Yuliya Domna
Yuliya Domna | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən tezi 158 və ən geci 170 |
Doğum yeri | |
Vəfat tarixi | 217[1][2][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Anası | bilinmir |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuliya Domna (ən tezi 158 və ən geci 170, Homs[1][2][…] – 217[1][2][…], Antioxiya[1][2][…]) — Roma imperatoru Septimi Severin həyat yoldaşı, Roma imperatorları Karakalla və Getanın anası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mənşəyi
[redaktə | mənbəni redaktə et]Yuliya Domna Emesa (indiki Homs, Suriya) şəhərində anadan olub[5][6] və onun əcdadları, o cümlədən atası ellinləşmiş suriyalılardan olan Roma tələbəsi Yuli Bassian yerli ilah Elaqabala (tərcümədə "Dağın sahibi") xidmət edən kahin idi. Bu ilaha qurbanlar onun bütü yanında deyil, göydən düşən meteorit olduğu ehtimal edilən konusvari qara daşın yanında gətirilirdi. Yulia Domna ailənin kiçiyi idi və onun Yulia Mesa adlı böyük bacısı da var idi[6].
Septimi Severlə evlilik
[redaktə | mənbəni redaktə et]182-ci ildən başlayaraq Septimi Sever Suriyada yerləşdirilmiş IV "Skif" Legionuna rəhbərlik edirdi. Çox güman ki, elə burada o gələcək həyat yoldaşı Yuliya ilə tanış olmuşdu.
185-ci ildə Septimi Sever Lunqdun (indiki Lion) Qalliyasına canişin təyin edildi. Elə bu illərdə, onun birinci həyat yoldaşı Pakkiya Marsiana vəfat etdi və o yeni evlilik haqqında düşünməyə başladı. 187-ci ildə o Yuliya Domna ilə evləndi.
Müasirləri Septimi Severin seçimini təəccüblə qarşıladılar. Axı niyə o dogma liviyalı və ya qalliyalı və ya romalı qızları qoyub uzaq şərq əyalətindən olan bir qızla evlənirdi. O dövrdə belə bir səbəb uydurulmuşdu ki, guya Sever öz gələcək həyat yoldaşını ulduz falının köməyilə seçmişdi. Astroloqlar ona demişdilər ki, uzaq Suriyada yaşayan bir xanım hökmdara ərə gedəcəkdir. Həmin hökmdarın özü olması üçün, guya Sever Yuliya Domnanı seçmişdi[7].
Bu evliliyin əsl səbəbi bilinməsə də, mənbələrdə Yuliyanın gözəl xanım kimi təsvir edilməsi diqqəti çəkir.
189-cu ildə Sever Siciliyanın canişini, növbəti ildə konsul ,191-ci ildə isə Yuxarı Pannoniyanın (müasir Avstriya, Xorvatiya və Macarıstan əraziləri) canişini oldu. 193-cü ildə Romada Pertinaksın öldürülməsi haqqında xəbər yayıldıqda Severin legionları onu imperator elan etdi, iyunun 1-də Senat bu qərarı təsdiq etdi, iyunun 9-da isə o triumfla Romaya daxil oldu. Təbii ki, Yuliya dərhal avqusta titulu aldı.
Nikah dövrü və titulları
[redaktə | mənbəni redaktə et]Septimi Sever öz həyat yoldaşını çox sevir və ona dərin hörmət bəsləyirdi. Buna görə də, Yuliyaya müxtəlif titul və imtiyazlar verilirdi. 195-ci ildə Yuliyaya "mater castrorum" ("düşərgələrin anası") titulu verildi. Sever özünün böyük oğlu Karakallanı sezar təyin etdikdə Yuliyaya "mater Caesaris" ("Sezarın anası") titulu, daha sonra Karakalla avqust, onun kiçik qardaşı Geta isə sezar təyin edildikdə Yuliyaya "mater Augusti et Caesaris" ("Avqust və Sezarın anası") titulu, 209-cu ildə hər iki qardaş avqust olanda isə "mater Augustorum" titulu verildi. 211-ci ildən isə Yulia Domnanı "mater castrorum et senatus et patriae" ("düşərgələrin, senatın və vətənin anası") kimi yad etməyə başladılar.
