Namərdqala

Vikipediya, azad ensiklopediya
(Qız qalası (Gədəbəy) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Qız qalası adlanan Namərdqala haqqındadır. Digər mənalar üçün Qız qalası (dəqiqləşdirmə) səhifəsinə baxın.
Namərdqala
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Gədəbəy
Yerləşir Söyüdlü
Aidiyyatı Hülakülər
Tikilmə tarixi IX-XII əsrlər
Üslubu Arran memarlıq məktəbi
Material kərpic
İstinad nöm.217
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Namərdqala (Azərbaycan)
Namərdqala

Namərd qala – digər adları: Mamır Qalası, Çarek Qalası Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndi yaxınlığında yerləşən orta əsrlərə aid müdafiə tikilisi.[1]

Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir.

Hazırda Namərdqalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi məlum deyil.[2] Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII əsr – Eldənizlər dövrünün əsəri sayırlar.[3]

Vardan Araveltsinin verdiyi məlumatlara görə, Çarek Qalası 1204-cü ildə İvane Zakaryanın hakimiyətinə keçmişdir.[4]

Kirakos Gəncəlinin qeydlərinə görə 1220-ci ildə, monqol-tatar yürüşlərindən qaçan alban katolikosu İohan (1195–1235) Çarek qalasına sığınmış və kilsə mərkəzini buraya daşımışdır.[5]

1224-cü ildə isə Ğatağa Noyin artıq bölgədə monqol-tatar hakimiyətini bərqərar edir.[4]

Qalanın yerləşdiyi ərazi Söyüdlü kəndindən təxminən 7–10 km məsafədəki sıx meşəli-dağlı bölgədir. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Qala əldən -ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilmişdir. Dağ qalalarının çoxunda olduğu kimi bu qalalı dağ da silsilədə ada vəziyyəti tutur. Dağın ətəklərini iki yandan Şəmkir və Mis çayları yuyur.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı vardır. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir.[6] Qalanın bucaqlarında dairəvi biçmli möhtəşəm bürclər yüksəlir. Onun əzəmətli surətinin aparıcı elementləri bu bürclərdir.

Qala sərt dağ relyefinə uyğun olaraq içəridə iki səviyyəlidir. Üst qatda, dağın ən uca yerində planda beşbucaqlı biçimli olan içqala yerləşir. Cənubdan içqalaya ondan xeyli aşağı səviyyədə olan qalanın ikinci bölümü birləşir. Plan quruluşu və memarlıq biçimləri dağlıq yerlə birlikdə qalanın müdafiəsini olduqca dayanıqlı etmişdir.

Namərdqalanın profildən görüntüsü

Dağ qalaları bir qayda olaraq ətrafdakı qayalardan və çay yataqlarından gətirilən daşlardan – yerli laltı materialdan inşa edilirdi. Namərd qalanın başqa dağ qalalarından bir fərqi də ondan ibarətdir ki, onun azman memarlıq kütlələri bişmiş kərpicdən ucaldılmış, divar səthləri isə bayırdan bir sıra cilalı kərpiclə üzlənmişdir. Dağ başında kvadrat biçimli kərpicdən nəhəng tikinti işlərinin aparılması qalanı tikdirən sifarişçinin geniş imkanları olduğunu, tikintiyə böyük işçi qüvvəsinin, yüksək ixtisaslı sənətkarların cəlb edilməsini göstərir. Abidədə tikinti işlərinin keyfiyyəti də olduqca yüksəkdir.

Namərd qalanın özümlü cəhətlərindən biri də içqalanın bayır səthlərində maşikulların ikiqatlı olmasıdır. Araşdırmaçılar bunu qaladakı evlərin və bürclərin içərisindəki otaqların ikimərtəbəli olması ilə izah edirlər. Divar və bürclərin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan bu iki sıra maşikullar Namərd qalanın müdafiəsini xeyli gücləndirməklə yanaşı onun görkəminə də böyük təbii gücə və təntənə gətirir.

  1. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.152
  2. C.Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh. 157
  3. C.Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh. 155
  4. 1 2 Vardan Vardapet (Araveltsi), səh. 138–140.
  5. Kirakos Gəncəli, səh.178
  6. C.Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh. 156