Krım tarixi
Krım tarixi—Krımın keçmişi.
Ən qədim tarix
[redaktə | mənbəni redaktə et]Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir. Kimmerlər bu yarımadanı e. ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonra skiflər Krımı aldı.[1] Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Qədim yunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.[2]
E.ə. əvvəl VI - V əsrlərdə əraziyə türkmənşəli skiflər və sarmatlar hakim olublar. Daha sonra yunan Pantom çarlığının təsirinə düşən yarımada yenidən skiflərin əlinə keçir.
E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını saldılar. Sonralar burada ellini Bosporus dövləti əmələ gəldi.[3] Dövlət Roma imperiyasının tabeliyində idi.[4]
Eramızın III əsrində qotlar Krım üzərindəki skif hakimiyyətinə son qoyurlar.[5] Qısa müddətdən sonar yarımada Asiyadan Avropaya yürüş edən hunların nəzarətinə keçir. VI əsrdə yarımada Bizans tərəfindən işğal olunur.
Sonralar qotlar[6], hunlar, bulqarlar, xəzərlər[7], Kiyev rusları, Bizanslılar, qıpçaqlar və monqollar buranı bir-birinin ardınca işğal etmişdilər.
Eramızın XIII əsrində Genuyalı və Venesiyalı tacirlər Krımda bir neçə sahilyanı ticarət şəhər və qəsəbələr salmışdılar.
Orta əsr tarixi
[redaktə | mənbəni redaktə et]Krımdakı müsəlman Türk (tatar) varlığı əsasən 13-cü əsrdə tatar istilaları ilə əlaqələndirilsə də, ümumiyyətlə, bölgədə türk varlığının tarixi 3-4-cü əsrlərə qədər uzanır. Krımda Xəzər Xaqanlığının hakimiyyəti 9-cu əsrin 2-ci yarısında başa çatıb. Lakin bölgəyə türk axını davam edib. 10-cu əsrdə peçeneqlər, 10-11-ci əsrlərdə qıpçaq Kumanların axınları bölgənin etnik mənzərəsinin formalaşmasına ciddi təsir edir.
Qıpçaq türklərinin 11-ci əsrdə İslam dinini qəbul etmələri sonrakı əsrlərdə Krım ilə Anadolu arasında yüzillərlə davam edəcək güclü bir bağın qurulması ilə nəticələnib.
Yarımadada Qıpçaq hakimiyyəti 13-cü əsrin ortalarına qədər davam edib. Bu dövrdən başlayaraq bölgədə Çingiz Xanın törəmələrinin qurduğu başqa bir türk dövlətinin – Qızıl Ordanın əsası qoyulub. Onların hakimiyyəti təqribən 100 il sürüb. [8]
14-cü əsrdə Qızıl Ordanın rəsmən İslam dininə keçməsi ilə bölgədə tam 500 illik tatar hakimiyyəti başlayıb. [9]
Krım xanlığı
[redaktə | mənbəni redaktə et]XII və XIV əsrlərdə Rusiyanın içərilərinə irəliləyən tatar qəbilələri köçəri həyatlarını buraxaraq Krıma yerləşirdi. Qızıl Ordanın süqutundan sonra bu bölgədə başlayan hakimiyyət mübarizəsi Çingiz xanın oğullarından Cucinin kiçik oğulu Toxa Temür soyundan gələn və tatarları idarə edən Hacı Gərayın qələbəsi ilə nəticələndi. Hacı Gəray XV əsrin əvvəlində bir qrup tatarın Kral Vitoldun rəhbərliyindəki Litvayaya sığındığı dövrdə doğulmuşdu. "Şirin" qəbiləsinin köməyi ilə Krımda hakimiyyəti ələ keçirdi. 1441-ci ildə öz adına pul kəsdirdi. [10]
Hacı Gəray öldükdən sonra oğlulları Mengli Gəray ilə Nur Dövlət arasında taxt davası başlandı. 1475-ci ildə bölgəni fəth edən osmanlılar vəziyyətə son qoydular və Mengli Gəray xan elan edildi. Krım qüvvələri Osmanlılar tərəfindən döyüşlərə ilk dəfə, Sultan İkinci Bəyazidin, 1484-cü ildəki Akkerman səfərində qatıldılar. 1502-ci ildə isə Mengli Gəray Saraya hücum etdi və Qızıl Orda xanlığına son böyük zərbəni vurdu. Bundan sonra Krım xanlığı, Qızıl Orda torpaqlarını ələ keçirməyə başladı, Qazan və Həştərxan xanlıqları da ələ keçirildi. Bu isə Moskva knyazliği ilə rəqabətə səbəb oldu. 1521-ci ildə Məmməd Gəray Moskvanı mühasirəyə aldı, rusları məğlub edərək vergiyə bağladı. Ruslar vergini I Pyotr zamanına qədər ödədilər.
