Hiroo Onoda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hiroo Onodo
小野田 寛郎
Şəxsi məlumatlar
Doğum tarixi 19 mart 1922(1922-03-19)[1]
Doğum yeri
Vəfat tarixi 16 yanvar 2014(2014-01-16)[1] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Yaponiya İmperator ordusu
Qoşun növü piyada, hərbi kəşfiyyat, partizan dəstələri
Xidmət illəri 19411974
Rütbəsi kiçik leytenant[d]
Döyüşlər

İkinci dünya müharibəsi:

  • Filippin əməliyyatı(1944—1945)
  • 1945-ci ildə Yaponiyanın kaputilyasiyasından sonra hərbiçilərin müqaviməti
İstefada uşaq skaut düşərgəsinin yaradıcısı
Təltifləri "Göy lent" medalı
onoda-shizenjuku.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hiroo Onoda (yapon. 小野田 寛郎 Hiroo Onoda, 19 mart 1922[1], Kaynan[d], Vakayama prefekturası16 yanvar 2014[1], Tokio[d])[2][3]II Dünya Müharibəsi zamanı (1944-cü ildən) Filippinin Lubanq adasında müttəfiq qüvvələrə qarşı vuruşan və uzun illər müharibənin bitdiyinə inanmaqdan imtina edən Yaponiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının kiçik leytenantı. O, yalnız 1974-cü ildə Filippin hakimiyyətinə təslim oldu. Partizan müharibələri üçün mütəxəssis hazırlayan Nakano Ordu Məktəbində təhsil alıb. 1984-cü ildən - yapon gənclərinin sosiallaşması ilə məşğul olan "Təbiət məktəbi" nin sədri. Braziliyanın “Santos Dumont” Medalı və Yaponiyanın “Şərəf” Medalı ilə təltif edilmişdir.

Horoo Onodo (sağda) və kiçik qardaşı 1944-cü il

Hiroo 1922-ci il martın 19-da Vakayama Prefekturasının Kamekava kəndində Onoda Tanedziro və Onoda Tamaenin ailəsində anadan olmuşdur. Oğlanın atası müəllim, jurnalist və prefektura məclisinin deputatı, anası isə müəllimə idi. Gənc Onoda ailənin üçüncü oğlu idi və üç qardaşı, bir bacısı var idi. Gəncliyində Kainan orta məktəbində oxumuş və burada xüsusilə kendo - yapon qılıncoynatma sənətini öyrənmişdi.

1939-cu ilin aprelində, məzun olduqdan sonra Onoda Tadzima adlı özəl ticarət şirkətində işə düzəldi və Çinin Hankou şəhərinə köçdü, burada o, çin və ingilis dillərini mənimsədi. Lakin 1942-ci ilin dekabrında hərbi xidmətə çağrılması səbəbindən vətənə döndü. Əvvəlcə Onoda 61-ci piyada alayının ikinci dərəcəli sıravi əskəri təyin edildi, lakin bir neçə gün sonra o, 218-ci piyada alayına keçirildi. 1943-cü ilin iyul ayında birinci dərəcəli sıravi, sentyabrda yuxarı dərəcəli sıravi, noyabrda isə kapral rütbəsinə yüksəldilmişdir.

1944-cü ilin yanvar-avqust aylarında Onoda komandir heyətini hazırlayan Kurume Birinci Ordu Məktəbində təhsil almışdır. Elə həmin ilin aprel ayında təlim zamanı çavuş rütbəsi, məzun olduqdan sonra isə baş çavuş rütbəsi aldı və təhsilini Yaponiya Baş Qərargahında davam etdirməyə göndərildi. Lakin Onoda döyüş zabiti kimi karyera qurmaq qərarına gəldi və 1944-cü ilin avqustunda kəşfiyyat zabitləri yetişdirən Nakano Ordu Məktəbinin Futamata şöbəsinə daxil oldu. Ancaq cəbhəyə təcili göndərilməsi səbəbindən təhsilini yarımçıq qoymqlı oldu. İki ay ərzində Onoda 14-cü Ordunun qərargahına təyin edildi. 1944-cü ilin dekabrında isə düşmən qüvvələrinin arxasında təxribat əməliyyatları aparmaq üçün xüsusi dəstənin komandiri olaraq Filippinə göndərildi. 1945-ci ilin yanvarında kiçik leytenant rütbəsinə yüksəldi və Filippinin Lubang adasına göndərildi. Bundan öncə isə gənc zabit komandiri general-leytenant Şizuo Yokoyamadan aşağıdakı əmri aldı:

