Parlament
Parlament (ing. parliament, fr. parlement, parler — "danışmaq" kəliməsindən) — hakimiyyət bölgüsü mövcud olan dövlətlərdə ali səlahiyyətli və qanunverici orqan. Bu gün dünyanın əksər ölkələrində parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da, parlamentlərin funksiyası bütün ölkələrdə oxşardır. Struktur etibarilə müasir parlamentlər bir və iki palatalı olur. Tarixdə 3 və 4 palatalı parlamentlərə də rast gəlinir (CAR, Fransa). Lakin bu tip parlamentlərin fəaliyyəti uzun sürməyib. Çünki çoxpalatalı sistem qanunun qəbul olunması prosesini uzadır, bürokratiya dərinləşir və operativlik azalır. Buna görə də 21-ci əsrdə parlamentlər maksimum 2 palatadan ibarətdir. Aşağı palata qanun layihəsini işləyib hazırlayır. Burada qəbul edilmiş qanun layihəsini yuxarı palata təsdiq etməlidir.
Tarix
[redaktə | mənbəni redaktə et]İslandiya parlamenti tarixdə ilk qurum hesab edilir. Altinq (Ümumi yığıncaq) adlanan bu hakimiyyət orqanı 930-cu ildə yaradılıb. Qədim Romada ali dövlət orqanlarından biri isə Senat idi. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. E.ə. 3–1 əsrlərdə Qədim Romada senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi.
Müasir demokratiyanın və parlamentarizm ənənəsinin vətəni İngiltərə sayılır. Britaniya parlamenti dünyanın ən qədim parlamenti deyil, lakin birmənalı olaraq digər parlamentlər üçün örnək sayılır.
Qədim Türk dövlətlərində Qurultay
[redaktə | mənbəni redaktə et]Tarixi mənbələrdən məlum olan ilk türk dövlətlərində isə qurultay mühüm dövlət işlərinin müzakirə edilib qərar verildiyi nümayəndəli məclisə deyilirdi. Hökmdarın ölümü, müharibə və digər milli təhlükələr zamanı toplanan qurultaylar böyük səlahiyyətlərə malik idi. Türk dövlət məclisləri barədə ilk məlumatlar Böyük Hun İmperiyasına, onun ən parlaq hökmdarı olan Mete xanın hakimiyyəti illərinə təsadüf edir. Hacettepe Universitetinin ədəbiyyat fakültəsinin tarix bölümünün müəllimi doktor Mehmet Seyitdanlıoğlu "Qədim türklərdə dövlət məclisi: "toy" haqqında düşüncələr"[1] adlı məqaləsində yazır ki, Mete xanın dövründə xaqanın başçılığı ilə ölkənin iqtisadi, siyasi, sosial, dini və hərbi məsələlərinin müzakirə edilib həll olunduğu böyük yığıncağın — toyun (qurultayın) çağırıldığı məlumdur.
İngiltərədə Parlamentin yaradılması
[redaktə | mənbəni redaktə et]1253-cü ildə Roma Papası IV Innocent kral III Henry-ə kiçik oğlu Edmund üçün Siciliya krallığının taxt-tacını almağı təklif edir. Bunun əvəzində Papa olduqca böyük məbləğdə pul istəyib, lakin ingilis aristokratları bu məbləğin astronomik olduğunu hesab edərək, bu planı bəyənməyiblər. Aristokratlar İngiltərə arasında böyük məsafədə olan Siciliyanın işğal planını ağılsızlıq sayırdılar. Buna baxmayarq Henry baronlardan pul istəməkdə təkidli olub. Lakin baronlar (yəni torpaq mülkünə sahib aristokratlar) krala rədd cavabı veriblər. İxtilaf da beləcə yetişib və artıq 1256-cı ildə III Henry-nin populyarlığından əsər-əlamət qalmamışdı.
1258-ci ildə kral əlverişsiz vəziyyətə düşdü. Baronlar krala mütəmadi olaraq pul verməkdən boğaza yığılmışdılar, çünki o, verdiyi vədləri yerinə yetirmirdi. Üstəlik, həmin il məhsul son dərəcə aşağı olmuşdu, əhali kəskin dərəcədə kasıblaşmışdı, günahı da hamı havada yox, kralda və zadəgan zümrədə görürdü. Henry, Kral Şurası üzvlərini vəziyyəti müzakirə etməyə çağırdı, onun vassalları isə Westminster-dəki yığıncağa Montfort (Səlib yürüşlərinin iştirakçısı, müzəffər sərkərdə Simon de Montfort, 6-cı Leicester qrafı) başda olmaqla əllərində qılınc, yaraqlanaraq döyüşə tam hazır vəziyyətdə gəldilər. Vassalar kraldan hakimiyyət səlahiyyətlərinin baronlara və ruhanilərə ötürülməsini, dövləti sağalda bilən, əyrilikləri aradan qaldıran qanunlar qəbul etməsini tələb etdilər. Bu, kralın xoşuna gəlmədi, lakin onun çıxış yolu yox idi. Qərara alındı ki, o, krallıqda islahatların aparılması üçün komissiyanın yaradılmasına icazə verəcək. Komissiya 24 baron və ruhanidən təşkil olunmalı idi. Onlardan yarısını kral, qalan yarısını isə baronların özləri seçməli idi. Detalları müzakirə etmək üçün Oxford-da toplaşmaq qərara alındı. Məhz bu görüş və həmin görüşdə qəbul edilmiş və "Oxford müddəaları" adı ilə tarixə düşmüş qərarlar Britaniyada parlament demokratiyasının başlanğıcı sayılır.
