Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Eldənizlər

Vikipediya, azad ensiklopediya
(Eldənizlər dövləti səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Atabəylik
Eldənizlər
اتابکان آذربایجان‎
Atabakan-e Azarbayjan[1][2]
Bayraq
Bayraq
Eldənizlərin ən qüdrətli dövrlərindəki sərhədləri[3]
Eldənizlərin ən qüdrətli dövrlərindəki sərhədləri[3]
 
 

Paytaxt Naxçıvan[2]
Həmədan[4]
Təbriz[5]
Ən böyük şəhər Ərdəbil, Beyləqan, Bərdə, Gəncə və paytaxt şəhərlər.
Rəsmi dilləri Azərbaycan türkcəsi[6][7]
Fars dili[6]
Dövlət dini İslam (Sünni)
Valyuta Dinar,[8] dirhəm
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Eldənizlər
Sultan, atabəy
 • 1136–1175 Şəmsəddin Eldəniz[9] (ilk)
 • 1210–1225 Müzəffər Özbək (son)[10]
Davamiyyət
 →
İllik xəzinə gəliri : 84,2 milyon dinar[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Eldənizlər[11] (fars. ایلدگزیان‎‎), həmçinin Eldəgəzlər,[11] İldənizlər[12] (türk. İldenizli Atabeyliği) və ya Atabəylər (fars. اتابکان آذربایجان‎‎, translit. Atabakan-e Āzarbayjan) — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranıCibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsasının qoyulması qıpçaq əsilli Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, ƏrzurumMarağa torpaqlarını əhatə edirdi.[13]

Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə Sultan Arslanşahın ölümündən sonra onun 7 yaşlı oğlu III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı.[14] Atabəy Cahan Pəhləvan tərəfindən mərkəzi hakimiyyətə qarşı üsyanlar yatırılmış və qonşuluqdakı hakim sülalələr ilə dostluq münasibətləri yaradılmışdı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi. Adı çəkilən atabəyin dövründə Eldənizlərin paytaxtı Naxçıvandan Həmədana köçürülmüşdü.[15]

Əsrin böyük şairləri NizamiXaqani Atabəylər dövründə yaşamışdılar. Hər iki şairin Eldəniz sarayı ilə sıx əlaqələri olmuşdur. Eldənizlər dövründə memarlıq sahəsində də bir sıra irəliləyişlər əldə edilmişdi. ArranNaxçıvan-Marağa memarlıq məktəbləri bu dövrdə inkişaf etmişdi. Naxçıvan- Marağa memarlıq məktəbinin inkişafında Memar Əcəminin böyük rolu olmuşdur. Yusif ibn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Göy Günbəd türbəsi, Atabəylər məscidi kimi memarlıq nümunələri Eldənizlər dövrü ilə bağlıdır.[16]

Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı Qızıl Arslan gəldi. Qızıl Arslanın dövründə paytaxt Təbrizə köçürüldü. O, ara müharibələrinə son qoydu və həmçinin özünü sultan elan edərək Azərbaycan atabəylərinin hakimiyyətini, hökm etdikləri ərazilərdə qanuniləşdirdi. 1191-ci ildə Sultan Qızıl Arslanın ölümündən sonra taxt müharibələri yenidən başladı. Bu müharibələrdə Cahan Pəhləvanın oğulları, Əbu Bəkr, Əmir Əmiran ÖmərQutluq İnanc əsas rol oynayırdılar.[17]

Hakimiyyətdə olan sonuncu hökmdarlar Əbu Bəkr və Özbəyin dövründə dövlət zəifləyərək süquta sürükləndi. Hər iki hökmdar dövlət işləri ilə maraqlanmır və vaxtlarını daha çox içki məclislərində keçirməyə üstünlük verirdilər. Özbəyin dövründə Azərbaycan atabəylərinin torpaqlarının çoxu itirilmişdi, onun hakimiyyəti təkcə Azərbaycanla məhdudlaşmışdı. Nəhayət xarici basqınlara əhəmiyyət verməyən son hökmdar Özbəyin dövründə bütün Eldəniz torpaqları Cəlaləddin Məngüberdi tərəfindən işğal edildi. Ona heç bir müqavimət göstərməyən Özbək isə 1225-ci ildə Əlincə qalasında öldü.[18]

Sülalənin mənşəyi

[redaktə | mənbəni redaktə et]

Eldənizlər sülaləsinin banisi olan Şəmsəddin Eldəniz qıpçaqlardan idi. Mirxond yazır: Məlumatlı tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı, onlan satan ondan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi". Belə olmuşdu ki, Sultan Mahmudun hakimiyyəti dövründə bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul da Eldəniz olmuşdur.[19]

Bəzi mənbələrə görə Eldənizin mənşəyi Qafqazdakı qıpçaqlardan, bəzilərinə görə isə Mərkəzi AsiyadanXorasan ərazisindəki qıpçaqlardan gəlməkdədir. Xarəzm tarixçisi Bahaəddin Məhəmməd ibn Müəyyəd Xarəzmşahların məktublarını qələmə aldığı əsərində Atabəy Cahan Pəhləvana aid bir məktubdan bəhs edərkən, atabəyin Xarəzm ordularının başında Taraza qədər gəlmiş qıpçaq Uran qəbiləsinin rəislərindən Kıranla "qohum olduğunu" yazmaqdadır. Xarəzm ordusuna keçənə qədər adı çəkilən qəbilənin böyük hissəsi müsəlman deyildi. Belə ki, qəbilə türk tanrıçılığına pərəstiş edirdi.[20]

Şəmsəddin Eldəniz (1136–1175)

[redaktə | mənbəni redaktə et]

Sülalənin güclənməsi

[redaktə | mənbəni redaktə et]

Eldənizi qul kimi alan Səlcuq vəziri Sümeyrəminin 1122-ci ilin mayında sui-qəsdlə öldürülməsindən sonra Sultan Mahmud onun bütün var-dövlətini müsadirə etdirirdi. Eldəniz də sultanın xidmətinə keçdi. Sultan Mahmud Eldənizin bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Tezliklə onu sultan mətbəxinə başçı qoydular. O, bu vəzifəsində ikən Sultan Mahmudu ölüm yaxaladı. Sultan II Toğrulun hakimiyyəti dövründə Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi. Sultanın xanımı Mömünə xatun ona xüsusi iltifat göstərirdi.[21]

1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi. Cüzcani yazır "Eldəniz Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır".[22] Bununla müstəqil Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Eldənizin ələ keçirdiyi torpaqlara daxil olan Naxçıvan paytaxt seçildi.[13]

Hakimiyyətin ələ keçirilməsi

[redaktə | mənbəni redaktə et]
Atabəy Şəmsəddin Eldənizin adına zərb olunmuş pul. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu

1145–1146-cı illərdə Fars hakimi Boz Aba və Rey hakimi Abbas ittifaq bağlayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdılar. Bu ittifaqa Sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan Yürək də daxil oldu. Sultan Məsud bu qiyamı yatıra bilmədiyi üçün atabəy Eldənizdən kömək istədi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. Döyüşdə üsyançılar məğlub oldular və geri çəkildilər. Eldənizin isə İraq Səlcuq sultanlğında nüfuzu daha da artdı.[23]

1160-cı ildə İraq Səlcuq sultanı Süleyman şah əmirlərin çıxışları nəticəsində taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları, başda nüfuzlu əyyanlardan olan Şərafəddin Müvəffəq Qord-Boz Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslanşahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.[24] 1160-cı ilin noyabrında Eldəniz 20 minlik ordunun başında Arslanşahla Həmədana daxil oldu. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslanşaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu.[25]

1160-cı ildə Şəmsəddin Eldəniz "Böyük Atabəy" titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi.[26]

Atabəy Eldənizin İraq Səlcuq taxtını ələ keçirməsi asan olmadı. Arslanşaha qarşı taxtın 2 iddiaçısı meydana çıxdı. Marağa atabəyi nəzarəti altında olan Mahmud şah və Fars hakiminin nəzarəti altındakı Məlik şah. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkət keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 2 avqust 1161-ci ildə Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu darmadağın etdi. Reyi ələ keçirib oranı Cahan Pəhləvanın iqtası elan etdi.[27] Rey hakimi Əmir İnanc da Eldənizin vassalına çevrildi.[28]

Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin bəy Teymura müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan məğlub oldu və Həmədana qaçdı.[29] Bir müddət sonra Marağa atabəyi Nüsrətəddin vəfat etdi. Eldəniz onun mülklərində çoxuna ələ keçirdi və Ağsunquriləri təsiri altına saldı.[30]

Sərhədlərin genişləndirilməsi

[redaktə | mənbəni redaktə et]

Eldənizin sonuncu düşməni, Arslanşahın ali hakimiyyətini tanımaq istəməyən Fars hakimi Sunqur ibn Mədud 1161-ci ildə vəfat etdi. Yalnız onun yerinə gələn Zəngi ibn Mədud 1162-ci ildə sultandan və atabəy Eldənizdən vassal asılılığını qəbul edərək, onların adına pul kəsdirdi. Elə o il atabəy Eldəniz Ərdəbil vilayətini Məhəmməd ibn Ağ Quşdan aldı və həmin ərazini oğlu Cahan Pəhləvanın mülklərinə qatdı.[31]

1161-ci ildə gürcü qoşunları Eldənizlərin tabeliyində olan Dəbil şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılmışdı.[13] Baş vermiş hadisədən xəbər tutan atabəy Eldəniz Xilat, Marağa, Ərzən ər-Rum hakimlərini və başqa əmirləri gürcülərə qarşı birləşdirdi. 1163-cü ilin yanvarında atabəy Eldənizin qoşunları Gürcüstana daxil oldular. Eldənizin və III Georginin qoşunları arasında hərbi əməliyyat 1 ay davam etdi. Həmin ilin iyulunda əmirlərin birləşmiş qüvvələri gürcülərə qarşı ikinci yürüşə başladılar, Eldəniz Dəbil şəhərini onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Lakin bu məğlubiyyətə baxmayaraq, 1164-cü ilin aprelində gürcü qoşunları yenidən Dəbil şəhərinə həmlə edərək onu taladılar. Eldəniz yenidən onları şəhərdən qovdu və həmin ilin sonunda şəhəri Şəddadi əmiri Fəzlunun qardaşı əmir Şahənşahın ixtiyarına verdi.[32]

1167-ci ildə Mosul Atabəyləri Zəngilər də Arslanşahın hakimiyyətini qəbul etdi. Atabəy Eldəniz KirmanXuzistan hakimlərini də itaəti altına aldı. Beləcə, Atabəy Eldəniz dövründə Azərbaycan Atabəyləri İraq Səlcuqlularının bütün torpaqlarını əllərinə keçirdilər. Atabəyə itaət edən əyalətlər arasında Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, ƏrzurumMarağa yer alırdı. Səlcuq müvərrixi əl-Hüseyni belə deyir: "Əsl hökmdar Atabəy Eldənizin özü idi. Əmrləri o verirdi, iqta torpaqlarını o paylayırdı, dövlət xəzinəsinə nəzarəti də o edirdi. Sultan Arslanşah ibn Toğrulun ancaq adı var idi".[30]

1167–1168-ci ilərdə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslanşah qaçıb Həmədana – Sultan Arslanşah və atabəy Eldənizin qulluğuna gəldi. 1168-ci ildə Atabəyin qüvvələri Kirmana daxil oldular. II Arslanşah Atabəyin vassalı kimi Kirmana hakim təyin edildi.[33]

1166-cı ildə çoxsaylı gürcü qoşunu Azərbaycana soxularaq Gəncəyədək irəlilədilər. Şəhər qarət və talanlara məruz qaldı. Bu müdaxilədən sonra, 1174-cü ilədək tərəflərdən heç biri fəal hərbi əməliyyatlar aparmadı. Lakin 1174-cü ilin əvvəlində atabəyin Naxçıvandan Həmədana gələn arvadı Möminə xatun gürcü qoşunlarının yeni hücumundan xəbər gətirdi. 1175-ci ilin avqustunda atabəy Eldənizin, sultan Arslanşahın, Xilat hakimi Şah Ərmənin və Diyarbəkir hakiminin birləşmiş qüvvələri Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş etdilər. Ravəndinin məlumatına görə, gürcülər "məğlub edildilər, müsəlmanlar isə elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi". Bu məğlubiyyətdən sonra gürcülər Dəbilə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqlara olan hücumlarından müvəqqəti olaraq əl çəkdilər.[34]