" İntihar qəti qadağandır! 3-5 il dözməlisən. Mən mütləq sənin dalınca gələcəm. Palma meyvələri ilə qidalansanız belə, hətta bir əsgəriniz qalsa da mübarizəni davam etdirin. Təkrar edirəm, intihar qəti qadağandır! "

Lubanqa gəldikdən sonra Onoda adanın yapon hərbi rəhbərliyinə uzun müddətli müdafiəyə hazırlaşmağı təklif etdi, lakin onun təklifləri dinlənilmədi. Nəticədə ABŞ qoşunları yaponları asanlıqla darmadağın etdi. Gənc kəşfiyyatçı isə dəstəsi ilə dağlara çəkilməyə məcbur oldu. Onoda cəngəllikdə tabeliyindəki - birinci dərəcəli sıravi Yuiti Akatsu, yuxarı dərəcəli sıravi Kinsiti Kodzuka və kapral Şeyti Simada ilə düşərgə saldı və düşmən qüvvələri arxasında partizan müharibəsi aparmağa başladı.

1945-ci il sentyabrın ikisində Yaponiya təslim olmaq haqda kapitulyasiya aktını imzaladı. Tezliklə Onodanın əlinə müharibənin bitdiyini elan edən amerikalıların atdığı vərəqələr düşdü. Elə həmin ilin sonunda təyyarələr cəngəlliklərə 14-cü Ordunun komandiri Tomoyuki Yamaşitanın silahların yerə qoyulması və təslim olmaq barədə əmrini səpələdilər. Onoda bu vərəqləri düşmən təbliğatının vasitəsi kimi qəbul etdi və adanın Yaponiyanın nəzarətinə qayıdacağına ümid edərək, ABŞ-yə qarşı mübarizəni davam etdirdi. Onun qrupu ilə əlaqənin olmaması səbəbindən 1945-ci ilin sentyabrında Yaponiya hökuməti onları həlak olmuş elan etdi. Ancaq 1950-ci ildə Yuiti Akatsu Filippin polisinə təslim oldu. Beləliklə, 1951-ci ildə Onoda və tabeçiliyində olan iki nəfərin hələ də sağ olduğu bilindi.

Onoda məsələsi yeganə belə hal deyildi. Bununla əlaqədar Yaponiya hökuməti 1950-ci ildə xaricdə qalan yapon əsgərlərini xilas etmək üçün xüsusi komissiya yaratdı. Ancaq Filippindəki siyasi qeyri-sabitlik səbəbindən komissiya dərhal işə başlaya bilmədi.

1954-cü il mayın 7-də Lubanq adasının dağlarında Filippin polisləri Onodonun qrupu ilə toqquşdu. Atışma zamanı yoldaşlarının geri çəkilməsini təmin edən kapral Seyti Simada öldürüldü. Bu hadisədən sonra Filippin hökuməti Yaponiya komissiyasının üzvlərinə yapon əsgərlərinin axtarışına başlamasına icazə verdi. Yuiti Akatsunun ifadələrinə əsaslanaraq komissiya 1954-cü ilin mayında, 1958-ci il bütün il boyu və 1959-cu ilin may-dekabr aylarında axtarış apardı. Ancaq Onoda və tabeliyindəki Kodzuku tapa bilmədi. On il sonra, 1969-cu ilin mayın 31-də Yaponiya hökuməti onları yenidən həlak olmuş elan etdi və ölümlərindən sonra 6-cı dərəcəli “Yüksələn Günəş” ordeni ilə təltif etdi.

