Akademizm
Akademizm (fr. académisme) və ya Akademik stil — Avropa incəsənət akademiyalarında formalaşdırılmış və geniş yayılmış peşəkar tədris metodu və bədii dizayn üslubudur. XVI əsrin ortalarında İtaliyada formalaşmağa başlayan bu üslub bir neçə yüz il ərzində bütün Avropada geniş yayılmış və kolonializm nəticəsində bir çox ölkələrin incəsənətinə ciddi təsir göstərmişdir, lakin bu terminlər qarışıq mənaya malikdirlər, çünki, sənətşünaslar bu terminlərə müxtəlif şəkildə yanaşmış, onun anlamını daraltmış və ya genişləndirmiş, bəzən isə tamamilə fərqli bir sahəyə aid etmişlər. Bəziləri üçün akademizm, 1648-ci ildə Şarl LeBrenin rəhbərliyi ilə yaradılmış Fransa Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyasında pedaqoqların tədris etdiyi yüksək sistematiklik və iyerarxiya ehtiva edən üslubdur. Fransız rəssamlarının bu uğuru ətraf ölkələrə də təsir edərək barokko, neoklassisizm və qismən romantizmin formalaşmasına təsir göstərmişdir. Bəziləri, bu termini daha konkret işlədərək akademiyalarda və onların ətrafında formalaşan akademik incəsənətə və ya akademik stilə aid edirlər.[1][2] Nəhayət üstünlük təşkil edən, əksər sənətşünaslar bu termini XIX əsrdə akademiyalarda təhsil almış sənətkarların formalaşdırdıqları incəsənət üslubuna aid edirlər.[3][4][5] Lakin, bu mövqenin tərəfdarı olan sənətşünaslar əsasən təsviri sənətə akademik obrazların təsirinə diqqət yetirirlər.
Akademiyalar orta əsr rəssam gildiyalarında çalışanlar üçün, fərdi yanaşma və orijinal yaradıcılıq baxışının əsasında dayanan ümumi sistem və nəzəriyyələrin formalaşdırılması üçün yaradılmışdı. Akademiyalarda sənətkarlar klassik ənənələr və onlarla birlikdə estetik və etik mənbələrin təbliği üçün yarışırdılar. Akademiyalar həm də rəssamın adının gildiya rəssamı səviyyəsindən peşəkar rəssam səviyyəsinə qalxması və əsərlərinin zadəganlar tərəfindən qəbul edilməsi üçün vacib idi. Akademiyalar həm də bütün rəssamlıq sisteminin formalaşmasında açar rolunu oynayırdılar, belə ki, sənəti məhz akademiyalar tədris etdiyindən və zadəgan təbəqənin əsasən akademiyaların yetirmələrinin əsərlərini ciddi qəbul etməsi səbəbiylə, akademiyalar mədəni ideologiya, zövq, tənqid, həmçinin bir çox sənət muzeyləri üçün mənbə rolunu oynamış satış və bazar yolları üzərində monopoliyaya malik idilər. Hakim dairələrlə sıx işbirliyi əsasında yaranmış bu böyük təsir dairəsi nəinki mədəni idealların, həmçinin siyasi və sosial fikrin də istiqamətləndirilməsində iştirak edirdi.[2][6] Beləliklə, akademiyaların formalaşdığı dövrlərdən etibarən daima akademik dairələrdən kənarda qalan kiçik sənətkar qrupları olmuşdur ki, onlar rəsmi incəsənətin olmasına etiraz etmiş və bu incəsənətin sərt qaydalarını mütləqiyyətin yansıması kimi dəyərləndirmişlər.[7][8]
XVIII əsrin sonları-XIX əsrin ortalarından başlayaraq, akademik sistem öz təsir gücünü itirməyə başlayır, realizm və impressionizm cərəyanlarının formalaşması akademik sistemi qismən sıxışdırır və akademizm konservativlikdə, individual baxışların sıxışdırılmasında günahlandırılır. XX əsrdə bütün mümkün formalarla ənənəvi rəssamlıq sisteminə qarşı mübarizə aparan və müstəqil fəaliyyəti təbliğ edən modernizmin meydana çıxması ilə ənənəvi akademik sistem tamamilə çökdü. Bununla belə, hətta müasir dövrdə belə qədim sənət məktəbləri olan akademiyaların tədris metodları Bauhaus və başqa sənət məktəbləri tərəfindən yaşadılır, kubizm və simvolizmdəki formal intellektualizasiya, sürrealizmdə alleqoriyalardan istifadə olunmasında akademizmin stilistikası müşahidə olunur. Akademizmin idealları dəyərli hesab edilərək sonradan universitetlərin və sənət məktəblərinin tədris planına qaytarılsa da, rəssamlar üçün iki əsas qayda müəyyən edilmişdir: müasir incəsənət dünyasında tələb olunan səviyyədə yaradıcılıqla məşğul ola bilmək üçün rəssamın möhkəm intellektual bazası olmalıdır və həmçinin ümumi istifadədə olan bəzi qiymətləndirmə meyarlarına sadiq qalınmalıdır. Modernizmin meydana çıxmasından sonra akademizmə qədim dövrlərin qalığı kimi baxılsa da, 1970-ci illərdən etibarən yenidən maraq göstərilməyə başlanmışdır. Hazırda müasir akademik rəssamların əsərləri dünyanın əksər məşhur muzeylərinin salonlarını bəzəyir və onların əsərlərinin qiyməti günü-gündən artır. Bununla belə əvvəl elm kimi qəbul edilən akademizm, əksər müasir sənətşünaslar tərəfindən ritorik qarşılanır və ənənəvi-konservativ yanaşma kimi qəbul edilir.[3][6][9]
