Həqiqət

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Walter Seymour Allward, Veritas, 1920

Həqiqət — çoxmənalı mübtəda. Bir çox mürəkkəb terminlərin tərkib hissəsi.

" Həqiqət " özü ayrıca termin kimi istifadə edilmir. Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür:

  1. Həqiqət — reallığın subyektiv dərk edilməsi.
  2. HəqiqətƏdalət termininin sinonimi. Ani düşüncədə " həqiqət " subyektin hərəkətinə haqq qazandırır.
  3. Həqiqət — Düzgünlük termininin sinonimi.
  4. Həqiqət — Həqiqətə uyğun gələn hər şey[1].

İdeyanın iki qanunauyğunluğu haqqında

[redaktə | mənbəni redaktə et]

Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünəni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanuna uyğunluğu vardır. Birincisi, onun bütün varoluşun təməlində və mahiyyətində dayandığını qəbul edərək ona doğru aparan düzgün mənbələrin və vasitələrin seçilməsidir. Platonun bildirdiyinə görə, insanlar ancaq "bütün canlı varlıqları, o cümlədən, özünü də, üstəlik torpağı, səmanı, tanrıları, səmadakıları, yerin altındakıları, Aiddəkiləri (ölülər dünyasındakıları) yaradan sənətkarın" (17, 354) yaratdıqlarının kölgələrini görür və onları həqiqət zənn edirlər. Deməli, həqiqətə gedən yol bu kopiyalardan deyil, orijinal ideyaların kəşfindən keçməlidir. Yəni həm maddi, həm də qeyri-maddi şeylər tək Yaradanın vahid ideyasının çoxsaylı təzahürləri kimi geriyə – mənbəyə aparan vasitələrdir.

Eyni zamanda ifadə olunan hər fikir, hər ideya mənbənin həqiqətinin inikası olmur, hətta bəzən tamamilə əks məna daşıya bilir. Sufi mütəfəkkir Mənsur Həllac (X əsr) yazır: "Küfr və iman isim baxımından fərqlidir, həqiqət baxımından isə onlar arasında fərq yoxdur" (25, 53). Yəni eyni mənbədən qaynaqlanan sözlər, yaxud eyni ideya onu söyləyənin dilində, qazandığı formada yeni bir "həqiqət" qazanmış olur. Yanlışlığın mənbədə yox, ifadədə olduğunu anlayanlar həqiqəti öyrənmək üçün formaya deyil, onun mahiyyətinə müraciət edirlər. Digər bir sufi mütəfəkkir Əbu Yəzid Bistami (IX əsr) deyir: "Suyun rəngi qabının rənginə görədir. Su ağ qabda olarsa rəngi ağ, qara qabda olarsa qara, sarı qabda olarsa – sarı, qırmızı qabda – qırmızı və s. olar…" (26, 57). Deməli, varlıqların və ya hadisələrin məhz bilavasitə mənbəyə istinadən öyrənilən mahiyyəti həqiqətə daha yaxın olur.

İkinci qanunauyğunluq isə, bu vahid ideyanın əbədiliyi və kəsilməzliyidir. Səlahəddin Xəlilov yazır: "Sivilizasiyanın ən mühüm şərtlərindən biri məhz kəsilməz tarixdir. Belə ki, cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir" (10, 24). Filosofun bu sözlərini daha böyük miqyasda qəbul edib, onu hər hansı xalqın tarixinə deyil, ümumilikdə Mütləq İdeyanın, vahid həqiqətin əbədi sirkulyasiyasına aid etsək, sadə, eyni zamanda, daim qorunan bir qanunauyğunluğun şahidi olarıq: tarixdə yaranmış hər yeni ideya, fəlsəfi sistem özündən əvvəlkinin davamı, əvvəlki isə özündən sonrakı üçün sabit bir postament olmalıdır. Bu prinsipdən kənarda qalan hər bir ideya isə oyundan kənar vəziyyətə düşməyə məhkumdur.

İnsan əldə etdiyi məlumatı təsdiqləmək, öyrəndiklərinin mahiyyətini, həqiqətini dərk etmək üçün müxtəlif vasitələrlə onun mənbəyinə can atır və ona yaxınlaşdıqca həqiqətin daha dərin qatları açılır. Mənbənin bütünlüklə kəşfi isə Mütləq Həqiqətin dərki deməkdir. Təbii ki, onu kölgələndirən, məğzindən uzaq salan, təhrif edən təlimlər, təhlillər də olmuş, onu görünməz hala gətirən informasiya bolluğu da yaranmışdır, lakin hər dövrdə onun mahiyyətini görən və onun parlamasına xidmət edən və bununla da yer üzündə mütləq həqiqətin qorunmasına şərait yaradan şəxslər də yaşayıb-yaratmışlar. "Müxtəlif varlıq və var olma formalarında təzahürləri nə qədər fərqli olursa olsun, mahiyyətdə eyni həqiqət", "hansı mədəni qəliblər içində şəkil qazanırsa-qazansın, mahiyyətdə eyni bilik" (8, 29) olan bu ideyanın, hikmətin qorunması naminədir ki, Allah Təala özünün seçdiyi peyğəmbərlərə, nəbilərə, filosoflara, alimlərə öz vəhyini, kəşfini, ilhamını lütf etmiş və etməkdədir. Belə şəxslərin düşüncələrinin, mənəvi dünyalarının bir qapısı xalqa – ideyanın təzahür meydanına, digəri isə bu hikmətin sahibi olan Haqqa, Yaradana açıqdır.