1166–1167-ci illərdədə Atabəydən vassal asılılıqda olan Nişapur hakimi Ay-Aba Həmədana gəldi və atabəy Eldənizə bildirdi ki, xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. Atabəy Eldəniz Həmədandan Reyə yollandı və oradan xarəzmşah İl-Arslanın yanına aşağıdakı məzmunda bir məktubla elçi göndərdi: "Doğrudan-doğruya bu Müəyyid Ay-Aba sultanın məmlükdür, Xorasan isə sultanın ölkəsidir, onun atalarının və babalarının yeridir. Eləcə də sənin qaldığın Xarəzm də onun mülküdür! Əgər sən Nişapura hərəkət etsən, onda mənim cavabım sənə qarşı hücum və bizim aramızda müharibə olacaqdır. Sən özün haqqında düşünmürsənmi?!"[35]

Mühasirə 2 ay uzansa da, şəhər təslim olmadı. Atabəyin və Xarəzmşahın qoşunları arasında baş verən döyüş bir nəticə vermədi. Bununla belə, Eldənizlər çox keçmədən Nişapuru itirdilər. Belə ki, əvvəllər Eldənizlərin vassalı olan Nişapur hakimi Ay-Aba özü Xarəzmşahın tərəfinə keçmişdi.[36]

1168-ci ildə Marağa hakimi Arslan-Aba yenidən hakimiyyətə qarşı üsyan etdi, lakin bu üsyan Marağanı mühasirəyə alan Cahan Pəhləvan tərəfindən yatırıldı. Çox keçmədən marağalıların əvvəlki vassallığını bərpa edən barışıq imzalandı.[35] 1170-ci ildə Reyə hərəkət edən atabəy, bu əyaləti əlinə keçirib oğlu Cahan Pəhləvanın iqtaları arasına qatdı. Rey hakimi İnanc, atabəyin əmriylə öldürüldü.[37]

1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslanşah vəfat etdi.[38]

Məhəmməd Cahan Pəhləvan (1175–1186)

[redaktə | mənbəni redaktə et]

Daxili mübarizə

[redaktə | mənbəni redaktə et]
Məhəmməd Cahan Pəhləvanın adına zərb olunmuş dirhəm. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu

Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, Atabəy hadisələrin sonrakı gedişini, Sultan Arslanşahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı.[39][40]

Eldənizin siyasətindən narazı olan əmirlər Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər.[41] Lakin Zəncanda xəstələnərək, yenidən Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı paytaxta dəvət edir, onunla barışır, dövlətin idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələrin məlumatı Arslanşahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlənməsi faktını təsdiq edir. Bu yolla rəqibini aradan götürən Atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.[42]

Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlənin çıxışını yatırmalı oldu. Atabəy Eldəniz öz sağlığında xəlifənin həmlələrinin qarşısını almağa qadir qüvvəyə malik olan bu vassalına həmişə qoşunla yardım etmişdi. Şimlə Atabəy Eldənizin ölümündən istifadə edərək Nəhavəndi hiylə yolu ilə daxil olaraq, şəhəri talan etdi, şəhər qazısını və hakimini isə edam etdirdi. Cahan Pəhləvanın göndərdiyi qoşunla baş vermiş döyüşdə Şimlənin ordusunu darmadağın edildi, ağır yaralanmış Şimlə isə əsir alındı və iki gün sonra öldü. Xuzistanda hakimiyyətə keçən oğlu Şərəfəddin Əmiran Atabəyə tabe oldu.[43]

Atabəyin qarşısında Səlcuq sülaləsindən yeganə maneə Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd idi. Şahzadə Məhəmməd III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı.[44]

Atabəy Pəhləvan Marağa atabəyi Arslan-Aba ibn Ağsunqurun 1175-ci ildəki vəfatından istifadə edib onun torpaqlarını əlinə keçirmək üçün hərəkətə başladı və təzliklə Marağa mühasirəyə alındı. Eyni zamanda Arran və Azərbaycan hakimi qardaşı Qızıl Arslan da Təbrizə hücum etdi. Marağa şəhərinin qaziül-qüzatı[q 1] Sədrəddin ilə bağlanan sülh müqaviləsinə görə Marağa, Ruindej qalası Ağsunqurilərə verilmək şərti ilə Marağa atabəylərinin digər torpaqları Eldənizlilərin əlinə keçdi. Arran və Azərbaycan hakimi Qızıl Arslan bunun üzərinə öz iqamətgahını Naxçıvandan Təbrizə köçürdü.[45]

Xarici əlaqələr

[redaktə | mənbəni redaktə et]
Üzərində Məhəmməd Cahan Pəhləvanın adı yazılmış və antropomorf təsvirlərlə bəzədilmiş saxsı qab, Qədim Gəncə, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi

Atabəyin inzibatçılıq qabiliyyəti və amansız tələbkarlığı dövlət idarəçilik sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu. Hakimiyyətdə olduğu 10 il müddətində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. Əl-Hüseyni yazır ki, Cahan Pəhləvanın hakimiyyəti illərində "gürcülər onun tələblərini qəbul edərək, sülh bağladılar".[46][47]

Atabəy hakimiyyəti möhkəmləndikdən az sonra onunla xarəzmşah Təkiş arasında dostluq münasibətləri yarandı. Dövrümüzə xarəzmşah Təkişin "İraqın böyük atabəyi Şəms əd-Dövlə və-d-Din Pəhləvana" yazdığı məktublardan cəmi dördü çatmışdır. Bunların birində (avqust, 1181-ci il) təəssüf hissi ilə deyilirdi ki, "cənabi-Humayun" padşah öz elçilərinin sayını azaltmışdır. Digər bir məktubda Xarəzmşah xahiş edir ki, onun hədiyyələrini qəbul etsin, belə ki, "bu hədiyyələr səmimi qəlblə göndərilib. Xarəzmşah ümid etdiyini bildirir ki, həmişə onların arasında sevinc qapıları açıq, şübhə qapıları isə bağlı olacaq."

Hələbdə Zəngi Atabəylərinin ən böyük nümayəndəsi Nurəddinin vəfatından sonra Misiri əlinə keçirən Səlahəddin Əyyubi öz hərbi gücündə istifadə edərək Zəngilərin əvvəlcə Hələb qolunu öz hakimiyyəti altına almış, daha sonra da Cahan Pəhləvanın vassalı Mosul Zəngilərinə təsir etməyə başlamışdı. Mosul hakimi Zəngilərdən İzzəddin Məsud Səlahəddin Əyyubiyə bir elçi göndərərək sülh təklif etsə də Əyyubi bunu qəbul etmədi. Səlahəddin Əyyubinin cavabı üzərinə Mosul atabəyi İzzəddin Cahan Pəhləvana özlərinin sultanın vassalları olmaları səbəbilə qorunmasını xahiş etdi. Bunu eşidən Əyyubi 1185-ci ilin aprelində Mosulu mühasirəyə aldı. Ancaq tam bu vaxt Ərmənşahlardan II Sökmənin 10 iyul 1185-ci ildə vəfat xəbərini eşidən Səlahəddin Əyyubi mühasirəni dayandırıb Axlat istiqamətində hərəkətə keçdi. Əyyubinin gəlişinə qədər Axlatda Ərmənşahların başına keçən Seyfəddin bəy Teymur kömək üçün Pəhləvana müraciət etdi. Həm Mosul, həm də Axlatdakı vəziyyəti hesaba qatan Atabəy Pəhləvan təcili olaraq Şərqi Anadolu istiqamətində hərəkətə keçdi. Atabəyin köməyə gəlməsi ilə qüvvələr fərqinin əleyhinə olduğunu başa düşən Səlahəddin geri çəkildi.[48]

1185-ci Cahan Pəhləvanın vassalı, Xilatın hakimi Nəsirəddin Məhəmməd ibn İbrahim II Sökmənin ölümündən sonra məmlükü Seyfəddin bəy Teymur əlinə keçirdi. II Sökmənin vəziri Məcdəddin ibn əl-Müvəffəq başda olmaqla Xilatın əyanları – məmlükün rəqibləri Səlahəddinə müraciətlə Xilatın Teymurdan geri alınmasını xahiş etdilər. Səlahəddin bu təklifi qəbul etdi və Xilata qoşun göndərdi. Kəşfiyyat məqsədilə fəqih İsa Xilata elçi göndərildi. II Sökmənin vəziri ona bildirdi ki:"Seyfəddin bəy Teymur və Pəhləvanın qızı II Sökmənin həyat yoldaşı Xilat qalasındadırlar, bəlkə Pəhləvan da buraya gəldi". Fəqih heç bir nəticə əldə etmədən geri qayıtdı.[49]

Tezliklə atabəy Cahan Pəhləvan da himayəsində olan torpaqların qorunması adı ilə qoşun ilə Xilata özünü çatdırdı. Atabəyin qoşunları şəhərin şərqində mövqe tutdular. Cahan Pəhləvan Səlahəddinə məktub yazaraq bildirdi: "Bu ölkə mənim qızıma mənsubdur və o, hazırda qaladadır. Mənim məsləhətim budur: qoy aramızda olan dostluq münasibəti əvvəlki kimi qalsın və davam etdirilsin". Bundan sonra Səlahəddin əl-Cəzirəyə, Pəhləvan isə öz ölkəsinə qayıdtdılar. Seyfəddin bəy Teymur Atabəyə pul və hədiyyələr göndərdi və Xilatda Cahan Pəhləvanın adı ilə xütbə oxunmağa başlandı.[50]

Bu hadisələr zamanı atabəy Cahan Pəhləvanın qarnından bərk ağrı bərk ağri tutdu. Atabəy əmr etdi ki, onu tikdirdiyi Təbərək qalasına, ailəsinin yanına aparsınlar. Təbiblərinin bütün səylərinə baxmayaraq, onlar Atabəyi ölüm yatağından qaldıra bilmədilər. 1186-cı ildə, 50 yaşında vəfat etdi.[51]

Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idarəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi.[52] Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.[52][53]

Qızıl Arslan (1186–1191)

[redaktə | mənbəni redaktə et]

Cahan Pəhləvanın ölümü sultanlığın hakim dairəsində çaşqınlığa səbəb oldu. Əyanları və Atabəyin yaxın adamları (İnanc xatın və onun tərəfdarları) iki və ya üç ay ərzində Cahan Pəhləvanın ölümünü onun təbəələrindən gizlədir, xəstəliyi haqqında xəbər yayırdılar. Bütün bu müddətdə onlar Cahan Pəhləvanın yerini kimin tuta biləcəyi haqqında məşvərətlər keçirirdilər. Nəhayət, onlar sultan III Toğrulun yanına gedib, Qızıl Arslanın iqta torpaqları sayılan AzərbaycanıArranı onun hakimiyyəti altında saxlamağa və qoşunun baş komandanı vəzifəsini də ona tapşırmağa razı salmaq qərarına gəlirlər.[54]

Atabəy Qızıl Arslanın şair Nizami Gəncəvini qarşılaması. 1481-ci ilə aid əlyazmadan miniatür. (Uolters Sənət Muzeyi, Baltimor, ABŞ)

Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar[q 2] Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.[55]

İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər. Sultan III Toğrul da Qızıl Arslanı özünün atabəyi təyin etməyə məcbur oldu.[56]

Qızıl Arslana olan bu münasibət, mövqeyinin möhkəmlənməsi İnanc xatunu heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camaləddin Ay-Aba və Seyfəddin Rusla gizli danışığa girərək, onların Sultan III Toğrulun tərəfinə keçmələrinə nail oldu.[57] Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoşuldular. 1187-ci ildə Həmədan yaxınlığında birləşmiş qüvvələrlə Qızıl Arslanın ordusu arasında bir neçə gün davam edən döyüşlərdən sonra Qızıl Arslanın ordusu geri çəkildi.[58]

Bundan sonra Sultanın əmri ilə onun tərəfdarları Qızıl Arslanın tərəfdarlarına divan tutmağa başladılar. Belə ki, III Toğrulun vəziri İzzəddin, Həmədanın rəisi Fəxrəddin, Qızıl Arslanın əmirləri Siracəddin Qaymaz, Bədrəddin Qaragöz və başqalan öldürüldü. Bundan sonra yerli hakimlər, xüsusən ətraf ərazinin hakimləri Sultanla əlaqəni kəsməyə başladılar.[59]

