Azərbaycan İkinci Dünya müharibəsində

Vikipediya, azad ensiklopediya
(Azərbaycan İkinci dünya müharibəsində səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan İkinci dünya müharibəsindəİkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu, Azərbaycan xalqının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti.

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Azərbaycanın ümumilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi.

Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.[1]

Müharibə haqqında

[redaktə | mənbəni redaktə et]
1942-ci ilin iyun-noyabr aylarında almanların hücumu

1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.

Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!"

Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.

Azərbaycanın işğalı mərkəzi yer tuturdu

[redaktə | mənbəni redaktə et]

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".

Azərbaycan legionu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycan legionu

Azərbaycan faşizmə qarşı müharibədə

[redaktə | mənbəni redaktə et]

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də ikinci dünya müharibəsinin əvvəlindən axırınadək müharibədə fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü var idi. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941–1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Volqoqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlin şəhərinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.

Moskvanın müdafiəsində

[redaktə | mənbəni redaktə et]

Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı idi.

1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olmuşdur.

Stalinqradın müdafiəsində

[redaktə | mənbəni redaktə et]

Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın və 1943-cü ildə Ukraynanın azad edilməsi uğnrunda döyüşlərdə fəal iştirak etmiş və nasist ordusunun darmadağın edilməsində sovet silahlı qüvvələrinə yaxından köməklik göstərmişdilər.

Şimali Qafqaz uğrunda

[redaktə | mənbəni redaktə et]

Qafqazın müdafiəsinin birinci dövründə alman komandanlığı xeyli miqdarda canlı qüvvə və texnika itirməsinə baxmayaraq Bakının işğalı planından əl çəkmirdi. Hitler Berlindən "Birinci" tank ordusu qərargahına teleqram göndərib Bakının işğalının sürətlənməsini tələb etmişdi. "Birinci" tank ordusu qərargahı Bakıya ediləcək hücumun planını tərtib edib, "A" qrup ordusu qərargahına göndərmişdi. Həmin plana görə alman ordusu sentyabrın 6-da Qroznıdan və sentyabrın 16-da Mahaçqaladan hücuma keçib, sentyabrın 25-də Bakıda olmalı idi.

Şimali Qafqazın almanlar tərəfindən işğalı nəticəsində Zaqafqaziyanın ölkənin mərkəzi ilə əlaqəsi kəsilmişdi. Ölkənin mərkəzi ilə nəqliyyat əlaqəsi yalnız Azərbaycan vasitəsi ilə Orta Asiya ilə saxlanılırdı. Azərbaycandan ölkə mərkəzinə yanacaq, Xəzər-Volqa su yolu ilə daşınırdı.

1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan edildi. Mühüm sənaye mərkəzlərində müdafiə rayonları yaradıldı. Bunlar — Bakı xüsusi müdafiə rayonu, Qroznı və Orconokidze müdafiə rayonları idi. Dövlət Müdafiə Komitəsi 1942-ci il sentyabrın 16-da Mahaçqala, Dərbənd və Bakı rayonlarında müdafiə-istehkam tikintiləri üçün hər gün 90 mindən çox adamın səfərbər olunması haqqında qərar qəbul etdi. Zaqafqaziya hərbi şurasının " Zaqafqaziya cəbhəsinin mühəndis itsehkam xətləri" haqqındakı qərarına görə, Azərbaycan ərazisində 551 kilometr tank əleyhinə xəndək qazılmalı, 7098 uzunmüddətli atəş nöqtəsi və uzunmüddətli torpaq atəş nöqtəsi tikilməli, 1245 kilometr səngərlərarası əlaqə xətti qurulmalı, 34920 müxtəlif qurğu düzəldilməli idi. 1942-ci ilin avqust ayına kimi müdafiə istehkam tikintisi ləng gedirdi. Bunun başlıca səbəbi istehkam tikintisi üçün lazım olan avadanlıqların olmaması idi. 1942-ci il avqustun 25-də Azərbaycan K(b)P MK və Azərbaycan XKS respublikada müdafiə-istehkam xətləri tikintisi üçün qərar qəbul etdi. Qərarda tələb olunurdu ki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarında Baş Qafqaz aşırımlarını mühafizə edən qoşun hissələri, Bakı müdafiə istehkam xətlərinin tikintisi üçün həmin rayonlardan meşə materiallarının hazırlanıb gətirilməsinə cəlb edilsinlər və hər rayon tikinti materialının daşınması üçün daxili imkanlar hesabına maşınlar ayırsınlar. Azərbaycan, Bakı zonasında müdafiə-istehkam tikintisinə beş min inşaatçı cəlb etmişdi.

Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədovİdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Azərbaycanlılardan ibarət diviziyalar

[redaktə | mənbəni redaktə et]
iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov

İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya PolşaÇexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.[2]

77-ci milli atıcı diviziya

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: 77-ci dağatıcı diviziya

Azərbaycanın 77-ci milli atıcı diviziyası müharibəyə 1941-ci ilin dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya Kerç, Taman, Novorossiysk, Mozdok, Mineralni vodı uğrunda gedən döyüşlərdə fərqlənmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Suvorov ordeni ilə təltif edilmişdi. Sevastopolun azad edilməsi uğrunda Sapun-qaradan başlanan döyüşlər 10 gün davam etdi, qələbə bayrağını 1943-cü ilin 7 mayında serjant Əbduləziz Qurbanov sancdı.

Simferopol şəhəri düşməndən azad edildikdən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya "Simferopol diviziyası" fəxri adı verildi. Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər. Həmin əməliyyatlarda 77-ci milli diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayıl İbrahimov xüsusilə fərqləndi.

77-ci diviziya 1944-cü ilin iyul ayından başlayaraq Pribaltikada və Rusiyada gedən döyüşlərdə fəal iştirak etdiyinə görə, onun yüzlərlə əsgər və zabiti orden və medallarla təltif edildi, 8 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ümumilikdə 77-ci Simferopol dağ-atıcı Azərbaycan milli diviziyası döyüş əməliyyatlarına Krımdan başlamış və 11000 kilometrə yaxın məsafəni qət edərək, müharibəni Berlində qurtarmışdı. Diviziyanın döyüş yollarında Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generallar yetişmiş və onların hər biri böyük sərkərdəlik məharəti göstərmişlər.

223-cü milli atıcı diviziya

[redaktə | mənbəni redaktə et]

223-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, UkraynaMoldaviyadan, Bolqarıstan, YuqoslaviyaMacarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Çeski Budlvitse şəhərində Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medalnlarla təltif edilmişdi.

1942-ci ilin fevral ayından 1943-cü ilin iyun ayına qədər Heybət Heybətov diviziyanın komandiri olmuşdu. Onun komandanlığı altında diviziya Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçmişdi.

General Heybət Heybətov müharibə illərində general rütbəsi almış Həzi AslanovYaqub Quliyev ilə yanaşı üçüncü azərbaycanlı generalıdır. Müharibə illərində həmin diviziyada komandan olmuş 6 nəfərin arasında general Heybət Heybətovun 17 ay komandirlik fəaliyyəti daha zəngindir. Diviziyanın bütün alayları: 1037-ci alay Suvorov ordeninə, 1039-cu alay Kutuzov ordeninə, 1041-ci alay Suvorov və Kutuzov ordenlərinə, 818-ci alay Boqdan Xmelintski ordeninə layiq görülmüşdü. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

402-ci milli atıcı diviziya

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: 402-ci atıcı diviziya

Tərkibi 90% azərbaycanlılardan ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində Qroznı- Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə fərqlənmişdi. Həmin döyüşlərdə 833-cü alayın komandiri mayor Akim Abbasov və 840-cı alayın döyüşçüləri qəhrəmanlıq nümunələri göstərmişdilər. 1944-ci ilin əvvəlində 402-ci milli diviziyanın sıravi heyətinin 75%-i, komanda heyətinin 50%-i azərbaycanlılardan ibarət idi. Komanda heyətinin milli tərkibini gücləndirmək məqsədilə diviziyaya respublikadan azərbaycanlı hazırlıqlı və təcrübəli komandirlər heyəti göndərildi. Diviziyada siyasi tərbiyə işlərinə respublikadan 300 nəfərdən çox partiya işçisi göndərilmişdi. Görkəmli yaradıcı ziyalılardan Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Bülbül, Niyazi Hacıbəyov, Mustafa Topçubaşov, Heydər Hüseynov və digərləri dəfələrlə həmin diviziyada olmuşlar.

416-cı milli atıcı diviziya

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: 416-cı atıcı diviziya

416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, "Taqanroq diviziyası" adına layiq görüldü.

1943-cü ilin iyulundan sonra diviziyaya general mayor Heybət Heybətov komandanlıq etmişdir. Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bildi.