Filosof və mütəfəkkirlərin fərqli dünyagörüşləri, tarix boyu təşəkkül tapıb müəyyən zaman kəsiyində inkişaf edib ya tənəzzülə uğrayan, ya da hələ də mövcudluğunu davam etdirən dini, fəlsəfi, mistik cərəyanlar və təlimlər, müxtəlif sahələri əhatə edən çoxsaylı elmlər həm vahid ideyanın mənbələrinin çoxluğundan, həm də bu mənbələrə gedən yolların rəngarəngliyindən xəbər verir. Məlumdur ki, kiçik mənbələrin kəşfi daha böyük mənbəyə yol aça bilir. Bu baxımdan, müasir dövrün qloballaşma ideyalarını, yaxud elmlər arasında yaxınlaşma, sintezləşmə hallarını kiçik ölçülərdən daha geniş sahələrə keçid adlandırmaq olardı.

Vahid İdeyanın təzahürlərinin xarakterlərinin, növlərinin, malik olduqları əhəmiyyət dərəcələrinin təsnifatı belə bir nəticə çıxartmağa imkan verir ki, onun mahiyyətinin, yəni Mütləq Həqiqətin dərkinin üç mənbəyi vardır: səmavi kitab (ilahi vəhy), təbiət və insan. Hər mənbə özünə xas idrak vasitəsi tələb etdiyi kimi, vasitəyə müvafiq də mənbənin tərəfləri açıqlanır. Və bu mənbələrə yanaşma prizması, metodları, onlardan birininmi, ikisininmi və ya hər üçünün şərhi müəyyən fəlsəfi cərəyanların, məktəblərin yaranmasına səbəb olmuşdur. Təbii ki, fəlsəfə tarixi boyu bu mənbələrdən gah biri, gah digəri, gah tək, gah sintez şəklində aktual olmuş, hakim ideologiyanın təməlində dayanmışdır.

Hələ qədim dövrdə həqiqətin tək mənbəyi kimi təbiəti götürənlər onu öyrənmək üçün vasitələr arayıb-axtarmışlar. Məsələn, ilahi istedada malik şəxslər (maqlar, şamanlar və s.) müxtəlif qüvvələr vasitəsilə, ayrı-ayrı rituallarla, dualarla təbiətin sirlərinə şamil olmağa, təbiət hadisələrinə müdaxilə etməyə, hətta onları özlərinə tabe etməyə çalışmışlar. Təbiətin sirri ilə yanaşı, qədim miflərin, əfsanələrin bildirdiyinə görə, insanlar əbədiyyətin sirrini də təbiətin özündə axtarmışlar. Buna nümunə olaraq, Qədim Şumer abidəsi olan "Bilqamıs dastanı"nı göstərmək olar. Burada Tanrılar əbədilik sirrini naməlum çiçəkdə gizlədirlər. Onu tapan Bilqamıs (insan) olsa da, bu hikmət, əbədilik sirri həmin çiçəyi yeyən ilana qismət olur. Təbiətdə gizlədilən sirr yenə təbiətdə qalır (Geniş bax: 2). Eyni halı həqiqəti, bütün varlıqların tək mənbəyini gah havada, gah odda, gah da suda axtaran qədim yunan fəlsəfəsində də müşahidə etmək mümkündür.

Bunlarla yanaşı, təbiəti yetərli bir mənbə kimi görməyib digər mənbələrlə onu tamamlamaq istəyən filosoflar da olmuşdur. Məsələn, fəlsəfəsinin əsasını dərkedilən dünya və tanrılar haqqında biliklər (16, 256) təşkil edən, təbiət və Yaradanı (ilahi vəhyi) eyni, iç-içə mənbələr kimi götürən Pifaqor (e.ə. VI əsr) belə hesab edir ki, O, "bütün qüvvə və yaradılmışların yaradanı, hər şeyin ilkin başlanğıcı, səmada – nurun mənbəyidir. O, həm də ümumi ata, hər şeyin düşüncəsi və canı, bütün çevrələrin hərəkətverici başlanğıcıdır" (16, 268). O, rəqəmlər vasitəsilə nəinki varlığı, varoluşu izah etməyə və onları dərk etməyə, həm də kosmosla harmoniyaya girməyə cəhd edir və "ilkin surəti və ilkin başlanğıcı dərk və ifadə etmək çətin olduğuna, sözlərlə aydın izah oluna bilmədiyinə görə, aydınlıq üçün rəqəmlərə müraciət edir" (16, 428). Onun fikrinə görə, "həqiqi varlıq maddi deyil, cismani deyil və yeganə əbədi və təsirlidir. Qalan hər şey var olanla eyni addadır – maddidir, cismanidir, doğulub və məhv olandır və sözün həqiqi mənasında var deyil" (16, 254) və o, "rəqəmləri təqlid etdiyi üçün vardır" (16, 255). Bu səbəbdən, Pifaqor həqiqətə çatmaq, onu dərk etmək üçün əsl mahiyyətə can atmaq, onunla harmoniyada olmağı əsas və yeganə şərt kimi qəbul edir.