Qızıl Arslan əvvəlcə Bağdad xəlifəsi ən-Nasir Lidinillaha müraciət etdi. Xəlifə ən-Nasir Qızıl Arslanın təklifini qəbul etdi və Cəlaləddin ibn Yunisin başçılığı ilə Həmədana qoşun göndərdi. Həmədan ətrafındakı Day-Mərgdə meydana gələn döyüşdə Qızıl Arslanın gəlməsini gözləməyib döyüşə girən xəlifə qüvvələri 6 may 1188-ci ildə III Toğrul tərəfindən darmadağın edildilər.[60]

Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına da Mücahidəddin Xalis əl-Xassi gətirdi. 1188-ci ilin dekabrında Xəlifə ilə Sultan arasında ikinci vuruşma meydana gəldi. Bu dəfə III Toğrul Həmədanı tərk edib İsfahana qaçdı və Abbasi ordusu paytaxtı tutdu. Qızıl Arslan da buraya gəldi. Həmədanda xəlifənin əmriylə taxta Qızıl Arslan oturduldu və Bağdadda onun adına "hökmdar və möminlər əmirinin köməkçisi" adıyla xütbə oxuduldu.[61]

Qızıl Arslanın Həmədanda olmasından istifadə edən sultan III Toğrul öz qoşunu ilə Uşnu, Xoy, UrmiyaSəlmas şəhərlərinə soxulub, hər yeri talan etdi[62]Səlahəddin Əyyubiyə müraciət edərək, yardım göstərməsini xahiş etdi. Səlahəddin, Qızıl Arslanla III Toğrulu barışdırmağa cəhd göstərsə də bu heçbir nəticə vermədi. Əvvəl barışığa razı olan III Toğrul, yenidən Qızıl Arslanla müharibə etmək qərarına gələrək, 1190-cı ilin oktyabrında Qızıl Arslanın üzərinə hücuma keçdi. Qızıl Arslan digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı.[63]

1191-ci ildə Qızıl Arslan fəallaşmış olan gürcülərin qarşısını almaq üçün hərəkət keçdi. Atabəy qoşunları Van gölünə yaxınlaşaraq yollarının üzərindəki Bitlis şəhərini tutdular. Eyni zamanda Qızıl Arslan, kraliça Tamaranın birinci əri, gürcü sarayından qovulmuş olan Georgi Rusa hərbi yardım göstərdi. Gürcüstana soxulan Qızıl Arslanın qüvvələri ölkəni talan etdilər və çoxlu əsir qənimətlə geri qayıtdılar.[64]

Qızıl Arslan Həmədana qayıdarkən Naxçıvandakı həbsdə olan Səlcuq taxtının varislərindən Səncər ibn Süleymanı da özüylə gətirərək İraq Səlcuq taxtına əyləşdirdi. Sonradan Xəlifənin də məsləhəti ilə Səncəri yenidən həbs etdirib sultanlıq tacını öz başına qoydu. Beləcə, Eldənizlərin hakimiyyət uğrunda mübarizəsi Naxçıvan iqtidarlığından Səlcuqlu sultanlıq taxtına qədər bir yol keçərək öz inkişaflarının zirvəsinə çatdı. Beləliklə, Azərbaycan Atabəyləri formal hakimiyyəti, yəni sultan titulunu ələ keçirdilər.[65]

Lakin Qızıl Arslan gerçək hakimiyyətinin möhkəmləndirilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etmədi. Sarayda özbaşınalıq hökm sürür, hökmdarın isə içki məclislərindən başı açılmırdı. Nəhayət, Qızıl Arslana qarşı qəsd təşkil olundu. İnanc Xatun bu qəsddə fəal rol oynayırdı. 1191-ci ilin sentyabr ayında Qızıl Arslan öldürüldü.[66][67]

Əbu Bəkr (1191–1210)

[redaktə | mənbəni redaktə et]

Əbu Bəkrin adına zərb olunmuş dirhəmlər


Sultan Qızıl Arslan öldürülən kimi Əbu Bəkr Azərbaycana yola düşdü və tezliklə Naxçıvana, Şəmsəddin Eldənizin hakimiyyəti dövründən Azərbaycan Atabəylərinin tabeliyində olan torpaqlardan yığılmış vergilərin toplandığı Əlincə qalasına çatdı. Qala bütün xəzinələrlə birlikdə Əbu Bəkr tərəfindən ələ keçirildi. Azərbaycandakı bütün yerli hakimlər onun hakimiyyətini tanıdılar.[68] Həmədan və ətraf vilayətləri isə Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər zəbt etdilər. İnanc xatunun özü Reydə qaldı.[45]

Cahan Pəhləvanın silahdaşlarından olan Mahmud Anas 1192-ci ildə sultan III Toğrulu həbsdən çıxardı. Qutluq İnancın üzərinə hücuma keçən III Toğrul Qəzvin yaxınlığındakı döyüşdə İnancın 15 minlik qoşununu məğlub etdi. Ordusunun xəyanətinə uğrayan Qutluq İnanc Reyə çəkildi. Bu qələbədən sonra sultan III Toğrulun təntənəli surətdə Həmədana daxil oldu və yenidən sultan taxtına sahibləndi.[69]

Məğlub olan Qutluq İnanc xarəzmşah Təkişə elçilər vasitəsilə III Toğrula qarşı mübarizə üçün yardım istədi. Xarəzmşah Təkiş Əcəm İraqında vəziyyətin gərginliyindən istifadə edərək, 1193-cü ilin əvvəlində Əcəm İraqını işğal etmək üçün qoşun göndərdi. Xarəzm qoşunları hücuma keçərək Reyi və Təbərkək qalasını ələ keçirdilər. Qutluq İnanc Xarəzmşah qoşunlarının qüvvəsindən qorxaraq, qaçıb Sərcahan qalasında sığındı. Bundan istifadə edən edən III Toğrul Təkişə külli miqdarda bəxşiş göndərdi və Qutluq İnanca qarşı mübarizədə ondan kömək dilədi. Kömək əvəzi olaraq III Toğrul öz qızını Təkişin qardaşı Yunis xana verdi və hətta onun adı ilə pul kəsdirməyə, onun adına xütbə oxutmağa söz verirdi.[70]

Bu vaxt xarəzmşah Təkişin qardaşı Sultanşah ona qarşı üsyan qaldırdı, Gürgənci zəbt etdi və Xarəzmi mühasirəyə aldı. Ona görə də Təkiş zəbt olunmuş torpaqlardan xərac toplayaraq, Rey və Təbərəkdə əmir Tamqaçın başçılığı ilə Xarəzm qoşun dəstələrini qoyub tezliklə Xarəzmə qayıtdı.[71] Ənənəsinə sadiq qalan III Toğrul isə yenədə müttəfiqinə xəyanət etdi və Xarəzmşahın getməsindən istifadə edərək, 1193-cü ilin mart-aprelində Xarəzmşahların qoşun dəstəsinə hücum edərək, onları qılıncdan keçirdi. Rey və Təbərək qalasını ələ keçirdi və məğlub olaraq öldürülmüş Əmir Tamqaçın başını Xarəzmə göndərdi.[72]

Hadisələrin belə şəkil alması İnanc xatunu III Toğrula münasibətdə siyasəti dəyişməyə vadar edir. O, III Toğrula müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla evlənmək təklifini qəbul etməyi xahiş edir. Lakin evləndikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatun onu zəhərləmək fikrindədir. Bu xəbər Toğrula çatan kimi təşkil etdiyi sui-qəsd İnanc xatunun özünə qarşı istifadə edilir və İnan xatun öldürülür.[73]

Qutluq İnanc Mahmud anasının aqibətindən sonra atasının bir dəstə qulamı qaçaraq qardaşı Əmir Əmiran Ömərə sığındı. Qardaşlar birləşərək Təbrizi ələ keçirdilər və digər qardaşları Əbu Bəkrin üzərinə hücuma hazırlaşmağa başladılar. 1193-cü ilin axırlarında Təbriz yaxınlığında baş verən döyüşdə Əbu Bəkr qalib gəldi. Qutluq İnanc Zəncana, Ömər isə Şirvana qaçdı.[45] Qutluq İnanc xarəzmşah Təkişə məktub göndərdi və yenidən III Toğrula qarşı mübarizə üçün ondan kömək istədi. Eyni zamanda xəlifə ən-Nasir də Təkişə məktubla müraciət etdi. Bu təklifi qəbul edən Təkiş, 1193-cü ildə qoşunu ilə Xarəzmdən yürüşə başladı. Semnanda Qutluq İnanc öz tərəfdarları və III Toğrulu tərk etmiş İraq əmirləri ilə birlikdə Təkişə qoşuldular.[74]

Xarəzmşahın hücum xəbərini eşidən III Toğrul təcili surətdə qoşunları ilə Reyə tərəf üz qoydu və əsas qüvvələrinin yaxınlaşmasını gözləmədən Xarəzmşahla müharibəyə girmək qərarına gəldi. 1194-cü ilin martın 4-də III Toğrul 60 nəfər qulamla Rey yaxınlığında Xarəzm ordusunun Qutluq İnancın başçılıq etdiyi qabaq dəstələri üzərinə hücuma keçdi. Toqquşma zamanı oxla gözündən yaralanaraq və atdan yıxılan Sultan, Qutluq İnanc tərəfindən öldürüldü və başı Xarəzmşaha aparıldı.[75]

III Toğrulun ölümündən sonra, 1194-cü ilin iyulunda, Təkiş Həmədanı, Əcəm İraqının əksər şəhərlərini ələ keçirərək, tutulmuş torpaqları öz əmirləri arasında bölüşdürdü. O, İsfahanı Qutluq İnanca verərək, onu İraqın baş əmiri təyin etdi. Həmədan — əmir Qaragöz əl-Atabəyiyə, Rey – Təkişin oğlu Yunis xana verildi. Əmir Mayaçuq Yunis xanın atabəyi təyin olundu.[74]

1195-ci ilin əvvəllərində Xuzistan hakimi İl-Doğdu öldü. Bundan istifadə edən Xəlifə vəziri İbn əl-Qəssabın başçılığı ilə Xuzistana qoşun yeritdi. Xuzistanı şəhərlərini işğal etdikdən sonra Xəlifənin əmri ilə Abbasi qoşunları qarışıqlıq içində olan Əcəm İraqına da hücuma başladılar.[76]

Həmin il Qutluq İnanc və Yusif xanın atabəyi Mayaçuq arasında ziddiyyət yarandı. Zəncan yaxınlığındakı döyüşdə məğlub olan Qutluq İnanc öz dəstəsi ilə Xulvan keçidinə, Xəlifənin vəziri, həm də Abbasi ordusunun komandanı olan İbn əl-Qəssaba sığınaraq və ondan kömək istədi. Vəzir Qutluq İnancı fəxri xələtlə təltif etdi və süvari dəstəsini onun sərəncamına verdi. Yenidən Həmədana hücum edən İnanc qısamüddətli döyüşdən sonra Yunis xanı və Mayaçuqu şəhərdən çıxara bildi.[77]

Bu hadisələrdən xəbər tutan Əlaəddin Təkiş xəlifə qoşunlarının Əcəm İraqından çıxarılmasını tələb etdi və qoşunla Xarəzmdən Əcəm İraqına yürüşə başladı. 1196-cı ilin iyulunda, vəzirin ölümündən sonra xəlifə qoşunları içərisində başlanan ixtilafdan istifadə edən Xarəzmşah Həmədanı mühasirəyə aldı. Şəhər ələ keçirildi və Qutluq İnanc öldürüldü.[78]

Şirvanşah I Axsitana sığınan Əmir Əmiran Ömərə I Axsitan tərəfindən hərbi qüvvə ilə yardım göstərildi. Həmçinin Gürcü çariçası Tamardan da hərbi dəstək alan Ömər, birləşmiş qoşunlarla ŞəmkirBeylaqan döyüşlərində Əbu Bəkri ağır məğlubiyyətə uğratdı. Əmir Əmiran Ömər və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi "kafirlərlə" gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər.[79] Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən sonra isə əhali tərəfindən hücuma məruz qalan Əmir Əmiran Ömər öldürüldü. Şəhər yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi. Bundan xəbər tutan gürcü qoşunları Azərbaycan sərhədlərini keçdilər. Əbu Bəkr dövlətin müdafiəsini başlı-başına buraxaraq, Naxçıvana, oradan da Təbrizə getdi. Gəncəni ala bilməyən gürcü qoşunları 1203-cü ildə Dəbilə daxil oldular və şəhəri qarət etdilər.[80]

