Seppuku
Seppuku (yapon: 切腹) və ya harakiri (yapon: 腹切) – Yaponiya mədəniyyətinə xas intihar adəti. Məlum olan ən qədim seppuku aktı XII əsrin II yarısında samuray Minamoto Tametomo və şair Minamoto Yorimasa tərəfindən icra edilib. Seppuku Qərbdə daha çox harakiri (腹 切 り – "qarnı kəsmək") kimi tanınır.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Harakiri (腹切り) və seppuku (切腹) sözlərinin heroqlifləri eyni olsa da, yazılanda onlar əksinə yazılır. "Seppuku" termini iki çin-yapon köklərindən ibarət "setsu" (切 – "kəsmək") və "fuku" (腹 – "qarın"), harakiri isə 腹 [hara] "qarın", 切 [kiri] "kəsmək" sözlərindən ibarətdir. Harakiri termini daha çox (Amerika ingiliscəsində danışanlar tərəfindən işlədilir) yapon dilində danışmayanlara tanışdır. "Niyə günümüzdə harakiri sözü seppukuya nisbətən daha məşhurdur?" – deyə sual etsəniz, deməliyəm ki, "harakiri" sözü yapon dilində "qarın deşmək" mənasına gəldiyinə görə arqo olaraq qəbul edilir. Qısası, seppuku mərasimi "şərəfli ölüm yolu" hesab edilsə də, avropalılar, yəni gəlmələr anlamadıqlarına görə, "nəticədə qarın kəsirlir" mənasında onu harakiri ilə əvəz edib. Ondan sonra xaricdə necə ki geişalar fahişə kimi tanıdılıb, seppuku da harakiri kimi yaddaşlara həkk olunub. Bu yerdə 1962-ci ildə ekranlaşdırılan "Seppuku" filmini xatırlatmaq istərdim. Filmin şüarında məhz bu sözlər diqqəti cəlb edir: "Dünya heç vaxt yaponların niyə ölümü şərəfsizlikdən üstün tutduqlarını anlamadı! Bu samuray filmi suallara cavab verir!"
Mahiyyəti
[redaktə | mənbəni redaktə et]Adətən feodal Yaponiyasında, xüsusən də, samuraylar məğlubiyyətlə nəticələnən müharibədən sağ çıxardılarsa və ya əsir düşərdilərsə seppuku icra edirdilər. Seppuku cəza növü olaraq könüllü və ya məcburən yerinə yetirilirdi. Əslində, müharibədə məğlub olan samurayların belə bir öhdəliyi yox idi və bu, yalnız samuraylara məxsus bir hərəkət də deyildi. Edo dövründə ağalarına layiqincə xidmət edə bilməyən samurayları şərəfləndirmək məqsədi ilə verilən cəza idi. Ağasının ölümündən sonra seppuku etmək isə oyibara (追 腹 və ya 追 い 腹) adlanırdı.
İnsan ruhunun qarın nahiyəsində olduğuna inanıldığı üçün qarnı kəsmək ölmək üçün birbaşa yol və ən cəsur üsul hesab edilirdi. Ona görə də bu ritual samuraylara ayrılmış bir imtiyaz idi. Xalqın özünü asmağına və ya boğmağına icazə verildiyi halda, qadın samuraylar tili qısa olan bir qılınc və ya xəncər ilə öz boğazlarını kəsə bilərdilər (buna yaponca (自害) ciqai deyilir), lakin qadınların seppuku etmələrinə icazə verilmirdi. Yanlız kişi samuraylar seppuku edə bilərdilər.
Samuray seppuku edərək özünün və ailəsinin şərəfini qoruyurdu. Ona görə seppuku edən samuray ölümündən sonra tez-tez hörmətlə anılırdı. İntihar etmək əvəzinə təslim olmağı seçmiş, məğlub olmuş və ya ləyaqətini itirmiş samuraylara xalq xor baxırdı.