Diviziyanın 1368-ci atıcı alayı Qırmızı Bayraq ordeni, 1054-cü topçu alayı Suvorov ordeni, 444-cü əlahiddə topçu divizionu Boqdan Xmelnitski ordeni, 348-ci əlahiddə sanitar batalyonu Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.

Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların istifadəsində olan çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi.

416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Diviziya 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu. May ayının 3-də marşal Georgi Jukov başda olmaqla birinci Belorussiya cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər.

416-cı milli diviziya İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Praqaya qədər 5000 km yol qət etmiş, 6 Avropa ölkəsindən – Rumıniyadan, Bolqarıstandan, Yuqoslavinyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 ambarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi.

Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Diviziyanın özü Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni ilə təltif edilmişdir, onun qələbələri şərəfinə Taqonroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə ansamblı yaradılmışdır, Taqonroqda, Kiyevdə, Nikolayev və Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilmişdir.

Partizan hərəkatında azərbaycanlılar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər.

1942–1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.

Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.[3].

1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və Baltikyanı Respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər.

Azərbaycanlılardan Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5000 nəfərə qədər, Belarusiya torpaqlarında isə 1000 nəfərə qədər döyüşçü partizan dəstələrində fəal iştirak etmişlər[4].

Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşistə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər.

1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular. Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan — Yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər.

Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşuldu. Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına 3-cü Sloveniya xalq-azadlıq briqadası 4-cü batalyonunun rus rotası yaradıldı.[5] Rotanın komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə oldu.[6][7] Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşdur.

1942-ci ilin yazında Polşadakı hərbi əsir düşərgələrindən birində azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit H.Qiyasbəyov və M.Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu.

Fransanın Rodez şəhərindəki əsir düşərgəsində xeyli azərbaycanlı vardı. Onların çoxu gizli antifaşist təşkilatının üzvi idi. Burada üsyan hazırlanması xəbəri xain tərəfindən düşərgə rəhbərliyinə çatdırılmasına, onun qarşısını almaq üçün böyük tədbir görülməsinə baxmayaraq, gizli təşkilatın üzvlərindən həkim Əmirov son dəqiqədə fürsətdən istifadə edərək 29 nəfər əsirlə birlikdə meşəyə qaçıb fransız partizanlarına qoşulmuşdu.

Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs edib, böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər.

1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilmişdi. Bu əməliyyatda azərbaycanlılara gizli antifaşist təşkilatın üzvü Hüseynrza Məmmədov başçılıq edirdi. Rodez zəhmətkeşləri qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi ilə Rodez qəbiristanlığında dəfn etdilər. Matəm mitinqində çıxış edən polkovnik Rişard fransız vətənpərvərlərinin sovet xalqına qarşı məhəbbətlə dolu olan fikir və duyğularını bu sözlərlə ifadə etmişdi: "Fransa, azərbaycanlı hərbi əsgərlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəklər ki, uzaq Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər". Qardaşlıq məzarı üzərinə qoyulan baş daşına Azərbaycan xalqının qəhrəman oğullarının şanlı adları həkk edildi.

Partizan Ölkə
Mehdi Hüseynzadə Yuqoslaviya Yuqoslaviya / İtaliya Krallıq
Mirdamət Seyidov Yuqoslaviya Yuqoslaviya / İtaliya Krallıq
Cavad Həkimli Yuqoslaviya Yuqoslaviya / İtaliya Krallıq
Mikаyıl Qulubəyov Yuqoslaviya Yuqoslaviya / İtaliya Krallıq
Əhmədiyyə Cəbrayılov Fransa Fransa
Hüseynrza Məmmədov Fransa Fransa
Məmməd Əliyev Ukrayna Krım
Məmməd İsayev Belarus Belarus
Nuru Abdullayev Fransa Fransa
Həsən Əliyev Fransa Fransa
Məzaim Əliyev İtaliya İtaliya
Vəli Vəliyev Fransa Fransa
Mikayıl Hüseynov Fransa Fransa
Feyzulla Qurbanov Fransa Fransa
Qurban Məmmədov Fransa Fransa
Mirzəxan Məmmədov Fransa Fransa
Mirzəli Məmmədli Fransa Fransa
Nuruş Mehdiyev Fransa Fransa
Cəfərov Xançoban İtaliya İtaliya[8]
Paşa Cəfərxanlı İtaliya İtaliya
Əli Babayev İtaliya İtaliya
Məmmədbağır Bağırov İtaliya İtaliya
Cəlal Rəfiyev İtaliya İtaliya
Əli Tağıvev İtaliya İtaliya[9]
Mirzə Şahverdiyev İtaliya İtaliya

1941–1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi.

