Elmira Süleymanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elmira Süleymanova
2 iyul 2002 – 29 noyabr 2019
Əvvəlkivəzifə təsis edilib
SonrakıSəbinə Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyul 1937(1937-07-17)
Doğum yeri
Vəfat tarixi 25 aprel 2024(2024-04-25)[1] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti kimyaçı, insan hüquqları fəalı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Şərəf" ordeni — 2017 "Şöhrət" ordeni — 2007 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019 (Polşa) "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmira Teymur qızı Süleymanova (17 iyul 1937, Bakı25 aprel 2024[1], Bakı) — Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), alim, dövlət xadimiictimai xadim[2]

Elmira Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor elmi adını almışdır.

1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü olmuşdur.

2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.[3]

Elmi nailiyyətləri

[redaktə | vikimətni redaktə et]

Alim kimi onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və müxtəlif texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentində, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır.

O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.

E. Süleymanova Azərbaycan Elmlər Akademiyası Kimya elmləri bölməsinin elmi katibi (1967–1971), "Neft kimyası" problemi üzrə Əlaqələndirmə Şurasının sədr müavini (1970–1995), həmin problem üzrə SSRİ Elmlər Akademiyasının Əlaqələndirmə Şurasının üzvü və Ümumittifaq "Neft kimyası" elmi jurnalının redaksiya heyətinin üzvü (1986–1990), "Kimya" problemi üzrə respublika "Bilik" Cəmiyyəti idarə heyətinin sədr müavini və Bakı şəhər bölməsinin sədri (1980–1992), Respublika Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının üzvü (1998–2000) kimi fəaliyyət göstərmişdir.

200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

Neft kimyası, üzvi kimya və incə üzvi sintez üzrə 30-dan artıq beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft kimyası və 5 aroma-simpoziumda elmi məruzələrlə çıxış etmişdir.

Azərbaycanda BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı — Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidenti olmuşdur. 30-dan çox beynəlxalq konfransda, BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak etmişdir.

Dövlət və ictimai fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Elmira Süleymanova 1980-ci ildən etibarən Azərbaycanda qadın hərəkatının inkişafında mühüm xidmətlər göstərmişdir. 1990–1994-cü illərdə Ümumrespublika Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini olmuşdur.

E. Süleymanovanın qurucusu və prezidenti, 2002-ci ildən isə Fəxri prezidenti olduğu qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun Azərbaycan üzrə təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçisi statusu almışdır. 1994-cü ildə yaradılmış, 1995-ci ildə dövlət qeydiyyatından keçmiş mərkəz Azərbaycanda bu statusa layiq görülmüş yeganə qadın qeyri-hökumət təşkilatıdır. E. Süleymanova AQİM-in prezidenti olduğu illərdə 15-dən çox nüfuzlu beynəlxalq qurumun üzvü olmuş, BMT-nin müxtəlif qurumları – UNDP, UNHCHR, UNİCEF, UNHCR, UNFPA, UNİFEM (hazırda UNW), UNDPİ və digərləri ilə sıx əməkdaşlıq etmişdir.

Müəllifi və rəhbəri olduğu bir sıra layihələri – qaçqınların və məcburi köçkünlərin problemləri, Azərbaycanın şəhər və rayonlarında yerli əhalinin miqrasiyası, qadınların ailədə istismarı, qaçqın uşaqların reabilitasiyası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması və digər çoxsaylı layihələri həyata keçirmişdir. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini (AUGSŞ) (2000) və onun nəzdində Liderlik Məktəbini (2001), Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansını (2000) yaratmış, müntəzəm fəaliyyət göstərən bu qurumlara müxtəlif dövrlərdə rəhbərlik etmişdir.[4]

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan AUGSŞ-in Liderlik Məktəbinin minlərlə məzunu Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, öz hüquqlarının öyrənilməsi və yaşıdlarına öyrədilməsi üzrə hazırlıq kursu keçmişdir. Bu fəaliyyətin uğurlu nəticəsi kimi E. Süleymanova 2000–2002-ci illərdə UNICEF-in nəzdində Şərqi Avropa və MDB ölkələri Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində uşaq hüquqları üzrə milli koordinator seçilmişdir.[5]

E. Süleymanova 2001-ci ildə Azərbaycanda Ahıllar üçün ilk Resurs Mərkəzi yaratmışdır ki, bu qurum da Ombudsmanın resurs mərkəzi kimi müntəzəm fəaliyyət göstərir.