Güclü rəqibə müqavimətin faydasız olduğunu başa düşən Əbu Bəkr xarəzmşah Təkişə tabe olduğunu bildirdi və Əcəm İraqı ilə Azərbaycanın idarəsinin ona verildiyini yazan bir icazə aldı. Ancaq Xarəzmşahın hüzuruna getməyib qardaşı Özbəyi göndərdi. Özbək Həmədanda Xarəzmşah tərəfindən böyük hörmət və izzətlə qarşılandı. Təkiş, İraqi Ərəb, İraqi Əcəmin idarəsini Özbəyə tapşırıb Cəmaləddin Ay-Abanı onun vəziri təyin etdi.[81]

Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.[82]

1197-ci ildə yanvarın 27-də Özbəyə xidmət adıyla gəlmiş olan vəziri Cəmaləddinin tərəfdarları Özbəyi Həmədandan çıxardılar və şəhəri ələ keçirdilər. Bu vaxt 1197-ci ildə Əyyubilərin sərkərdələrindən əmir Əbül Hayc əs-Sami Əyyubi sultanı ilə əlaqələrinin pisləşməsi səbəbindən xəlifəyə sığındı. Xəlifə onu ordu komandanı təyin edərək Həmədana hücuma hazırlaşmağı əmr verdi. Abbasi qoşunları Həmədana yaxınlaşanda Özbək də öz ordusu ilə onlara qoşuldu. Lakin hərbi müşavirə zamanı Özbək Əbül Haycın təklifi ilə razılaşmadığı üçün tərəflər arasında münaqişə yarandı və Özbək həbs edildi. Bundan xəbər tutan Xəlifə Özbəyin təcili azad olunması əmrini verir və ona fəxri geyim və qızıl qılınc göndərir. Əbül Xayc işin belə şəkil aldığını görərək qorxuya düşdü. Ordusunu tərk edərək Ərbilə qaçdı və orada öldü.[83]

Bir müddət sonra Abbasi ordusuna güvənməyən Özbək də Həmədanı tərk edərək Azərbaycana qardaşı Əbu Bəkrin yanına geri döndü. 1220-ci ildə Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi.[84] Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar. Həmədana gələn Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz əlinə keçirdi. Reyin idarəsi isə Gökcəyə verilir. Ancaq Eldənizlərlə onların vassalları arasındakı ixtilaf yenidən canlandı. Atabəy Əbu Bəkrin başı içki və kef məclislərinə qarışdığından onun vəzifəsini ölkənin əsil sahibi kimi hərəkət edən Cəmaləddin Ay-Aba aparırdı. Bu vəziyyət Gökcənin gücünün artmasına səbəb oldu. Bir çox saray əyyanları Gökcənin tərəfinə keçməyə başladılar.[85]

"Biz eşitmişik ki, sən elm adamlarına və xeyirxahlara hamilik edir və onlara mərhəmət göstərirsən. Ona görə də biz səni mehriban və mömin adam hesab edirdik. Lakin biz indi bunun tam əksini görürük. Sən islam ölkəsinə soxulur və müsəlmanlarla vuruşursan, onların mülkünü qarət edir və nifaq törədirsən. Əgər sən doğrudan da beləsənsə, sənin ağlın yoxdur. Bir kəndin sahibi olduğun halda, bizim üzərimizə, Həmədan darvazalarından tutmuş Xilat və İrbilə qədər torpaqların hakimlərinin üzərinə hücum çəkirsən? Tutalım ki, sən onu [Əbu Bəkri] qaçmağa məcbur edəcəksən, bəs sənə məlum deyilmidir ki, onun məmlükləri var, mən də onlardan biriyəm? Əgər Əbu Bəkr, hər kənddən bir dəstə və ya hər şəhərdən on nəfər çağırsaydı, onun qoşunu səninkindən bir neçə dəfə artıq olardı! Sənə məsləhətim budur ki, öz şəhərinə qayıdasan! Bunu sənə yalnız rəhmim gəldiyi üçün deyirəm!"
Şəmsəddin Aydoğmuşun Müzəffərəddin Göy-Böriyə məktubu.[86]

Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu. Bu zaman onunla qalan digər əmirlərin də xəyanəti nəticəsində Əbu Bəkrə tamamilə Azərbaycana çəkildi. Lakin 1203–1204-cü illərdə Gökcəyə qarşı Cahan Pəhləvanın keçmiş vassallarından Şəmsəddin Aydoğmuş çıxış etdi. Baş vermiş döyüşdə Gökcə öldürüldü və bütün torpaqları Aydoğmuşun əlinə keçdi. Aydoğmuş hakimiyyətini qanuniləşdirmək üçün onunla birgə üsyana qalxan Eldəniz şahzadəsi Özbəyi sultan elan etsə də bütün hakimiyyəti öz əlində cəmləmişdi.[87]

1204–1205-ci illərdə gürcülər Azərbaycanın içərilərinə soxulurlar. İbn əl-Əsirin yazdığına görə, onlar Azərbaycanda "xeyli zorakılıq, dağıntı törətdilər, qarətçilik etdilər, bir çoxlarını əsir tutub apardılar". Müqavimətlə üzləşməyərək irəliləyən gürcülər Eldənizlərin qərb ərazilərinə Xilata, MalazgirtəƏrcişə hücumlar təşkil etdilər. Burada, gürcülərlə yerli hakimlərin qoşunları arasında baş verən döyüşdə gürcü ordusu məğlubiyyətə uğradıldı. Lakin sonrakı il gürcü qoşunları yenidən Azərbaycanın qərb vilayətlərinə hücum edib, bir çox məskənləri xarabazara çevirdilər. Bir daha Xilatı tutmağa cəhd göstərsələr də, yenidən darmadağın edildilər. Əbu Bəkr gürcü hücumunun qarşısını almaq məqsədilə, nəhayət, gürcü hökmdarının qızı ilə evləndi və bundan sonra gürcü hücumları dayandı.[88]

Azərbaycanda isə Marağa hakimi Körpə Arslan, Ərbil atabəyi Göy-Börü ilə müqavilə bağlayıb Təbrizi ələ keçirməyə hazırlaşırdı. Atabəy Əbu Bəkr qorxuya düşərək Aydoğmuşdan kömək istədi. Əbu Bəkrin bu istəyini qəbul edən Aydoğmuş öz ordusu ilə Əbu Bəkrin düşərgəsinə gələrək, onunla qüvvəsini birləşdirdi. Bunu eşidən Göy-Börü təcili Azərbaycanı tərk etdi. Aydoğmuş ilə Əbu Bəkr Marağanı mühasirəyə aldılar. Ancaq Əlaəddin Körpə Arslan sülh təklif etməsi ilə mühasirə dayandırıldı və müqaviləyə əsasən Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə Arslana verildi.[89]

1208-ci ilin ortalarında Ağsunqur əl-Əhmədilinin nəslindən olan Marağa hakimi Körpə Arslan vəfatından və bir qədər də sonra onun azyaşlı oğlunun ölümü ilə Marağa hakimlərinin taxta keçmək üçün heçbir nümayəndəsi qalmamışdı. Bundan istifadə edən atabəy Əbubəkr Marağanı və əl-Əhmədili nəslinin Ruindej qalasından başqa bütün torpaqlarını tutdu. Ruindej qalasını isə Körpə Arslanın bütün sərvətlərini mənimsəmiş xacəsi ələ keçirmişdi. Həmin il xarəzmşah Təkişin oğlu Tacəddin Əlişah Əbu Bəkrin torpaqlarına hücum keçsə də, məğlub edildi və öldürüldü.[90]

Atabəy Nüsrətəddin Əbu Bəkrin ölümü 1210-cu ilin sonu 1211-ci ilin əvvəlinə təsadüf edir. 1211-ci ildə əmisi Qızıl Arslana aid dinarların yenidən zərb edilməsinə qərar verilməsi onun ölümünün 1211-ci ilin əvvəlləri olduğunu göstərir. Qardaşının vəfatından sonra Eldənizlərin taxtına Özbək keçdi.[91]

Özbək (1210–1225)

[redaktə | mənbəni redaktə et]

Gürcü yürüşləri və Əcəm İraqındakı döyüşlər

[redaktə | mənbəni redaktə et]

Gürcü qoşunları 1210–1211-ci illərdə Azərbaycana dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Zahidə xatun çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Təbrizlilərin, eləcə də Miyanənin bütün malqarası aparıldı, ətraf yerlər qarət edildi. Gürcü qoşunları geri çəkilərkən miyanəlilər üsyan qaldırıb gürcü qarnizonunu qırdılar. Yenidən şəhərə hücum edən gürcü dəstələri şəhər hakimini ailəsi ilə birlikdə qılıncdan keçirdilər, dərilərini soyub minarənin başından asdılar, sonra isə şəhəri qarət edib yandırdılar. Zəncan, Qəzvin və Abxar əhalisinədə eyni cür divan tutdular. Uçan şəhərinin, Ərdəbilin bütün varidatlarını karvanlarla apardılar. 12 min ərdəbilli qılıncdan keçirildi. Özbəyin hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi.[92]

Onun taxta çıxdığı vaxt İraqi Əcəmdə vəziyyət ağır idi. Bu vaxt bir müddətdir İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər. Ərbil atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər. 1215-ci ilin avqust-senyabrında meydana gələn döyüşdə Məngli məğlub oldu və qaçdığı Savədə şəhər hakimi tərəfindən öldürüldü. Başı isə Atabəy Özbəyə göndərildi. Mənglinin əlindən aldığı torpaqlar üzərinə Cahan Pəhləvanın vassallarından Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış hakim təyin edildikdən sonra xütbəni xarəzmşah Əlaəddin Məhəmmədin adına oxudmağa başladı. Bu səbəbdən də 1217-ci ilin yazında Oğlamış öldürüldü və Əcəm İraqında Xarəzmşahların adına xütbə oxunması və pul kəsilməsi dayandırıldı.[93]

Bu zaman atabəy Özbək və onun vassalı, Fars hakimi atabəy Səd ibn Zəngi Oğlamışın həlakından və Xarəzmşahın uzaqda olmasından istifadə edərək, qoşunlarını İran İraqı ərazisinə yeritdilər. Özbək İsfahan əhalisinin razılığı ilə şəhərə daxil oldu. Eyni vaxtda Səd ibn Zəngi Rey, Qəzvin, Hüvar və Semnan şəhərini və onların nahiyələrini ələ keçirdi. Atabəy Özbək və atabəy Səd tərəfındən İranın ərazisinin xeyli hissəsinin zəbt olunduğunu Qumisdə eşidən Xarəzmşah öz qoşunlarından 12 min seçmə atlını ayırıb Reyə göndərdi. Xeyli- Buzurq yaxınlığında Xarəzmşah ordusu atabəy Sədi yaxaladı və döyüşdə məğlub olan Səd əsir götürülərək Həmədana, Xarəzmşahın yanına aparıldı.[94]

Bunu eşidən Özbək, Əhər hakimi Nurəddin Məhəmmədi Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan birinə qaçdı. Ancaq Nurəddin Məhəmməd Miyanə yaxınlarında Xarəzmşahlara məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdü. Xarəzmşah Əlaəddin Məhəmməd vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəyin yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə kəsdirməyi əmr edir. Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək, Arran və Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin Məhəmmədin vassalına çevrildi.[95]

1214–1215-ci illərdə Gürcü hücumlarının arasının kəsilməsindən istifadə edən Özbək öz mülklərində işləri qaydaya salmaq qərarına gəlir. Bu məqsədlə o, atabəy xəzinəsinə vergiləri ödəməkdən imtina etmiş yerli hakimləri cəzalandırmaq üçün Qarabağa yürüş edir. XIII əsrin anonim müəllifinin məlumatına görə, atabəyin "qoşunları qələbə çalaraq, hamını qılıncdan keçirtdilər. Onlar xeyli pul və zəngin hərbi qənimət gətirdilər".[96]

1222-ci ildə Şirvana hücum edən qıpçaqları darmadağm edən gürcülər oradan qayıdaraq 1222-ci ilin noyabrında Beyləqana hücum etdilər. Şəhər əhalisi həmişəki kimi elə güman edirdilər ki, təzminat ilə gürcülərdən yaxa qurtaracaqlar. Lakin gürcülər monqollardan da amansız qırğın törətməyə başladılar. Şəhəri qarət etdikdən sonra geri döndülər.[97][98]

Monqolların yürüşü

[redaktə | mənbəni redaktə et]
Çingiz xan.

