Nurdövlət Gəray
Nurdövlət Gəray | |
---|---|
avqust 1466 – 1467 | |
Əvvəlki | I Hacı Gəray |
Sonrakı | I Məngli Gəray |
1467 – 1469 | |
Əvvəlki | I Məngli Gəray |
Sonrakı | I Məngli Gəray |
dekabr 1475 – 1478 | |
Əvvəlki | Heydər Gəray |
Sonrakı | I Məngli Gəray |
1486 – 1490 | |
Əvvəlki | Danyal xan |
Sonrakı | Satılqan Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | təq. 1503 |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Hacı Gəray[1] |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Nurdövlət Gəray (bilinmir – təq. 1503) — 3. Krım xanı və 3. Qasım xanı. Fərqli vaxtlarda 3 dəfə Krım taxtına çıxmış, qardaşı Məngli Gərayla taxt mübarizəsi aparmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nurdövlət Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ikinci oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Böyük qardaşı Heydər Gəray atasına qarşı üsyan etdiyi üçün xain kimi həbs edilmiş, bu səbəblə atasının vəfatının ardından böyük vəliəhd olaraq Krım taxtına oturmuşdur. Ancaq buna razı olmayan kiçik qardaşı Məngli Gəray Kəfəyə qaçdı və genuyalılara sığındı.
Çox keçmədən 1467-ci ildə qardaşı Məngli Gəray Şirin qəbiləsinin də dəstəyi ilə özünü Krım xanı elan edərək taxtda haqq iddia etdi. Ancaq xanlığın xarici siyasətini dəyişərək, ənənəvi müttəfiq olan Polşa-Litva birliyinə qarşı Moskva knyazlığını dəstəklədi. Məhz bu səbəblə bir çox tərəfdarını itirən Məngli Gərayın bir neçə aylıq səltənəti başa çatdı və Nurdövlət xan hakimiyyəti yenidən əlində cəmlədi.
Ancaq yeritdiyi daxili siyasətlə yerli bəyləri özündən narazı salması nəticəsində 1469-cu ilin avqust ayında Mamak adlı bir tatar əsilzadəsi böyük bir üsyan başlatdı. Ayaqlanan əhali həbs tutulan Məngli Gərayı azad edərək Krım taxtında oturtdu. Ələ keçirilən Nurdövlət xan digər qardaşı Heydər Gərayın da həbs edildiyi Sudak qalasına salındı. Ancaq baş verən daxili çəkişmələrdən sonra Osmanlı ordusu bölgədə sülhü təmin etmək üçün 1475-ci ildə Gədik Əhməd Paşa rəhbərliyində Krıma gəldi. Bölgədəki Genuya ağalığına son qoyaraq həbsdə olan Nurdövlət Gəray azad edildi və Krım xanı elan olundu. Ələ keçirilən Məngli Gəray İstanbula aparıldı.
Nurdövlət xan üçüncü və son səltənətində böyük qardaşı Heydər Gərayla birlikdə yerli bəylərlə mübarizəyə davam etdi. Ancaq Osmanlı dəstəyini alan Məngli Gəraya məğlub olaraq 1479-cu ildə ölkəni tərk etdilər. Əvvəlcə Litva knyazlığına gələn qardaşlar daha sonra Kiyevə, ardından Moskvaya üz tutdular. Burada Knyaz III İvan tərəfindən yaxşı qarşılanan Nurdövlət Gəray burada knyazın xidmətinə alındı. 1480-ci ildə rus ordusuyla birlikdə Qızıl Orda üzərinə səfərə çıxan Nurdövlət xan 1486-cı ildə Moskva knyazlığının tabeliyindəki Qasım xanlığının taxtına əyləşdi. Bu taxtda cəmi 4 il qaldı və 1490-cı ildə öz istəyilə taxtı böyük oğlu Satılqan xana buraxdı.
Ömrünün son illərini burada keçirən Nurdövlət xan 1503-cü ildə vəfat etdi. Vəfatı xəbəri 22 sentyabr 1503 tarixli bir məktubla Krıma göndərildi. Çox keçmədən 16 may 1504 tarixli bir məktubla, oğlu Satılqan xan atasının cənazəsinin Krıma aparılması üçün əmisi Məngli Gəraydan icazə istəmiş, nəticədə cənazə dəfndən bir il sonra Bağçasaraya atası Hacı Gərayın türbəsinə daşınmışdır. Bu səbəblə Nurdövlət xan məzarı Qasım xanlığı ərazisində olmayan ilk və son Qasım xanı hesab edilir.
Övladları
[redaktə | mənbəni redaktə et]- Bərdövlət Gəray — atasının sağlığında vəfat etmişdir.
- Satılqan Gəray — 4. Qasım xanı
- Canay Gəray — 5. Qasım xanı
Mənbə
[redaktə | mənbəni redaktə et]- Alan W. Fisher, The Crimean Tatars, Hoover Institution Press, Stanford California, 1987 ISBN 0-81-796662-5, p. 9–11.
- Joseph von Hammer-Purgstall, Histoire de l'Empire ottoman, " Tome deuxième 1453–1494 ", Bellizard, Barthès, Dufour, Lowell, Paris, 1886.
- ↑ Яз. Ази-Гирей (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 1. С. 240.