1972-ci ilin yanvar ayında Yaponiya ordusunun sağ qalan kapralı Şoiçi Yokoi təsadüfən ABŞ-nin nəzarətində olan Guam adasında tapıldı. Bu hadisə göstərdi ki, bəzi yapon əsgərlər Sakit okean adalarında gizlənməyə davam edir və İkinci Dünya müharibəsinin bitməsindən xəbərsizdilər. Bu arada, 1972-ci il sentyabrın 19-da Filippin polisi patrulu ona hücum edən bir yapon əsgərini gülələdi. Onun Onodanın tabeliyində olan son əskəri Kinsiti Kodzuka olduğu məlum oldu. O, Onoda ilə birlikdə polis patrulunun avtomobilini partlatmaq üçün yola son minalarını qoyurmuşlar. Amma mina uzun zaman keçdiyindən və rütubətdə qaldığından sıradan çıxmışdı. Bu səbəbdən o partlamadı və onlar polislə atışmağa məcbur olmuşdular [4]. Bu hadisə ilə əlaqədar olaraq, həmin il oktyabrın 22-də Yaponiyanın Rifah Nazirliyi yapon əsgərlərini xilas etmək üçün komissiya üzvlərini, həmçinin mərhumun və Onodanın qohumlarından ibarət Filippinə nümayəndə heyəti göndərdi. Lakin sonuncunun axtarışı heç bir nəticə vermədi.

Lubang cəngəlliyində 30 il yaşadığı müddətdə Onoda çətin yaşayış şərtlərinə uyğunlaşmışdı. O, köçəri bir həyat tərzi keçirir düşmən və dünya hadisələri haqqında məlumat toplayır və Filippin hərbi heyətinə və polis işçilərinə qarşı bir sıra hücumlar təşkil etmişdi. Kəşfiyyatçı tələlərin içində, cəngəllikdə və ətrafdakı tarlalarda topladığı siçovullarla qidalanırdı. İldə bir dəfə yağmurlu havada kəndə gedir və ildırımın çaxması zamanı səs eşidilməməsi üçün yerli sakinlərin inəyini öldürdü. Əti qurudur, yağı ilə isə tüfəngini yağlayırdı. Gülləyə qənaət etdiyindən, demək olar ki, ov etmirdi. Onoda tabeliyindəkilərlə Amerika radar bazasına, Filippin rəsmilərinə və polisə yüzdən çox hücum etmişdi. Bu əməliyyatlar zamanı onlar tərəfindən 30 nəfər hərbçi və mülki şəxs öldürülmüş, 100-dən çoxu ağır yaralanmışdı. Dəfələrlə Filippin polisi və ordu xüsusi təyinatlıları [4] cəngəllikdə ona və qrupuna basqınlar etmiş, hətta müvəqqəti sığınacağını belə tapmışdı. Lakin hər dəfə Onodo və qrupu qaçmağa müvəffəq olmuşdu. Özünün avtobioqrafik kitabında dediyi kimi [5], cəngəllikdə "yad adamlar" barədə onu əvvəlcədən xəbərdar edən meşə quşlarının narahat səslərini dinləməyi öyrənmişdi.

Düşmən bazasına edilən hücumlardan birində kəşfiyyatçı ələ keçirdiyi radio qəbuledici vasitəsilə ətrafındakı və dünyadakı vəziyyət barədə məlumat almağa başladı. Yerli kəndlilərdən əldə etdiyi batareyalarla qurğunu işlədirdi. Yapon axtarış komissiyalarının üzvləri tərəfindən cəngəllikdə qoyulan yapon qəzet və jurnallarını da oxumaq imkanı əldə edirdi. Yaponiyadakı son hadisələr haqda yaxşı məlumatı var idi: 1959-cu ildə şahzadə Akihitonun evliliyi, 1964-cü ildə Tokioda Yay Olimpiya Oyunlarının keçirilməsi və "Yaponiyanın iqtisadi möcüzəsi" haqqında bilirdi, ancaq ölkəsinin İkinci Dünya Müharibəsində məğlub olacağına inanmaqdan imtina edirdi. Cəbhəyə göndərilməmişdən əvvəl Onodaya zabit məktəbində düşmənin müharibənin sona çatması ilə bağlı kütləvi dezinformasiyaya əl ata biləcəyini öyrətmişdilər. Buna görə də o, bütün siyasi hadisələri təhrif olunmuş bir nöqteyi-nəzərdən qəbul edirdi. Beləliklə, kəşfiyyatçı düşünürdü ki, 1945-ci ildən sonra Yaponiyanı idarə edən hökumət ABŞ marionetkasıdır və əsl İmperiya hökuməti Mancuriyada sürgündə fəaliyyət göstərir. 1950-1953-cü illər Koreya müharibəsinin başlamasını Onoda Mancuriyadakı Yaponiyaya hökumətinin Cənubi Koreyadakı ABŞ mövqeyinə qarşı bir hücumun başlanğıcı kimi görürdü. 1959-1975-ci illərdə Vyetnamda uzun sürən müharibəyə, o, Yaponiyanın İmperiya Ordusunun amerikalıları təslim olmağa məcbur edən uğurlu bir kampaniya olaraq qəbul edirdi.