Pifaqordan fərqli olaraq Platon irəli daha bir addım atır və öz müəlliminin yolunu davam etdirərək insanı düşüncə obyektinə çevirir və "insanı ilahi sərvətin bir hissəsi" (19, 639 (62 b)) hesab edir. Lakin insan sadəcə ilahi sərvət deyil, həm də bütün varlıqları öz düşüncəsində ehtiva edir. Sokratın fikrinə görə, "Şeylər iki cürdür: əbədi, yaradılmayan və daim yaranan, lakin heç vaxt varlığı olmayan. Düşüncə və fikirlə dərk edilənlər, görünür ki, daim var olanlardır; rəy və ağılsız hisslərə tabe olanlar isə yaranır və məhv olurlar, heç vaxt həqiqətən var olmurlar" (18, 469 (28 a)). Onu da xüsusilə vurğulayaq ki, Sokrat fəlsəfəsində söhbət maddiyyat fövqünə qalxa bilən insandan gedir, çünki "filosof ilk növbədə ruhunu bədənindən azad etməklə özünü müşahidə edə bilir" (19, 642 (65 a)). Deməli, insan maddiyyatdan uzaq olmaqla bütövə – hissəsi olduğu ilahi mülkə birləşmək və bununla da hər şeyi dərk etmək qüdrətindədir: "Məgər düşüncədə – yalnız orada – həqiqi varlıqdan nə isə onun qarşısında açılmırmı?" (19, 643 (65 c)). Göründüyü kimi, Platon həqiqi varlığın sirlərini haradasa kənarda – təbiətdə, ilahi qüvvədə deyil, insan ruhunda cəmləşdirir – mərkəz nöqtəyə insanı qoyur. Filosof yazır: "Əgər bütün ruh bütövlükdə öz fəlsəfi başlanğıcının ardınca gedirsə və ziddiyyətlərlə parçalanmırsa, onda onun hər hissəsi nəinki qalan hər bir şeyi ədalətlə edə bilər, həm də bunda özünün xüsusi məmnuniyyətlərini, ən yaxşıları və gücü çatdığı qədər ən həqiqiləri tapa bilər" (17, 346).

Antik dövrdə fəlsəfə özündə bir çox elmləri ehtiva etmiş və zaman-zaman bu elmlərdən hər biri müstəqillik əldə edərək özünə spesifik bir inkişaf yolu seçmişdir. Bu özünü mənbələrə münasibətdə də göstərmişdir, xüsusilə Platon fəlsəfəsində. Belə ki, mənbələr bir-birilə sıx bağlı olsa da, sanki bir-birlərini tamamlasa da, hər üçü vahid bir mənbədən qaynaqlanmışlar. Bu mənbələrin bölünməsi və get-gedə nisbi müstəqillik qazanmaq istiqamətində inkişaf etməsi ilk olaraq Aristoteldən başlamışdır. Təsadüfi deyil ki, orta əsrlərdə də bir mənbənin digərlərini kölgələməsinə imkan yaradan fəlsəfi cərəyanların mərkəz nöqtəsində məhz Aristotel təlimi durmuşdur. Buraya nümunə olaraq həm xristian, həm də islam aləmində yaranmış fəlsəfi məktəbləri göstərmək olar. Onu da əlavə edək ki, məhz məktəblərin müstəqilləşməsinin nəticəsidir ki, din və elm bir-birindən sürətlə əks qütblərə çəkilmiş, aralarında ziddiyyətlər, barışmazlıqlar artmışdır.


Orta əsrlər və Yeni Dövr

[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə səmavi dinlərin nazil olması və hakim ideologiya səviyyəsinə qalxması nəinki İlahi vəhyi ön plana çıxartdı, üstəlik təbiət və insanı da onun bir hissəsinə çevirdi. Bu, bir tərəfdən, onun nüfuzunun artması, digər tərəfdən də, insan və təbiətə yeni bir rakursdan baxış imkanı verməsi ilə əlaqədar idi. Dinlərin nazil olduğu ilk illərdə bu, özünü daha kəskin göstərmişlər. Buna nümunə olaraq ortodoks görüşlü filosofları göstərmək olar.