Sikkələrdə onun təsviri (bəzən imperatorla birlikdə) "Əsrimizin xoşbəxtliyi", "İctimai təhlükəsizlik", "Əmin-amanlıq", "Məhsuldarlıq", "Sadəlik", "Razılıq" kimi yazılarla tamamlanırdı[8].
Yulia Domna demək olar ki, bütün yürüş və səyahətlərdə həyat yoldaşını müşayiət edirdi. 195–202-ci illərdə onlar Şərqə yollandılar, Suriyada və Misirdə olduqdan sonra Kiçik Asiyadan keçməklə Romaya qayıtdılar.
208-ci ildə cütlük narahat Britaniyaya yollandı və 211-ci ildə Septimi Sever Eborakumda (müasir York şəhəri) vəfat edənədək orada qaldı. Roma imperatorlarının həyat yoldaşlarından Yulia Domna Sabinadan sonra bu adaya gəlmiş ikinci xanım idi.
Yulianı britaniyalı qadınların primitive əxlaqı təəccübləndirmişdi və əfsanəyə görə, bir qulluqçu Yuliyanın sualına cavab olaraq demişdi ki, "romalı qadınların gizli etdiklərini biz açıq-aşkar edirik və pis kişiləri seçən romalılardan fərqli olaraq biz ən yaxşıları seçirik"[9].
Yuliyanın sarayda düşməni az deyildi. Ən böyük düşməni isə oğlu Karakallanın məcburən evləndiyi Plavtillanın atası Plavtian idi. Plavtian əvvəllər Severin dostu olsa da, onun böyük planları və ambisiyaları var idi və Yuliyanı gözdən salmaq üçün onun öyrətdiyi adamlar Yuliyanı ərinə xəyanətdə və zinakarlıqda ittiham edirdilər. Lakin bu ittihamların heç biri öz təsdiqini tapmamışdı.
Övladları
[redaktə | mənbəni redaktə et]Yuliya Domnanın böyük oğlu Lüsi Septimi Bassian (tarixdə Karakalla adı ilə qalmışdı) 188-ci ildə Lunqdunda (indiki Lion şəhəri), kiçik oğlu Geta isə 189-cu ildə anadan olmuşdu[7]. Severin ölümündən sonra qardaşların hər ikisi imperator oldu. Lakin onların münasibətləri çox gərgin idi və hətta imperiyanın qardaşlar arasında bölüşdürülməsi layihəsi də hazırlanmışdı. Yuliya bu layihənin əleyhinə idi.
Bu gərginlik çox sürmədi. 211-ci və ya 212-ci ildə Karakalla qardaşını analarının hüzuruna çağırdı. Onlar danışıqlar aparmalı idilər və ana öz oğullarını barışdırmaq istəyirdi. Lakin Geta içəri daxil olan kimi bir neçə zabit onun üstünə cumaraq onu qətlə yetirdi. Onun yaralarından axan qan Yuliyanın donunu al rəngə boyadı.
Karakalla hər kəsə, o cümlədən anasına yas tutmağı qadağan etmişdi. Lakin məşhur filosof-imperator Mark Avrelinin qızı Kornifisiya Yuliyanın yanına gələrək ona başsağlığı verdi və buna görə də, öldürüldü. Getaya simpatiyası olduğu güman edilən başqa şəxslər də qırğının qurbanı oldu[10].