Oxford müddəaları
Oxford danışıqlarının hər bir iştirakçısı "Tanrının şərəfinə, kralın qulluğunda və xalqın rifahı üçün" krallıqda islahatlara dəstək verəcəyinə təntənəli şəkildə and içdi.
İslahatlar qısaca olaraq aşağıdakı bəndləri nəzərdə tuturdu:
- Hər bir qraflıqdan dörd azad torpaq mülkədarı (İngiltərədə Orta Əsrlərdə sadiq xidmətə görə torpaq verilən cəngavərlər belə adlandırılırdılar) seçilərək kral administrasiyasının yol verdiyi bütün pozuntu hallarını parlamentin mühakiməsinə verəcəklər.
- Hər qraflığın azad mülkədarları hər il qanunun yerinə yetirilməsinə cavabdehlik edən şerif seçəcəklər.
- Bütün şeriflər, xəzinədarlar və hakimlər hər il çəkdikləri xərclər barədə parlament qarşısında hesabat verməlidirlər.
- Parlament ildə üç dəfə toplaşmalıdır: fevralın əvvəlində, iyunda və oktyabrda.
Şübhəsiz, Orta Əsrlər üçün bu, tamamilə inqilabi fikirlər idi. Nəticədə kralın oğlu, gələcəkdə kral olacaq I Edward böyük bir qoşun yığmağa nail olur və 1265 ildə Evesham döyüşündə de Monfortun qüvvələrini darmadağın edir. Kral hakimiyyəti tam həcmdə bərpa olundu, öz dövrünü xeyli qabaqlamış inqilabi islahatlar isə unuduldu.[2]
Fransada Parlamentin yaradılması
[redaktə | mənbəni redaktə et]Fransada ilk parlament tipli qurum 1278-ci ildə təşkil edilmiş Paris parlamentidir. 15-ci əsrdə Tuluza, Marsel kimi böyük şəhərlərin də öz parlamentləri meydana çıxır. Sonrakı əsrlərdə müxtəlif adda qanunverici orqanlar ortaya çıxsa da, müasir formalı Fransa parlamenti 1789-cu il Böyük Fransa İnqilabından sonra ortaya çıxıb. Hazırda 2 palatadan (Senat və Milli Məclis) ibarət olan parlamentin fəaliyyəti 1958-ci il konstitusiyası ilə tənzimlənir.
Almaniyada Parlamentin yaradılması
[redaktə | mənbəni redaktə et]Almaniyada parlament 1871-ci il konstitusiyası ilə təsbit edilmiş Reyxstaq idi. İkinci Dünya Müharibəsindən sonra Almaniyanın parçalanması parlamentin də fəaliyyətinə mənfi təsir edib. Bundestaqa ilk seçkilər 1949-cu ildə baş tutub. Parlamentin yuxarı palatası Bundesrat adlanır və 69 üzvü var.
Rusiyada Parlamentin yaradılması
[redaktə | mənbəni redaktə et]Rusiyada isə ilk parlament 1907-ci ildə fəaliyyətə başlayıb. 1917-ci ildə fevral inqilabından sonra Duma buraxılır. Sovet dövründə bu funksiyanı SSRİ Ali Soveti həyata keçirir. Bununla yanaşı, hər müttəfiq respublikanın özünün də ayrıca ali soveti fəaliyyət göstərib. 1993-cü ildə konstitusiya islahatından sonra Rusiyada Duma bərpa olunur. Eyni zamanda yuxarı palata sayılan Federasiya Şurası da təsis edilir. Hər iki palata birlikdə Rusiya Federasiyasının Federal Məclisi adlanır.
Azərbaycanda Parlamentin yaradılması
[redaktə | mənbəni redaktə et]Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Zaqafqaziya Seymini yaradırlar.
Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.
1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.
Beləliklə, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.
Parlament cəmi 17 ay fəaliyyət göstərib. Bu dövr ərzində 145 iclas keçirib. İlk iclas 1918-ci il dekabrın 7-də, sonuncu isə 1920-ci il aprelin 27-də olub.[3]
Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-u təsdiq edilib. Azərbaycan parlamenti tarixə Şərqdə ilk parlament kimi düşüb.
Sovet dövründə isə ölkəmizdə parlament funksiyasını Azərbaycan SSR-in Ali Soveti həyata keçirib. Sovet dövründə və müstəqilliyin ilk illərində Ali Sovet adlanan parlament 1995-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisi adlanır. Qanunverici hakimiyyət funksiyasını yerinə yetirən Milli Məclisə ilk seçkilər 1995-ci ilin noyabrn 12-də keçirilib. Bu dövlət qurumuna seçkilər hər 5 ildən bir keçirilir.[4]
Həmiçinin bax
[redaktə | mənbəni redaktə et]- Dünya parlamentlərinin siyahısı
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
- Azərbaycan Respublikasının Milli Məclisi
- Senat
- Böyük Azadlıqlar Xartiyası
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- № 20 Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk toplantısı
- №21 Azərbacan Xalq Cümhuriyyətinin parlamenti
- №22 Azərbacan Xalq Cümhuriyyətinin parlamenti
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
- ↑ "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
- ↑ "Arxivlənmiş surət". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
- ↑ "Arxivlənmiş surət". 2010-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.