Bununla belə, ideyanın kəsilməzliyi prinsipinə uyğun olaraq qədim dövrdən başlamış inkişaf xətti orta əsrlərdə də davam etdi. Sadəcə bir fərqlə: ilahi vəhy əsas təməl və baxış bucağını təyin edən əsas meyar idi. Məsələn, öz görüşlərində yeniplatonçuluğa və xristianlığa istinad edən IX əsr fransız filosofu İoann Skott Eriuqena (877) belə hesab edir ki, "dünyanın inkişafı Allahdan başlayıb yenə Allaha qayıdan bir dairəvi hərəkətdir. Tanrının yaratması ilə başlayan bu inkişafda özü yaradılmamış və yaradan təbiət olan İlahi Ruh mərhələ-mərhələ axır… Beləcə təbiətdə üç bölmə var: Tanrı, ideyalar, ayrı-ayrı şeylər" (23, 141–142). Tanrının özünü dərk edilməz hesab etsə də, filosof Oğul və Müqəddəs Ruhu Onun dərkinə aparan rəmzlər, təbiəti və bütün varlıqları isə Mütləq Ruhun təzahürü olaraq qəbul etmişdir, yəni insan təbiəti, onda olan ilahi sirləri dərk etməklə Allaha geri dönə bilər.

Alman filosofu Nikolay Kuzanlı (1464) isə ümumiyyətlə dünya və Allah dualizmini qəbul etmir və bildirir ki, dünya Allahın içindədir, O, bütün dünyanı əhatə edir. Kainatın Allah surətində yaradıldığını (13, 151) bildirən filosofa görə "Allah, sadə vəhdət, tək Kainatda var olmaqla sanki bir qayda olaraq Kainat vasitəsilə hər bir şeydə olur, çoxluq isə tək Kainat vasitəsilə Allahda olur" (13, 109). Xətt nöqtənin açılışı olduğu kimi, (13, 241) kainatı da Allahın təzahürü hesab edən Kuzanlı, eyni zamanda, Allahın Kəlamı və Oğlu kimi insanı da həm əqli, həm də hissi təbiəti bükülü şəkildə özündə ehtiva edən bir mikrokosm adlandırmışdır (13, 150). Lakin nəzərə alsaq ki, filosof Allahın bir insan düşüncəsində vahid nöqtə halında dərkedilməz olub yalnız xətt (çoxluq, təbiət – K.B.) şəklində dərk edilə biləcəyini qəbul etmişdir, onda bildirmək olar ki, Kuzanlının da görüşlərində mənbə Allah-təbiətdir. Bununla filosof hər iki məfhumun ayrılmazlığını və insanın nə isə anlaması üçün məhz təbiətə – Mütləq Həqiqətin təfsilatlı şəkildə açıldığı mənbəyə müraciət etməsinin zəruriliyini vurğulayır.

Təbiətlə yanaşı, qeyd etdiyimiz kimi, insan da ilahi aləmə aparan bir vasitədir. Belə ki, orta əsrlərdə Qərb fəlsəfəsində aparıcı ideologiya olan xristianlığa görə, insan yaradılmışlar arasında günah içində olan ən aşağı varlıqdır və o, ömrü boyu günahlarını təmizləməklə məşğul olmalıdır. Filosoflar bu fikri müdafiə edən din xadimlərindən, teoloqlardan fərqli mövqedə durmuşlar. Belə ki, Müqəddəs Üçlüyün bir tərəfi olan İsa Məsih – Atanın oğlu, Müqəddəs Kəlam (Loqos) olmaqla yanaşı, həm də bir insandır. Bu baxımdan, xristian filosoflarının dünyagörüşlərində iki xətt müşahidə etmək mümkündür: ya insan İsa Məsihə bənzəməklə, onun buyurduğu yolla gedib öz ruhunu xilas etməli (bu, daha çox teoloqlara xasdır), ya da İsa Məsih vasitəsilə öz içindəki İsanı – İlahi Kəlamı kəşf etməlidir (bu, irrasional təfəkkürlü filosoflara xasdır). Yəni bəzilərinə görə, yalnız İsa ilahi sirlər daşıyıcısıdır, digərlərinə görə bu nemət hər bir şəxsə verilmişdir və onu dərk etmək lazımdır. Məsələn, M.Ekxarta görə, "Allah hər şeydədir, lakin bunu çoxu bilmir, bunu dərk edən bilir, buna görə də insan digər yaradılanlardan daha fəzilətlidir" (22, 62–63). Mütəfəkkir belə hesab edir ki, "mən Onu vasitəsiz dərk edirəmsə, Mən O oluram, O isə mən!" (22, 155). Yeri gəlmişkən, bir növ bu düşüncələrin davamı olaraq, Hegel (XIX əsr) də Allah və insanı özlərini dərk etmələrində bir-biri üçün vasitə olduqlarını hesab etmişdir: "…Tanrı yalnız özünü tanıdığı qədər Tanrıdır; Onun özü haqqında biliyi daha sonra Onun insanda özünüdərkidir" (12, 389).