Atabəy Özbəyin hakimiyyətinin və Eldənizlilərin son dövründə Monqolların Orta Asiya, Orta ŞərqQafqaza birinci yürüşü gerçəkləşdi. Cəbə Noyon və Subutay Bahadırın[q 3] komandanlığı altında monqollar Xorasanİraqi Əcəmin torpaqlarından keçərək 1221-ci ildə yanvar ayında Təbrizə gəldilər. Atabəy Özbək monqollara elçi göndərib barışıq imzalamağı təklif etdi. Monqollar Təbriz qarnizonlarındakı xarəzmlilərin onlara təslim edilməsini istədilər. Atabəy Özbək xarəzmlilərin bir hissəsini özü öldürtdü, qalanını da monqollara göndərdi. Bunun xaricində Özbək onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi.[99]

Monqolların gündən-günə artan təhlükəsini görən gürcü hökmdarı IV Georgi Laşa qonşu hakimlərə, o cümlədən atabəy Özbəkə, Xilat və Cazirə hakimi əl-Məlik əl- Əşrəfə müraciət etdi. Atabəy Özbək və Georgi barışıq müqaviləsi və monqollara qarşı birgə çıxış haqqında saziş bağladılar.[100] Lakin birgə hərəkət haqqında danışıqlar monqollara məlum oldu və onlar yenidən Gürcüstana və Arrana soxuldular. Gürcü qoşunları darmadağın edildilər.[101]

Bundan sonra yenidən Azərbaycan ərazisinə qayıdan monqollar bir daha Təbrizə hücum etdilər. Lakin şəhər əhalisi bu dəfə də təzminat verməklə şəhərin işğalının qarşısını ala bildi. Bundan sonra Monqollar üzlərini Marağa tərəfə çevirdilər. 1221-ci ilin martında Özbəyin həyat yoldaşı Sülafə xatuna mənsub olan Marağa şəhəri mühasirəyə alındı. Ağır mühasirəni saxlaya bilməyən marağalılar məğlub oldular. Monqolların əlinə keçən şəhər yandırıldı və qarət edildi.[102]

Daha sonra Eldənizlərə uzun müddət paytaxtlıq edən Həmədana hücum etdilər. Həmədanı əllərinə keçirən monqollar şəhəri xarabaya çevirdikdən sonra Ərdəbilə üz tutdular. Şəhəri dağıdan monqollar yenidən Təbrizə gəldilər. Atabəy Özbək Naxçıvana qaçdı. Təbrizin hakimi Şəmsəddin ət-Tuğrayi isə monqollara hədiyyələr verərək şəhəri onların hücumundan qurtardı.[103] Monqollar buradan Səraba yollandılar, Sərabda da Ərdəbildə etdiklərini təkrarlayan monqollar buradan Naxçıvana hərəkət etdilər. Naxçıvan kəndlərinin əhalisini öldürməyə başlayınca Atabəy Özbəyin oğlu Xamuş onların yanına elçi göndərib üzrxahlıq etdi. Monqollar da onlara toxunulmazlıq əlaməti olaraq üzərində damğa olan ağacdan qayrılmış bayqu[q 4] verdilər.[104]

Naxçıvandan sonra monqollar şimala, GəncəBeyləqana doğru hərəkətə başladılar. Beyləqanı qarət etdikdən sonra Gəncəyə hücum edib şəhəri mühasirəyə aldılar. İbn əl-Əsir yazır ki, "bu şəhərin çoxlu müdafiəçiləri olduğunu, onların gürcülərlə daimi mübarizədə qazandığı igidliyini və şəhər divarlarının keçilməzliyini öyrənmişdilər". Monqollar yalnız təzminat almaqla kifayətlənərək, şəhərdən kənara çəkildilər. Sonra monqollar Dərbənd keçidi vasitəsilə şimala keçmək üçün cəhd göstərdilər. Onların ilk cəhdi baş tutmadı, belə ki, Dərbənd darvazalarını tutan qıpçaqlar onlara müqavimət göstərdilər. Belə olduqda monqollar Şirvanşah I Guştəsbə elçi göndərərək guya sülh bağlamaq üçün bir neçə nəfərin göndərilməsini xahiş etdilər. Şirvanşah öz zadəganları arasından 10 nəfər göndərdi. Monqollar onlardan birini öldürüb, qalanlarından isə şimala keçidi göstərməyi tələb etdilər. Beləliklə Dərbənddən şimala hərəkət edərək Azərbaycandan çıxdılar.[105]

Atabəy Özbəkin fəaliyyətsizliyinə və nüfuzunu itirməsinə baxmayaraq, onun atası Cahan Pəhləvanın vassalları ənənə üzrə Azərbaycan Atabəyləri sülaləsinə olan ehtiramı saxlayırdılar. Belə ki, Mosul Atabəylərinin torpaq sahibləri arasında nifaq düşərkən II İmadəddin Zəngi 1222-ci ildə Mosul hakimi Bədrəddin Lülü tərəfindən öz mülklərindən qovulmuşdu. II İmaməddin Zəngi atabəy Özbəkə pənah apardı, Özbək iltifat göstərərək onun mülklərini pay torpaqlarına, yəni iqtaya bölüb, özünü isə sarayda xidmətə götürdü.[106]

Xarəzmşah Cəlaləddinin yürüşü

[redaktə | mənbəni redaktə et]

Xarəzmşah Əlaəddin Məhəmmədin ölümündən sonra oğlanları müəyyən ərazilərdə hakimiyyətlərini bərpa etmişdilər. Onlardan ən qüvvətlisi Qiyasəddin Pir şah idi. O, İraqi Əcəmi ələ keçirmişdi digər qardaşı Cəlaləddin Məngüberdi[q 5] isə Hindistana hərəkət etmişdi. Cəlaləddin Hindistanda bir müddət qaldıqdan sonra, oradan da Farsa yollandı. Cəlaləddindən əvvəl qardaşı Pir şah Eldənizlərin mülklərinə hücum etmişdi. Marağanı əlinə keçirən Pir şaha Atabəy Özbək sülh təklif etmiş və bacısı Cəlaliyyə xatunu da ona ərə verdi.[107]

Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını Reyə çəkdi. Burada onunla atabəyi və qaynı İğan-Taisi arasında nifaq düşdü və nəticədə İğan-Taisi 50 minlik ordu ilə kənara çəkildi. Onların arasındakı nifaqdan istifadə edən Özbək Pir şaha təslim olmaqdan boyun qaçıraraq, ona qarşı çıxdı. Eyni zamanda Pir şah İğan-Taisini məğlub edərək onu geriyə — Azərbaycana çəkilməyə məcbur etdi. Azərbaycana daxil olan İğan-Taisi qarət və qırğına başladı.[108] Sonra isə xəlifə ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki, bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfındən iqta adıyla verilmişdi. Burada İğan-Taisi Hindistandan gəlmiş Cəlaləddin Manqburnun qoşunları tərəfındən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı. Bundan sonra Cəlaləddin Abbasilər üzərinə hücuma hazırlaşdı.[109]

Xəlifə qoşunlarını darmadağın edən Cəlaləddin 12 gün Bağdad ətrafında qaldıqdan sonra, Marağa əhalisinin dəvəti ilə Azərbaycana tərəf hücuma başladı. 1225-ci ilin may ayında Marağa müqavimət göstərmədən Cəlaləddinə tabe oldu. Bundan sonra Cəlaləddin monqolların viran qoyduğu Uçanı keçərək, Təbriz şəhərini mühasirəyə aldı. Şəhər rəisi Nizaməddin ət-Tuğrainin başçılıq etdiyi Təbriz qoşunu yeddi gündən çox müdafiə oluna bilmədi. 1225-ci ilin iyun ayının 25-də atabəy Özbəyin hələ Xarəzmşah Marağada olarkən tərk etdiyi Təbriz şəhəri Xarəzm qoşunları tərəfindən tutuldu.[110][111]

Azərbaycandakı qarışıqlıqdan istifadə edən gürcülər İvane Mxarqrdzelinin komandanlığı altında 60 minlik ordu ilə Azərbaycana hücum etmək üçün Dəbil yaxınlığındakı Qarni qalasında toplaşdılar. Gürcülərin əsas məqsədi Bağdadı və Təbrizi ələ keçirmək idi. Bir neçə həftə Təbrizdə qalan Cəlaləddin vəziri Şərəf əl-Mülkü buraya öz naibi təyin edərək[112] Dəbilə doğru hərəkətə başladı. Cəlaləddin Qərnidə gürcü qoşunu ilə döyüşə çıxdı. Baş vermiş döyüşdə gürcülər darmadağın edildilər və 20 min itki ilə geri çəkildilər.[113] Bu hadisələr zamanı Azərbaycan Atabəylərinin keçmiş vassalları – Sürməli hakimləri Şərəfəddin Uzdərə və Hüsaməddin Xızır Cəlaləddinin yanında xidmətə keçdilər.[114]

Bundan sonra Tiflis istiqamətində hərəkət edən Cəlaləddin yol üstə olan Beyləqan, Bərdə, Gəncə, Şəmkir şəhərlərini, eləcə də Bərdəylə Gəncə arasında yerləşən Şutur qalasını tutdu. Sultanın bu yürüşü ərəfəsində Gəncədə qalan atabəy Özbək, ondan Gəncə və onun nahiyələrinə mülkiyyət hüququ əldə etsə də, çox keçmədən Naxçıvan yaxınlığındakı Əlincə qalasında sığınacaq tapdı. Həyat yoldaşı Məleykənin öz razılığı ilə sultan Cəlaləddin ilə evlənməsi[115] xəbəri sultana çatanda o mənbələrin yazdığına görə "başını yastığa qoydu, o saat hərarəti qalxdı və o, bir neçə gündən sonra vəfat etdi".[116]

Atabəy Müzəffərəddin Əbu Nəsr Özbək ibn Məhəmməd ibn atabəy Eldəniz ət-türki əs-səlcuqi ət-Toğrulun ölümü ilə Azərbaycan Atabəyləri öz mövcudluğunu itirdi. Eldənizlərin övladlarının hakimiyyəti altında olan ərazilər – Azərbaycan, Arran, Şirvan xarəzmşah Cəlaləddin Manqburnunun hakimiyyəti altına keçdi. Bu, 1231-ci il avqustun ortalarınadək davam etdi və həmin il Cəlaləddinin qoşunları monqollar tərəfındən darmadağın edildi, özü isə öldürüldü.[117][118]

Atasının ölümündən sonra atabəy Özbəyin yeganə oğlu Qızıl Arslan Xamuş Gəncəyə gələrək, Cəlaləddinə xidmət etmək istədiyini bildirdi. "Anadangəlmə lal-kar olan", buna görə də "Xamuş" ləqəbini alan məlik, Marağanın hakimi, Ağsunqurilər nəslindən olan Əlaəddin Körpə Arslan əl-Əhmədilinin nəvəsi Sülafə xatuna evlənmişdi.[116]

1226-cı ildə atabəy Özbəyin məmlükləri Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Sultan Cəlaləddinə qarşı qiyam qaldırdılar. Onların bu çıxışı uğursuz nəticələndi – Sultan Cəlaləddin onları Xoy bölgəsində mühasirə edərək təslim olmağa vadar etdi. Məğlubiyyətə uğramış məmlüklər Sultana xidmət etməyə başladılar. Lakin 1229-cu ildə Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Atabəyin başqa məmlükləri, o cümlədən Nəsirəddin Ağ Quş və başqaları ilə birlikdə Xamuşun oğlu Nüsrəddini həbsdən çıxararaq Eldənizlərin hakimiyyətini bərpa etmək üçün qiyam qaldırdılar. Lakin bu qiyam da uğursuz nəticələndi Ağ Quş və Bəkliyi çarmıxa çəkdilər.[119]

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

İdarəetmə və inzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Atabəylərində inzibati idarə eynilə İraq Səlcuq sultanlığında olduğu kimi idi. Sülalənin banisi Şəmsəddin Eldəniz öz dövlətinin nə inzibati, nə də hərbi quruluşunda demək olar ki, heç bir dəyişiklik etmədi. İnzibati və idarəetmə cəhətdən Eldənizlər İraq Səlcuqlarının sistemlərindən istifadə edirdilər.[120]