Dünya qadın hərəkatı liderlərindən olmuş E. Süleymanova Amerika Roçester Universiteti tərəfindən Qadın və qızların hüquqlarının müdafiəçisi və onlar üçün örnək olan 100 Qəhrəman qadınından biri elan edilmişdir (1998).

BMT Baş Assambleyasının İnsan haqları üzrə (Vyana, 1993), Əhali və İnkişaf (Qahirə, 1994 və Haaqa, 1999), Qadın problemləri üzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosial İnkişaf (Cenevrə, 2001), Uşaq hüquqları üzrə (Nyu-York, 2002) xüsusi sessiyalarında və konfranslarında dövlət və ya QHT nümayəndəsi, habelə koordinatoru kimi məruzələr və çıxışlar etmiş, regional qurumlarda fəaliyyət göstərmişdir.

  • 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilmişdir.
  • 2010-cu il martın 5-də təkrarən yeni müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilmişdir.

Azərbaycan ilk Ombudsmanı Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının və İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının, Avropa Milli Preventiv Mexanizmlər (MPM) Şəbəkəsinin, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin MPM-lər qrupunun, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü olmuşdur.

2015-ci ilin noyabr ayında Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilmişdir.

2008-ci il 2 dekabr tarixində təsdiq edilmiş "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 13 yanvar tarixli Sərəncamı ilə MPM funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu ilə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyası Ombudsman təsisatına həvalə edilmişdir.

Pedaqoji fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

E. Süleymanova Bakı Dövlət Universitetində özünün təşəbbüsü ilə yaradılmış "İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO" kafedrasında bakalavr və magistr pillələrində insan hüquqları üzrə yüksək ixtisaslı kadr hazırlığı aparmış, həmçinin həmmüəllifliyi ilə hazırlanmış "İnsan hüquqları" və "Genderə giriş" fənləri üzrə mühazirələr toplusu əsasında Hüquq fakültəsində tələbələr üçün mühazirələr oxumuşdur.

E. Süleymanova həm də Rusiya Federasiyasının Ural Dövlət Hüquq Akademiyasında (2007), ABŞ-nin Corctaun Universitetində (2008), Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (2008), Rusiya Dövlət Humanitar Universitetində (2010), Türkiyənin Ondokuz Mayıs Universitetində (2012) mühazirələr oxumuşdur.

Beynəlxalq təşkilatlarla əlaqəli işlər

[redaktə | vikimətni redaktə et]

Elmira xanımın təşəbbüsü ilə fəaliyyəti dövründə bir çox xarici ölkələrin ombudsmanları ilə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.

Elmira Süleymanova elmi fəaliyyəti ilə bağlı 45, ictimai fəaliyyəti ilə əlaqədar 130-dan çox konfrans, simpozium və forumda iştirak etmişdir. Ombudsman vəzifəsində çalışarkən isə 150-dən çox beynəlxalq konfransın iştirakçısı olmuş, burada müzakirə olunmuş mövzulara uyğun çıxışlar etmiş, təkliflər vermişdir. Bu müddət ərzində o, 80-dək ölkədə – ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, İspaniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Norveç, Belçika, Çin, Cənubi Afrika Respublikası, Yeni Zelandiya, Nepal, İndoneziya, Lüksemburq, Niderland, Yaponiya, Polşa, Rumıniya və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.

O, ümumilikdə 100-dən çox bəyanat, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart 1918-ci il Azərbaycanlıların Soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı və digər bir sıra məsələlərə dair bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına ünvanlamışdır.[6]

2011-ci il mayın 14-dən BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da ölkəmizdə Ombudsman təsisatına həvalə edilmişdir.

Elmira Süleymanovanın tövsiyəsi də nəzərə alınmaqla, ölkə Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə E. Süleymanova bu sənədlərin həyata keçirilməsi üzrə İşçi qrupuna rəhbərlik etmişdir.