Göründüyü kimi, xristian filosofların görüşlərində yalnız İsa Məsih deyil, ümumiyyətlə insan Müqəddəs Üçlüyün bir tərəfidir və o, məhz Allahla vəhdətdə olduğu zaman həqiqi biliyin mənbəyi ola bilir. Lakin burada iki əsas cəhəti vurğulamalıyıq. Əvvəla, Yeni Dövrdən başlayaraq bu ağırlıq mərkəzi təbiətə tərəf keçdi və insanın da yalnız onun bir hissəsi, yəni maddi varlıq olaraq tədqiq edilməsinə üstünlük verildi. İkincisi, istər orta əsrlərdə, istərsə də sonralar ilahi vəhy ya insanın – İsa Məsihin, ya da təbiətin içində "əridilmiş" halda öyrənilib, mənimsənilmişdir

Vahid ideyanın bir qolu da İslam Şərqində inkişaf etməkdə idi: fərqli din və prinsiplər əsasında. Burada da mənbələr gah bir-birini tamamlayan tərəflər, gah da bir-birini inkar edən tərəflər kimi çıxış etməkdə idi. Məsələn, "Bütün adlar 32-dir" və ya "bütün şeylər varlığını 32 hərfdən aldı", – deyən hürufiliyin banisi Fəzlullah Nəimi onu da bildirir ki, "hərf və kəlam Kamil İnsandan ayrılmazdır", "ruh və hərf eynidir" (14, 126–127). Yəni maddi və ihahi aləmlərin sirlərini özündə ehtiva edən insan mikrokosmdur və irrasional biliklərin mənbəyidir. Mütəfəkkirə görə, "insan həm natiq kimi, həm də ilahinin daşıyıcısı kimi ölümsüzdür. Tanrının bütün keyfiyyətləri ölümsüzdür …və insana xasdır. Lakin o, cahilliyindən bunu bilmir" (14, 118–119). Deməli, cahilliyindən qurtulmaqla, özünü dərk etməklə insan nəinki kainatın sirlərinin hamısını anlamaq, hətta Tanrıya çevrilə bilmək iqtidarındadır.

Yaxud, digər bir islami cərəyan olan ismaililikdə (IX–XI əsrlər) də insan ilahi sifətlərə və keyfiyyətlərə malik, ilahi sirlərin daşıyıcısıdır. Ölümsüz və ilahi keyfiyyətlərə malik imamilik prinsipini qəbul edən "ismaililikdə gizli mistik bilik dini biliyin əsası kimi yalnız imama xasdır" (11, 35). "İmamın varlığının səbəbi hər bir varlığın və beləliklə də yer üzündəki varlığın son səbəbi" (11, 35) kimi qəbul edilmişdir. O, Allahın insanlarla bir növ əlaqələndiricisi, onu hər cür elmdən agah edən bələdçidir: "Bu dünyada biliyə yol həmişə açıqdır, çünki dünyaya mömin Müəllim (İmam – K.B.) göndərilmişdir" (11, 35). Onu da əlavə edək ki, bura hər cür bilik və elmlər daxildir: "İmamın biliyi təbii və fövqəltəbiidir. Onlar insanlara özlərinin zəruri və vacib bildiyi qədər dini bilik verə bilərlər. İmamın vasitəsi olmadan adi ölərilərin effektli dini biliyə çatması mümkün deyil" (20, 150).

Maraqlıdır ki, İslam Şərqində dinin hakim mövqeyinə baxmayaraq, antik dövrün bir sıra müvafiq görüşlərinin əks-sədası olaraq təbiəti yeganə mənbə kimi qəbul edən fəlsəfi cərəyanlar da yaranmışdı: bərahimə (brahmanizm), mülhid (inkar edən), tabiiyyun (təbiətşünas), hissiyun (hiss orqanlarına inanan), zindiqlik, dəhriyyə (zamançılıq). Məsələn, "Aləm bir yaradıcı tərəfindən deyil, başlanğıcsız olaraq özündən var olmuşdur" (21, 56), – deyən X əsrin tanınmış təbiətçi filosoflarından olan Əbu‘l-Hüseyn Əhməd Ravəndi (910) və Əbu Bəkr Məhəmməd Razi (932) əsasən dini və Allahı peyğəmbərin (s.) düşüncəsinin məhsulu kimi inkar etməyə çalışaraq (21, 65) tək həqiqət və bilik mənbəyi kimi təbiəti qəbul etmişdirlər.

Oxşar mövqeyə Şərq fəlsəfəsində Mahmud Pasixani Gilani tərəfindən XV əsrdə yaradılmış nöqtəvilər cərəyanında da rast gəlmək olar. Onların fikrinə görə "bütün mövcudat vəhdətdədir, vəhdət nöqtədədir, nöqtə isə torpaqdır" (14, 254). Yəni təbiət həm idrakın başlanğıcı, həm də son nöqtəsidir. Bununla belə, hər nə qədər nöqtəvilər bir İslam cərəyanı hesab edilsələr də, bəzi dini prinsipləri qəbul etsələr də, mistik biliklərlə insanın kamilləşməsi ideyasına tərəfdar olsalar da, həqiqətə aparan əsas mənbə kimi təbiəti götürmüşlər. Lakin məhz dövrün hakim ideologiyasından ayrı düşdüyü üçün bu təlimlər uzunömürlü olmamış, özlərinə davamçı tapmayaraq tezliklə süquta uğramışlar.

İslam Şərqində təşəkkül tapmış cərəyanlar arasında öz xüsusi mövqeyi ilə fərqlənən cərəyanlardan biri də təsəvvüfdür. Belə ki, burada, bir tərəfdən maddi və qeyri-maddi hər şeyin formasız, ancaq potensial şəkildə mövcud olduğu qüvvət məkanı olan qeyb aləmi vardır ki, ora daxil olan insan vasitəsiz olaraq bu həqiqətləri öyrənə bilər, digər tərəfdən, insan makrokosmu özündə ehtiva edən bir mikrokosmdur. Onun təməl prinsipi olan vəhdət əl-vücuda görə, Allah təala yeganə həqiqi varlıqdır, Onun yaratdıqları isə yoxluqdan yaranıb yoxluğa getdiklərinə, yaradılışlarında kənar iradəyə tabe olduqlarına, mahiyyət və həqiqətlərini başqa varlıqdan aldıqlarına görə, nisbi, mümkün, güzgüdəki əks kimi zata və həqiqətə malik olmayan varlıqlardır. Məsələn, islam filosofu Miyanəci belə hesab edir ki, "Hər bir məxluqun var olmasına səbəb Allah Təaladır. Ondan başqa heç bir varlığın həqiqətən zatı və varlığı yoxdur" (27, 44). Lakin Allah səbəb – nəticə zəncirinin bir halqası deyil, bu zəncirin yaradanıdır və O, mütəfəkkirlər tərəfindən mümkün varlıqlara vücud verən vacib, onların mahiyyətini təşkil edən substansiyadır: "Ey dost, əsl cövhər kimi Allah da bütün şeylərin əsli və köküdür. Öz işini iradə və məhəbbətlə görür" (28, 181). İbn Ərəbinin fikrinə görə isə: "Gözün gördüyü elə bir məxluq yoxdur ki, onun "ayn" (mənbəyi) və "zatı" Haqq olmasın" (24, 107). Deməli, bütün mövcudat bir "vücudun" – Haqqın təzahürüdür, bütün kainatın mövcudluğu və inkişafı həmin "vücudun" daxilində baş verir.

Deməli, təsəvvüfə görə, Allah tək Həqiqətin, biliyin, ideyanın yaradanıdır. Ona aparan yol isə ilk növbədə insan özü və onun təmasda olduğu ətraf mühitdir.

Orta əsrin istər ayrı-ayrı filosoflarının, istərsə də, cərəyanların, ümumiyyətlə ideyanın inkişaf xəttinin təhlilindən belə məlum olur ki, antik dövrdən başlanmış mənbələrin bir-birindən ayrılması prosesi orta əsrlərdə hələ kəskin xarakter almamışdı və aralardakı məsafələr keçilməyəcək qədər böyüməmişdi. Bu səbəbdən coğrafi məkandan və əsaslandığı təməldən asılı olmayaraq, tək ideyanın təzahürləri arasında oxşar cəhətlərin olması nəinki bir təsadüf, hətta zərurət hesab edilə bilər. Bununla belə, günəşin şüaları kimi, bir mənbədən çıxıb dağılan istiqamətlər daha çox aralanmaqda və bu kəskin qarşıdurma Yeni dövrdə artıq özünü göstərməkdə idi. Əlbəttə, burada həlledici addım dövrün hakim mənbəyinə – İlahi vəhyə münasibətin tam olaraq formalaşması oldu. Bu işdə Məhəmməd İqbal ilk növbədə Qəzali və Kantın "peyğəmbəranə bir mahiyyət daşıyan" missiyasını vurğulayır: "Kant öz prinsiplərinə uyğun gələn formada hərəkət etdiyi üçün Allahı tanıma imkanını qəbul etməzdi. Qəzali isə düşüncə analizinə bel bağlaya bilmədiyi üçün mistik təcrübəyə yönəldi və orada din üçün müstəqil bir məzmun tapdı. Beləliklə də, dinin elmdən və metafizikadan tamamilə müstəqil şəkildə mövcud olmaq hüququnu təmin etməyə müvəffəq oldu" (5, 189). Belə məlum olur ki, Kantdan fərqli olaraq Qəzali ağlın məhdud çərçivəsinə bir qapı qoydu – dini-mistik təcrübə. Yəni həm Qəzali, həm də Kant rasional təfəkkür və din arasında sərhəd qoydular. İslam Şərqində Qəzalinin göstərdiyi yol bir tərəfdən bu istiqamətdə inkişafı təmin etsə də, insanın bir ruhani varlıq kimi imkanlarını artırsa da, digər tərəfdən rasional təfəkkürün məhdud imkanlı olduğu üçün ümumiyyətlə "qıfıllanmasına" səbəb oldu. Qərbdə isə hər bir tərəfin öz hüdudlarını qorumaqla dərinə inkişaf etməyə – təbiəti öyrənməyə üstünlük verildi. Onu da xüsusilə vurğulamaq lazımdır ki, məhz kitablara – mənbələrə münasibət Yeni Dövrdə fəlsəfi düşüncənin inkişaf istiqamətini təyin etmişdir.