Qızıl Arslana qədər Eldənizlərdə "böyük atabəy" yəni "atabəy əl-əzəm" deyilən vəzifə mövcud idi. Bu vəzifədə sultanın atabəyi dururdu. Divana rəhbərlik vəzirin əlində idi. O, "əshab əd-divan" adlanırdı. Vəzir, məmurları vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq, təqaüdləri və məvacibləri müəyyənləşdirmək, vergi idarəsinə və xəzinəyə nəzarət etmək hüquqlarına malik idi. Vəzir daim hökmdarın yanında olur, onu səfər və yürüşlərdə müşayiət edir, özü qoşun göndərə və ona başçılıq edə bilirdi. Dövlətdə böyük hörmətə malik olan vəzirlər, əshab əd-divan, vəzir, sadr, dəstur, xocayi-bozorq titullarını daşıyırdılar. Mürəkkəbqabı və müəyyən mahuddan hazırlanmış çalma onların vəzifə əlamətləri idi.[121]

Eldənizlər dövrünə aid dəbilqə. Azərbaycan Milli İncəsənət Muzeyi

Dövlətdə üçüncü vəzifə böyük və ya "ulu hacib" vəzifəsi idi. Bu vəzifəni icra edən şəxs əmir əl-hacib əl-kəbir və ya hacib əl-xass əl-həzrət rütbəsini daşıyırdı. O, dövlət başçısına aid mühüm işlər haqqında məlumat verir, onun tələbatı qayğısına qalır və saray mərasimlərini təyin edirdi.[122]

Cahan Pəhləvan dövründən başlayaraq, vəzir olmaqla ali idarə yəni "divan əl-alə" yaradılmışdı. Bu idarənin nəzdində dövlət dəftərxanası yəni divan əl-inşa və yaxud divan ət-tuğra, maliyyə idarəsi və ya xəzinədarlıq yəni "divan əl-istifa" var idi. Dövlət dəftərxanası həm daxili, həm də xarici yazışmaları aparırdı. Bu dəftərxananın başçısı "münşi" və ya "tuğrayi" adlanırdı. Bu vəzifə irsi olmuş, onu icra edən şəxslər və onların sonrakı nəsilləri "ət-tuğrayi" ləqəbini daşımışdılar. Maliyyə idarəsinə və ya xəzinəyə rəhbərlik edən ali maliyyə məmuru yəni "müstövfi əl-məmalik" dövlətin maliyyə idarələri sisteminin başında dururdu. Hərbi idarəyə yəni "divan əl-ceyş və ya divan əl-ərz" sahib "divan əl-ərz" başçılıq edirdi. O, hərbi iqtalara nəzarət edir, bütün rütbələrdən olan hərbi qulluqçuların maaş və xərclərinin ödənilməsi işlərinə baxırdı. Hərbi vəzifələr, eləcə də ordu ilə bağlı hər şey xidmətdə olan türk əyanlarının əlində idi.[123]

Hər bir vilayətin başına "vali" yəni canişin təyin edilirdi. Valilər bu vəzifəni tutmazdan əvvəl çox vaxt qoşun əmirləri kimi fəaliyyət göstərmişlər. Vali öz vilayətinin hakimi idi. Dini hakimlər – qazılar valinin tabeliyində idilər. Vilayətin bütün məmurlarının rəisi, onun ali baş komandanı olan valiyə, maliyyə idarəsi də tabe edilmişdi. Validən sonra vilayətdə vəzifə cəhətdən ikinci şəxs onun vəziri idi. Valinin adından şəhərləri rəislər idarə edirdilər. Bir qayda olaraq, tanınmış yerli nəsildən olan şəhər rəislərinin vəzifəsi irsi idi. Rəisin özünün vəzifəyə qoyduğu və vəzifədən götürdüyü xəfiyyə rəisləri də ona tabe idilər.[124]

Eldənizlərin ordusu mərkəzi hakimiyyətdən iqta almış əmirlərin qüvvələrindən və valilərin hakimlik etdikləri ərazilərdən göndərdikləri qüvvədən ibarət idi. Həmçinin hərbi qüvvələrdən başqa, hökmdarın özünün 50 min nəfərlik nizami süvari qoşunu vardı.[125] Əl-Hüseyni özünün "Əxbar əd-dövlə əs-Səlcuqiyyə" kitabında yazır:[126]

" "Sultan Arslanşahın ölümünü eşitdikdə, onun atabəyi, Xüzistan hakimi və vilayətindəki qoşunların başçısı olan Şərafəddini Əmiran ibn Şimlidən onunla birlikdə İraq üzərinə yürüməyi tələb etdi. O isə söylədi: - Mən atabəy Pəhləvanla təkbətək, sənsiz döyüşüb səni qoruya bilmərəm. Bir az qabaq mənim atam Karmisində döyüşmüşdü ancaq o, atama üstün gəlib atamı öldürmüşdü. İndi isə İraqın Arranın, Azərbaycanın qoşunları onunladır və onların sayı 50 min atlıdan çoxdur". "

Atabəy hökmdarlarının elmə, sənətə və sənət adamlarına verdikləri qiymət bu dövrdə elmin, mədəniyyətin inkişafını stimullaşdıran amillərdən idi. Mənbələrdə yazılır: "Şirvanşahların və Eldənizlərin saraylarında dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiətşünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə böyük müvəffəqiyyət və uğurları olmuş, bir çoxları müsəlman mədəniyyət və elminin ən gözəl xadimləri kimi tanınmışdır.[127]

Bu dövrdə Azərbaycanda tibb elmi də yüksək səviyyədə inkişaf etmiş, Azərbaycan təbabət alimləri tərəfindən tibbə dair tədqiqatlar aparılmış, bir sıra xəstəliklərin müalicəsi və farmologiya dair əsərlər yazılmışdır. Bunlara Kəfiəddin Ömər ibn Osman,[q 6] Mövlana Kəmaləddin Hüseyn oğlu Nurəddin, Atabəy Özbəyin şəxsi həkimi olmuş Cəlaləddin Təbib, tibbə dair "Əl -Muxtar", və "Kitabi tibb əl- Camali" kitabların müəllifi Mühzədbəddin Təbrizi, Mahmud ibn İlyas, Əkmələddin Naxçıvani, Fəxrəddin Əbu Abdullah Əhməd ibn Ərəbşah ibn Cəbrayıl ən- Naxçivani, Əkməllədin ən Naxçıvani və s. kimi böyük alimlər daxildir. Cəlalləddin Təbibidən bəhs edən atabəy Özbək deyirdi:[128]

" "Mənim həyatımı saxlayan bu adamdır. O, yalnız xəstələnlərin möcüzəli şəfavericisi deyil. O, xəstəliyi əvvəlcədən təyin edir və o dərəcədə dava-dərman hazırlayır ki, onlar tam mənasında müalicə edir … Onun varlığı insanlara hədsiz xeyir verir və sonralar ona bənzər həkim yetişməmişdir". "

Söz ehtiyatı, sintaktik ifadələrin zənginliyi, məcaz və tərkiblərin ifadəliyi və orijinallığı – poetik formanın bütün bu əlamətlərinə görə XII əsr Azərbaycan şairləri müasirləri və sonrakı şairlər nəsli arasında seçilirdi. Məzmun zənginliyinə görə isə NizamiXaqani yaradıcılığı insan dühasının son dərəcə gözəl nailiyyətləri sırasında durur. Səlcuq sultanlarının, sonralar isə Azərbaycan Atabəylərinin saray şairləri olmuşdur. Səlcuq sultanları, eləcə də sonralar onları əvəz edən Atabəylər qəbilə quruluşunu mühafizə edən və yazısız türk dillərində danışan köçərilərin nümayəndələri idilər.[6]

Dövrün böyük şairlərindən olan Əfzələddin Xaqaninin şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq etdiyi şeir dilinə şairin azərbaycan-türk sözlərini gətirməsidir. Bunlardan şairin "Məra dər parsi fohşi ke quyənd, be torki çərxeşan quyəd ke sənsən" (tərcüməsi: "farsca mənə söyüş desələr, çərxi fələk onlara türkcə deyər ki, sənsən") misralı məşhur beytində işlədilmiş "sənsən" sözünü, eləcə də özünün şeir "Divan"-ında işlətdiyi su, Tanrı, vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və s. bu kimi sözləri qeyd etmək olar.[129]

Atabəylərin saray şairlərindən biri də Əsirəddin Əbül-Fəzl Məhəmməddir. O, Mərkəzi Asiyanın Əxsikət şəhərində doğulmuş, Xaqani səpkisində yaradan poetik formanın ustadıdır. Şairə "Sultan əl-füzəla"[q 7] ləqəbi verilmişdi. Həmçinin "Malik əl-kəlam"[q 8] ləqəbini almış Zəhirəddin Tahir əl-Fəryabi də Atabəylərin Mərkəzi Asiyadan olan şairlərindən olmuşdur. O, 1189-cu ildə Cahan Pəhləvan, sonralar Qızıl ArslanƏbu Bəkrin himayəsinə keçmişdir. Təbrizdə Xaqani ilə dostlaşan əl-Fəryabi mədhiyyələrində onu təqlid edirdi. Şair Təbrizdə vəfat edtmişdir və qəbri də Xaqaninin qəbri ilə yanaşıdır. Azərbaycan atabəylərinin sarayında Seyyid Zülfüqar Şirvani, Qivami Mütərrizi, Fərrux Şirvani, Cövhəri, Yusif Füzuli, Kəmaləddin Naxçıvani, Seyyid İzzədin əl-Ələvi və başqa bu kimi şairlər də yaşayırdılar.[130]

Nizami Gəncəvi 1180–1181-ci illərdə bitirdiyi ikinci poemasını – "Xosrov və Şirin" əsərini sonuncu İraq Səlcuq sultanı III Toğrula həsr etmişdi. Lakin bu, bir növ rəsmi ithaf idi. Əslində isə poema atabəy Məhəmməd Cahan Pəhləvana həsr olunmuşdu. Cahan Pəhləvan 1186-cı ildə öldüyü üçün poemanın mədhi onun qardaşı atabəy Qızıl Arslanın adına yazıldı. Nizamini Gəncə yaxınlığındakı düşərgəsinə dəvət edən Qızıl Arslan öz çadırında onu qəbul etmişdi. Poemanın müqabilində Qızıl Arslan bəxşiş olaraq Nizamiyə Həmdünyan kəndini və fəxri geyim təqdim etdi.

"

"Xosrov və Şirin", Nizami Gəncəvi.
Tacı aydan yüksək o Qızıl Arslan
Qərbin pənahıdır. Şərqə hökmran.[131]

"

Atabəylər dövründə və orta əsrlərdə Azərbaycanda məktəb ibtidai təhsil müəssisəsi kimi tanınırdı. Məktəblər ilkin savad verir və əsasən də mədrəsələr üçün şagirdlər hazırlayırdılar. Məktəblərə qəbul 5–6 yaşından aparılır və 15 yaşına kimi orada təhsil alırdılar.[132] Məktəblərdə yazıb-oxumaqla bərabər, əsas istiqamət dini yönümlü olub, Quranın əzbərlənməsi və dini ehkamların öyrədilməsinə yönəldilirdi. Bundan başqa, ayrı-ayrı fənlər barəsində də məlumat verilirdi. Bu dövrlərdə yetim uşaqların təhsili üçün ayrıca "beyt ət-təlim" adlanan mək-təblər də fəaliyyət göstərirdi. Burada hər 10 uşağa bir tərbiyəçi – atabəy təhkim olunurdu. Onlar yetimlərin yaşayışına, yeməyinə, geyiminə, tərbiyəsinə və s. cavabdeh idilər.[133]

Orta əsrlərdə Azərbaycanda təhsilin məzhər adlı forması da mövcud idi. Bu təhsil formasında hər ustad bir və ya bir neçə şagirdə ayrı-ayrı fənlərdən dərs demək əvəzinə, onlara ümumi rəhbərlik edirdi. Şagirdlər müstəqil şəkildə elmin müxtəlif sahələri ilə məşğul olur və vaxtaşırı ustadın yanına gəlib məsləhət alır, onun mühazirələrini dinləyirdilər.[134]

Mədrəsələrdə orta təhsil müəssisələri olan dini təlimlərlə yanaşı, dünyəvi elmlər də tədris edilirdi. XII–XV əsrlərdə müsəlman Şərqində mədrəsələr təhsil mərkəzləri olmaqla bərabər, həm də elmi mərkəzlər rolunu oynayırdılar.[135]