1974-cü il fevralın 20-də gənc yapon tələbə-səyyah Norio Suzuki təsadüfən Lubanq cəngəlliyində Onodanı tapdı. Suzuki müharibənin başa çatması, yaponların məğlubiyyəti və Yaponiyanın müasir firavanlığı barədə danışaraq onu vətəninə qayıtmağa inandırmağa çalışdı.

Lakin Onoda öz komandirinin əmri olmadığı üçün xidmət yerindən ayrıla bilməyəcəyini izah edərək, təklifdən imtina etdi. Suzuki Yaponiyaya tək qayıtdı. Amma onun gətirdiyi bir yapon kəşfiyyatçısının fotoşəkilləri yapon mediasını yerindən oynatdı. Yaponiya hökuməti təcili olaraq Yaponiyanın İmperiya Ordusunun keçmiş mayoru və müharibədən sonra bir kitab mağazasında işləyən Onodanın birbaşa komandiri olan Yesimi Taniquci ilə əlaqə saxladı. 1974-cü il mart ayının 9-da Taniquci Lubanq adasına uçdu. O, hərbi forma geyinərək Onoda ilə əlaqəyə qurdu və ona aşağıdakı əmri verdi:

" 1.Əlahəzrətin əmrinə əsasən, bütün hərbi hissələr hərbi əməliyyatlardan azad edilmişdir.
2. Döyüş əməliyyatları haqqında “A” 2003-cü il tarixli Sərəncama əsasən 14-cü Ordunun Baş Qərargahının xüsusi qrupu bütün əməliyyatlardan azad edilmişdir.
3. 14-cü Ordunun Baş Qərargahının xüsusi qrupuna tabe olan bütün bölmələr və şəxslər dərhal döyüş və manevrləri dayandırmalı və yaxınlıqdakı yüksək rütbəli zabitlərin komandanlığı altına keçməlidirlər. Əgər bu mümkün deyilsə, onda birbaşa ABŞ Ordusu və ya müttəfiqlərinin orduları ilə əlaqə qurmalı və onların göstərişlərinə əməl etməlidirlər.
14-cü Ordu Baş qərargahının xüsusi qrup komandiri Yesimi Taniqutu
"

1974-cü il martın 10-da Onoda Taniquçi üçün radar stansiyasına hesabat-məruzəsini gətirdi və Filippin qoşunlarına təslim oldu. O, cır-cındır vəziyyətində olan bir hərbi geyimdə idi [6]. Lakin əlində döyüş qabiliyyətli Arisak tipli 99 modelli tüfəng, yüz güllə, bir neçə əl qumbarası və bir samuray qılıncı vardı. Yapon təslim olmaq əlaməti kimi samuray qılıncını baza komandirinə təhvil verdi və ölümə hazır olduğunu bildirdi. Ancaq komandir onu "ordunun sədaqət nümunəsi" adlandıraraq silahını geri qaytardı.

Filippin qanununa görə Onoda soyğunçuluq və qətl, 1945-1974-cü illərdə polisə və orduya hücum etdiyi üçün edam cəzası gözləyirdi. Lakin Yaponiya Xarici İşlər Nazirliyinin müdaxiləsi sayəsində o, əfv edildi.