  • 2015-ci ilin mart ayında UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü seçilmişdir.
  • 2016-cı ildə Beynəlxalq Bioqrafiya Mərkəzinin Fəxri Baş direktoru seçilmişdir.
  • 2016-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilmişdir.
  • İstedadlı alim kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasındakı nailiyyətlərinə görə 1979-cu ildə SSRİ-nin "Fəxri kimyaçısı", ətriyyat, qida və lak-boya sənayesində tətbiq olunmuş ixtiralara görə "SSRİ ixtiraçısı" fəxri adlarına layiq görülmüşdür.
  • SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən, "Şərəf nişanı" (1986) ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir.
  • 1997-ci ildə Azərbaycanda kimya elminin tərəqqisi və dünya səviyyəsində inteqrasiyası sahəsində xidmətlərinə görə akademik Y.H.Məmmədəliyev adına mükafata layiq görülmüş və medalla təltif olunmuşdur.
  • 1998-ci ildə "100 qəhrəman qadın" siyahısına salınmışdır.
  • 2003-cü ildə ABŞ-nin Mədəni Konvensiya qurumu tərəfindən Beynəlxalq Sülh Mükafatı ilə təltif olunmuşdur. O, bu mükafata insan haqlarının qorunması və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə, insanlıq harmoniyasının yaradılmasında xidmətlərinə görə layiq görülmüşdür.
  • Beynəlxalq Sülh mükafatına layiq görülmüşdür (2003).
  • Dinlərarası və Beynəlxalq Dünya Sülh Federasiyası tərəfindən 2005-ci ildə "Sülh məramlı səfir" fəxri adı verilmişdir. Bu mükafat dinlərarası əməkdaşlığa, beynəlxalq mənəvi dəyərlərə, BMT-nin gücləndirilməsinə, sülh mədəniyyətinin yaradılmasına yardımçı olan şəxslərə təqdim edilir.
  • E.Süleymanovanın adı Oslodakı Nobel Sülh Mükafatları Komitəsinin beynəlxalq koordinatorlar qrupu tərəfindən "1000 qadın - 2005-ci ilin Nobel Sülh mükafatına" adlı layihəsinin nominantları sırasına da daxil edilmiş və Komitə tərəfindən qeydə alınmış "Dünyanın 1000 qadınından biri" kitabına salınmışdır.
  • 2008-ci ildə Polşa Prezidenti tərəfindən Polşa Respublikasının Zabit dərəcəli "Böyük Qızıl Xaç Ordeni" ilə təltif edilmişdir.
  • Amerika Bioqrafik İnstitutunun nəşr etdirdiyi 1998-1999-cu illər üzrə Beynəlxalq "Kim kimdir?" toplusunun 7-ci buraxılışı "Mütəxəssis və biznes qadınları", 2011-ci ildə 10-cu buraxılışı "Peşəkar və işgüzar qadınlar" kitablarına çoxşaxəli fəaliyyətinə və xidmətlərinə görə Elmira xanımın adı daxil edilmişdir.
  • 2011-ci ildə Amerika Bioqrafik İnstitutunun "Beynəlxalq səfir" ordeni ilə təltif edilmişdir.
  • 2017-ci ildə İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) təşkilatı tərəfindən Türk Dünyası Onur Medalı ilə təltif edilmişdir.
  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
  • 2019-cu ildə Türkiyə Böyük Millət Məclisinin sədri tərəfindən Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin və Azərbaycan Milli Məclisinin yaranmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə pul nişanı E.Süleymanovaya hədiyyə edilmişdir.
  • 2019-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və dünya elminə və mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalına layiq görülmüşdür.
  • 2019-cu ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi (akademik) üzvü seçilmiş, döş nişanı və mantiya (cübbə) verilmişdir.
  • 2019-cu il dekabrın 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
  • 2020-ci il iyulun 16-da Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunmuşdur.
  • "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı;
  • "Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı;
  • “Dövlət Gömrük Komitəsinin 20 illiyi yubiley medalı”;
  • “Dövlət Miqrasiya Xidmətinin 10 illiyi yubiley medalı”.
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
  1. 1 2 Elmira Süleymanova vəfat etdi. Qafqazinfo.
  2. "Müvəkkil". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  3. "Elmira Süleymanova dəfn olunub - YENİLƏNİB-3". Report İnformasiya Agentliyi (az.). 2024-04-25. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  4. "Elmira Süleymanova: "Avropa Şurasının Qarabağla bağlı daha konkret addımlarını görmək istərdik"". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  5. ""AZƏRBAYCAN RESPUBLİKASINDA OMBUDSMAN TƏSİSATI VƏ İNSAN HÜQUQLARININ İNKİŞAFI" elmi-praktiki konfransın materialları" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-12.
  6. "Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar Bakıda konfrans keçirilib". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]