Toxuma
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi[1].
Toxumaların növləri
[redaktə | mənbəni redaktə et]Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir:
- epiteli
- birləşdirici
- əzələ
- sinir
Epiteli toxuma
[redaktə | mənbəni redaktə et]Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur
Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir.
Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Yastı qərniləşmiş çoxqatlı epiteli toxumasının hüceyrələri qərni pulcuğa çevrilir, dərinin üst səthində olur. Yastı qərniləşmiş çoxqatlı epiteli toxuması hüceyrələri qərniləşir və gözün buynuz qatında, ağız boşluğunun daxili səthində və qida borusunda rast gəlinir.
Epiteli toxuması aşağıdakı vəzifələri yerinə yetirir:
- Qoruyucu — orqanizmi bütövlükdə və eyni zamanda orqanların əksəriyyətini (örtüyü olanı nəzərdə tutulur) xarici təsirlərdən qoruyur.
- Sorucu — bədənin müəyyən nahiyələrinə sürtülmüş dərman maddələri epiteli toxuması vasitəsilə sorulur.
- İfrazat — tər və piy vəziləri orqanizmdəki suyun artığını, duzları, yağları bədəndən ifraz edir.
- Tənəffüs — epiteli toxumasındakı ağızcıqlara tənəffüs prosesi həyata keçirilir.
- Orqanizmin istilik tənzimlənməsində iştirak edir.
- Sekretor — vəzi hüceyrələri bioloji aktiv maddələr-hormonlar sintez edirlər (hazırlayırlar).
- Dayaq — istinad-daxili orqanlar və dərialtı piy təbəqəsi üçün dayaq-istinad rolunu daşıyırlar.
Birləşdirici toxuma
[redaktə | mənbəni redaktə et]Birləşdirici toxuma rüşeymin mezoderma adlanan orta rüşeym vərəqindən əmələ gəlir və demək olar ki, bədəndə olan bütün orqanların tərkibində var. Birləşdirici toxumanın üç növünün ayırd edirlər: xüsusi birləşdirici toxuma –buna boş birləşdirici toxuma da deyirlər; qığırdaq və sümük toxuması-bunlara isə bərk birləşdirici toxuma deyirlər.
Hüceyrəarası maddəyə liflər və həlməşik özlüyü malik olan və hüceyrə arasını dolduran maddələr aiddir. Liflər isə kollagen, elastiki və retikulyar liflər olmaqla üç qrupa bölünür. Onlar sapşəkilli quruluşlu fibrillərdən, fibrillər isə kollagen və elastik zülallardan ibarət protofibrillərdən əmələ gəlir. Liflər bir-birindən öz xüsusiyyətlərinə görə fərqlənir.
Birləşdirici toxumanın digər növləri də hüceyrə və hüceyrəarası maddələrdən təşkil olunub. Məsələn, retikulyar toxumanın hüceyrəsi retikulyar hüceyrə və yaxud qığırdaq toxumasının hüceyrəsi isə qığırdaq hüceyrəsi adlanır.
Əzələ toxuması
[redaktə | mənbəni redaktə et]Orqanizmin ümumi kütləsinin təxminən 40–45 faizini əzələ toxuması təşkil edir. Hərəkət orqanları məhz əzələ toxumasından təşkil olunub. O da birləşdirici toxuma kimi mezoderma mənşəlidir və iki böyük qrupa bölünür.
- Eninə zolaqlı əzələ toxuması.
- Saya əzələ toxuması.
Eninə zolaqlı əzələ toxuması özü də iki qrupa ayrılır:
- a) eninə zolaqlı skelet əzələsi; buna somatik əzələ də deyirlər;
- b) eninə zolaqlı ürək əzələsi.
Eninə zolaqlı somatik əzələ toxuması quruluşca ürək əzələsindən fərqlənir. Ürək əzələsi lifləri arasında xüsusi atmalar var. Ona görə də hansı nahiyəsinə toxunmasından asılı olmayaraq o. Tam şəkildə qıcığa cavab verir.
Əzələ toxumalarında fərqləndirici əlamət kimi onların orqanizmdə yerləşmə yerini də qeyd etmək olar. Eninə zolaqlı əzələ toxuması başlıca olaraq (ürək əzələsi istisnalıq təşkil edir) sümüklərin üzərində yerləşir, lakin saya əzələ toxuması isə daxili orqanların tərkibində (mədə, bağırsaq, qan damarları və s.) daha çox olur. Eninə zolaqlı əzələ toxuması özlərinin trofik vahidlərinə görə də fərqlənirlər. Belə ki. Eninə zolaqlı əzələ lifində çoxlu miqdarda nüvəyə rast gəldiyini halda, saya əzələ hüceyrələrində ancaq bir nüvə olur. İstər eninə zolaqlı əzələ toxuması lifi və istərsə də saya toxuması hüceyrəsi olsun, hər ikisinin funksional vahidi əzələ miofibrilləridir. Əzələ toxumalarına ümumi bir əlamət xasdır. O da yığılıb-açılmaq, qıcığa qarşı cavab vermək qabiliyyətidir.
Bütün toxumalarda olduğu kimi əzələ toxuması da hüceyrə və hüceyrəarası maddədən təşkil olunub, lakin burda onların konkret miqdarını söyləmək o qədər də asan deyil.
Sinir toxuması
[redaktə | mənbəni redaktə et]Sinir toxuması sinir hüceyrələrindən, neyronlardan və spesifik funksiya yerinə yetirən peyk hüceyrələrindən-neyroqliyadan təşkil olunub. Peyk hüceyrələri digər toxumalarda olduğu kimi hüceyrəarası maddələrin vəzifəsini daşıyır.
Neyronlar yerinə yetirdiyi funksiyaya görə aşağıdakı qruplara bölünür:
- Hissi neyronlar-orqanizmin xarici qıcıqlarını nəql edir, reseptor və yaxud afferent adlanırlar.
- Effektor neyronlar-qıcığı işçi orqana ötürməklə onu fəaliyyətə gətirir (hərəki neyronlar).
- Assosiativ neyronlar-müxtəlif neyronlar arasında əlaqə yaradan neyronlar adlanır.
İkinci qrup çıxıntılar qısa olmaqla dentrit adlanır. Dentritlər differensasiya zamanı neyritlərdən sonra əmələ gəlir, miqdarı və forması çox müxtəlifdir. Qıcığı qəbul edərək neyronun cisminə ötürür. Çıxıntılar sayına görə sinir hüceyrələri dörd qrupa bölünür.
- a) Unipolyar neyronlar-bir çıxıntısı olanlar
- b) Bipolyar neyronlar-iki çıxıntısı olanlar;
- v) Yalançı bipolyar neyronlar-çıxıntıları eyni yerdən başlayanlar;
- q) Multipolyar neyronlar-üç və daha çox çıxıntısı olanlar.
İnsanda daha çox rast gəlinən multipolyar neyronlardır. Bütün sinir lifləri sinir ucları adlanan xüsusi aparatla qurtarır. Bu sinir ucları da neyronlara uyğun olaraq üç qrupa bölünür və oxşar adlarla da adlanır: effektor sinir ucları, hissi ucları (reseptor) və neyronlar arası sinapslar sinir ucları.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, səh. 27, "MAARİF" Nəşriyyatı, Bakı — 1971
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |