McDonnell Douglas F-15 Eagle

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
F-15 Qartal
Təlim döyüşü zamanı 90 dərəcə dönüş
Təlim döyüşü zamanı 90 dərəcə dönüş
Tipi qırıcı-havada üstünlük əldə etmək
Hazırlayan McDonnell Douglas
İstehsalçı ABŞ ABŞ
Dizayner ABŞ Makdonnel Duqlas/Boinq
İlk uçuş 27 iyul 1972
İstismara verilmə tarixi 9 yanvar 1976
Status İstismarı davam edir
İstismarçılar ABŞ HHQ
İsrail HHQ
Yaponiya HHQ
Səudiyyə Ərəbistanı HHQ
Buraxılış sayı 1500[1]; bəzi mənbələrdə- 2030[2]
Hazırlanma dəyəri 59 milyard ABŞ dolları[2]
Vahidinin qiyməti F-15A/B: 27.9 milyon ABŞ dolları
F-15C/D: 29.9 milyon ABŞ dolları[3]
Variantları F-15E Strike Eagle
F-15SE Silent Eagle
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle) — ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır.

1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur.

F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir.

ABŞ ilə yanaşı İsrail, Səudiyyə ƏrəbistanıYaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir.

2017-ci ilə olan məlumata əsasən bu döyüş təyyarəsinin müxtəlif variantlarının istehsalı 2022-ci ilə qədər davam edəcək.

Yaradılma tarixi

[redaktə | mənbəni redaktə et]

1960-cı illərin sonlarında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən aparılan tədqiqatlar, Vyetnam müharibəsində toplanılmış hava döyüşü təcrübələri nəticəsində havada üstünlük əldə edə biləcək qırıcı üçün tələblər hazırlandı. Yeni təyyarənin dizayn-konsepsiyasının hazırlanmasına başlayan 8 kompaniyadan 4-ü 500-ə yaxın dizayn konsepsiyası təqdim etdilər. Əksər konsepsiyalarda təyyarələrin qanadları dəyişkən bucaqlı, çəkisi 27,200 kq ətrafında, maksimal sürəti Mach 2.7, çəkmə gücünün çəkiyə nisbəti əmsalı 0,75-ə bərabər idi.[4] Bu şərtlər təyyarənin qırıcı kimi effektivliyini azaltdığı üçün ABŞ Hava Qüvvələri tərəfindən qəbul edilmədi.[5] 1967-ci ildə yeni, Enerji-manevrlilik nəzəriyyəsinin qəbulu bu parametrlərdə köklü dəyişikliklər etməyə imkan yaratdı: çəki 18,100 kq hüdudlarına düşdü, maksimal sürət Mach 2,3–2,5 və gücün çəkiyə nisbəti 0,97-ə bərabərləşdi.[4]

Bu dövrdə MiQ-25-lə bağlı ABŞ-nin əldə etdiyi məlumatlar onun ciddi marağına səbəb oldu.[6] ABŞ MiQ-25-in təyinatının yüksək sürətli kəşfiyyat təyyarələrini tutmaq üçün hazırlandığını bilmədiyindən, onu havada üstünlük əldə etmək üçün hazırlanan qırıcı kimi qəbul etdi: MiQ-25-in xarici görünüşü bunu deməyə əsas verirdi. Lakin MiQ-25-də təyyarənin manevr qabiliyyətindən daha çox sürəti əsas götürülmüşdü. Belə təkmil təyyarələrə qarşı həmin dövrdə ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) və ABŞ hərbi donanmasının silahlanmasında olan F-4 "Phantom II"lər qismən mübarizə apara bilərdilər.

Qısa müddətdə yeni qırıcı təyyarə hazırlanmalı idi; F-X proqramına start verildi. Bu proqrama kimi isə ABŞ Hərbi-Dəniz Flotu VFX proqramı üzrə F-14 Tomcat təyyarələrini hazırlamışdı. F-X proqramının nəticəsi kimi meydana çıxacaq təyyarə daha yüngül olub, F-4 Phantomları əvəzləməli idi.

Yeni qırıcıya tələblər bunlar idi: təkpilotlu, maksimal 18,100 kq çəki ilə qalxma, hava-hava döyüşlərində iştirak, maksimal sürət Mach 2,5 və çəkmə gücünün çəkiyə nisbəti 1 ətrafında. Dörd şirkət təkliflərini göndərsə də, ABŞ Hava Qüvvələri "General Dynamics"i kənarlaşdırıb, "Fairchild Republic", "North American Rockwell" və "McDonnell Douglas" şirkətlərini layihəyə cəlb etdi. Qalib 1969-cu il 23 dekabr tarixində "McDonnell Douglas" şirkəti elan edildi. Son dizayn F-14-ə bənzəsə də, stabil qanadlı oldu; Gözlənildiyindən fərqli olaraq F-4-ləri əvəz etmək üçün kifayət qədər yüngül çıxmadı.

İki versiya- təkpilotlu F-15A və ikipilotlu F-15B üzərində iş başladı. F-15A-nın ilk uçuşu 1972-ci ilin iyulunda, F-15B-nin ilk uçuşu 1973-cü ilin iyulunda oldu.[7]

Dövrünə görə inqilabi avionika cihazları, kompüter texnologiyası F-15-in bir nəfər tərəfindən idarə edilməsinə, çəkinin nisbətən qorunmasına imkan verdi. F-14F-4-dən fərqli olaraq F-15 kabinəsinin bütöv şüşə örtüyü manesiz görünüş təmin edirdi. ABŞ Hava Qüvvələri F-15-i "F-86 "Sabre"dən sonra havada üstünlük əldə etmək üçün yaradılmış ilk ABŞ HQ qırıcısı" kimi təqdim etdi.[8]

Təyyarənin avionika imkanları qısa zamanda İsrail Hərbi Hava QüvvələriYaponiya Özünümüdafiə Qüvvələrinin diqqətini çəkdi. ABŞ-nin özündə isə iri (manevr imkanları gözlənildiyindən zəif) və bahalı (çoxlu sayda istehsala imkan verməmə) olmasına görə, ciddi tənqidə məruz qaldı. Narazılıqların nəticəsi olaraq, yüngül F-16 "Fighting Falcon" və orta çəkili F/A-18 "Hornet" (ABŞ Hərbi-Dəniz Flotu üçün) kimi yüksək manevrlilik qabiliyyətli qırıcıların hazırlanması proqramlarına start verildi.

F-15 qalxma zamanı təcillənərkən

F-15-in gövdəsi bütövlükdə metaldan (alüminium ərintilər-37%; titan ərintilər-26,7%; kompozisiya materialları-5–7%-dən az olmayaraq; yüksəkdavamlı metallar-5%) hazırlanmış və yarım-monokokdur (yarım-ramasız). Qanadlar stabildir. Təyyarənin idarə edilməsini təmin edən hava dayaqları metal və kompozisiya materiallarından hazırlanmışdır. Tormozlanması üçün bel hissəsindəki hava tormozu ilə təmin edilir. Təyyarə Pratt&Vitni F 100 (Pratt&Whitney F 100) tipli ox kompressorlu, turbovintli, forsaj imkanlı və gövdədə yanaşı quraşdırılmış iki mühərriklə təchiz edilmişdir.

Qanad sahəsinin iriliyi (çəkinin qanad sahəsinə nisbəti) və gücün çəkiyə nisbəti təyyarəni manevrli olmasına, qəfil dönmələr zamanı sürət itirməməsinə imkan verir. 10,000 m yüksəkliyə 60 saniyədə çatır. Mühərrikin gücü təyyarəyə dik-şaquli qalxmalar zamanı təcillənməyə imkan verir.

B və D modelləri ikiyerli, təlim üçündür. E-modelində ikinci pilot bombardmançı/naviqator üçün nəzərdə tutulmuşdur.

Əlavə yanacaq çənləri quraşdırılmış F-15 İraq səmasında döyüş növbəçiliyində

Altı yanacaq çəni mövcuddur. Bunlardan 4-ü füzelyajda, 2-si qanadlarda yerləşir. Qanadlarda yerləşən, sərt materialdan olan çənlər ilkin növbədə sərf edilir. Yanacaq çənləri 12,7 mm-lik güllələrdən qorunurlar. Partlamanın qarşısını almaq üçün isə çənlər xüsusi penopoliuretan poroplastla doldurulmuşlar.

C və D modifikasiyaları əlavə yanacaq çənləri daşımaq imkanına da malikdir. Bu çənlərdən hər biri 2840 l yanacaq daşıya bilir. Lakin bu cür çənlər çox da geniş istifadə edilmir.

Avionika imkanları

[redaktə | mənbəni redaktə et]

Avionika cihazlarına məlumatların ön şüşədə əks olunmasını təmin edən sistem (HUD), təkmil radarlar, inersial naviqasiya sistemi (INS), uçma avadanlıqları, ultra-yüksək tezlikli əlaqə vasitələri (UHF), Taktiki Hava Naviqasiyası Sistemi (TACAN) və təyyarənin avtomatik enməsini təmin edən sistem (ILS) daxildir. Bunlardan əlavə, dost-düşmən təyyarələri müəyyənləşdirən sistem (IFF), təyyarəni radioelektron dalğalar üçün görünməz edən sistem, mərkəzi kompüter və digər sistemlər təyyarənin döyüşə yararlığını, imkanlarını genişləndirir.

Yerdən dəstək almadan F-15-in çoxtərəfli APG-63/70 puls-dopler RLS-i təyyarədən yüksəkdə və alçaqda uçan hədəfləri tapa bilər. Bu sistem ağac hündürlüyündə uçan təyyarələri, yüksəksürətli kiçik hədəfləri həm hədsiz yaxında, həm də görünüş məsafəsində olmayanda (max. 220 km uzaqlıq) təsbit edə və izləyə bilər. Mərmilərin hədəfi vurma effektivliyini artırmaq üçün radarın əldə etdiyi məlumatlar mərkəzi kompüterə ötürülür. 90 km uzaqlığı hədəfəalma bacarığı AİM-120 AMRAAM tipli raketlərlə hədəfləri görmədən də məhv etməyə imkan verir. Yaxın məsafəli döyüşlərdə radar pilotun iştirakı olmadan rəqib təyyarəni hədəfə alır və məlumatları ön şüşədə əks etdirir. Bundan əlavə, qırıcının radarları avtomatik olaraq təhlükəni bildirməklə yanaşı, təyyarəni radioelektron dalğalar üçün də görünməz edir.[9]

M61 Vulcan F-15-in sağ qanadında

F-15 Qartallar əsasasən aşağıdakı raketlərlə silahlana bilər:

  • AIM-7F/M "Sparrow" mərmiləri (orta məsafəli, hava-hava tipli);
  • AIM-120 AMRAAM (təkmilləşdirilmiş, orta məsafəli, hava-hava tipli) ,
  • AIM-9L/M "Sidewinder" (qısa məsafəli, istiliyə uçan, hava-hava tipli);

Bunlardan əlavə AGM-88 "HARM", CBU-52, CBU-59, CBU-71, CBU-87, CBU-89 və MK-20 yerinə yetirdiyi funksiyadan asılı olaraq F-15-in müxtəlif modifikasiyaları tərəfindən daşına bilər.