Kapitulyasiya mərasimində Filippinin o vaxtkı prezidenti Ferdinand Markos da daxil olmaqla hər iki ölkənin yüksək səviyyəli rəsmiləri iştirak etdilər. 1974-cü il martın 12-də Onoda təntənəli şəkildə vətəninə geri döndü.

Onoda öz qılıncını Filippin Prezidenti Markosa təqdim edir

1974-cü ildən sonra

[redaktə | mənbəni redaktə et]

Onodonun Yaponiyaya qayıdışından sonra bütün ölkə mediasının diqqəti ona qarşı yönəldildi. Yaponiya ictimaiyyətinin bir hissəsi, əsasən də yeni siyasi və ictimai şəraitə uyğun olaraq tərbiyə olunan elm adamları və jurnalistlər keçmiş hərbçinin şəxsiyyətinə soyuq reaksiya göstərdilər. Hələ hava limanında Onoda, imperatorun şərəfinə "Əlahəzrət İmperatora şükür!" salamanı verməsi onu qarşılayanları heyrətləndirdi. KommunistlərSosial Demokratlar onu "militarizm xəyalpərəsti" kimi ləkələməyə başladılar. Sol və mərkəzçi mətbuat başda “Asahi Simbun” və “Mayniti Simbun” olmaqla, Onodonun Yaponiyanın məğlubiyyətini bildiyini, lakin militarist təbiətinə görə təslim olmaqdan imtina etdiyini yazırdılar. Hətta onu 1945-1974-cü illərdə yüzlərlə günahsız filippinlini öldürdməkdə günahlandırdılar. Bütün bunlara baxmayaraq, Onodanın məmurlar və adi vətəndaşlar arasında tərəfdarı az deyildi. Ona hətta Yaponiya Parlamentinin Nümayəndələr Palatasına namizəd olmaq təklifi edildi, amma o, rədd cavabı verdi. Qayıdışı ilə əlaqədar mükafat kimi Yaponiya Nazirlər Kabineti Onodaya 1.000.000 yen verdi. Lakin keçmiş zabit bütün məbləği XIX və XX əsrlərdə Yaponiya uğrunda canından keçən əsgərlərin ruhlarına dua edən Tokiodakı Yasukuni ziyarətgahına bağışladı. Onoda Yaponiyanın o zamankı Baş naziri Kakuei Tanaka ilə görüşdü, lakin İmperator ilə xüsusi bir qəhrəmanlıq etməməsini səbəb gətirərək, görüşdən imtina etdi. Ondan 30 il cəngəllikdə gizləndiyini və hərbçilərə hücum etdiyi zamanı nə düşündüyünü soruşduqda, "vəzifəsi haqqında"[6] – deyə qısaca cavab verirdi.

Mediada məsuliyyətə cəlb edilməsini tələb edən kampaniyaya və müharibədən sonrakı Yaponiya şəraitinə uyğunlaşmaqda çətinlik çəkdiyinə görə Onoda vətənini tərk etmək qərarına gəldi. 1975-ci ilin aprelində, böyük qardaşının ardınca XIX əsrin sonundan bəri böyük bir Yapon diasporunun olduğu Braziliyaya köçdü. Kitabının çapından alınan qonorar ilə o, 1200 hektar ərazisi olan ranço və 1800 baş iribuynuzlu mal-qara aldı [7]. 1976-cı ildə Onoda çay mərasiminin ustası Matiya Onuku ilə evləndi. 1978-ci ildə o, “Braziliya yaponları” cəmiyyətini təsis etdi və səkkiz il onun sədri oldu.

