Antivitaminlər
Antivitaminlər – quruluşca vitaminlərlə eyni olan, lakin tamamilə əks bioloji təsir göstərən, habelə vitamin molekullarının strukturunu dəyişdirməklə onların təsirini aradan qaldıran maddələr. Quruluşca vitaminlərlə eyni olan maddələr hüceyrəyə daxil olaraq vitaminlərlə rəqabətə girir (kofermentlərin biosintezində və fermentlərin əmələ gəlməsində) və fermentlərin strukturunda vitaminlərin yerini tutur, lakin onların funksiyasını yerinə yetirmir. Bununla əlaqədar olaraq vitamin çatışmazlığı əlamətləri inkişaf edir. Antivitaminlərə, həmçinin vitaminlərlə birləşən və ya onları parçalayan maddələr (tiamini parçalayan I və II tiaminaza; biotinlə birləşən yumurta zülalı – avidin və s. də aiddir. Bəzi antivitaminlər antimikrob və ya kanserostatik təsirə malik olduqları üçün onlardan kimyəvi müalicə vasitəsi kimi istifadə olunur. Məs., bədxassəli şişlərin müalicəsində istifadə olunan metatreksat fol turşusunun antaqonistidir; vərəm əleyhinə istifadə olunan bir çox preparatlar (ftivazid, izoniazid, saluzid) B6 vitamininin aktivliyini itirir. [1] Antivitaminlər vitaminlərin analoqu olub, antikoferment təsir göstərir. Ainivitaminlər vitaminlərin törəmələri olan kofermentləri əvəz edir və beləliklə, onların çatışmazlığı fermentativ reaksiyaların funksiyasını yerinə yetirmir. Başqa sözlə, antivitaminlərə vitaminlərin orqanizmdəki təsirini zəiflədən maddə kimi baxmaq olar. Antivitaminlərin bu xassəsindən istifadə edərək, avitaminoza tutulmuş heyvanlarda infeksiya və şiş xəstəliklərini müalicə etmək olar. Hazırda antivitaminlərin iki qrupa bölünməsi təklif edilir:
- Nativ vitaminlərin quruluşuna oxşar antivitaminlər. Bu qrup antivitaminlər vitaminlər ilə qarşılıqlı rəqabətdə olurlar;
- Vitaminlərin dəyişikliyə uğraması ilə əlaqədar antivitaminlər vitaminlərin sorulmasına, daşınmasına və onların bioloji fəaliyyətinin təsirini azaldırlar. Beləliklə, antivitamin termini ilə istifadə olunan bütün maddələr təsir mexanizmindən asılı olaraq, vitaminlərin bioloji fəallığının azaldılması və ya onun təsirinin tamamilə yox olmasına xidmət edir.
Vitaminlərin quruluşuna oxşar antivitaminlər mahiyyət etibarilə antimetabolitlər olub, apofermentlər ilə qarşılıqlı təsirdə olaraq, aktiv olmayan ferment sistemi yaradırlar. Bununla da, nəticədə vitaminin aktivliyi zəiflədilir. Digər tərəfdən vitaminin quruluşuna oxşar antivitaminlər həqiqətən də avitamoz prosesini inkişaf etdirir və vitaminlərin fermentlərlə, zülallarla birləşmiş əlaqəsini parçalayır və onun fizioloji xassəsini yox edir. Buna misal olaraq B1 vitamini molekulunu parçalayan I və II tiaminazanın, vitamin C-ni parçalayan aksorbatoksidazanı, biotinin bioloji qeyri-fəal komplekslə əlaqəsini parçalayan abidon zülalını göstərmək olar. Qeyd edilən əksər antivitaminlər tibbdə biokimyəvi və fizioloji proseslərin istiqamətlənməsində müalicəvi vasitə kimi dikumarol, varfarin, tromeksandan istifadə olunur. Tiaminin antivitamini oksitiamin piri- və neopiritamindir. Vitamin B2-nin (riboflavın) antivitaminin aterbin, akrixin, qalaktoflavın və izoriboflavindir. Qeyd edilən antivitaminlər B2 ilə rəqabətdə olaraq FAD kofermentinin sintezinə mane olur. B6 vitaminin (piridoksin) antivitamini dezoksipiridoksin, sikloserin, izoniazid vərəmin mikrobakterialarına antibakterial təsir edənlərdir. Fol turşusunun antivitaminləri amin və ametopterinlərdir. B12 vitaminin antivitamini onun törəməsi 2-aminometilpropanol-B12-dir. Nikotin turşusunun antivitaminləri izoniazid, 3-asetilpiridin, sulfamid preparatları və p-aminobenzoy turşusudur. Bütün qeyd edilən antivitaminlər şişəleyhinə və antibakterial vasitə kimi istifadə olunur. Onlar hüceyrədə zülal və nuklein turşularının sintezinə mane olurlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]A.M. Məhərrəmov, M.Ə.Allahverdiyev. Həyat fəaliyyətinin kimyəvi əsasları, Ali məktəblər üçün dərslik, Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2009, 288 s.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 552. ISBN 978-9952-441-02-4.