Elektron cədvəl

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Elektron cədvəl — cədvəlin emalı üçün təyin olunan tətbiqi proqramlardır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir.[1]

Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s. proqramlardır. Bu proqramların bəzi başlıca özəllikləri bunlardır:

1. Verilənlər (ədədlərlə nişanlanmış) sətirlər və (hərflərlə nişanlanmış) sütunlar boyunca düzülür. Verilənlərin daxil edildiyi hər bir yer (sətir və sütünün kəsişməsi) xana (CELL) adlanır. Siz ədədləri və ya hərfləri aşağıdakı misalda (kiçik mağazada müxtəli malların satış cədvəli) göstərildiyi kimi xanalara daxil edə bilərsiniz:

A B C D
Mal Qiyməti Sayı
Yulaf 3.99 10
Süd 2.15 25
Diş pastası 1.95 7

2. Əgər siz düstur daxil etmisinizsə, kompüter onu avtomatik hesablamalıdır. Məsələn, yulaf satışından gəliri hesablamaq üçün D2 xanasına +B2*C2 düsturunu daxil edin. (* ulduz işarəsi vurmanı göstərir; başlanğıcdakı + işarəsi isə bunun adi yazı deyil, düstur olduğunu bildirir. Excel proqramında düsturun başında = işarəsi qoyulur.)

A B C D
Mal Qiyməti Sayı Gəlir
Yulaf 3.99 10 39.90
Süd 2.15 25
Diş pastası 1.95 7

Düstur daxil edildikdən sonra elektron cədvəl proqramı həmin xanada düsturun özünü deyil, onun nəticəsini əks etdirəcək. Ancaq göstəricini xanaya gətirdikdə həmin xana üçün düstur ekranın yuxarısında görünür və zərurət olarasa, onu redaktə edə bilərsiniz.

3. Bir xanada olan düsturu başqa xanalara da köçürmək olar. Məsələn, D2 xanasında olan düstur D3 və D4 xanalarına köçürülə bilər ki, nəticədə digər mallar üzrə də gəlir hesablanmış olar:

A B Ci D
Mal Qiyməti Sayı Gəlir
Yulaf 3.99 10 39.90
Süd 2.15 25 53.75
Diş pastası 1.95 7 13.65

Düstur başqa xanalara köçürüldükdə kopyalama komandası həmin düsturları avtomatik olaraq dəyişdirir. Verilmiş nümunədə siz +B2*C2 düsturunu D2 xanasından D3 xanasına köçürdükdə həmin düstur +B3*C3 şəklinə, D4 xanasına köçürdükdə isə +B4*C4 şəklinə düşəcək. Bu ona görə belə olur ki, ilkin xanada (D2) olan düsturdakı B2 və C2 nisbi ünvan (RELATIVE ADDRESS) formasında yazılıb.

4. Düsturda müəyyən aralıqdakı bütün xanaların cəmlənməsi komandası kimi yerləşik funksiyalar (BUILT-IN FUNCTION) ola bilər. Lotus 1-2-3 proqramında @SUM(D2..D4) düsturunu, yaxud Excel proqramında =SUM(D2:D4) düsturunu D5 xanasına daxil etdikdə sütun (D2, D3 və D4 xanaları) üzrə ümumi cəm avtomatik hesablanacaq. Elektron cədvəl proqramlarında çoxlu belə funksiyalar vardır.

5. Elektron cədvəllərin xüsusi dəyəri var, çünki ədədlərdən biri dəyişdikdə onlarla bağlı düsturlar avtomatik olaraq yenidən hesablanır. Məsələn, satılmış malların miqdarında dəyişiklik edən kimi, avtomatik olaraq hər bir mal üzrə gəlir və ümumi gəlir avtomatik olaraq yenidən hesablanacaq. Elektron cədvəllərin bu özəlliyi onları xüsusilə “nə olur-əgər” qiymətləndirmələrində (“WHAT-IF” EVALUATION) faydalı edir. Siz çoxlu dəyişəndən ibarət elektron cədvəl qura bilər və bir, yaxud bir neçə dəyişənin qiymətini dəyişdirməklə nəticənin necə dəyişdiyini görə bilərsiniz.

6. Elektron cədvəllər verilənlərə uyğun olaraq avtomatik olaraq diaqramlar qura bilər.

7. Bir sıra klavişlərin ardıcıl basılmasını (KEYSTROKE) bir komandada birləşdirmək üçün makroslardan (MACROS) istifadə etmək olar və genişləndirilmiş makroslar özlüyündə istifadəçilər və verilənlərin emalı ilə qarşlıqlı əlaqədə ola bilən kompüter proqramlarıdır.

8. Çıxış sənədinin xarici görünüşünü yaxşılaşdırmaqdan ötrü müasir elektron cədvəllərə çoxlu özəlliklər əlavə olunub. Məsələn, bəzi xanalar qalın şriftlə göstərilə, yaxud hər hansı xana kölgəli qeyd oluna bilər.

9. İlk elektron cədvəllər ikiölçülü idi, bu da onları çox böyük kağız parçasına bənzədirdi. Sonradan elektron cədvəllərə üçölçülü imkanlar artırıldı ki, nəticədə sənədi qeyd kitabçasında olduğu kimi, müxtəlif səhifələrdə saxlamaq imkanı yarandı. Bu halda xananın ünvanı C:B1 kimi yazıla bilər, yəni C səhifəsinin B sütununun 1 sətri. Bundan başqa, müasir elektron cədvəllərdə bir-birinə bağlanmış müxtəlif iş vərəqləri ilə işləmək imkanı vardır. Məsələn, aylıq satış haqqında məlumatları 12 fərqli iş vərəqinə yazmaq, sonra isə onları tək iş vərəqinə bağlamaqla illik satış miqdarını hesablamaq olar.

LibreOffice Calc elektron cədvəl proqramı


  1. "VisiCalc - первые в мире электронные таблицы". 2009-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]