1984-cü ildə Onoda Yaponiyaya qayıtdı və sağlam bir gənc nəsil yetişdirmək üçün “Təbiət Məktəbi” ictimai təşkilatını qurdu. Təşkilatın yaranmasına səbəb 1980-ci ildə yapon gənclərin ata-analarının öldürülməsi xəbəri idi. Onoda, yapon gəncliyinin pozulmasından və kriminallaşmasından narahat idi, buna görə Lubanq adasında meşədə qazandığı təcrübədən istifadə edərək bacarıq və ixtiraçılıq sayəsində cəngəllikdə necə sağ qalmağı bacarmaq barədə təlim keçərək onlara kömək etmək qərarına gəldi. Yeni təşkilatın əsas vəzifəsini təbiəti dərk etməklə gənclərin ictimailəşməsi kimi görürdü. 1984-cü ildən etibarən Onodanın rəhbərliyi ilə məktəb hər il Yaponiyanın hər yerində uşaqlar və onların valideynləri üçün yay düşərgələri təşkil edir, əlil uşaqlara yardım göstərir və tərbiyəyə həsr olunmuş elmi konfranslar keçirirdi. 1999-cu ilin noyabr ayında gənclərlə uğurlu işinə görə Onoda Yaponiyanın Mədəniyyət, Təhsil və İdman Nazirliyinin sosial təhsili sahəsində mükafata layiq görüldü. Bundan əlavə, 2000-ci ilin iyununda Hokuriku Universitetində, 2001-ci ilin aprelində isə Takuseku Universitetində müəllim işləmişdir.

1996-cı ildə Onoda yenidən Lubanqa baş çəkdi və burada yerli məktəbə 10.000 dollar ianə bağışladı. Hələ də onun vəhşiliklərini xatırlayan yerli sakinlərin mənfi münasibəti səbəbindən uzun müddət orada qalmadı və bir də heç vaxt Filippinə qayıtmadı.

2004-cü il dekabrın 6-da Onoda Braziliya Hərbi Hava Qüvvələrinin mülki şəxslər üçün ən yüksək mükafatı olan “Santos-Dumont” Medalına layiq görülən ilk yapon idi. O, həmçinin Braziliyanın Matu Qrossu əyalətinin hökumətindən buranın fəxri vətəndaşı adını da aldı. 2005-ci il noyabrın 3-də Yaponiya hökuməti Onodanı "cəmiyyətdəki xidmətlərinə görə" mavi lent ilə Şərəf Medalı ilə təltif etdi.

Ahıl yaşında olmasına baxmayaraq, Onoda YaponiyaBraziliyada biznes işlərini aparır, vaxtaşırı hər iki ölkəyə səfərlər edirdi. O, əsasən Yaponiyada yaşayır, lakin hər ilin ən azı üç ayını Braziliyada keçirirdi. Yaponiya Milli Müdafiə Şurası və Yaponiya Məclisi kimi mərkəzçi təşkilatlara üzv idi. Onoda Filippində 30 illik qalmasına və ikinci dünya məsələsinə həsr olunmuş bir neçə monoqrafiya və kitabın müəllifidir; onlardan ən məşhuru "Lubanq üzərində otuz illik müharibəm" adlı bir xatirə kitabıdır (yapon. わがルバン島の30年戦争 Vaqa Ruban-sima no sandzyu:nen senso:, 1974). O, ailədə, biznesdə və siyasətdə ənənəvi yapon dəyərlərinin qorunmasının tərəfdarı idi. Onodanın həyat yoldaşı Yaponiya Qadınlar Cəmiyyətinin sədri və Exime prefekturasının məclis üzvüdür.

2014-cü ilin yanvarın 14-də Tokioda, 92 yaşına iki ay qalmış vəfat etmişdi[2][3][8].

  1. 1 2 3 4 Hiroo Onoda // TracesOfWar.
  2. 1 2 "В Японии скончался легендарный ветеран войны Хироо Онода". Российская Газета. 17 января 2014 года. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  3. 1 2 "Holdout soldier dies". NHK (Japan Broadcasting Corporation). Jan. 17, 2014. 2014-01-17 tarixində arxivləşdirilib. (ing.)
  4. 1 2 "Последний самурай". gazeta.aif.ru. 2012-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
  5. Onoda, 1999
  6. 1 2 "Тридцатилетняя война лейтенанта Оноды" (rus). Радио Свобода. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
  7. Assembleia Legislativa de Mato Grosso do Sul. Combatente japonês da II Guerra Mundial recebe Título Honorífico Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine.
  8. "Lenta.ru: Мир: Общество: Последний самурай империи". 2014-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]