"Briqada bəy" ləqəbli, Perekopda böyük müvəffəqiyyətlər əldə edən, daha sonra kazaklarla birləşib polyaklara qarşı döyüşən məşhur Krım Tatar komandiri, 1551-ci ildə taxta keçən I Dövlət Gəray 1571-ci ildə müvəffəqiyyətli bir səfərlə Moskvanı mühasirə etdi. Çərkəzlər, noqaylar və qıpçaqlar kimi xalqlardan ibarət olan böyük ordusu ilə rusları məğlub etdi və Moskvanı yandırdı. Bu səfərdən sonra Dövlət Gəray, növbəti il üçün bütün Rusiyanı fəth etmək üçün plan hazırladı, amma 1572-ci ildə Moskvanın 60 km cənubunda, Molodidə böyük məğlubiyyət üzündən plan ləğv olundu.
Dövlət Gərayın 1577-ci ildə ölümündən sonra, Krımda taxt mübarizəsi başladı. 1588-ci ildə taxtı "Bora" ləqəbli İkinci Qazi Gəray ələ keçirdi. İkinci Qazi Gəray, Osmanlı-Avstriya döyüşlərində böyük müvəffəqiyyətlər qazandı, amma 1607-ci ildə vəbadan öldü. XVII əsr ortalarına doğru həm ruslarla, həm də başıpozuq birliklər yaradaraq, talanlar edən kazaklarla daim mübarizə edildi.[11]
Ruslarla edilən 1676-1681-ci il müharibəsinin sonunda, Osmanlı dövləti, ruslarla danışıq aparma səlahiyyətini Krım xanlığına verdi. Krım xanı Murad Gəray da Ruslarla 20 illik bir barış imzaladı.
XVII əsrin sonlarında Moskva knyazlığı artıq güclü bir dövlət olan Rus çarlığı halına gəlmişdi. Tatarlar üçün artıq Moskvanı yağmalamaq və ya vergiyə bağlamaq çox çətin idi. Moskva xaricində isə Lehistan olduqca güclənmiş, Rusiyanın hər yerinə yayılan kazaklar isə davamlı mövqe yaratmışdılar. II Vyana mühasirəsində Murad Gəray və Krım ordusu Osmanlılara köməyə gəlmişdir, amma bəzi qaynaqlar bu mühasirədə Murad Gərayın Vyananı qurtarmağa gələn Lehlərin önünü bilərək kəsmədiyini yazar, yəni mühasirənin müvəffəqiyyətsizliyində Murad Gərayı günahkar bilirlər. Bu məlumat tam olaraq təsdiqlənmiş deyil. Vyana müvəffəqiyyətsizliyindən sonra Murad Gəray taxtdan salındı və II Hacı Gəray taxta keçdi. II Hacı Gərayın çox qısa sürən xanlığından sonra, 1684-cü ildə taxta keçən və parlaq bir hökmdar olan I Səlim Gəray, Müqəddəs İttifaq qüvvələrinin Osmanlı dövlətinə qarşı döyüşlərində əhəmiyyətli rol oynadı. Rusların Krım səfərlərinin, Lehlilərin 1687-1688-ci illər səfərlərinin qarşısını aldı, dörd dəfə keçdiyi Krım taxtında böyük müvəffəqiyyətlər əldə etdi. Səlim Gərayın müvəffəqiyyətlərinə baxmayaraq Osmanlı dövləti bu döyüşləri itirib Karloviça Andlaşmasını imzaladı. Sonrakı dövrlərdə Osmanlıların Avropa qarşısında geriləməsi və Rus çarlığının böyük yüksəlişi Krıma olduqca təsir etdi. 1735-1739-ci il Osmanlı-Rus müharibəsində, ruslar Bağçasaraya qədər girib bölgəni yağmaladılar. 1768-1774-ci il Osmanlı-rus müharibəsində Bessarabiya (1770), Krım yarımadası (1771), ruslar tərəfindən işğal edildi. Bu hücumlara Krım Gəray müqavimət göstərməyə çalışdı. Döyüşü sona çatdıran 21 iyul 1774-cü il tarixli Kiçik Qaynarca müqaviləsi ilə Krım, Osmanlı himayəsindən çıxdı və tam müstəqil oldu. Yalnız dini işlər üçün Osmanlı xəlifəsinin səlahiyyəti tanındı.
1777-ci ildə rus tərəfdarı kimi tanınan Şahin Gəray taxta keçdi. Osmanlı tərəfdarı olan II Bahadır Gəray, xanlıq mübarizəsində Şahin Girayı məğlub edə bilmədi. Bu dövrdə ruslar bölgəyə çoxlu slavyan immiqrantı yerləşdirdilər. 1779-cu ildə imzalanan Aynalıkavak müqaviləsi ilə, Krım xanlarının sərbəst seçilməsi, rus əsgərlərinin Krımdan çəkilməsi, Osmanlı dövlətinin Şahin Girayı tanıması maddələrini qəbul edildisə də, ruslar müqaviləyə əməl etmədilər. 1783-cü ildə II Yekaterinanın əmri ilə Krım işğal edildi. Artan rus təsirinə qarşı xalq qiyam qaldırdı və Bahadır Gəray taxta keçirildi. Şahin Gəray isə ruslara sığındı. 1785-ci ildə Şahin Gəray rus ordusunun köməyi ilə Krıma daxil oldu. Daha sonra ruslardan istədiyini ala bilməyib İstanbula sığındı. Əvvəlki hərəkətlərinin əvəzi olaraq Rodosa sürgün edilib orada edam olundu.
Osmanlı dövləti Krıma girən ruslara qarşı yeni bir döyüşə başladı, lakin, müvəffəqiyyət qazana bilmədi və 1792-ci ildə Yaş müqaviləsi ilə Krımın Rusiyaya birləşməsini qəbul etdi.
Təqribən 300 il sürən bu ittifaq 1769-1774-cü illərdə davam edən Osmanlı-Rusiya müharibəsinin nəticəsində imzalanan Kiçik Qaynarca müqaviləsi ilə başa çatıb.[12]
Krım Rusiyanın tərkibində
[redaktə | mənbəni redaktə et]Sözdə müstəqil elan edilən Krım xanlığı, rus diplomatlarının intriqası ilə baş verən daxili müharibə səbəbilə gücdən düşüb və ardınca 1783-cü ildə II Yekaterinanın zamanında Rusiyaya ilhaq edilib. Osmanlı isə bu itki ilə razılaşmasa da, 1792-ci ildə Krımın Rusiyaya birləşməsini müqavilə ilə qəbul etməyə məcbur olub.
Məhz ilhaqdan sonra Rusiya öz imperialist siyasətinə sadiq qalaraq məskunlaşdırma və köçürmə siyasətini burda da tətbiq etməyə başlayıb. Rusiya Krımı ruslaşdırmağa başlayıb və çox sayda rus ailələri – bu gün Ukraynanın şərqində Rusiya bayraqlarını binalar üzərinə qaldıranların və rus ordusunu köməyə çağıranların əcdadları - yarımadaya köçürülüb. Tatarlar isə əksinə, siyasi və iqtisadi təzyiqlərə tab gətirməyərək, topu halda Osmanlıya üz tuturlar.
Krım XX əsrdə
[redaktə | mənbəni redaktə et]Sovet İmperiyasının qurulması ilə Krımda tatarlara münasibətdə bir tərəfdən etnik diskriminasiya, digər tərəfdən 1944-cü ildə Stalinin birbaşa qərarı ilə kütləvi deportasiya siyasəti həyata keçirilib. Tatarlardan boşalan yerlərə isə elə həmin ildən başlayaraq ruslar və ukraynalılar planlı və sistematik şəkildə yerləşdiriliblər.
Tatarların deportasiyası ilə Krım Muxtar Sovet Sosialist Respublikası da 1946-cı ildə ləğv edilib və bir vilayət olaraq Rusiya Sovet Sosialist Respublikasına birləşdirilib. 1954-cü ildə Ukraynanın “Rusiyaya birləşdirilməsinin” 300 illiyi münasibətilə isə Krım vilayəti Ukrayna SSR-nin tərkibinə verilib. Bu “hədiyyə” 1991-ci ildə Sovet İmperiyasının dağılmasından sonra iki dövlət arasında əsl problemə çevrilib. Krım isə artıq Ukraynanı tərkibində muxtariyyət statusu əldə edib.
Krım tatarlarının sürgünü
[redaktə | mənbəni redaktə et]II dünya müharibəsindən sonra SSRİ rəhbəri Stalin Krım türklərinin müharibə dövründə almanlarla əməkdaşlıq etdiyini iddia edərək sürgünə göndərilmələrini əmr etdi. Əmr 18 May 1944-cü ildə Krım türklərinə çatdırıldı. İki saat içərisində, evlərindən heç bir əşya almadan, olduqları kəndin, qəsəbənin, şəhərin meydanında toplanmaları əmr edildi. Evini tərk etmək istəməyənlər zorla aparıldı. Müqavimət göstərənlər qundaq zərbələri ilə dərhal elə orada öldürüldü. Qışqırıqlarla inləyən səmanın qaranlığını deşməyə çalışan günəş, qana bələnmiş Krım torpaqlarına ilk işıqlarını göndərəndə 423,1 min nəfərdən ibarət olan Krım Türkləri heyvan daşınmasında istifadə edilən qatarlar vasitəsi ilə sürgünə göndərildilər. Vaqonlara doldurulanların 57 min nəfəri 0-5 yaş arası uşaq, 68 mini isə 60 yaşdan yuxarı yaşlı insanlar idi.[13]
Sabahısı gün Arabat bölgəsində bir kənddə 150 Türkün unudulduğu aydın oldu. Xəbər Stalinə çatdırılanda əmr verdi: «Bunların işini 24 saat içərisində bitirin!» Əmr yerinə yetirildi: körpə, qoca və gənc demədən bütün kənd xalqı, kiçik bir gəmiyə dolduruldu. Gəmi, sahildən bir neçə mil açılandan sonra dərhal batırıldı. Qara dənizin sərt dalğaları soydaşlarımıza məzar oldu. Türklərlə birlikdə Krımda yaşayan yəhudi dininə mənsub türklərlə eyni dinə mənsub Yəhudilər də sürgün edildilər. Çünki bu iki qrupa mənsub insanların Kırım türkləri ilə yaxşı əlaqələri vardı. Aparılan əməliyyat Krım Türklərini yox etmə siyasətinin əsas tərkib hissəsi idi. Bir aydan çox davam edən əməliyyat zamanı kimsənin vaqonlardan enməsinə əsla icazə verilmədi. Hər cür ehtiyaclar vaqon içərisində qarşılanırdı. Ölənlərin cəsədləri iy verməyə başlayıb əsasən çətin tənəffüs edilən hava təhlükəli şəkildə zəhərlənəndə, pəncərələrdən necə gəldi atırdılar. Səfər əsnasında 195 min nəfər öldü. Qatarlar Kabartay, Sibir, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda yolçularını boşaltdılar. Özbəkistana gələnlər daha əvvəldən hazırlanmış və öyrədilmiş Özbək Türkləri tərəfindən daşlandı. Yaralananlar və ölənlər oldu. Həyatda qalmağı bacara bilənlərin 3%-i çox pis şərtlər altındakı həyata dözə bilmədi. Aclıq, qızdırma, vərəm və digər xəstəliklər səbəbindən ilk altı ay ərzində öldü. Geri qalanlar, fərqli iqlim şərtlərindəki sürgün bölgələrində can, mal və mədəni dəyərlərini qorumalarına maneələr yaradılaraq sanki açıq hava həbsxanası şərtlərində yaşamağa məhkum edildilər. Krım türkləri 1956-cı ilə qədər çətin şərtlər altında həyatda qalmaq üçün mübarizə apardılar. Olduqları yaşayış sahəsindən ayrılmaları qadağan idi. Təhsil ala bilmir, mədəniyyətlərini qorumalarına icazə verilmirdi. Krım şivəsində danışanlar, mahnı oxuyanlar cəzalandırılırdı. 1956-cı ildə Xruşov Stalin dövrünü qaralama kampaniyası başlatdı. Bu kampaniya ilə Krım türkləri az da olsa rahat nəfəs ala bildilər. Mədəni təşkilatlanmaya və təhsil almağa icazə verildi. Bu yumşalmadan cəsarət alan Krım Türkləri, vətənə dönmək istədiklərini əlaqədar təşkilatlara çatdırmağa başladılar, Kremlə nümayəndələr göndərdilər. 1960-cı ildə sürgündə Krım türklərinin milli mübarizəsi mütləq bir kütlə hərəkatına çevrilmişdi. Mitinq və etiraz yığıncaqları təşkil edilirdi. Yığıncaqlara qatılanlar ağır şəkildə cəzalandırıldı. 23 Aprel 1978-ci ildə Musa Mahmud adlı bir Türk soydaşlarına edilən haqsızlığa etiraz etmək üçün özünü yandıraraq intihar etdi. Krım türklərinin əfsanələşən lideri Abdülcemil Mustafa Kırımoğlu həbs edildi. 6 iyul 1987-ci il tarixində başlayıb 5 avqust 1987-ci ilə qədər davam edən Moskva nümayişlərindən sonra, SSRİ rəhbərliyi, Krım türklərinin vətənə xəyanət günahlarını qaldırdı.
Krım XXI əsrdə
[redaktə | mənbəni redaktə et]Hazırkı proseslərdə isə tatarlar Ukraynanın ərazi bütünlüyünü dəstəkləməkdədirlər və tatar icması ruslara qarşı ciddi müxalifət təşkil edir. Məhz mart ayının 30-na Krımın Rusiya meyilli Nazirlər Sovetinin təyin etdiyi referenduma qarşı ən böyük müxlifəti də tatarlar təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Греков Б.Д., Милюкова А.И. Две археологические культуры в Скифии Геродота. СА, 1953, т. 18.
- ↑ Высотская Т.Н. Скифские городища. Симферополь, 1989.
- ↑ Гайдукевич В.Ф. Боспорское царство. М.—Л., 1949.
- ↑ Ременников А.М. Борьба племен Северного Причерноморья с Римом в II веке н.э. М., 1954.
- ↑ Вастберг Ф.Ф. Записки готского топарха. В.В., 1908, т. 15, вып. I.
- ↑ Бабенчиков В.П. Из истории Крымской Готии. В сб. Материалы Экси-Керменской экспедиции 1931—1933 гг. М.Л. 1935, с. 145—155.
- ↑ Якубовский А.Ю. О русско-хазарских и русско-кавказских отношениях ІХ-Х вв. Изв. АН СССР. Серия истории и философии, № 5, 1946.
- ↑ Якобсон А. Л. Средневековый Крым: Очерки истории и истории материальной культуры. — М.-Л.: Наука, 1964. — 232 с.
- ↑ Андреев А. Р. История Крыма: Краткое описание прошлого Крымского полуострова / А. Р. Андреев. — М.: Межрегиональный центр отраслевой информатики Госатомнадзора России, 1997. — 96 с.
- ↑ Колли А.П. Хаджи-Гирей и его политика (по генуэзским источникам). ИТУАК вып. 50, Симферополь, 1913, с. 116—117.
- ↑ Новосельский А.А. Борьба Московского государства с татарами в первой половине XVII века. М.—Л., 1948.
- ↑ Дружинина Е.М. Кючук-Кайнаджарский мир. 1774 (его подготовка и заключение). М., 1995.
- ↑ Demoscope Weekly:ПРИНУДИТЕЛЬНЫЕ МИГРАЦИИ В ГОДЫ ВТОРОЙ МИРОВОЙ ВОЙНЫ И ПОСЛЕ ЕЕ ОКОНЧАНИЯ (1939–1953) Arxivləşdirilib 2022-07-25 at the Wayback Machine