X Lüdovik (Fransa kralı)
X Lüdovik | |
---|---|
fr. Louis X de France fr. Louis X le Hutin | |
29 noyabr 1314 – 5 iyun 1316 | |
Əvvəlki | IV Filip |
Sonrakı | I Con |
4 aprel 1305 – 5 iyun 1316 | |
Əvvəlki | I Janna |
Sonrakı | I Con |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1289 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 1316 (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Atası | IV Filip[1] |
Anası | Navarralı I Janna (Fransa kraliçası)[1] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Kapetinqlər sülaləsi |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
X Lüdovik (fr. Louis X) və ya Dalaşqan Lüdovik (fr. Louis le Hutin) (4 oktyabr 1289, Paris – 5 iyun 1316, Vensen) — Navarra və Fransa kralı.[2]
Öz azadlıqlarını satın ala bilən bütün kölələr onun səltənətində azad edildi. Krallıqdan qovulan yəhudilər bağışlandı. Atası dönəmində aparılan maliyyə və mərkəzləşdirmə siyasəti səbəbilə ayaqlanan yerli əsilzadələrlə mübarizə apardı. İlk xanımı Burqundiyalı Marqarita Nesl qalası skandalında adı hallandığı üçün xəyanətlə təqsirləndirildi və həbs tutulduğu Normandiyadakı Qaylard qalasında 1315-ci ildə vəfat etdi[3]. X Lüdovik elə həmin il Macar Klementinayla evlənsə də, bir neçə ay sonra hamilə xanımını geridə buraxaraq 5 iyun 1316-cı ildə vəfat etdi. Oğlu I Conun dünyaya gəldiyi 1316-cı ilin noyabr ayınadək isə qardaşı Uzun Filipp kral naibi olaraq krallığı idarə etdi. 15 noyabr günü doğulan I Con cəmi 5 gün sonra vəfat etdi. Oğlunun ölümünün ardından kral naibi olan qardaşı Uzun Filipp Reyms şəhərində özünü kral elan etdi.
Lüdovik Fransa kralı IV Filipp və Navarra kraliçası I Jannanın ən böyük oğlu olaraq 1289-cu ildə Parisdə dünyaya gəldi. Anasının 1305-ci ildə vəfatının ardından I Lüdovik adıyla Navarra kralı elan edildi və 1307-ci ildə tacqoyma mərasimi keçirildi. Navarra taxtına oturduğu 1305-ci ildə Burqundiya hersoqu II Robertin qızı Marqaritayla evləndirildi və bu evlilikdən Janna adlı bir qızı dünyaya gəldi. Ancaq xanımının 1314-cü ildə Nesl qalası skandalına adının qarışması bu münasibəti zədələdi. Məhkəmədə dindirilən Marqaritanın saçları kəsildi və Normandiyadakı Qaylard qalasına həbs edildi. Skandalda adı çəkilən digər saray əyanları isə edam edildi.
Həmin ilin noyabrında atası IV Filippin ölümünün ardından X Lüdovik Fransa kralı elan edildi. O əsnada xanımı Marqarita həbs tutulduğu üçün tacqoyma mərasimi keçirilmədi. O əsnada davam edən Avinyon əsarəti və vahid bir papanın olmaması səbəbilə X Lüdovik xanımından boşana bilmədi. Ancaq çox keçmədən 14 avqust 1315-ci ildə həbsdəki kraliça tutulduğu Qaylard qalasında şübhəli şəkildə vəfat etdi. Dul qalan X Lüdovik cəmi 5 gün sonra yenidən evləndi. Bu dəfəki namizəd isə yaxın məsləhətçisi olan əmisi Valualı Çarlzın qohumu Macar Klementina oldu. Cütlüyün tacqoyma mərasimi 1315-ci ilin avqustunda Reyms şəhərində baş tutdu.
Flandriyayla apardığı müharibədə maliyyə dəstəyi qazanmaq niyyətiylə öncə atasının 1306-cı ildə ölkədən qovduğu yəhudiləri ticarəti canlandırmaları məqsədilə əfv etdi və onları ölkəyə geri çağırdı. Əfv fərmanına görə, çağırılan yəhudilər 12 il boyunca krallığın torpaqlarında yaşaya bilər, ancaq daha sonra bu fərman ləğv edilə bilərdi. Əlavə olaraq burada yaşayan bütün yəhudilər qollarına xüsusi lent bağlamalı idi. Daha sonra 1315-ci ilin iyulunda köləliyə son qoyan fərman imzaladı. Beləcə, hər bir kölə müəyyən məbləğ ödəyərək həm azadlığını əldə edəcək, həm də krallığın xəzinəsinə gəlir gələcəkdi.
Həvəskar tennis oyunçusu olan X Lüdovik 5 iyun 1316-cı ildə Vensendə vəfat etdi. Ölüm səbəbi olaraq oynadığı bir oyunun ardından xeyli miqdarda içdiyi soyuq şərab və nəticədə keçirdiyi ağır soyuqdəymə göstərilir. Bununla yanaşı içdiyi şərabdan zəhərlənmə iddiaları da var. Cənazəsi Sen-Deni Bazilikasına dəfn edilən X Lüdovikin oğul övladı yox idi. O əsnada hamilə olan xanımının oğul dünyaya gətirməsi ümidiylə qardaşı Uzun Filipp kral naibi təyin edildi və övladın dünyaya gəlişi gözlənildi. 5 ay sonra dünyaya gələn I Con Fransa kralı ünvanıyla doğulan yeganə şəxs olması və cəmi 5 gün davam edən səltənətiylə Fransa tarixində iz qoymuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Gaude-Ferragu, Murielle (2005). D' Or et de cendres: La mort et les funérailles des princes dans le royaume de France au bas Moyen Âge (in French). Villeneuve d'Ascq: Presses Universitaires du Septentrion. p. 285. ISBN 2859398783
- Gillmeister, Heiner. (1998) Tennis: A Cultural History. London: Leicester University Press. ISBN 978-0-7185-0147-1
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Kindred Britain.
- ↑ Brand, Benjamian; Rothenberg, David J., eds. (2016). Music and Culture in the Middle Ages and Beyond. Cambridge University Press. p. 247. ISBN 9781107158375
- ↑ Bulletin de la Société de l'histoire de France (in French). J. Renouard. 1855