Adətən samuraylar qılıncı sol tərəfdən qarına saplayır və soldan sağa doğru kəskin hərəkətlə qarını yırtdıqdan sonra samurayın köməkçisi arxa tərəfdən qılıncla samurayın başını kəsirdi. Bu yolla samuraylar alçaldılmaqdan yaxa qurtarırdılar.
Seppuku mərasimi
[redaktə | mənbəni redaktə et]Seppuku Edo dövründə tam inkişaf etmiş bir ritual halını aldı. Seppuku ritual olaraq ciddi qayda-qanunla icra edilir. Bu qayda-qanunlar samuray kodeksində əksini tapmışdır. Burada mərasimə sadiq qalmaq vurğulanırdı. Adi seppukuda böyük ağ yastıq yerləşdirilir və prosesi izləyəcək şahidlər ciddi bir qaydada sıraya düzülürdü. Ağ kimono geyinən samuray yastığın üstünə rəsmi formada diz çökürdü. Samurayın arxasında və solunda kaişakunin (解釈人 – onun "köməkçi"si) diz çökürdü.
Kaişakuninin vəzifəsi qarnını yırtdıqdan sonra samurayın başını kəsərək onun daha çox əzab çəkməsinin qarşını almaq idi. Yayılan inancın əksinə samuray üçün seppuku ritualı əslində intihar sayılmırdı, lakin ölümcül yaralanmaya səbəb olduğundan kaişakuninin son zərbəni vurması lazım idi. Kaişakuninin zərbəsi samurayın onurğasını kəsəcək qədər sərt, amma eyni zamanda, başını bədənə bağlı saxlayacaq qədər həssas olmalı idi. Başın bədəndən ayrılması həm seppuku edən samurayın, həm də kaişakuninin şərəfsiz olduğunu göstərdiyi üçün "köməkçi" vəzifəsi sadəcə qılınclar üzrə üstün bacarığı olan kişilərə verilirdi.
4 qurtum sake
[redaktə | mənbəni redaktə et]Xidmətçi samurayın qabağına sake (düyü şərabı), bir ədəd vaşi (tut ağacı qabığından əldə düzəldilən kağız) və yazı ləvazimatlarının yanında kozuka (qarın deşmək üçün istifadə olunan bıçaq) olan taxta masa qoyurdu. Buna baxmayaraq, əgər samuray öz qılıncını istifadə etmək istəyərdisə, ona icazə verilirdi.
Taxta masa qoyulduqdan sonra xidmətçi sake bardağını doldururdu (sake içmək üçün istifadə olunan bardağa və ya balaca kasa şəkilli qaba oçoko və ya çoko (猪口) deyilir. Geniş ağızlı kasalar kimi daha düz formaları da vardır. Nəzərinizə çatdırım ki, sözlərin qarşısına artırılan "o" prefiksi onları daha nəzakətli edir). Sake içilən zaman bir qurtum tərəddüdü, üç və ya daha artıq qurtum isə acgözlülüyü təmsil etdiyi üçün samuray hər biri iki qurtumdan ibarət olan iki çoko sake içirdi. Bu da cəmi dörd qurtum edirdi. 4 rəqəminin heroqlifinin oxunuşu "şi", həmçinin, 死 – "ölüm" mənasını verən heroqlifin oxunuşu ilə eyni olduğuna görə, 4 qurtum sake içmək "ölmək" mənasını verirdi.
Ölüm şeiri
[redaktə | mənbəni redaktə et]Seppuku etməzdən qabaq samuray bir cisei (自制 – şeir) yazırdı. Ölümü yaxınlaşan şəxs üçün əhəmiyyətli hesab edilən bu şeirin ölümün təbiəti və yaşamın dəyəri haqqında xüsusi məna kəsb etdiyinə inanılırdı. Şeir ümumilikdə keçici duyğular mövzusunda, zərif və təbii şəkildə yazılmalıdır. Şeirdə samurayın yaxınlaşmaqda olan ölümündən bəhs edilməsi zəif və kobud ədəbi forma kimi qəbul edilirdi.
