qamçılanaraq sürgün edildi. Daha sonra 780-ci ilin sentyabrında qardaşı arvadı naibə İrinaya qarşı ayaqlandı və bir monastıra sürgün edildi. 792-ci ilin avqustunda qardaşı oğlu VI Konstantinə qarşı ayaqlandı və gözlərinə mil çəkilib qalaya həbs olundu. 4 oktyabr 797-ci ildə oğlunu taxtdan endirən İmperatriça İrinaya qarşı ayaqlandı və Afinaya sürgün olundu. 812-ci ildə I Mixailə qarşı ayaqlandı və bu dəfə sürgün yeri Avşa adası olaraq dəyişdirildi. Ölüm tarixi bilinmir.
  • Xristofor — 769-cu ildə Sezar ünvanı aldı. Qardaşı Nikeforun 780, 792797-ci illərdə baş tutan üsyanlarını dəstəklədi. Nəticədə dili kəsildi və kor edilərək monastıra həbs olundu.
  • Niketa — 769-cu ildə Sezar ünvanı aldı. Qardaşı Nikeforun 780, 792797-ci illərdə baş tutan üsyanlarını dəstəklədi. Nəticədə dili kəsildi və kor edilərək monastıra həbs olundu.
  • Evdokim — ögey qardaşı IV Leo tərəfindən 775-ci ildə Nobilissimus ünvanı aldı. Qardaşı Nikeforun 780, 792797-ci illərdə baş tutan üsyanlarını dəstəklədi. Nəticədə dili kəsildi və kor edilərək monastıra həbs olundu.
  • Antim — ögey qardaşı IV Leo tərəfindən 775-ci ildə Nobilissimus ünvanı aldı. Qardaşı Nikeforun 780, 792797-ci illərdə baş tutan üsyanlarını dəstəklədi. Nəticədə dili kəsildi və kor edilərək monastıra həbs olundu.
  • Antousa (d. 757 - ö. 809) — səltənət hüququndan imtina edərək rahibə oldu.
  1. 1 2 Emperor of the East Constantine V Copronymus // Faceted Application of Subject Terminology.
  2. Norwich, John J. (1991). Byzantium: The Apogee. Alfred A. Knopf, Inc. ISBN 0-394-53779-3
  3. Alexander, Paul Julius (1985). The Byzantine Apocalyptic Tradition. University of California Press. p. 66 (note 21). ISBN 9780520049987
  4. Cooper, Eric; Decker, Michael J. (2012). Life and Society in Byzantine Cappadocia. Springer. p. 42. ISBN 9781137029645