Yeni Dövrdən başlayaraq bu günə kimi Qərb əsas diqqət və enerjisini təbiət kitabının öyrənilməsinə verdi və elm, texnologiya dindən ayrı, müstəqil şəkildə inkişaf etməyə başladı və öz yolunda bir-birinin ardınca yeni biliklər əldə etməyə başladı.

İslam Şərqində isə üstünlük əsasən müqəddəs vəhyə verildi. Müqayisə aparsaq, belə məlum olur ki, hər iki tərəfin – Şərq və Qərbin – öz baş vurduqları mənbələrdə təqribən eyni ifratlara, sadəcə fərqli istiqamətlərdə, vardıqları qənaətinə gəlmək mümkündür.

Müasir dövrdə ilk baxışda nəzərə çarpan Yeni Dövrün ənənələrinin daha da dərinləşməsidir: Qərb təbiət, İslam Şərqi isə ilahi vəhy üzrə ixtisaslaşmaqdadırlar. Burada diqqət cəlb edən məsələyə birtərəfli və naqis münasibətlə yanaşı, həm də insan faktorunun özünə də bu qütblərdən dəyər verilməsidir.

İdeya vahiddir və onun birtərəfli öyrənilməsi son nəticənin naqis qalmasına səbəb olur. Təsadüfi deyil ki, elmin, texnologiyanın ən son nailiyyətlərini əldə edən Qərb bu gün daha çox düşüncə və mənəviyyat böhranı yaşayır. Görkəmli fikir sahiblərinin "Avropanın süqutu", "Qərbin ölümü", "Bəşəriyyətin qürubu" və s. oxşar mövzuda və ideyada yazdıqları məhz Qərbin içində olduğu naməlum qaranlığın təzahürüdür. Yaxud İslam Şərqi hər nə qədər öz mənəvi zənginliyi, yüksək estetik sənət inciləri ilə dünyanı heyran etsə də, iqtisadi və siyasi baxımdan dərin tənəzzül yaşamaqdadır. Təsadüfi deyil ki, Qurani Kərimə istinad edən Taha Cabir Əlvani yazır ki, "İki kitab (səmavi kitab və təbiət – K.B.) hökmən uzlaşdırılmalıdır, zira onlar bir-birini tamamlamadıqda gerçəkliyin həqiqi dərki itirilmiş olur" (1, 32–33).

Təbii ki, hər iki tərəf müəyyən baxımdan öz problemlərinin mahiyyətindən xəbərdardırlar və həllinə çalışırlar. Bu istiqamətdə dialoqlar aparılır, əsərlər yazılır, konfranslar keçirilir. Nəticədə maddi baxımdan daha zəif olan Şərq daha güclü və stabil formaya malik Qərbin içində əriməkdədir. Əslində bu, sadəcə bir qütbün digərini yox etməsi və ideyaların mənimsənilmədən "yamaq edilməsidir". Deməli, yenə də ideya naqis şəkildə dərk edilir. İdeyanın kəsilməzliyi prinsipindən çıxış edərək bildirmək olar ki, həm Şərqin, həm də Qərbin öz spesifikliklərini qoruyub saxlamaqla yanaşı, düşdükləri böhran halından qurtulmağın həlli yolu məhz İdeyanın, Həqiqətin, varoluşun mahiyyətinin mənbələrinə düzgün münasibətin formalaşmasındadır.

Məsələyə bu prizmadan qiymət verən mütəfəkkirlərdən biri Məhəmməd İqbaldır. O, əsas diqqəti təsəvvüf fəlsəfəsinə yönəldərək insanın mənəvi aləminin oxunmasını çox vacib hesab edir və digər ikisi mənbəni – tarix və təbiəti onun "əlavə vəsaiti" hesab edir: "Qurani-Kərimin üç idrak (bilik) mənbəyindən biri kimi bəyan etdiyi (41:53; 51:20–21) daxili təcrübənin vəhdətinin mənasını başa düşməyə çalışan ancaq sufizm olmuşdur. Digər iki bilik mənbəyi isə Tarix və Təbiətdir" (6, 193) və "Məhz bu iki bilik mənbəyi tədqiq edilərsə, İslamın ruhu və canlılığı meydana çıxar" (7, 176). Belə məlum olur ki, insan ruhu, batini təcrübə deyəndə, filosof burada həm də ilahi vəhyi nəzərdə tutur və ya daha doğrusu, təsəvvüf fəlsəfəsinə istinadən bildirək ki, insanın özünü ilahi mənbə kontekstində götürür.