Etimologiyası
[redaktə | mənbəni redaktə et]"Akademiya" sözü Qədim Yunanıstanla əlaqəlidir (yun. Ακαδήμεια, Akadimeia). Afina şəhəri yaxınlığında yerləşən və ilahnə Afinaya həsr edilmiş zeytun ağaclarından ibarət müqəddəs bağ bu cür adlandırılırdı. Sözün arxaik forması "Hekademia" (yun. Ἑκαδήμεια) olsa da, klassik dövrdə bağın sahibi olduğuna inanılan qəhrəman Akademin adı ilə assosasiv şəkildə söz "Akadimeia" formasına salınmışdır. Bağ xüsusi qorunmaya sahib olmuş və burdakı zeytun ağaclarından əldə olunmuş zeytun yağı Panafiney oyunlarının qalibinə hədiyyə edilmişdir.[10] Bu ərazidə Platon sonradan Platon akademiyası kimi məşhurlaşmış fəlsəfə məktəbinin əsasını qoymuşdur. Əsrlər sonra, 1427-ci ildə Podco Braççolini ehtimal ki, Siserondan ilhamlanaraq yaradığı məktəbi akademiya adlandırmış və həmin dövrdən etibarən termin platonizmi yenidən dirçəldən humanist italyanlar arasında geniş yayılmağa başlamışdır. 1450-ci ildə bir qrup intellektual Alamano Rinuççininin ətrafında toplaşaraq "Chorus Achademiae Florentinae" yaradır. Növbəti onillik ərzində, 1471-ci ildə Pomponi Let "Akademiya Romana"nın üzvü olan humanistlərlə görüşür, kardinal Vissarion isə özünün adını daşıyan akademiya formalaşdırır, lakin daha mühüm hadisə 1470-ci ildə Marsilio Finiço tərəfindən əsası qoyulmuş və Ancelo Poliçiano, Kristoforo Landino və Covanni Piko della Mirandolla kimi şəxsləri ətrafında birləşdirmiş "Accademia Platon"un yaradılması olur. Bundan sonra bütün Avropada geniş yayılmış söz intellektuallar, sənətkarlar və klassik dövr tədqiqatçılarının görüş yeri, tədqiqatçılar qrupu və fəlsəfi hərəkat anlamlarında istifadə olunur. Daha sonra əhatə dairəsi daha da genişlənən söz "universitet" sözünə sinonim, konsert/teatr zalı, mədəni, bədii və ya elmi qrup anlamında da istifadə olunurdu. İntibah dövründə yaradılmış ilk akademiyalar formal xarakter daşısalar da, XVI əsrdə Rusiyada qaydaları qısa detallarına qədər müəyyən edilmiş ciddi akademiya yaradıldı. Xüsusi qaydalara malik ilk akademiya 1531-ci ildə Sienada yaradılmış "Academia dei Rozzi" olmuşdur. Akademiyanın bütün fəaliyyəti iki qrupa bölünmüşdü: fəlsəfi tədqiqatlar (filosóficas) və elmi tədqiqatlar. İncəsənəti öyrənən və tədqiq edən xüsusi akademiyalar isə bir müddət sonra formalaşdırılmağa başladı.[11]
Akademistlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kleiner, Fred. Gardner's Art Through the Ages: The Western Perspective Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine. Cengage Learning, 2009. Vol. II, 13ª ed. p. 655
- ↑ 1 2 Academicismo Arxivləşdirilib 2015-05-04 at the Wayback Machine. Enciclopédia Itaú Cultural de Artes Visuais. Atualizado em 29/12/2008
- ↑ 1 2 Kino, Carol. Returning the gaze Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. The National. August 20. 2009 11:11AM GMT
- ↑ Kulka, Tomáš. Kitsch and art Arxivləşdirilib 2015-02-13 at the Wayback Machine. Pennsylvania State University Press, 1996. p. 60, nota 23
- ↑ Greenberg, Clement & John O'Brian (editor). The Collected Essays and Criticism: Modernism with a vengeance, 1957–1969 Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine. University of Chicago Press, 1995. p. 299
- ↑ 1 2 Academic Art Style Arxivləşdirilib 2017-07-24 at the Wayback Machine. Encyclopedia of Irish and World Art
- ↑ Schwarcz, Lilia Moritz. O Sol do Brasil: Nicolas-Antoine Taunay e as desventuras dos artistas franceses na corte de d. João. São Paulo: Companhia das Letras, 2008. pp. 65–66
- ↑ Academy of Art in Rome Arxivləşdirilib 2022-04-10 at the Wayback Machine. Encyclopedia of Irish and World Art
- ↑ Critic's Turn Arxivləşdirilib 2010-04-04 at the Wayback Machine. Dahesh Museum of Art
- ↑ Schmitz, Leonhard. Academus. IN Smith, William. Dictionary of Greek and Roman Biography and Mythology. Boston, 1870. Vol. 1, p. 5
- ↑ Pevsner, Nikolaus. Academias de arte: passado e presente Arxivləşdirilib 2016-07-30 at the Wayback Machine. Companhia das Letras, 2005. pp. 69–72; 76–78