Qırıcının sağ qanadının gövdəyə birləşən hissəsində Qatlinq tipli 20 mm-lik M61 "Vulcan" pulemyotu quraşdırılmışdır.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
F-15 istifadə edən ölkələr: F-15: açıq mavi, F-15E: qırmızı; hər iki təyyarədən istifadə edən ölkələr-tünd mavi rəngdə
  • İsrail İsrail: İsrail Hərbi Hava Qüvvələri 1977-ci ildən bəri F-15 istifadəçisidir. 2017-ci ilin noyabr ayına olan məlumata əsasən İsrail HHQ-nin silahlanmasına müxtəlif variantlardan olan 84 ədəd F-15 qırıcısı daxildir.[10]
  • Yaponiya Yaponiya: 2016-cı ilə olan məlumata əsasən 201 ədəd F-15J[11]
  • Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı: 2017-ci ilin noyabr ayına olan məlumata əsasən müxtəlif variantlardan olan 170 ədəd F-15[12]
  • Cənubi Koreya Cənubi Koreya: 60 ədəd F-15K[13]
  • Sinqapur Sinqapur: 32 ədəd F-15SG[14]
  • ABŞ ABŞ: 2016-cı ilə olan məlumata əsasən 198 ədəd F-15C, 211 ədəd F-15E və 29 ədəd F-15D[15]

Taktiki-Texniki Xarakteristikası (F-15C Eagle)

[redaktə | mənbəni redaktə et]
F-15-in üçtərəfli görünüşü

Ümumi parametrlər

[redaktə | mənbəni redaktə et]
  • Heyət: 1
  • Uzunluğu: 19,43 m
  • Qanad eni: 13,05 m
  • Hündürlük: 5,63 m
  • Qanad sahəsi: 56,5 m2
  • Boş çəki: 12,700 kq
  • Yüklü çəki: 20,200 kq
  • Maksimal qalxma çəkisi: 30,845 kq
  • Güc təminatçısı: 2x Pratt & Whitney F100 və ya forsaj imkanlı truboventilli mühərrik F-220 (hər birinin forsajsız gücləri:77,62 kN; F-220-də hər birinin forsajla gücü 111.2 kN)
  • Daxili yanacaq çənlərin tutumu: 6,100 kq

Uçuş keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimal sürət: Mach 2.5+ (2660+ km/s); Alçaq hündürlüklərdə: Mach 1.2 (1450 km/s)
  • Döyüş radiusu(tam silahlı maksimal uçuş məsafəsi): 1,967 km
  • Maksimal uçuş məsafəsi: 5,550 km (əlavə yanacaq çənləri də dolu olduqda)
  • Uçuş tavanı: 20,000 m
  • Yüksəkliyə qalxma sürəti: 254 m/s;
  • Qanad yüklənməsi:358 kg/m2
  • Çəkmə gücünün çəkiyə nisbəti: 1.12
  1. "Boeing: F-15K Republic of Korea — F-15K Facts". 2010-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.
  2. 1 2 "Deagel.com". 2016-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-19.
  3. "F-15 Eagle". af.mil. United States Air Force. 2017-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.
  4. 1 2 Jenkins 1998, pp. 5–7.
  5. Davies 2002, p. 10.
  6. Davies 2002, pp. 9–11.
  7. Spick 2000, pp. 130–131.
  8. "Chapter 5: Return of the Air Superiority Fighter." Arxivləşdirilib 2009-09-29 at the Wayback Machine A Half Century of U.S. Fighter Aircraft R&D. Santa Monica, CA: RAND, 1998. ISBN 0-8330-2595-3.
  9. Jenkins 1998, pp. 97–104.
  10. "Arxivlənmiş surət". 2018-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
  11. International Institute for Strategic Studies. The Military Balance 2016. London: Taylor&Francis. 2016. səh. 263. ISBN 9781857438352.
  12. International Institute for Strategic Studies. The Military Balance 2016. London: Taylor&Francis. 2016. səh. 352. ISBN 9781857438352.
  13. Duk-kun, Byun. "Air Force receives last shipment of F-15K fighter jet." Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  14. ""Speech by Deputy Prime Minister and Minister for Defence Teo Chee Hean at the Inauguration of the F-15SG 149 Squadron."". 2020-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
  15. International Institute for Strategic Studies. The Military Balance 2016. London: Taylor&Francis. 2016. səh. 47-48. ISBN 9781857438352.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]