Ölüm şeirinin əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Bu, samuray üçün də vacib idi, çünk şeir onun xarakterinin əsalətinə və ölümündən sonra necə xatırlanmaq istədiyinə dair yazılı mənbə kimi qalacaqdı. Məsələn, məşhur "47 ronin" hadisəsini sürətləndirən və seppuku aktı icra edən Asano Naqanorinin həyatının sonunun gəldiyini vurğuladığı zəif bir ölüm şeiri yazdığı, bununla da yetişkin olmadığı və xarakter əksikliyini göstərmiş olduğu söylənilir.
Seppukunun tamamlanması
[redaktə | mənbəni redaktə et]Samuray seppuku etmədən öncə yuyunar, ağ geyinər (şini-şōzoku) və ən sevdiyi yeməyi yeyərdi. Ənənəyə görə, samuray özünü hazır hesab edəndə kimonosunun qabağını, qarın nahiyəsini açır, sonra isə əli ilə bıçağını qaldırır və digər əli ilə onu qınından çıxarıb kənara qoyurdu. Özünü hazırladıqdan sonra bıçağı qarnının sol tərəfinə batırıb cəld hərəkətlə sağ tərəfə doğru kəsməyə davam edir, diafraqmanı və mədəsini parçalayardı. Daha sonra isə bıçağı yarasının içində çevirir və yuxarıya doğru kəsirdi.
Kaişakunin ilk ağrını gördükdə samurayın boynunu kəsəcəyi üçün samurayların bu qədər istirab çəkməsinə ehtiyac olmurdu.
Axıra qədər edilən seppuku kəsimi "cumonci" (十文字 – mənası 10 heroqlifi şəklində), yəni xaç şəklində kəsim olaraq tanınır və bu, cuun-buun seppuku olaraq qəbul edilir. Cuun-buun seppukuda kaişakunin yoxdur.
Samuray ölüm ərəfəsində həyatının son anlarını yaşasa da soyuqqanlılığını, gücünü qorumalı və zehni ilə bədənini tam şəkildə idarə edə bilməlidir. Əgər samuray özünə yaraşmayan bir formada ölərsə, həyatı boyu qazandığı şöhrəti mənasını itirər. Bu prosesi reallaşdıracaq samuraylar üçün soyuqqanlı və sakit olmaq ideal ikən, XVIII əsrdə "Haqakure" kitabı və başqa Edo dövrünün kitabələrində samurayların seppuku etməzdən əvvəl soyuqqanlılıqlarını itirdikləri və bəzi hallarda isə zorla başlarının kəsilməsi lazım olduğu hekayələrindən danışılır.
Əlbəttə ki, samurayın bütün seppuku ritualını reallaşdırması üçün kifayət qədər vaxtı olmaya bilirdi. Buna görə də öz boğazını kəsmək, özünü ağzında qılıncla çapan atdan və ya uçurumdan aşağı atmaq kimi intiharlara da icazə verilirdi.
Samurayın intihar etməsi üçün fərqli səbəblər
[redaktə | mənbəni redaktə et]Samurayın intiharı üçün bir neçə səbəb vardı. Bunlardan birincisi cunşi (遵守) – samurayın ağasının ölümünü izləyərək intihar etməsidir. Bu, samurayların meydan döyüşü günlərində geniş yayılmışdı. Məsələn, Genpei döyüşünün son qarşıdurmasında ümidsiz general Taira Tomomori həyatına son qoymağa qərar verir. Çağırdığı ögey qardaşı Tomomorinin ikinci zirehli geyimini geyinməyə kömək edir və özü də geyinir. Əl-ələ tutaraq dənizə atılırlar. Bunu görən 20 samuray generalları getdikdən sonra arxada qalmamağa qərar verərək ağır zirehlərini geyinir, batacaqlarından əmin olmaq üçün bellərinə ağır cisimlər bağlayıb, əl-ələ tutaraq dənizə atılırlar.
