Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər.
Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir.
Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir. O dövləti beynəlxalq cəmiyyətin bərabərhüquqlu üzvünə çevirir və suverenlikdən irəli gələn hüquqların realizəsi üçün şərait yaradir.
Növləri
[redaktə | mənbəni redaktə et]Tanımanın 2 növü fərqləndirilir: de-yure (diplomatik) və de-fakto tanıma.
Dövlətlər arasında diplomatik münasibətlərin qurulması üçün yalnız de-yure tanıma hüquqi əsasdır. De-yure tanıma tam həcmdə hüquqi nəticələr yaradan diplomatik aktdır. Bundan fərqli olaraq de-fakto tanıma yarımrəsmi münasibətlərin qurulması ilə müşayiət olunur və geri götürülə bilər. De-fakto tanıma zamanı konsul münasibətləri qurula bilər. Bu tanımanın həcmi hər bir konkret hal üçün dəyişir.
Tanıma beynəlxalq hüquqda
[redaktə | mənbəni redaktə et]Tanıma institutunun siyasi xarakteri və onun məzmununun hər bir dövrə uyğunlaşan dəyişkən xarakteri Beynəlxalq Hüquq Komissiyası tərəfindən tanımaya aid olan normaların məcəllələşdirilməsi cəhdlərini boşa çıxarmışdır.
Tanıma məsələləri müxtəlif sahələrin, o cümlədən, xarici əlaqələr hüququnun məcəllələşdirilməsində dəfələrlə ortaya çıxmışdır. Məsələn, xüsusi missiyalar haqqında konvensiya layihəsinin 2-ci maddəsinin 7-ci bəndinin müzakirəsində buraya belə bir müddəa daxil edilmişdir ki, “Dövlət tanımadığı dövlətə xüsusi missiyanı göndərə və ya bu dövlətin missiyasını qəbul edə bilər.” Lakin sonradan konvensiyanın mətninə bu bənd daxil edilməmişdir. Belə ki, həmin maddənin layihəsinin şərhində Komissiya qeyd etmişdir ki, xüsusi missiyaların göndərilməsi və ya qəbul edilməsinin tanıma probleminin həllində nə kimi rol oynaması müəyyən olunmamışdır.
Dövlətlərin beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndəlik məsələləri müzakirə olunan zaman da tanıma problemlərinə geniş yer ayrılmışdır. Universal xarakterli beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 1975-ci il Konvensiyasının 82-ci maddəsi “Dövlətlərin və hökumətlərin tanımaması və ya diplomatik və konsul münasibətlərinin olmaması” adlanır və bu maddə nümayəndəlik məsələləri ilə tanıma arasında qarşılıqlı münasibətləri tənzimləyir.
Hal-hazırda tanıma institutu beynəlxalq hüququn adət normaları, onun ümumtanınmış prinsipləri, bir sıra ikitərəfli və çoxtərəfli sazişlər, beynəlxalq orqanların qətnamələri ilə tənzimlənir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh.