Katsumoto Saotome

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Katsumoto Saotome
yap. 早乙女勝元
Doğum tarixi 26 mart 1932(1932-03-26)
Doğum yeri
Vəfat tarixi 10 may 2022(2022-05-10) (90 yaşında)
Vəfat yeri
Vəfat səbəbi orqan çatışmazlığı[d]
Fəaliyyəti romançı, maarifçi

Katsumoto Saotome (早乙女勝元, Saotome Katsumoto?, 26 mart 1932, Adaçi, Tokio, Yaponiya10 may 2022, Saytama)Yaponiya yazıçısı. O, İkinci Dünya müharibəsində Tokio şəhərinin ABŞ tərəfindən bombardman edilməsi hadisəsinin qurbanlarının hekayələrini toplamış, sülhü müdafiə etmişdir.

Həyatı və karyerası

[redaktə | vikimətni redaktə et]

Saotome 26 mart 1932-ci ildə Tokioda doğulmuşdur. O, Katsuma və Rin Saotome cütlüyünün ən kiçik uşağı idi. O, şəhərin şimalında doğulsa da, şərqində böyümüşdür.[1] Anası dərzi işləmişdir, atası isə bərbər, küçə satıcısı və teatr işçisi kimi peşələrlə məşğul olmuşdur. Müharibə başlayanda böyük qardaşı orduya cəlb olunmuş, lakin alkoqolik atası ordu üçün yararsız hesab olunmuşdur. Onun iki bacısı fabrikdə işləmişdir. Müharibə zamanı məktəbdə təhsil almasına baxmayaraq Saotome fabrikdə işləmiş, metal tullantılar toplamaqla məşğul olmuşdur.[2] O və ailəsi 10 mart 1945-ci ildə Tokionun bombardmanından çətinliklə sağ qalanlardan olmuşdurlar. Müharibədən sonra fabrikdə işləyən Saotome yazıçılığa başlamış və yaşadığı hadisələri işıqlandırmaq qərarına gəlmişdir. Onun avtobioqrafik debüt romanı "Şəhər mərkəzindəki ev" 1952-ci ildə Naoki mükafatına namizəd göstərilmişdir.[3]

Saotome 1970-ci ildə Tokio bombardmanından əziyyət çəkmiş şəxsləri ziyarət etməyə və onların xatirələrini toplamağa başlamışdır.[3] Hətta bu məqsədlə Britaniya, Almaniya, İtaliyaÇin kimi ölkələrə səyahət etmişdir. Topladığı xatirələri 6 kitab formasında nəşr etdirmişdir. Birinci kitab 1971-ci ildə çapdan çıxmışdır. Hadisənin daha çox tanınması üçün Yaponiya hökumətindən dəstək istəsə də, uğursuz olmuşdur.[2] O, bombardmanla bağlı sənədlər və artifaktlar toplamaq məqsədilə sivil qrup yaratmışdır.[3] 1990-cı ildə uşaqlar üçün "Uç, uç uzağa, kiçik toyuq" ("Tobe Tobe Hiyoko") adlı kitab yazmışdır.[1] Tokioda qəzaya uğramış və əsir götürülmüş bir amerikalı B-29 pilotunun həyatını əks etdirən hesabatın müəllifi olmuşdur. Müharibədə uşağını axtaran qadından bəhs edən "Müharibə və gənclik" romanı əsasında 1991-ci ildə film çəkilmişdir və filmin ssenarisini o yazmışdır.[2][1]

2002-ci ildə dövlətin dəstəyi olmadan Tokionun şərqində memorial muzey qurmuşdur.[2] 2019-cu ildə qədər bu muzeyin direktoru olmuşdur. Bu müddət ərzində bombardman haqqında jurnallar nəşr etdirmiş, uşaqlar və böyüklər üçün kitablar yazmağa davam etmişdir.[3] O, "Tora-san" film seriyasının rejissoru Yoci Yamadanın yaxın dostu olmuşdur.[3]

Katsumoto Saotome 10 may 2022-ci ildə Saytama şəhərində yerləşən bir xəstəxanada orqan çatışmazlığı səbəbilə ölmüşdür.[3]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

1962-ci ildə musiqi məktəbində oxuyan və onun romanlarının fanatı olan Naoe Kaneko ilə evlənmişdir. Kaneko musiqi müəllimi olmuşdur. Cütlüyün iki oğlu və bir qızı olmuşdur. Kaneko 2008-ci ildə ölmüşdür.[2]

  1. 1 2 3 "Katsumoto Saotome: Author who refused to let memory of the Tokyo firebombings fade". The Independent (ingiliscə). 15 may 2022. 3 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2023.
  2. 1 2 3 4 5 "Katsumoto Saotome, Who Preserved Memories of Tokyo Firebombing, Dies at 90". The New York Times (ingiliscə). 15 may 2022. 15 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2023.
  3. 1 2 3 4 5 6 "Japanese writer Katsumoto Saotome who documented WWII Tokyo firebombing dies at 90". The Mainichi (ingiliscə). 12 may 2022. 3 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]