Funşi (憤死) – insanın bir vəziyyətə olan incikliyini ifadə etmək məqsədilə həyata keçirilən intihar növüdür. Ən məşhur nümunəsi, ölkəsində ənənəvi dəyərlərin itirildiyini düşündüyü üçün 1970-ci ildə yazıçı Mişima Yukionun bu vəziyyətə qarşı etiraz əlaməti olaraq öz qarnını deşməsidir. Ancaq seppuku aktı 1873-cü ildə qüvvədən düşdüyü üçün onun intiharı daha çox köhnəlmiş və milli utanc olaraq qəbul edilmişdi.
Yukio Mişimanın ölüm şeiri:
Kiçik bir gecə fırtınası əsir "Düşmək çiçəyin cövhəridir" demək Tərəddüd edənləri qabaqlayaraq.
Kanşi (監視) – etiraz etmək üçün edilən intihar növüdür. Samuray mübarizəsini açıqlamaq üçün, ya da digər bütün inandırma formaları təsirsiz olduqda ağasına işarə edərək intihar edərdi. Bunu 1553-cü ildə Hirate Nakatsukasa Kiyohide etdi. Ağası, Oda Nobunaqanın yolunu dəyişməsi üçün intihar etdi.
Nobunaqanın bir gənc kimi davranışının rüsvayçı olduğu deyilirdi. Hirate, Nobunaqanı yolunu dəyişdirməyə çağıran bir məktub yazır və daha sonra kanşi icra edir. Ölümünün Nobunaqa üzərində dramatik təsiri olduğu deyilir. Nəticədə o, yolunu dəyişir və Hirateni şərəfləndirmək üçün Ovaridə Seisyu-cini inşa edir.
Sokotsu-şi (粗忽市) – günahı olan samurayın günahını yumaq üçün etdiyi intihar növüdür. Təqsirkarlığın bir nümunəsi də özünə xidmət edən birinə əsəblə hücum etməkdir və bu ölümlə cəzalandırıla bilən bir haldır. Adətən intihar seçimi təklif olunurdu. Samuray ağasının döyüşdə və ya sui-qəsdçi tərəfindən öldürülməsindən qorumaq vəzifəsini yerinə yetirə bilmədiyi üçün də intihar edə bilərdi.
Seppuku qadağan olunmasına baxmayaraq, günümüzə qədər mövcud olmuşdur. Bunun səbəbi isə Yaponiya cəmiyyətində qəbahətli olmağın böyük utanc və şərəfsizlik olaraq qəbul edilməsidir. Bunun qarşısını almaq üçün də seppuku edilirdi.[1]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Yapon.az/ ŞƏRƏFLİ ÖLÜM: FEODAL DÖVRÜ YAPONİYASINDA SAMURAY VƏ SEPPUKU — Xəyalə Əlizadə
- Jack Seward, Hara-Kiri: Japanese Ritual Suicide (Charles E. Tuttle, 1968)
- Christopher Ross, Mishima’s Sword: Travels in Search of a Samurai Legend (Fourth Estate, 2006; Da Capo Press 2006)
- Seppuku Arxivləşdirilib 2008-09-15 at the Wayback Machine — A Practical Guide (tongue-in-cheek)
- An Account of the Hara-Kiri from Mitford’s "Tales of Old Japan" provides a detailed description: http://www.blackmask.com/thatway/books162c/taja.htm Arxivləşdirilib 2006-04-10 at the Wayback Machine
- The samurai way of death Arxivləşdirilib 2006-03-15 at the Wayback Machine—a chapter from "Samurai: The World of the Warrior" by Dr. Stephen Turnbull
- The Fine Art of Seppuku
- Zuihoden
- Seppuku and "cruel punishments" at the end of Tokugawa Shogunate [1] Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine
- Tokugawa Shogunate edict banning Junshi (Following one’s lord in death) Arxivləşdirilib 2008-12-26 at the Wayback Machine
- SengokuDaimyo.com The website of Samurai Author and Historian Anthony J. Bryant
- ↑ https://yapon.az/2020/09/11/s%c9%99r%c9%99fli-olum-feodal-dovru-yaponiyasinda-samuray-v%c9%99-seppuku/ŞƏRƏFLİ[ölü keçid] ÖLÜM: FEODAL DÖVRÜ YAPONİYASINDA SAMURAY VƏ SEPPUKU