1941-ci ildə müharibənin ilk dörd ayı ərzində respublikamızın süqutuna, xalqımızın sürgün edilməsinə iki dəfə cəhd edilmişdi.[10]

Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı[11]. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi[11].

Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.[2]

Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı[11]. Çünki, Hitler belə bir fikirdə idi ki, Almaniya üçün təkcə SSRİ-ni resurslardan məhrum etmək deyil, onlardan dərhal istifadə etmək də son dərəcə vacibdir[11].

Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq". Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər.

Buna baxmayaraq 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi, və bu qərara əsasən 1942-ci ilin sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi.

Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən "Krasnaya zvezda" qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: "Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqaisə etmək olar".

İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".

Hitler və alman zabitləri üzərində Xəzər dənizi və Bakı şəhəri təsvir edilmiş tortun ətrafında Üzərində Xəzər dənizi və Bakı təsvir edilmiş tort Üstündə Bakı şəhəri təsvir edilmiş Hitlerin yeməsi üçün kəsilən tort dilimi

Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70–75%-i, benzinin 85–90%-i Azərbaycanın payına düşürdü. 1941–1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

SSRİ-Almaniya müharibəsi cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmiş Sovet İttifaqı marşalları G.K.JukovK.K. Rokossovski müharibə illərində dəfələrlə rəsmi çıxışlarında bildirmişdilər ki, Azərbaycan neftçiləri motorlar müharibəsində faşist ordusu üzərində qələbədə cəbhəni yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər göstərmişlər.

Marşal Konstantin Rokossovski həmin fikri belə şərh etmişdi: "Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır".

Marşal A.A.Qreçko yazmışdır ki, "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".

İngiltərə hökuməti və Avropanın hərbi dairələri, Amerika Birləşmiş Ştatları rəhbərliyi yəqin etdilər ki, Hitler Sovetlər İttifaqının Urala qədər ərazilərini və Bakı neftini də zəbt edərsə, onun dünya ağalığı ilə mübarizə aparmaq mümkün olmayacaqdır. Bu həqiqətən belə idi. Çünki Avropanın 60-a qədər dövlətinin hərbi texnikası 1941-ci ilə qədər bazalarda hərəkətsiz dayandığı halda müharibə başlanandan sonra bütün cəbhələrdə 20 minə qədər təyyarəsi və o qədər tankı, avtomaşını, motoskleti döyüşlərdə böyük həcmdə yağ və benzin işlədirdi. Elə buna görə də çoxları deyirdilər ki, kim Bakı neftinə sahib olsa o da qalib gələcəkdir.

Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.

Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 mln.-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib.[12]

Ölkə qospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".

Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".

  1. "İkinci dünya müharibəsi illərində Azərbaycan övladları böyük qəhrəmanlıq nümunələri göstərmişlər". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-08.
  2. 1 2 İkinci dünya müharibəsində Azərbaycanın rolu[ölü keçid]
  3. İkinci dünya müharibəsi: azərbaycanlılar müqavimət hərəkatında[ölü keçid]
  4. Azərbaycanlı döyüşçülərin faşizmə qarşı partizan və müvaqimət hərəkatlarında iştirakı[ölü keçid]
  5. Stanko Petelin. Gradnikova brigada. — Ljubljana: Tiskarna "Jože Moškrič", 1983. — S. 314
  6. Азербайджан в Великой Отечественной войне (rus.)). Elm. 1975. səh. 354. (#invalid_param_val)
  7. Алиева Р. М. Азербайджанцы в европейском движении сопротивления. — Bakı: Vətən, 2005. — С. 31–32.
  8. "Arxivlənmiş surət". 2018-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  9. "Венок от соотечественников". 2008-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  10. "Azərbaycanın adı İkinci dünya müharibəsinin qalibləri sırasındadır". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-08.
  11. 1 2 3 4 Balamirzə Məmmədli. İkinci dünya müharibəsi illərində Baki nefti Almaniyanin hərbi-strateji planlarında // I Beynəlxalq Humanitar və İctimai Elmlərin Əsasları Konfransının Materialları (24 dekabr 2021). Bakı, 2021, 270 s. səh.87-88.
  12. "Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd olunur". 2011-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]