Kədərli ana siyasətdən çəkilərək ədəbiyyat və fəlsəfə ilə məşğul olmağa başladı. Bununla birlikdə, Yuliya, oğlunun davamlı olmaması ilə hakimiyyətin idarə edilməsində iştirak etdi və xüsusilə 213-dən 217-ci ildə oğlunun ölümünə qədər imperatorluğu idarə etdi.
Yuliya və filosoflar
[redaktə | mənbəni redaktə et]Yuliya filosoflara himayəçilik edir və Romada fəlsəfənin çiçəklənməsi üçün şərait yaradırdı[11]. Yuliyanın ünsiyyət qurduğu sofistlərdən biri də Flavi Filostrat idi. Yuliya Filostrata I əsrdə yaşamış müdrik Tianlı Apolloninin bioqrafiyasını yazmağı xahiş etmişdi. Tianlı Apolloni bütpərəst olsa da, onun adı ilə bəzi möcüzələri bağlayırdılar və hətta güman edirdilər ki, o ölmədən səmaya çəkilmişdi. Ola bilsin ki, onun həyatını araşdırmağı Filostrata tapşırmaqla Yuliya möcüzələr haqqında hekayələrlə zəngin olan xristianlığa bir cavab hazırlamaq istəmişdir. Bu kitab çox böyük marağa səbəb oldu və xristianlarla bütpərəstlər arasında olan mübahisələrdə ona istinadlar edilir və Apolloni İsa Məsihlə qarşılaşdırılırdı[12][13].
Yuliyanın ölümü
[redaktə | mənbəni redaktə et]214-cü ildə Karakalla Makedoniyalı İskəndərin şücaətini təkrarlamaq üçün şərq yürüşünə çıxanda Yuliya da onu müşayiət etmişdi. 217-ci ildə Karakalla parfiyalılara qarşı yürüşə çıxdı. Yuliya isə Antioxiyada qaldı.
Apreldə Karakallanın öz əsgəri tərəfindən öldürülməsi barədə xəbər alan Yuliya intihar etməyə cəhd etsə də, cəhd uğursuz alındı və o sadəcə yaralandı. Daha sonra, Yuliya yeni imperator Makrinidən məktub aldı: o yazırdı ki, Yuliya öz imtiyazlarından istifadə etməyə davam edə bilər və ona heç kəs toxunmayacaqdır. Lakin öz vəziyyəti ilə barışmayan Yuliya Makriniyə arşı sui-qəsd hazırlamağa cəhd göstərdi. Bu cəhdlərin nəticəsiz qaldığını görən Yuliya aclıq elan etməklə 217-ci ildə intihar etdi[14].
Onun nəşi Adrianın mavzoleyində yerləşdirilmişdi[15].
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Гревс И. М.[rus.]. // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
- А. Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.184–198
- B. Levick, Julia Domna: Syrian Empress, Routledge, 2007
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 World History Encyclopedia (ing.). 2009.
- ↑ 1 2 3 4 5 6 Visuotinė lietuvių enciklopedija (lit.).
- ↑ 1 2 3 Ив. Гр. Юлии сирийские (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLI. С. 344–346.
- ↑ 1 2 Любкер Ф. Caracalla (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 247–248.
- ↑ Irfan Shahid, Rome and The Arabs: A Prolegomenon to the Study of Byzantium and the Arabs, Washington, 1984, Dumbarton Oaks Research Library, p. 167, ISBN 0-88402-115-7; Glen Warren Bowersock, Roman Arabia, Cambridge, Harvard University Press, 1983, pp. 126–128
- ↑ 1 2 Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.184
- ↑ 1 2 "Юлии сирийские". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
- ↑ Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.188–190
- ↑ Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.195
- ↑ Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.196–197
- ↑ "Julia Domna 170 CE Syria". 2012-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-10.
- ↑ Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.192–193
- ↑ Dzielska, Maria; Stucchi, Sandro. Apollonius of Tyana in Legend and History. 1986. 14. ISBN 88-7062-599-0.
- ↑ Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.198
- ↑ "Cassios Dio. Roman history". 2012-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-10.