Maya dəyəri
Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Maya dəyəri — müəssisənin istehsalat-təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən və işinin səmərəliliyini xarakterizə edən ümumi göstəricidir.
Maya dəyəri məhsulun hazırlanması və satışına müəssisə və birliklərin cari xərclərinin (pul ifadəsində) cəmini göstərir. Bu xərclər xammala, əsas və köməkçi materiallara, yanacaq və enerjiyə sərf olunan xərcləri, əmək haqqını, məhsulların hazırlanması prosesində əsas fondlardan istifadə olunması ilə bağlı və b. xərcləri (o cümlədən hazırlanmış əmtəə məhsulların stansiyaya göndərilməsi və nəqliyyat vasitələrinə yüklənməsi) özündə cəmləşdirir.
Sənaye müəssisələrinin işində məhsulların maya dəyəri əsas keyfiyyət göstəricilərindən biridir. Məhsullarının istehsalı, əməyin məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, əməyin təşkilinin və istehsalının yaxşılaşdırılması və planın artıqlaması ilə yerinə yetirilməsi — bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Odur ki, məhsulun maya dəyəri göstəricisinə görə sənaye müəssisəsinin fəaliyyətinin keyfiyətini qiymətləndirmək olar.
Maya dəyəri qiymətin əsas tərkib hissələrindən biridir və ona görə də maya dəyərinin aşağı salınması sistematik olaraq sənaye məhsullarının və xalq tələbatı mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olur. Maya dəyərinin və qiymətlərin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin genişlənməsinə imkan yaradır, beləliklə, həmin məhsullara olan tələbatın, onların satış həcminin artmasına təsir edir və son nəticədə sənayenin inkişafı üçün baza yaradır.