Assizli Fransisk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Assizli Fransisko
it. Giovanni Francesco di Bernardone
Assizli Fransisko. Xose de Riberanın porteti
Assizli Fransisko. Xose de Riberanın porteti
Doğum tarixi
Doğum yeri Assiz, İtaliya
Vəfat tarixi
Vəfat yeri Assiz, İtaliya
Fəaliyyəti Roma-Katolik Kilsəsinin müqəddəsi, Fransiskan Ordeninin banisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Assizli Fransisko – məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisidir.

Fransisko 1182-ci ildə İtaliyanın Assiz şəhərində dünyaya gəlmişdir. O, zəngin ailənin yeganə övladı olmuşdur. Mənbələrdə atasının parça ticarəti ilə məşğul olduğu bildirilir. Gəncliyində Fransisko tüfeyli, əyyaş, bivec həyat tərzi sürən və özü kimi gənclərin arasında yaşamışdır. Fransiskonun tezliklə ruhunu dərin düşüncələr bürüdüyündən, o, həyatın fani və puç olduğunu anlamağa başlamışdır. Dilənçilərə çox mərhəmətli davranmış və bunu mükəmməl dini imana sahib olmaq üçün bir vasitə kimi qəbul etmişdir. Fransisko kasıb həyatı xristian idealının təzahürü sayırmış. O, cüzamlı xəstələrə qarşı da böyük diqqət və qayğı ilə yanaşmışdır. Həmin dövrdə bu xəstələr Avropa əhalisi arasında qorxu və nifrət hissi oyadırdılar. Fransisko əvvəllər bu hissləri paylaşsa da, lakin sonradan cüzamlılara sevgi ilə yanaşmağın əhəmiyyətini anlamışdır. Onun tərcümeyi-halında bu hadisələr barəsində xeyli ibrətamiz hekayətlər mövcuddur.

Bu kimi hadisələrin nəticəsində Fransisko tərkidünyalığa tərəf meyil etməyə başlamışdır. O, qədim, tərk edilmiş kilsələrdə ibadət etməyə üstünlük verərmiş. Buradakı yalqızlıq, səssizlik onun ruhunu özünə cəlb etmiş, belə yerlər mənəvi dünyasında dərin izlər qoymuşdur.

Evini tərk etməsi

[redaktə | mənbəni redaktə et]

Fransiskonun həyatında mühüm dönüş nöqtəsi atası ilə arasındakı münaqişə zamanı baş vermişdir. Kiçik bir kilsəyə maddi yardım etmək məqsədilə o, atasının ən yaxşı mallarını götürüb satmış, əldə olunan vəsaiti həmin kilsəyə bağışlamışdır. Atasının qəzəbindən yayınmaq üçün bir müddət şəhər ətrafındakı mağaralarda gizlənmiş, sonra isə evə qayıtmaq qərarına gəlmişdir. Evdə valideynləri tərəfindən təzyiqlərlə üzləşən Fransisko qaçmağa müvəffəq olmuşdur. Atası oğlunun qaytarılması üçün məhkəməyə müraciət etmiş, lakin Fransisko yepiskopun hüzurunda övladlıq hüququndan imtina etmək qərarını açıqlamış, atasından götürdüyü bütün pulları da qaytarmışdır. Həmin vaxtdan etibarən o, heç zaman ata ocağına qayıtmamışdır. Bu hadisə 1207-ci ildə baş vermişdir.

Fransiskan Ordeninin yaranması

[redaktə | mənbəni redaktə et]

O, iki il doğma şəhər ətrafında sərgərdan yaşamışdır. Bu dövrdə bütün vaxtını ibadət etməklə və könüllü surətdə kilsələri təmir etməklə məşğul olmuşdur. Həyatı tamamilə səfillik və ehtiyac içərisində keçsə də, bundan məyus olmamış, əksinə bu divanə həyatı əsl xristiana layiq yaşayış hesab etmişdir. Şəhər sakinlərinin bir çoxu onu divanə hesab etsələr də, bəzi zəngin şəxslər Fransiskoya qoşularaq, bütün mal-mülkünü satmış və əldə olunan vəsaiti yoxsullara paylamışlar. Onlar özlərini "tövbə etmiş günahkarlar" adlandırırdılar.