Dövrün alimlərindən olan Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi. Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxuyurdu. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər dövrümüzə gəlib çatmamışdır. Ət-Təbrizidən başqa Eldənizlər dövrünün təhslini almış, Azərbaycanın özündə və həmçinin Dəməşqdə, Yəməndə, Qahirədə, Bağdadda mühazirələr deyən bir çox alim yetişmişdir. Onlara Mahmudəl-Ərdəbili, Əz-Zəki əl-Beyləqani, Əminəddin Müzəffər ət-Təbrizi, Məhəmməd əl-Urməvi, Fəxrəddin ər-Razi, Məhəmməd ət-Təbrizi, Əbu Həfs Ömər əl-Cənzi, İsmayıl əl-Cənzəvi, Həddad ən-Naxçıvani, Şəmsəddin Məhəmməd ət-Təbrizi, Şeyx Əbu Həmid Tacəddin əl-Urməvi, Qazi Şəmsəddin əl-Hüvəyyi, Əbu Məhəmməd ət-Təbrizi, İsmayıl əl-Maraqi, Məhəmməd əl-Həsən əl-Maraqi və başqaları daxildirlər.[136]

Azərbaycanın ən böyük iqtisadi, siyasi və mədəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-MarağaArran memarlıq məktəbləri təşəkkül tapmışdılar. Bu məktəblərin üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı.[137]

Memar Əcəminin inkişaf etdirdiyi Naxçıvan-Marağa memarlıq məktəbi – üslub təkcə Naxçıvanı əhatə etməmiş, Güney Azərbaycanda Marağa şəhərinə, Şimalda Bərdə şəhərinə, eyni zamanda Şərqi Anadolu ərazisinə də yayılmışdır. Ümumilikdə bu memarlıq üslubu Şərq aləminin böyük bir hissəsində davam edib, kompozisiyalı abidələrin yaradılmasına təkan vermişdir.[138]

Eldəniz dövrünün memarlığına daxil olan, ən böyük mədəniyyət nümunələrindən biri, Əcəmi Əbubəkr oğlu tərəfindən 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində ucaldılan Mömünə Xatun türbəsidir. Bişmiş kərpicdən hörülmüş abidə zəngin naxışlarla bəzənmiş xırda kərpiclərlə üzlənmişdir. Bu türbənin prizma şəkilli binası ilə onun çadır örtüyü arasındakı məkan, fiqurlu hörgü şəklində yerinə yetirilmiş yazı vasitəsilə həll edilmişdir. Məqbərənin yeraltı hissəsində formaca onguşəli olan, bədii baxımdan zəngin tərtibata malik sərdabə vardır.[139]

Dövrün dini memarlıq nümunələrindən biri dövrümüzə gəlib çatmamış Atabəylər məscididir. XIX əsirdə yaşamış alman səyyah V. A. Engelqard yazır:[140]

" "Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı isə uçmaq təhlükəsindədir. Ondan 50 sajen[q 9] aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen[q 10] ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tuturmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünə xatun türbəsinə) məxsusdur." "

Həmin dövrün tikililərindən biri də memar Əcəminin hələ 1162-ci ildə "şeyxlər başçısı" Yusif Küseyir oğlu üçün tikdiyi türbədir. Bu türbənin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla – bişmiş (qırmızı) kərpiclə işlənmişdir. Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Yer altında salınmış sərdabə səkkizüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülmüşdür. Məqbərənin bucaqlarındakı həndəsi bəzəklər köndələninə düzülmüş kərpiclər əsasında əmələ gətirilmişdir. Usta, rəngli material əlavə etmədən işıq və kölgənin maksimal bədii effektinə nail olmağa çalışmışdır.[141]

Eldənizlər dövrünə aid digər memarlıq abidəsi isə 1194-cü ildə Marağada tikilmiş Göy Günbəddir. Göy Günbədin qülləsinin plan-məkan quruluşu Xərrəqan türbələri ilə birtiplidir – səkkizüzlü prizmanın bucaqları bayırda silindrik dayaqlarla möhkəmləndirilmişdir. Ancaq dayaqlararası sivri tağçalarda və karnizdə stalaktitlərdən istifadə etmək baxımından Göy Günbəd Mömünə Xatun Türbəsinin aydın təsirinə məruz qalmışdır.[142]

Həmdullah Qəzvinin "Nüzhətül-qülüb" əsərindəki rəqəmlərə görə, bilavasitə Azərbaycanınn dövlət gəliri Atabəylər dövründə, yəni XII yüzildə 25 milyon dinar idi. Aşağıda Eldənizlərin ən qüvvətli dövrlərində vergi gəlirləri qeyd olunub (dinar ilə) :[3]

  1. Azərbaycan – 25 milyon
  2. İraqi Əcəm – 25,2 milyon
  3. İraqi Ərəb – 30 milyon
  4. Ərminiyyət əl-Əkbər – 2 milyon

Azərbaycanın tarixi ərazilərinin böyük hissəsini əhatə edən Eldənizlərin və ölkənin şimal-şərq əyalətlərini əhatə edən Şirvanşahlar dövlətinin, eləcə də monqol işğallarından sonra yaranan Hülakilər dövlətinin mövcudluğu əvvəl Marağa, sonra isə Təbriz şəhərlərini mərkəz olaraq seçməsi Azərbaycanın təsərrüfat həyatının inkişafına, o cümlədən də ölçü vasitələrinin vahid sisteminin yaranmasına və tətbiqinə gətirib çıxardı.[143]

Şəhərlər və ticarət

[redaktə | mənbəni redaktə et]
Eldənizlər dövrünə aid vaza, Qədim Gəncə, Azərbaycan Milli İncəsənət Muzeyi.

Atabəylər dövründə öz inkişafının pik nöqtəsinə çatan Gəncə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Bu dövr abidələrinin verdiyi məlumata görə, Gəncə "mühüm şəhər", böyük şəhər və paytaxt yəni "dar əl-mülk" idi. Gəncə Yaxın və Orta Şərqdə ən mühüm ticarət-sənət mərkəzi idi. Şəhər yaxınlığında dəmir və mis filizlərinin olması dəmirçilik, metal emalı, silahqayırma, qab-qacaq hazırlanması, metalda naxış açma və başqa sənət sahələri inkişaf etmişdilər.[144]

Bərdə vilayəti bütün YaxınOrta Şərqdə toxuculuq üçün başlıca xammal mənbələrindən biri olan xam ipək istehsalı üzrə mühüm baza olmuşdu. Bərdə ilə yanaşı, Beyləqan, Təbriz, Şabran və bir çox digər Azərbaycan vilayət və bölgələrində də xam ipək istehsalı geniş yayılmışdı. Həmçinin Təbriz, Marağa, Xoy, Beyləqan, Ərdəbil şəhərləri əhəmiyyətli toxuculuq mərkəzləri idi. Bu dövrdə Azərbaycanda xalçaçılıq geniş yayılmışdı. Xalçaçılıq MərənddəKür-Araz hövzəsinin şərqində yerləşən şəhər və yaşayış məntəqələrində inkişaf etmişdi. Dabbağlıq sənəti ƏnarƏhər kimi şəhərlərində əsas yer tuturdu. XII əsrdə, Təbriz və Ərdəbil metalişləmə sənətinin, o cümlədən də dəmirçiliyin iri mərkəzləri idi. Duluşçuluq sənəti Azərbaycanın bütün bölgələrində böyük inkişaf yolu keçmişdi.[145]

Azərbaycanın iri iqtisadi mərkəzi olan Naxçıvan Atabəylərin hakimiyyəti dövründə inkişaf etmiş sənətkarlıq istehsalına malik idi. Şəhərdə müxtəlif sənət sahələrini təmsil edən çoxlu ustalar – toxucular, bənnalar, çini qab və ağac emaletmə ustaları, zərgərlər və b. çalışırdılar. Şəhərin sənətkarlıq istehsalında toxuculuq və onunla bağlı olan sahələr – Çin parçası, zərif örtük, xalça, keçə, çuxalıq yun parça, hamam fitələri üçün nazik şal və pambıq parça istehsalı mühüm rol oynayırdı.[146]

Əkinçilikdə, eləcə də ümumiyyətlə ölkənin bütün təsərrüfat həyatında aparıcı sahə taxılçılıq idi. Buğdaarpa becərilməsi əsasən dəmyə xarakter daşıyır və demək olar, ölkənin bütün vilayətlərini əhatə edirdi. Dəmyə əkinçiliyi ilə yanaşı, suvarma əkinçiliyi də mövcud idi. Kəhriz və arxlar sistemi geniş yayılmışdı. Beyləqanda bağçılıq, nar, üzüm və başqa meyvə sahələri inkişaf etmişdi. Azərbaycan erkən orta əsrlərdən başlayaraq çəltiyin geniş surətdə becərildiyi ölkələrdən idi. Bitkinin əsas becərilmə zonası Şəki, Naxçıvan, Muğan, Təbriz və başqa vilayətlər idi.[147]

Azərbaycanın şəhər və vilayətləri daxili və beynəlxalq əhəmiyyətli ticarət yollarının sıx şəbəkəsi vasitəsilə əlaqələnirdi. Bu ticarət əlaqələrinin nə qədər intensiv və geniş olduğunu, məsələn, Beyləqan ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş sikkə tapıntıları sübut edir. Burada böyük miqdarda (1500 nüsxə) Eldəniz sikkələri aşkara çıxarılmışdır. Eldəniz sikkələrinin təxminən yarısını Cənubi Azərbaycan şəhərlərində, o cümlədən Ərdəbildə zərb olunmuş sikkələr təşkil edirdi.[148]

Həmçinin Astara rayonunun Məşkan kəndində tapılmış sikkələr xəzinəsi bütünlüklə "düzgün" kəsilmiş mis sikkələrdən – sonuncu Azərbaycan Atabəyləri və onların vassallarının adından zərb olunmuş mis dirhəmlərdən ibarətdir. 1974-cü ilin noyabrında Masallı rayonunun Xırmandalı kəndində tapılmış ikinci xəzinədə yalnız "düzgün olmayan" şəkildə eyni hökmdarların adından kəsilmiş balaca mis sikkələr vardır.[149]

Torpaq sahibliyi və vergilər

[redaktə | mənbəni redaktə et]

Feodal torpaq mülkiyyətinin bir neçə növü var idi. Mülk torpaqları irsi idi, mülk sahibləri[q 11] torpağı sata və bağışlaya bilərdilər. Camaat (icma) torpaqları-otlaqlar, örüşlər, meşələr, bataqlıqlar və s., bəzən əkin yerləri olurdu. Camaat torpaqları dövlətin mülkiyyətində idi, dövlətə torpaq vergisi-xərac verirdi. Xassə hökmdarların və sülalələrin mülkiyyətində geniş torpaq sahələri vardı. Dövlətə məxsus olan, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani, və ya divan torpaqları deyilirdi. Şərti torpaq mülkləri-iqta sistemi də inkişaf etməkdə idi. İqta dövlətə xidmət müqabilində verilirdi. İqta sahibləri-iqtadarlar bilavasitə təsərrüfatla və ya təsərrüfatçılıqla məşğul olmur, bir qayda olaraq, öz iqtalarını icarəyə verirdilər. Zaman keçdikcə onlar iqtadarların xüsusi mülkiyyətinə çevrilirdi. Bu dövrdə vəqf torpaqları da yayılmışdı. Bu torpaqlar ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi.[150]

XII əsrdə və XIII əsrin başlanğıcında və onlardan qabaqkı dövrlərdə "xərac" əsas vergi kimi öz əhəmiyyətini saxlayırdı. Torpaqdan istifadə müqabilində kəndlidən pul, ya da natura[q 12] şəklində alınırdı. "Üşr"[q 13] qeyd vergisi xass torpaqlardan və iqta sahiblərindən alınırdı. "Aləf"[q 14] Hər iki termin mənbələrdə işlədilir. qarovulda duran dəstəni və ya rəsmi şəxsi təmin etmək üçün qida və başqa təbii rüsumlar vergisi idi. "Təhəkkümat"[q 15] elə bir vergi növü idi ki, dini müəssisələr və mülklər onu ödəməkdən azad idilər. Gömrük və gözlətmə haqqı da bu təhəkkümata aid idi. "İnam"[q 16] Hökmdarın göstərişi əsasında təbəələrdən haqla birlikdə yığılan əlavə ödənc növlərindən biri idi. Əlavə olaraq iqta sahibləri tərəfindən "mənəl", "marafiq", "dəraib" kimi vergilər də alınırdı.[151]