Ondan sonra bu məsələyə nisbətən oxşar mövqedən yanaşan digər filosof da Səlahəddin Xəlilovdur: "Üçüncü kitabın oxunması, yəni insanın ruh dünyasının, kosmik zəkadan istifadə imkanlarının öyrənilməsi və reallaşdırılması prosesi yenə də islami dünyagörüşün çərçivəsində məqbul olsa da, ona ziddiyyətli münasibət bəslənmişdir. Əsasən təsəvvüf adı altında inkişaf etdirilən bu xətt bəzən İslama yad bir dəyər kimi qiymətləndirilmişdir. Lakin İslamın başqa dinlərə nisbətən əsas üstünlüyü, bizcə, məhz bu istiqamətlərdə ortaya çıxır" (9, 24–25). Göründüyü kimi, S.Xəlilov məsələyə daha geniş rakursdan yanaşır və ilk dəfə "Üç kitab" ideyasını irəli sürür: smavi kitab, təbiət kitabı və universal əql. Yəni o, insanın özünü – maddi və ilahi tərəfləri ilə deyil, həm də ideya dünyasını nəzərə alır. Xatırladaq ki, Platonun fikrinə görə də, "Zəka öz fərziyyələrini əzəli bir şey kimi qələmə vermir. Əksinə, onlar zəka üçün elə yalnız fərziyyələrdir, yəni daha artıq ehtimal (fərz) olunmayan hər bir şeyin başlanğıcına hansısa bir yaxınlaşma və ya cəhdlərdir. Ona nail olub onunla bağlı olan bütün şeyləri rəhbər tutmaqla (yapışaraq) o nəticəni hissi olan heç bir şeydən istifadə etmədən, yalnız qarşılıqlı münasibətlərdə olan ideyaların özündən faydalanmaqla əldə edir və onun qənaətləri (nəticələri) yalnız onlara aid olur" (17, 265). Deməli, Xəlilovun üçüncü kitab ideyası elə Platonun ideyalar dünyasıdır. Sadəcə olaraq Platon qalanlarını ikinci dərəcəli bir hadisə – üçüncünün kölgəsi hesab edir.

Bundan başqa, burada müəyyən mənada təsəvvüfdəki qeyb aləmi, yaxud ayani-sabitə (sabit mənbələr) ilə paralellər aparmaq mümkündür. Lakin bu, daha geniş və dərin tədqiqatın mövzusu olduğundan saxlayırıq. Düzdür, Xəlilov özünün xidmətini "sadəcə olaraq islam fəlsəfəsində xeyli dərəcədə qərarlaşmış olan iki kitab təlimini Platonun bunlardan fərqli olan "tək kitab" təlimi ilə birləşdirmək və bu üç kitabın ekvivalentliyini nəzərə almaqla" məhdudlaşdırır (9, 25). Lakin bizim şərhimizin kontekstində daha bir həqiqət oraya çıxır.

Qeyd etdiyimiz kimi, bu elmlərdən hər birinin zirvə nöqtəsi yenə də fəlsəfədir. Səlahəddin Xəlilovun bildirdiyinə görə, "Platon yeganə həqiqət kimi mütləq ideyaları və deməli yeganə həqiqi kitab kimi də ideyalar dünyasını götürmüşdür. Sadəcə olaraq, Platon maddi dünyada, təbiətdə olan həqiqətləri ancaq insana bəlli olan rəylər kimi qəbul etmiş, amma insanın ardıcıl surətdə yaxınlaşdığı, araşdırmalarının və idrakın məqsədi olan mütləq həqiqətlərin təbiətdə də mövcud olduğunu qəbul etməmişdir" (9, 25–26). Yəni Platon bir növ ilk iki kitabları inkar edərək sonuncunu qəbul etmişdir.

İlk baxışda bu da üçüncü ifrat münasibət! Lakin Platonun kitabı məhdud deyildi və dövrünün fəlsəfəsi kimi digər ikisini müəyyən mənada özündə ehtiva edirdi. Dövrün və şəraitin tələbi ilə fəlsəfədən ayrılan elmlərə müvafiq olaraq "kitablar" da ayrıldı və bu proses elə Platonun tələbəsi, təbiət kitabının əhəmiyyətini qabardan Aristoteldən başlandı. Səlahəddin Xəlilov isə hər üç kitabın ekvivalentliyi prinsipini təsbitləməklə həm bu fərqli təlimlər arasındakı ziddiyyəti aradan qaldırmağa və onları daha mükəmməl bir təlimdə ehtiva etməyə müvəffəq olur, həm də bir növ onları yenidən vahid nöqtədə birləşdirməyə cəhd edir. Başqa sözlə desək, vahid nöqtədən başlayıb şaxələnən əbədi hikmət yenə vahid nöqtədə birləşir.


Digər mənalar

[redaktə | mənbəni redaktə et]
  • Həqiqət — Azərbaycan qadın şəxs adı ;
  • Həqiqət — Azərbaycanda ayrı — ayrı vaxtlarda buraxılan qəzet adı.
  • Həqiqət (qəzet, 1909-1910)
  1. Словарь Ожегова — правда Arxivləşdirilib 2021-04-10 at the Wayback Machine
  • Könül Bünyadzadə. Fəlsəfə tarixində həqiqətin mənbələri // Fəlsəfə və sosial-siyasi elmlər. No 2,2010.[1]