Klara

Getdikcə belə insanların sayı artmış, Fransiskonun şöhrəti isə ətraf yerlərə yayılmışdır. Beləliklə o, vaizlik etmək qərarına gəlmişdir. Vaizlik edərkən ətrafına xeyli tələbə toplaşdığından, onları vahid qardaşlıqda birləşdirmək məqsədilə Papa III İnnokentiyə müraciət etmişdir. Bu görüş haqda əfsanəyə bənzər bir neçə rəvayət qalmışdır. Bu hekayətlərin bəzisində Papanın yoxsul geyimli, sərgərdan vəziyyətində olan bu şəxsə etinasızlıqla yanaşdığı, lakin sonra onun əhəmiyyətini anladığı, digərlərində isə onun əvvəldən bu cür hərəkətlərə müsbət yanaşdığı, onların mövcudluğunun bütün katolik kilsəsi üçün yenidən canlanma üçün əsas təşkil etdiyini qəbul edərək, onlara dəstək vermək üçün əlindən gələni əsirgəməməsi bildirilmişdir.

Papa onun nitqinə qulaq asmış, yoxsul həyatı təbliğ etmələrinə rəsmi olaraq icazə vermişdir. Məhz bu tarixdən etibarən Fransiskanlar ordeni öz fəaliyyətinə başlamışdır. Bu ordenin üzvləri kiçik qruplar halında xristianlığı və kasıb həyatı təbliğ etməklə bütün Avropaya, hətta müsəlman ölkələrinə səfərə çıxmışdılar. Bütün məhrumiyyətlərə və təhlükələrə baxmayaraq, onların bu səfərlərə çıxması Fransisko tərəfindən dəstəklənir və təşviq olunurdu. Fransisko elə təxminən bu dövrdə əsas şagirdi, sonradan müqəddəs sayılan Klaranı tanımış, onun fövqəladə səy və bacarığı ordenin şöhrətini yaymağa kömək etmişdir. Bütün fransiskanlar öz rəhbərlərini unutmurdular. Onlar ildə bir dəfə Fransiskonun ev kimi istifadə etdiyi komasının ətrafına toplaşardılar.

Ordenin güclənməsi

[redaktə | mənbəni redaktə et]
Fioretti

Bu illər ərzində Fransiskanlar ordeni get-gedə daha da inkişaf edərək özünün nüfuz dairəsini genişləndirmiş, tərəfdarlarının sayı xeyli artmışdır. Fransiskanlar ordeni getdikcə daha çox Roma Katolik Kilsəsinin tabeliyi altına keçir, bununla bərabər, ilk zamanlar nəzərdə tutulan kasıblıq idealı, səfil qardaşlığı kimi məqsədlərdən kənaraçıxmalar baş verirdi. Orden onun nəzərdə tutduğu kimi kasıblığı təbliğ edən müstəqil qardaşların birliyindən qapalı, nüfuzlu və hakimiyyətə sahib olan katolik kilsəsinin bir hissəsinə çevrilmişdi. 1220-ci ildə qəbul olunmuş Papa fərmanına görə ordenə daxil olmaq üçün çoxillik sınaq müddəti təyin olunmuş, oradan çıxmaq isə qadağan edilmişdir. Bütün bunların nəticəsində 1220-ci ildə Fransisko Misirdə missionerlik fəaliyyəti ilə məşğul olarkən təşkilatın daxilində ilk ciddi böhran baş vermişdir. O bu problemlərin qarşısını ala bilmədiyinə görə də ordenə başçılıq etməkdən imtina etmiş və öz keçmiş həyatına qayıtmışdır. Bundan sonra o, yalnız təbliğatla məşğul olmuş, ordenin işində ancaq böyük iclaslar zamanı iştirak etmişdir.

Son illəri və ölümü

[redaktə | mənbəni redaktə et]

Fransisko həyatının son illərini tərkidünyalıqda, ibadətdə keçirmişdir. Əfsanəyə görə, 1224-cü ildə dağda dua edərkən onun əl və ayaqlarından qan axmağa başlamış (stiqmata hadisəsi), məhz bu hadisədən sonra ətrafdakılar onun müqəddəsliyinə əmin olmuşlar. O, 1226-cı ildə vəfat etmiş, iki ildən sonra isə "müqəddəs" statusu almışdır. Onun xatirəsi dövrümüzdə də dünya katolikləri tərəfindən əziz saxlanılır. ABŞ-nin San-Fransisko (Müqəddəs Fransisko) şəhəri onun adı ilə bağlıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]