  1. Ərəb sözüdür, tərcüməsi "baş qazı" deməkdir.
  2. Ərəbcədən tərcüməsi rəsmi mərasim əmiri.
  3. Bu sərkərdənin adı Sübidey, Subatay, Sabutay Bahadır olaraq da yazılır.
  4. Monqollarda rəsmi sənəd mənasında işlədilir.
  5. Qaynaqlarda bu hökmdarın adı "Manqburnu", bəzən də "Məngü-Berti" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad arasında qaynaqlarda yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Ayrıca, "manq" türklərdə boy adı mənasını da verməkdədir.
  6. Xaqani Şirvaninin əmisi və müəllimi.
  7. Ərəbcədən tərcüməsi "nəciblərin sultanı".
  8. Ərəbcədən tərcüməsi "sözün hakimi".
  9. Təqribən 107 metr.
  10. Təqribən 42 metr.
  11. Mülk sahiblərinə malik, məlik, və ya mülkədar deyilirdi.
  12. Yəni vergi pul şəklində deyil, məhsul şəklində ödənilirdi.
  13. Ərəbcədən tərcümədə onda bir mənasındadır.
  14. Ulufə ərəbcə hərfi tərcümədə "qida", "yem" mənasındadır.
  15. Ərəbcədən "təhəkkümün" cəm şəkli. "Mühakimə", "nəzarət" deməkdir.
  16. Ərəbcədən tərcümədə xeyirxahlıq ifadə edir.
  1. Hodgson, Marshall G.S. The expansion of Islam in the middle periods Volume 1. University of Chicago Press. 1977. səh. 262. ISBN 0-226-34684-6. 2018-12-23 tarixində arxivləşdirilib.
  2. 1 2 Luther, K.A. "Atabakan-e Ādarbayjan". Encyclopedia Iranica. December 15, 1987. November 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2010.
  3. 1 2 3 Süleyman Əliyarlı.s.155.
  4. Houtsma, M. T. E.J. Brill's First Encyclopaedia of Islam, 1913–1936, BRILL, 1987, ISBN 90-04-08265-4, s.1053
  5. Erdoğan Merçil.s. 90.
  6. 1 2 3 Ziya Bünyadov.s.199.
  7. Johanson, Lars & Csato, Eva & Karakoç, Birsel & Hickey, Raymond. (2020). Turkic Language Contacts. 551-570. 10.1002/9781119485094.ch28. page 177, 181.
  8. Süleyman Əliyarlı.s.156.
  9. Bosworth, Clifford Edmund. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. Columbia University Press. 1996. 199–200. ISBN 0-231-10714-5. 2022-03-29 tarixində arxivləşdirilib. pp 199-200(Eldiguizds or Ildegizds): "The Elgiguzids or Ildegizds were a Turkish Atabeg dynasty who controlled most of Azerbaijan(apart from the region of Maragha held by another Atabeg line, the Ahamadilis), Arran and northern Jibal during the second half the twelfth century when the Great Seljuq Sultane of Western Persia and Iraq was in full decay and unable to prevent the growth of virtually independent powers in the province", pp 199-200: "Eldiguz (Arabic-Persian sources write 'y.l.d.k.z) was originally a Qipchaq military slave", pp199-200: "The historical significance of these Atabegs thus lies in their firm control over most of north-western Persia during the later Seljuq periodand also their role in Transcaucasia as champions of Islamagainst the resurgent Bagtarid Kings". pp 199: "In their last phase, the Eldiguzids were once more local rulers in Azerbaijan and eastern Transcaucasia, hard pressed by the aggressive Georgians, and they did not survive the troubled decades of the thirteenth century".
  10. Süleyman Əliyarlı.s.129.
  11. 1 2 Елдәнизләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 5.
  12. Илдәнизләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 418.
  13. 1 2 3 İradə Nuriyeva.s.18.
  14. Antoine Constant. L'Azerbaïdjan, Karthala Editions, 2002, ISBN 2-84586-144-3 , p. 96
  15. Houtsma, M. T. E. J. Brill's First Encyclopaedia of Islam, 1913–1936, BRILL, 1987, ISBN 90-04-08265-4 , p. 1053
  16. Роза Салаева. НАСЛЕДИЕ АРХИТЕКТУРЫ (PDF). БАКУ. 2002. 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. (#invalid_param_val)
  17. Nuriyeva İradə.s.19–20.
  18. Gülay Ögün Bezer. İldenizliler (PDF). TDV İslam Ansiklopedisi. 2013. 84. 21 avqust 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  19. Ziya Bünyadov.s.37
  20. Əkbər N. Nəcəf.s.22.
  21. Azərbaycan tarixi.s.305.
  22. Ziya Bünyadov.s.38–39.
  23. Əkbər N. Nəcəf.s.23.
  24. Süleyman Əliyarlı.s.115.
  25. Ziya Bünyadov.s.39–40.
  26. Azərbaycan tarixi.s.306.
  27. Süleyman Əliyarlı.s.116.
  28. Əkbər N. Nəcəf.s.25.
  29. Ziya Bünyadov.s.41.
  30. 1 2 Əkbər N. Nəcəf.s.26.
  31. Erdoğan Merçil.s.48–49.
  32. Azərbaycan tarixi.s.307–308.
  33. Ziya Bünyadov.s.43.
  34. Azərbaycan tarixi.s.308.
  35. 1 2 Ziya Bünyadov.s.53.
  36. Azərbaycan tarixi.s.308–309.
  37. Əkbər N. Nəcəf.s.27.
  38. Erdoğan Merçil.s. 87–88.
  39. Əkbər N. Nəcəf.s.29.
  40. Süleyman Əliyarlı.s.119.
  41. Erdoğan Merçil.s. 89.
  42. Azərbaycan tarixi.313.
  43. Erdoğan Merçil.s. 89–90.
  44. Ziya Bünyadov.s.59–60.
  45. 1 2 3 Əkbər N. Nəcəf.s.39.
  46. Azərbaycan tarixi.314.
  47. Süleyman Əliyarlı.s.120–121.
  48. Əkbər N. Nəcəf.s.33–34.
  49. Ziya Bünyadov.s.64.
  50. Ziya Bünyadov.s.65.
  51. Əkbər N. Nəcəf.s.34.
  52. 1 2 Süleyman Əliyarlı.s.121.
  53. Azərbaycan tarixi.314–315.
  54. Ziya Bünyadov.s.68.
  55. Əkbər N. Nəcəf.s.35.
  56. Azərbaycan tarixi.314
  57. Süleyman Əliyarlı.s.122.
  58. Əkbər N. Nəcəf.s.35–36.
  59. Ziya Bünyadov.s.71.
  60. Erdoğan Merçil.s. 95.
  61. Əkbər N. Nəcəf.s.36.
  62. Süleyman Əliyarlı.s.123.
  63. Azərbaycan tarixi.316.
  64. Ziya Bünyadov.s.74.
  65. Əkbər N. Nəcəf.s.37.
  66. Ziya Bünyadov.s.76.
  67. Süleyman Əliyarlı.s.124.
  68. Azərbaycan tarixi.317.
  69. Ziya Bünyadov.s.77–78.
  70. Azərbaycan tarixi.317–318.
  71. Ziya Bünyadov.s.78.
  72. Azərbaycan tarixi.318.
  73. Ziya Bünyadov.s.79.
  74. 1 2 Azərbaycan tarixi.s.318.
  75. Ziya Bünyadov.s.80–81.
  76. Ziya Bünyadov.s.82.
  77. Azərbaycan tarixi.s.319.
  78. Ziya Bünyadov.s.83.
  79. Süleyman Əliyarlı.s.125.
  80. İradə Nuriyeva.s.20.
  81. Azərbaycan tarixi.s.319–320.
  82. Əkbər N. Nəcəf.s.40.
  83. Ziya Bünyadov.s.88.
  84. Azərbaycan tarixi.s.320–321.
  85. Əkbər N. Nəcəf.s.41.
  86. Z. Bünyadov.s.91.
  87. Ziya Bünyadov.s.90.
  88. Azərbaycan tarixi.s.321.
  89. Əkbər N. Nəcəf.s.41–42.
  90. Azərbaycan tarixi.s.322.
  91. Ziya Bünyadov.s.95.
  92. İradə Nuriyeva.s.20–21
  93. Əkbər N. Nəcəf.s.43–44.
  94. Ziya Bünyadov.s.97.
  95. Əkbər N. Nəcəf.s.44–45.
  96. Azərbaycan tarixi.s.324.
  97. Ziya Bünyadov.s.104.
  98. Süleyman Əliyarlı.s.137–138.
  99. Əkbər N. Nəcəf.s.45.
  100. Süleyman Əliyarlı.s.130.
  101. Ziya Bünyadov.s.100.
  102. Azərbaycan tarixis.326.
  103. Süleyman Əliyarlı.s.132.
  104. Əkbər N. Nəcəf.s.46.
  105. Süleyman Əliyarlı.s.133–134.
  106. Ziya Bünyadov.s.103–104.
  107. Əkbər N. Nəcəf.s.47.
  108. Süleyman Əliyarlı.s.139.
  109. Ziya Bünyadov.s.105–106.
  110. Azərbaycan tarixi.328–329.
  111. Süleyman Əliyarlı.s.139–140.
  112. Əkbər N. Nəcəf.s.48.
  113. Süleyman Əliyarlı.s.142.
  114. Ziya Bünyadov.s.109.
  115. Süleyman Əliyarlı.s.143.
  116. 1 2 Azərbaycan tarixi.330.
  117. Əkbər N. Nəcəf.s.49.
  118. Süleyman Əliyarlı.s.112.
  119. Ziya Bünyadov.s.112.
  120. Ziya Bünyadov.s.151.
  121. Azərbaycan tarixi.310–311.
  122. Ziya Bünyadov.s.157–158.
  123. Azərbaycan tarixi.311–312.
  124. Ziya Bünyadov.s.162–164.
  125. İradə Nuriyeva.s.19.
  126. Süleyman Əliyarlı.s.120.
  127. Təhmasib Fərzəliyev.s.14
  128. Əsgər Əhməd.s.242,301.
  129. İradə Nuriyeva.26.
  130. Ziya Bünyadov.s.202.
  131. Nizami Gəncəvi. "12 mart, 2015". khatai.cls.az. 2022-03-26 tarixində arxivləşdirilib.
  132. Zakir Məmmədov.s.32.
  133. Əsgər Əhməd.s.245
  134. Zakir Məmmədov.s.35–36.
  135. Əsgər Əhməd.s.246
  136. Ziya Bünyadov.s.208–210
  137. İradə Nuriyeva.s.27.
  138. Л.С. Бретаницкий. Архитектура и изобразительное искусство. Российские универсальные энциклопедии. Брокгауз-Ефрон и Большая советская энциклопедия объединенный словник. 2012-04-11 tarixində arxivləşdirilib.
  139. Azərbaycan tarixi.377.
  140. C. Qiyasi.s.48
  141. K. M. Məmmədzadə.s.43.
  142. C. Qiyasi.s.99.
  143. Əsgər Əhməd.s.310.
  144. Ziya Bünyadov.167–168.
  145. Azərbaycan tarixi.339–343.
  146. Ziya Bünyadov.170–171.
  147. Azərbaycan tarixi.334.
  148. Azərbaycan tarixi.s.345.
  149. Ziya Bünyadov.183.
  150. Nuriyeva İradə s.24.
  151. Ziya Bünyadov.194–197.
  • Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007. 312 səh.
  • Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından – XIV əsrə qədər). Bakı, "Qanun", 2010.
  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. - 24 səh.
  • Nuriyeva İradə Tofiq qızı. Azərbaycan dövlətləri intibah dövründə. Bakı, "Mütərcim", 2015. – 32 səh.
  • Erdoğan Merçil. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam Tarihi. İstanbul, 1993. c. 8.
  • Əsgər Əhməd. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi mədəniyyəti. Bakı, 2012, "Elm". 372 səh.
  • Təhmasib Fərzəliyev. Azərbaycan folklorunda xalq dram və oyun tamaşaları. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. VII kitab. Bakı "Elm", 1987.
  • Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, "İşıq",1994.
  • K. M. Məmmədzadə. Azərbaycanda inşaat sənəti. Bakı, "Elm", 1978.
  • Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh.
  • C. Qiyasi. Nizami dövrünün memarlıq abidələri. Bakı, "İşıq", 1991.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]